Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə11/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   7   8   9   10   11   12   13   14   ...   184

 

27

Bayaq qayıqdan ötrü girov qoyduğum saatın yeri biləyimdə  ağappaq ağarırdı; 



saat yoxdur, yeri ağarır. Firəngiz də ölüb, Firəngiz də yoxdur. Hər  şey  əvvəlki 

kimidir, həmin od, həmin hava, həmin torpaq, həmin su, təkcə Firəngizin kiçicik 

yeri boşdur, amma bunun nə oda, nə havaya, nə torpağa, nə suya dəxli var, bunun 

heç nəyə  dəxli yoxdur; əgər köşkdə biletsatan arvad saatımı itirsə, bir neçə gün 

saatsız qalsam, gün bu ağappaq ağaran yeri elə qaraldacaq ki, heç ruhu da 

inciməyəcək; Firəngizin də yoxluğu yox olub gedəcək tədricən. Niyə? Niyə? Niyə? 

Tolik yenə sahildəki taxta çətirləri göstərib soruşdu ki, papa, onlar nədir elə? 

Mən də dedim ki, istəyirsən sən də  gəl otur yanımda, yapış avarların birindən, 

birlikdə avar çəkək. Tolikin gözləri güldü, bic-bic güldü, elə bil başa düşdü ki, 

sualını azdırıram, sonra əlimdən yapışıb gəlib yanımda oturdu və birlikdə avar 

çəkməyə başladıq. 

Tolikin gözləri Müşgünaz xanımın gözlərinə oxşamışdı. 

Süni gölün süni sahilindəki taxta çətirlər bu süniliyin rəmziymiş kimi bir-

birlərinin dalınca düzülmüşdülər, arxada isə Qafqaz sıra dağları görünürdü və bu 

təzad elə idi ki, elə bil Qaçaq Kərəm əlinə portfel alıb nəşriyyata gedir. 

Bir dəfə – deyəsən, keçən il idi – Kislovodskinin parkında gəzişəndə Sürəyya 

ayna kimi şəlaləni göstərib dedi ki, necə  də gözəldir, çayın qabağını necə  də 

məharətlə kəsib şəlalə düzəldiblər. Mən də dedim ki, çox gözəldir, elə bil Koroğlu 

əlinə çətir götürüb yağışdan qorunur. Sürəyya da o saat bikeflədi, dedi ki, bütün ili 

işləyib pul düzəldirik, istirahətə  gəlirik, amma burada da hər bir gözəlliyə, hər bir 

ürəkaçan  şeyə göz yumursan, istehza edirsən.  Əlbəttə, mən Sürəyyanı başa sala 

bilməzdim ki, qarşısı süni surətdə kəsilib süni surətdə ayna – şəlalə düzəldilmiş çay 

heç vaxt mənim ürəyimi açmaz, əgər əksinə deyilsə. Başa sala bilməzdim, ona görə 

ki, axı,  şırhaşır axan dağ çayının kənarında da Sürəyya məni «gözəlliyə, ürəkaçan 

şeylərə» göz yummaqda təqsirləndirib, haqqı da olub, amma yəqin məsələ 

burasındadır ki, mən təbii bir şeyə  də süni sevinə bilmirəm; mən özüm özümü 

sevindirə bilmirəm, bax, bunu başa sala bilmərəm Sürəyyaya, çünki heç özüm də 

başa düşmürəm ki, bu nədir.  

Tolik dedi ki, qoy indi də o biri tərəfinə keçim, o biri avardan yapışım. Onu sağ 

tərəfimə keçirtdim – sərçə  ağırlığındadır, bir qaşıq süd içsin deyə, yüz cür 

pəstahadan çıxıram: banlayıram, donbalaq aşıram, gözlərimi çəpləşdirirəm və s. 

Sürəyya da özünü saxlaya bilməyib gülür ki, sən gərək teatrdan yazmaqla məşğul 

olmayaydın, teatrda oynayaydın. Bu zaman, yəni Toliki yedizdirdiyimiz vaxtlar 

Firəngiz də bizdə olanda, o da, gülürdü, deyirdi ki, hamı elə bilir Sabir duzsuz 

adamdır, quru adamdır, day bilmirlər ki, təkcə elə Sabirin Toliki yedizdirməyinə 

tamaşa etsən, kifayətdir, gedib sirkdə Oleq Popova baxmasan da olar. 

Indi Firəngiz daha heç vaxt gülməyəcək, heç vaxt mənim Toliki 

yedizdirməyimə baxmayacaq, heç vaxt Oleq Popovu misal gətirməyəcək. Niyə? 

Sadəcə olaraq ona görə ki, o ölüb. 

Bir vaxt mən də heç zaman avar çəkməyəcəyəm, bu süni göl ilə Qafqaz 

dağlarının təzadını əlində portfel nəşriyyata gedən Qaçaq Kərəmə oxşatmayacağam; 

bir vaxt Tolik də heç zaman avar çəkməyəcək; bir vaxt Tolikin oğlu da heç zaman 

avar çəkməyəcək; bir zaman Tolikin oğlunun oğlu da heç zaman avar çəkməyəcək 

və bəlkə o, heç mənim adımı da bilməyəcək. 

Tolik dedi ki, fit çalırsan? Mən də dedim ki, gəl o körpünün altından keçək. 

Tolik yenə Müşgünaz xanım kimi gülümsəyib dedi ki, keçək. 




 

28

Tolik mənim oğlumdur, amma Müşgünaz xanım kimi gülümsəyir, Tolikin 



nəvəsində də məndən nə isə olacaq, amma bunun mənası yoxdur. 

Dünən səhər Müşgünaz xanım Sürəyyaya teleqram vurmuşdu ki, Firəngiz ölüb. 

Sonra Sürəyya telefonla sifariş eləyib anası ilə danışdı. Müşgünaz xanım dedi ki, 

Firanı avtobus basıb, elə o dəqiqə ölüb, avtobus alma kimi əzib yazıq Firanı, sonra 

da dedi ki, Bakıda cəhənnəm istisi var, sabah da Dəmirin birinci imtahanıdır. 

Sürəyyanın az qalırdı ürəyi getsin, güc-bəla ilə sakitləşdirdim, həm də özü 

sakitləşdi ki, Tolik qorxar. Sonra Sürəyya üçün təyyarəyə bilet aldım və dünən gecə 

Sürəyya Bakıya uçdu. 

Fira birinci sinifdən axırıncı sinifə kimi Sürəyya ilə bir yerdə oxumuşdu, Tibb 

Institutunda da birinci kursdan axırıncı kursa kimi bir qrupda oxumuşdular, bir yerdə 

də  işləyirdilər: Onkologiya, Rentgenologiya və Radiologiya Institutunda; Tolik bu 

institutun adını daha dəqiq bilir. 

Fira Sürəyya ilə yaşıd idi: ikisinin də iyirmi doqquz yaşı var idi. Fira ilə aramız 

açıq idi: o məni Oleq Popovdan üstün tutduğu kimi, mən də ona söz vermişdim ki, 

ürəyini sıxmasın, Tolik böyüyəndə onu alacağam Tolikə, daha qoca qız olub 

qalmayacaq ömrünün axırına qədər. Sürəyya həmişə ikilikdə mənə deyirdi ki, kobud 

zarafat edirsən Firayla, mən də deyirdim ki, zarafat etmirəm, doğru deyirəm, 

həqiqətən, onu alacağam Tolikə. Fira özü inciməzdi, incisəydi, hiss edərdim. 

Fira ərə getməmişdi; ona görə yox ki, istəyən olmamışdı, ona görə ki, istədiyi 

olmamışdı – özü belə deyirdi, ona inanmaq da olardı, çünki çox yaraşıqlı idi, amma, 

həmişə  mənə elə gəlirdi ki, indi də mənə elə gəlir ki, o kimi isə istəyir, gizli-gizli 

istəyir, xısın-xısın. Bir dəfə özünə  də demişdim və o qızarmışdı, hərçənd zarafata 

salıb güldü ki, düz tapmısan, amma nahaq indidən qısqanırsan, Tolik böyüyənə kimi 

unudacağam o pünhan sevgilimi, çıxıb gedəcək işinin dalınca. 

Bəlkə məni sevirdi Fira? 

Tolik dedi ki, yenə başladın fit çalmağa? Mən də dedim ki, üzr istəyirəm, sonra 

saata baxmaq istədim ki, qayığın prokat vaxtına nə qədər qalıb; saatın yeri ağappaq 

ağarırdı; indi gedib saatı alacaqdım və hər şey öz qaydasına düşəcəkdi. 

Firəngizin yeri isə həmişə boş qalacaqdı. Həmişə yox, gün qaraldanacan. 

Bir qadın yavaş-yavaş avar çəkərək sol tərəfimdən ötdü; soyunmuşdu, yaxşı 

çimərlik kostyumu var idi, özü də yaxşı idi: burnunun üstünə bir yarpaq 

yapışdırmışdı ki, gün yandırmasın. Bu yarpaq Leoxarın Belvederli Apollonundakı 

yarpaq kimi idi, amma o yarpaq Apollonun ayıbını örtürdü, bu yarpaq bu qadının 

burnunu, gülmək məni tutdu. Qadın da mənim gülməyimi yəqin öz bildiyi kimi 

yozdu və yaşıl gözləri gülümsədi, amma bir az irəliləyib sağ böyrümdəki Toliki 

görən kimi gülüşü də silindi, elə bil bir az hirsləndi də, guya ki, təhqir olunmuşdu; 

becid-becid avar çəkib aralandı. 

Tolik dedi ki, mamama deyəcəyəm başqa arvada baxıb gülürdün. Mən də dedim 

ki, onda maman da bilər sən göldə üzmüsən. Tolik dedi ki, mən heç nədən 

qorxmuram. Mən də dedim ki, mən də heç nədən qorxmuram. Tolik dedi ki, sən 

qorxursan. Mən təəccüb etdim ki, görəsən, nədən qorxuram? Tolik dedi ki, bude, gör 

məni necə özünə sıxmısan, qorxursan ki, mən suya düşərəm, boğularam. 

Əvvəllər – hələ dil açmamış – mən elə bilirdim ki, Tolik bəstəkar olacaq, dil 

açandan sonra dedim yəqin yazıçı olacaq, amma deyəsən, nə bəstəkar olacaq, nə də 

yazıçı, məntiq müəllimi olacaq. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə