Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə10/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   6   7   8   9   10   11   12   13   ...   184

 

24

Mən özümü çox sakit hiss edirdim, ürəyim də döyünmürdü, gözlərim də 



qaralmırdı, məni soyuq tər də basmırdı, fəqət mənim beynim çatlayırdı, beynim az 

qalırdı dağılsın. 

Nə üçün mən öz həyat yoldaşıma yalan quraşdırıb deyirəm? Mən sadəcə olaraq 

hər şeyi ona danışa bilərdim və o da, sadəcə olaraq, hər şeyi başa düşə bilərdi. Bəlkə 

mənim bu söhbətim onun üçün də, Məleykə xanım kimi, doğma olardı, bəlkə onun 

da başına elə bir iş gəlib ki, heç kimə danışmır, mənə də danışmır, elə bilir ki, onsuz 

da, heç kim inanmayacaq? 

Nə üçün Məleykə xanım bu oxu həmişə özüylə gəzdirir, nə üçün qorxur ki, əri 

görər və o, ərini başa sala bilməz. Bəlkə onun ərinin başına daha qəribə bir iş gəlib 

və o da indiyə qədər bunu heç kimə danışmayıb? 

Günlər, aylar, illər keçəcək. Məleykə xanım bu balaca oxu özüylə gəzdirməkdən 

bezəcək, tullayacaq bu oxu zibil yeşiyinə, xəyanət edəcək Məleykə xanım, çünki o, 

bu oxu heç kimə göstərə bilmir. Nə üçün? 

Nə üçün bizə elə  gəlir ki, ən yaxşı müsahibimiz, ən yaxın, doğma adamımız 

özümüzük? 

Sonra Məleykə xanım kupeyə girdi. Bir azdan mən yerimə qalxıb bu sualları 

başımdan elədim və yatdım. 

 

Dekabr, 1968. 

 

 

 



 

 



 

25

BEŞ QƏPIKLIK MOTOSIKL 

 

Tolik soruşdu ki, dağ papiros çəkər? Dedim ki, yox, papirosu adam çəkər. Dedi 



ki, düz demirsən, meymun da papiros çəkir, özüm televizorda görmüşəm. Dedim ki, 

meymunu da adamlar öyrədib papiros çəkməyə. Mən soruşdum ki, axı, nə 

dağbazlıqdır salmısan, dağ niyə papiros çəkməlidir? Əlini uzadıb dedi ki, ode, bax 

də, görmürsən dağ papiros çəkir? 

Doğrudan da, əcəb papiros çəkirdi Qafqaz sıra dağları: buludlardan qullab-

qullab alıb üzük-üzük buraxırdı başının üstündən. 

– Papa, gördün?! 

Tolik yüz faiz qələbə qazanmışdı – dağları da adam öyrədə bilməzdi ki, papiros 

çəksin, dağ nə boyda, adam nə boyda – indi gəl yaxanı Tolikin əlindən qurtar görüm 

necə qurtarırsan; ay bacardın ha! 

– Papa, gördün?! 

Axırı ki, birdəfəlik mənə «papa» dedi, «ata»nı tulladı bir tərəfə, necə ki, mən 

birdəfəlik «Təhməz»i tullamışam, «Tolik» deyirəm. Bir də ki, nə  fərqi var, guya, 

«Təhməz» deyəndə nə olacaqmış. 

– Papa, görmürsən bəyəm?! 

Əlbəttə, mən desəydim ki, görürəm, o saat soruşacaqdı ki, bəs, necə olub 

adamlar dağa papiros çəkmək öyrədib, dağların bəyəm ağzı var papiros çəksin, hansı 

papirosdan çəkirlər və s. Dedim ki, gedək qayıq götürək, göldə avar çəkək 

özümüzçün, kef eləyək. O saat papiros çəkən dağı yadından çıxartdı, əlimdən tutub 

gölə  tərəf dartdı, sonra birdən dayandı ki, axı, mamam deyib gölə getmək olmaz. 

Dedim ki, elə edərik maman bilməz, heç birimiz ona demərik. 

Sürəyya  şübhəsiz biləcək – Tolik özünü saxlaya bilməyib, həmişəki kimi, ona 

deyəcək – Sürəyya da həmişəki kimi, düşəcək üstümə ki, indidən uşağın tərbiyəsinə 

xələl gətirirsən, onu saxtakarlığa öyrədirsən, mən deyirəm ki, gölə getmək olmaz, 

xatadır, sən aparırsan, bütün pedaqoji metodlara biganəsən, çünki siniqsən. Mən ha, 

mən siniqəm. Təbrik edirəm səni, yoldaş  sənətşünaslıq namizədi Sabir Məlikov, 

daha məqalələrinin altında camaatın gözünü döyənək eləmiş imzadan yaxanı qurtara 

bilərsən, Sabir Məlikov yox, təxəllüslə: Sabir Siniq. 

Əlbəttə, bütün bu boş  şeyləri öz-özümə fikirləşirəm, Sürəyyaya belə  şeyləri 

demək olmaz, mənası da yoxdur, çünki cavabı əvvəlcədən məlumdur: «Radi boqa, 

ne ostroumniçay, ne podxodit». 

Saatımı bilet köşkündə girov qoyub qayıq üçün nömrə götürdüm: 13. Çox rəmzi 

nömrədir. Niyə rəmzidir – orasını Allah bilir, mənim indi dərinliyə getməyə həvəsim 

yoxdur, nə həvəsim, nə də imkanım; imkanım niyə – bunu da Allah bilir. 

Bu yay ilk dəfə idi göldə avar çəkirdim, ilk dəfə deyəndə ki, cəmi bir həftədir 

gəlmişik Kislovodska, amma elə bil bir həftənin özündə də birinci dəfə avar çəkmək 

bir o qədər çox deyil, çünki yaşadığımız «Avtopansionat» bu süni gölün 

kənarındadır. 

Əvvəllər gündə neçə  dəfə avar çəkərdim bu göldə, hələ heç pansionatda 

yaşamadığım vaxtlar, atamgillə gəldiyimiz yaylar, o vaxtlar ki, hələ Tolik dünyada 

yox idi və  mən də kulturizmlə  məşğul olmaq istəyirdim, hərçənd içindən bir şey 

çıxmadı. 

Bir vaxt var idi, Tolik dünyada yox idi, heç kim bilmirdi ki, belə bir adam 

olacaq dünyada, mən var idim, indi Tolik də var; bir vaxt mən olmayacağam 

dünyada və bir vaxt Tolik də olmayacaq dünyada. 



 

26

Tolik soruşdu ki, bəyəm mamam sənə deməyib fit çalma? Dedim ki, deyib, 



əlbəttə. Soruşdu ki, bəs, niyə fit çalmağa başladın? Dedim ki, üzr istəyirəm. 

Xoşbəxtlikdən soruşmadı ki, üzr istəyirəm nə deməkdir; yəqin  əvvəllər soruşub, 

başa salmışam. 

Sonra sahildəki taxta çətirləri göstərib soruşdu ki, papa, onlar nədir elə? Əlbəttə, 

desəydim ki, adamlar gündən qorxurlar, gedib o çətirlərin altında otururlar, 

soruşacaqdı ki, adamlar niyə gündən qorxurlar, desəydim ki, gün adamı yandırır, 

soruşacaqdı ki, niyə və s. Soruşdum ki, indi soyunub bu suda çimərdin, ya yox? O 

saat taxta çətirləri yadından çıxardıb başını  tərpətdi – yəni ki, yaman çimərdim – 

amma yaman da məlul-məlul tərpətdi, çünki bilirdi ki, real söhbət deyil bu. 

Sürəyya ilə də ilk dəfə, bax, həmin sahildə görüşmüşdük, yeddi il bundan əvvəl. 

Nazik, hündür qız idi onda Sürəyya, iri, göy gözləri var idi. Elə deyirəm, elə bil indi 

gözlərinin rəngi dəyişib; indi də iri, göy gözləri var Sürəyyanın. Onda da atasıgillə 

bu pansionatda yaşayırdı, mən atamgilin şəhərdə kirayə tutduğu evdə qalırdım. Indi 

mən də  hər yay bu pansionata düşürəm: düz altı ildir ki, hər yay ay yarım bu 

pansionatda yaşayıram – bir ay məzuniyyətim, yarım ay da öz hesabıma. Gələcəkdə 

bir memorial lövhə vurmalıdırlar «Avto-pansionat»ın qabağına: görkəmli 

sənətşünaslıq namizədi Sabir Siniq altı il yay aylarını burada yaşamışdır. Altından 

da doğulduğum və öldüyüm il: (1937-19 filanıncı il). Niyə min doqquz yüz filanıncı 

il, bəlkə iki mininci ilə qədər yaşayacağam? 

Bu yay yalnız özümüz gəlmişik, yəni mən, Sürəyya və Tolik. Sürəyyanın 

atasıgil Bakıda qalıblar, kiçik oğlanları  Dəmir bu il instituta girir. Bizimkilər 

Buzovnadakı bağımızda qalmalı oldular. Biz də  gəlib yenə pansionata düşdük. 

Bayaq Sürəyyaya da cavab teleqramı vuranda yaxşı eləmədim deyəsən, necə olsa da, 

matəmdədir. 

Səhər Sürəyyadan teleqram gəldi, indi də cibimdədir: Priletela bloqopoluçno tçk 

zdes ujasno tçk posle zavtra budu tam tçk Çeluyu vas tçk jdu vaşeqo otveta = Sura 

mama. 

Iki müəllifin ikisi də Sürəyya özü idi: biri, yəni Sura, mənim üçün nəzərdə 



tutulmuşdu, ikincisi, yəni mama, Tolik üçün, hərçənd bu teleqramdan Tolikin xəbəri 

yoxdur. Xəbər tutsa, başlayacaq sorğu-suala, mən də heç vaxt onu başa sala 

bilməzdim ki, tetya Fira, yəni Firəngiz ölüb. Necə yəni ölüb? 

Bu «Avtopansionat»ın rəisi mən gözümü açandan yüz ildir ki Iosif Samoyloviç 

Bass adında kürən bir kişidir. Yüz ildir ki də, üzündəki eyni təbəssümlə, eyni məlul 

hərəkətlərlə, həmişə bir şey uman gözlərilə gələnləri qarşılayır, gedənləri yola salır. 

Mən də bayaq nahardan sonra Toliklə poçta girib Sürəyyaya belə bir cavab 

fototeleqramı vurdum: 

 

Köhnə hamam, köhnə tas, 



Köhnə pansion, köhnə Bass. 

 

Oxuyub yəqin deyəcək ki, əlbəttə, siniqlər bundan artıq nəyə qadir ola bilərlər. 



Öz-özünə deyəcək, ikimizin söhbətini başqasının yanında edən deyil, lap atası 

olmur, anası Müşgünaz xanım olsun. 

Yaxşı eləmədim, necə olsa da, Sürəyya matəmdədir. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə