Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə17/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   13   14   15   16   17   18   19   20   ...   184

 

41

Məmmədbağır kor idi, bizimlə üzbəüz köhnə hamamın yanındakı dar dalanda 



olurdu, kiçik bir daxması var idi – daha heç nəyi və heç kimi, hərçənd deyirdilər ki, 

bir sandıq qızılı var, haradasa basdırıb. Yaşı altmışı keçmişdi yəqin, amma 

böyükdən kiçiyə hamı onu adı ilə çağırırdı: Məmmədbağır.  Əynində köhnə boz 

şinel, yay-qış, səhərdən-axşama kimi çəliyini taqqıldada-taqqıldada bütün məhəlləni 

dolaşırdı, səhər bir xəstəsi olanın evində çörəyini yeyərdi, günorta başqa bir xəstəsi 

olanın, gecə  də bir başqa xəstəsi olanın – bu da, bir növ, «rüşvət» idi, camaat 

Məmmədbağıra «rüşvət» verirdi ki, xəstəsi tez sağalsın, həm də daha camaat 

adətkərdə idi. Deyirdilər ki, Məmmədbağır özü bir gözünü vurub kor eləyib ki, 

müharibəyə getməsin, sonra da o biri gözü kor olub. Gah da deyirdilər ki, bir gözü 

görür  əməlli-başlı, özünü görməməzliyə vurur, guya hərdən küçədə adam 

olmayanda köhnə hamamın pəncərəsi ağzında durub içəridə çimən arvadlara baxır, 

day nə bilim nə eləyir. Yüz cür söz deyirdilər, çünki heç kim onu istəmirdi. Hərçənd 

heç kimə bir pislik eləməmişdi, bu evdən o evə söz gəzdirən də deyildi. 

Solmaz günortadan saxladığı bir kasa şorbanı gətirib Məmmədbağırın qabağına 

qoydu. Məmmədbağır da ya Allah deyib yeməyə başladı. Sonra yenə dedi ki, 

inşallah, salamatlıq olar– şorba xoşuna gəlmişdi deyəsən; dedi ki, Paşanın oğluna 

heç ümid yox idi, bu gün gedib görürəm ki, şıllaq atır ayaq üstə. Sonra dedi ki, 

xəbəriniz var, Ağagül Sibirdən qaçıb? 

Solmaz, Məmmədbağır üçün çay gətirdiyi stəkanı əlindən salıb sındırdı. Sonra 

yüzillik sükut çökdü. Sonra Solmaz qışqıra-qışqıra gəlib Məmmədbağırın qolundan 

dartdı ki, bu saat dur çıx bizim evdən, bir də buralara ayaq basma. Şahin qımıldandı 

yerində. Hövlnak yerindən qalxıb gəlmiş Gülü xala Şahinin çarpayısına tərəf qaçdı.  

Məmmədbağır yavaş-yavaş ayağa qalxdı, dedi ki, mən çay içməyib gedərəm, 

amma sizə baha başa gələr ha; sonra üzünü Şahin tərəfə tutdu. Solmaz o saat dedi ki, 

otur, otur, dedi, indi çay gətirirəm, iç sonra get. 

Məmmədbağır yerində oturdu. 

Yaman maxorka çəkirsən, dedim, azalt bir az, küçənin o başından gələndə bu 

başında maxorka iyindən dayanmaq olmur. Nə edim, dedi, deyirsən yanı maxorka da 

çəkməyim? 

Ya Sibirdən qaçıb, ya da bir başqa yerdən, axırı ki, qaçıb gəlib Ağagül. Nə olar, 

qaçıb, yenə tutub göndərərlər öz yerinə, bir az da artırarlar işini, çünki on il öz-

özlüyündə az deyil, amma Ağagül üçün azdır, hərçənd Ağagül bu barədə ömründə 

fikirləşməyib yəqin – uşaqlıqdan bələdəm ona, bir məhəllənin uşaqlarıyıq; özü də 

ona görə fikirləşməz ki, istəmir fikirləşsin, ona görə ki, bacarmır fikirləşməyi; 

fikirləşmək üçün gərək adam olasan, Ağagül adam deyildi, şübhəsiz. 

Ağagülün atası Əzizağa keçən il camaatın yanında dedi mənə: «Alə, ay oğraş, 

girmədün yerə, satdun uşağı?  Əybi yox...» Eybi yox, yəni ki, borclu borclunun 

sağlığını istər. 

Istəsin də, sağlığını istəmir, lap nəyini istəyir istəsin, bəsdir daha. 

Ağagül, Qasımı bizim dalanın qabağında bıçaqladı, günün günorta çağında, azı 

iyirmi-iyirmi beş nəfərin gözü baxa-baxa. Təkcə mən şahid durdum üzünə; özü də 

məndən xahiş eləyən-zad yox idi, Qasımdan da zəhləm gedirdi, çünki elə Qasım da 

Ağagülün tayı idi. Şahid durdum ona görə ki, həmin iyirmi-iyirmi beş nəfərin hamısı 

danırdı ki, bir şey görməyb; ona görə ki, həmin iyirmi-iyirmi beş nəfərin hamısından 

zəhləm gedirdi; ona görə ki, Ağagül adam deyildi. Ağagülü «satdım», çünki birinci 

dəfə idi məhəllənin qanunu pozulurdu, yaxşı da olurdu pozulurdu, çoxunun da 

canından idi bu, amma mən satqın idim. 



 

42

Məmmədbağır ayağa qalxdı, sonra dedi ki, Allah şəfa versin. Sonra getdi. Şahin 



yatmışdı. Gülü xala mətbəxdə idi, Məmmədbağırın şorba yediyi kasanı, qaşığı, çay 

içdiyi stəkanı qaynadırdı. Solmaz mizin arxasında oturub heç nə danışmırdı. 

Soruşdum ki, nə olub, yenə? Dedi ki, nə olub, heç nə, hər  şey öz qaydasındadır. 

Bəsdir, dedim, heç nə olmayacaq, qorxma. Dedi ki, qorxub-eləmirəm, nə olacaq ki, 

əlbəttə, heç nə olmayacaq. Gedim bir az uzanım, dedim, saat on ikiyə işləyib, lap az 

qalıb, sabah səhər açılacaq, hər  şey yenə  əvvəlki kimi olacaq, iyirmi gün bundan 

qabaqkı kimi yenə  əla olacaq hər  şey; elə-belə uzanıram yerimdə, yatmıram; mən 

yanındayam, həmişə yanındayam, dedim, mənim üçün də qorxub-eləmə; Kazımlı 

dedi ki, hər şey yaxşı olacaq, böhran keçib gedib, işdi-şayətdi dedi... 

Sonra o biri otağa keçib çarpayımızda uzandım. Sonra qapı  cəftəsinin səsini 

eşitdim, yəqin Solmaz bayır qapısını  təzədən yoxlayırdı. Sonra Gülü xala ilə 

Solmazın səsi gəldi, nə danışdıqlarını eşitmirdim. Sonra xəstəxanaya girdim elə bil, 

hər tərəfdən dərman iyi gəlirdi. Sonra yavaş-yavaş külək əsməyə başladı... 

Ağagül başının üstündə  çəkic fırladırdı; stadion ağzınacan dolu idi, hamısı da 

bizim məhəllənin adamları, çığır-bağır salmışdılar, Ağagülə ürək-dirək verirdilər. 

Ağagül uzun göy dizlik geymişdi,  əynində  rəngi saralmış tor köynək var idi, 

başına qara kepka qoymuşdu, damağında da papiros. 

Ağagül sısqa qolları ilə ağır çəkici başı üzərində fırladırdı ki, uzağa atsın. 

Sonra çəkic Ağagülün başı üzərindən qalxdı göyə.  

Sonra bütün stadion ayağa qalxdı. 

Ağagül bir əli belində, papirosdan qullab vurub tüstünü bir-bir stadiondakıların 

üzünə buraxırdı. 

Sonra göydə çəkici gördüm, gördüm ki, bu çəkic deyil, bu Şahindir. 

Ağagülün yaxasından yapışıb silkələyirdim. 

Sonra Məmmədbağırı gördüm, dedi ki, məni niyə silkələyirsən, sənə nə pisliyim 

keçib, burax məni, hamama tərəf gedirəm. 

Ağagül hanı, dedim, hanı Ağagül?.. 

Gülü xala qışqırırdı ki, dur ay evi viranə qalmış, dur, uşaq gedir əldən, dur 

demirəm sənə, getdi uşaq... 

Hara getdi, dedim, hara getdi uşaq, nə ağzına gələni danışırsan, yekə arvadsan, 

ayıbdır səninçün, necə yanı getdi uşaq?! 

Şahinin sinəsi tavana dəyib qayıdırdı, yenə tavana qədər qalxıb qayıdırdı. Sonra 

yenə tavana dəyirdi. 

Solmaz qışqırdı ki, yox buraxmaram səni, buraxmaram səni, heç hara 

getməyəcəksən; sonra qolumdan yapışdı Solmaz, dedi ki, olmaz, qoymaram, getmə. 

Burax dedim, burax qolumu, Kazımlıgil yaxındır, dedim, özü demişdi ki, gəl durğuz 

o saat məni, qorxma, dedim, heç nədən qorxma, beş  dəqiqəyə  gəlirəm, beşcə 

dəqiqəyə  gəlirəm. Sonra onu itələyib dalana çıxdım, sonra küçəyə  çıxdım, sonra 

yüyürməyə başladım. 

Mənə elə  gəldi ki, indi canavar görəcəyəm, iki gözü parlayacaq bu zülmətdə, 

sonra yadıma düşdü ki, haçansa qəzetdə oxumuşdum: bir çoban çomağı ilə dörd 

canavar öldürüb. 

Bir canavar çomağı ilə dörd canavar öldürüb, çünki bu canavarlar qoyuna 

girişirmişlər, çünki bu qoyunların arasında quzular da var idi, hərçənd canavarların 

da küçükləri var idi, yəqin ki, onlar da yetim qalacaqdılar, yəni bəraət eyni idi, 

amma bir çoban dörd canavar öldürdü. 

Bir çoban dörd canavar öldürüb. 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə