Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə174/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   170   171   172   173   174   175   176   177   ...   184

 

392


– Vətəndaş Humayın topu, beləcə  cərgəyə düzülüb hara gedirsiniz? Siz qatar 

kimi keçirsiz, maşınlar isə yolda dayanıb ləngiyir.  

Humayın topu dedi: 

Milisioner əmi, biz Humayın dostlarıyıq. Gedirik onun yanına, onunla 

oynamağa. 

Milisioner əmi dedi: 

– A-a-a!.. Belə de!.. Humay yaxşı  qızdı, çünki söz verib ki, bir də heç vaxt 

ağlamayacaq, bundan sonra həmişə anasının sözünə baxacaq, yeməyini yeyəcək, 

böyük bacısı Günayla da bundan sonra heç vaxt dalaşmayacaq. Məni də apar 

Humayın yanına, ay Humayın topu!.. 

– Gedək!.. 

Humayın topu düşdü qabağa, Cıqqılı siçan qırmızı topunun dalınca, Bığlı pişik 

Cıqqılı siçanın dalınca, Uzunboy zürafə  Bığlı pişiyin dalınca, Yaşıl karandaş 

Uzunboy zürafənin dalınca, Milisioner əmi də Yaşıl karandaşın dalınca getdilər. Bu 

dəfə üz tutdular geriyə, Humaygilin evinə tərəf. Getdilər, getdilər, getdilər, getdilər, 

getdilər, Humayın çox xoşladığı  fəvvarələrin qabağından keçdilər, Humayın çox 

yelləndiyi yelləncəklərin yanından ötdülər, Humayın çox qaçıb oynadığı bağçanı da 

arxada qoydular, axırda gəlib çıxdılar Humaygilə. 

Bir tərəfdən Humayın dostları  gəlib çıxdı Humaygilə, o biri tərəfdən də gün 

çıxdı.  


Gün çıxdı, səhər açıldı. 

Hamı yuxudan oyandı. 

Hamı yuxudan oyandı, Humay da yuxudan oyandı. 

Hə, Humay yuxudan oyandı, ora baxdı, bura baxdı, Cıqqılı siçanı, Bığlı pişiyi, 

Uzunboy zürafəni, Yaşıl karandaşı, Milisioner əmini görmədi, təkcə qırmızı topunu 

gördü. 


Humay tez yerindən qalxıb qırmızı topun yanına qaçdı. Humay soruşdu: 

– Ay top, bəs hanı Cıqqılı siçan, onun dalınca Bığlı pişik, onun dalınca Uzunboy 

zürafə, onun dalınca Yaşıl karandaş, onun dalınca Milisioner əmi! Bəs hanı? 

Humayın topu cavab vermədi. 

Axı, topun dili yoxdu danışsın... 

Humay başa düşdü ki, top, ancaq yuxuda danışa bilər, Cıqqılı siçan da, Bığlı 

pişik də, Uzunboy zürafə  də, Yaşıl karandaş da ancaq yuxuda danışa bilər. Bircə 

Milisioner əmi qaldı... 

Humay, tez pəncərənin qabağına qaçıb küçəyə baxdı. 

Milisioner  əmi küçənin ortasında dayanıb maşınlara yol göstərirdi. Birdən 

Milisioner əmi pəncərədən baxan Humayı gördü, gülümsədi, əlini qulağının üstünə 

apardı, Humayı salamladı. 

Həmin gün Humay üçün, bax, beləcə başladı...  

 

 



 

 

 

 


 

393


GÜNAY, HUMAY, BIR DƏNƏ GÜNƏBAXAN VƏ QIRT TOYUĞUN 

CÜCƏLƏRI 

 

Qış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr 



çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, 

istilər başladı  və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib 

yay istirahətinə kəndə getdilər. 

Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və 

Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar: 

– Bax, armud ağacı! 

– Bax, alma ağacı! 

– Bax, alça ağacı! 

Həyətdə bostan da var idi. Bostanda qarğıdalı  əkmişdilər, pomidor, xiyar 

əkmişdilər, amma bunların arasında bir dənə də gül uzanmışdı, saplağı elə uzun idi, 

bir Günay, bir də Humay – ikisi boyda! Özü qoğal kimi girdə idi, sapsarı ləçəkləri 

var idi və Günayla Humay bilmirdi ki, bu boy-buxunda, bu uzunluğunda, bu 

girdəliyində, bu sarılığında bu nə güldü belə? 

Günay soruşdu: 

– Bu nə güldü? 

Günayın anası dedi: 

– Yox, bu gül deyil, Günay, bu günəbaxandı. Yəqin bostana bir dənə toxumu 

düşüb, beləcə uzanıb... 

Humay təəccüblə çiyinlərini çəkdi: 

– Günəbaxan nədi? 

Düzdü, Günay da bilmirdi ki, günəbaxan belə olur, amma Günay bilirdi ki, 

günəbaxan nədi, çünki Günay yaman çoxbilən qız idi, axı Günay, zarafat deyil ha, 

ikinci sinifə keçmişdi!.. 

Günay tez dedi: 

– Humay, günəbaxan bilirsən nədi? Bax, biz ki, hərdən tum çırtlayırıq ha, 

günəbaxan odu, bildin? 

Humay başını tərpətdi: 

– Hə, hə, bildim! Tez onu çırtdayaq! 

Axı, Humay hələ balaca idi. Axı, Humayın hələ cəmi-cümlətanı beş yaşı var idi.  

Günayla Humayın anası dedi: 

– Yox, Humay, günəbaxan hələ  gərək lap böyüsün, yetişsin, sonra dərərik, 

tumlarını çıxardarıq, tavada qovurarıq, bir yerdə oturub çırtlayarsız. Amma qabığını 

yerə tökməzsiz ha! 

Bundan sonra Günayla Humay hər gün həmin tək günəbaxanın dibinə su 

tökdülər.  

Humay balaca beli ilə hər gün günəbaxanın dibini bellədi, Günay tez-tez baxdı 

ki, keçilər, buzovlar gəlib onların bu günəbaxanını yeməsin. 

Günəbaxan hər gün bir balaca, hər gün bir balaca böyüyürdü, lap yekə olurdu... 

Günayla Humay hər gün səhər tezdən yuxudan duran kimi ən birinci yerlərindən 

boylanıb pəncərədən həmin günəbaxana baxırdı. 

Günlər keçdi, günəbaxan yekə, lap yekə, lap gözəl bir günəbaxan oldu. Qapqara 

iri tumları var idi. 

Bakıya qayıtmaqlarına iki gün qalmış Günayla Humayın anası dedi: 

– Bu gün günəbaxanı dərəcəyik! 




 

394


Humay qışqırdı: 

– Ay can, ay ca-an!.. 

Günay dedi: 

– Yaxşı da, Humay, bərkdən qışqırma... 

Günay belə dedi, çünki Günayın həmin günəbaxana bir az yazığı gəlirdi... 

Günəbaxanı dərdilər, Günayla Humay günəbaxanın tumlarını çıxartdılar, anaları 

günəbaxanın tumlarını tavada qovurdu. Günayla Humay hərəsi bir nəlbəki gətirdi, 

anaları qovrulmuş tumu yarıya bölüb nəlbəkiləri doldurdu. 

Günayla Humay çoxdan bəri gözlədikləri qovrulmuş isti tumdan bir ovuc 

götürüb həyətə qaçdılar ki, ləzzətlə çırtlasınlar. 

Bir az keçdi. 

Birdən Günayla Humay qaça-qaça evə gəldilər. 

– Biz tumları cücələrə verdik! 

Anaları güldü. 

– Axı, cücələr tum yeməz... 

Həyətdəki hində  qırt toyuğun yeddi cücəsi var idi. Cücələr dörd gün idi 

yumurtadan çıxmışdılar, lap balaca idilər. Hər birisi bir yumurta boyda idi, təkcə 

nazik qılçaları, cıqqılı da ayaqları var idi. Belə bapbalaca cücələr iri tum dənələrini 

necə yeyə bilərdi? 

Günay, Humay ikisi də bir ağızdan dedi: 

– Cücələrə anaları tum verir. Gəl, bax!.. Gəl, bax!.. 

Günayla Humay anaları ilə birlikdə hinin qabağına gəldilər, açıq pəncərədən 

içəri baxdılar. 

Qırt toyuq qaqqıldaya-qaqqıldaya gəzişirdi, cücələri də civildəyə-civildəyə onun 

dalınca qaçışırdı. Qırt toyuq hinin açıq pəncərəsindən adam görüb daha bərkdən 

qaqqıldadı. 

Humay dedi: 

– Ay cücələr!.. Ay cücələr!.. Alın!.. 

Humay hinə bir dənə iri tum atdı. 

Qırt toyuq qaqqıldaya-qaqqıldaya gəlib dimdiyi ilə həmin tumu yerdən götürdü. 

Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə, itələşə-itələşə analarının qabağına 

yığışdı. 

Qırt toyuq dimdiyinin ucundakı tumun qabığını  sındırdı, tumun ağ  ləpəsi 

sıçrayıb yerə düşdü. Cücələr yenə civildəşə-civildəşə, itələşə-itələşə  ağ  ləpənin 

üstünə qaçışdı, amma ağ ləpə iri idi, bərk idi. Qırt toyuq qaqqıldaya-qaqqıldaya ağ 

ləpəni təzədən dimdiyinə aldı, sonra ağ  ləpəni dimdiyində  əzə-əzə  xırdaladı, yerə 

səpələdi. Cücələr bircə göz qırpımında tum ləpəsinin qırıntılarını dimdikləyib 

yedilər. 

Humay qışqırdı: 

– Gördün! 

Bu dəfə Günay hinə bir tum atdı və cücələr bu tumun da ləpəsini beləcə yedilər. 

Qırt toyuq başını qaldırıb pəncərəyə baxırdı, cücələr civildəşirdi, tum ləpəsi, 

deyəsən, cücələrin yaman xoşuna gəlmişdi və qırt toyuq da qaqqıldaya-qaqqıldaya 

elə bil deyirdi ki, ay qızlar, nə durmusuz, görürsünüz tumun ləpələri balalarımın 

necə xoşuna gəlir, yenə verin də!.. 

Günay dedi: 

– Mən öz tumlarımın hamısını cücələrə verəcəyəm! 

Humay da dedi: 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə