339
ARABA
(Şairin ölümü haqqında)
olduqca...
həddən artıq...
uy-y-y...
çox...
çox...
çox uzaqlar idi, amma bu uzaqlıq coğrafi bir məsafə deyildi, illərin uzaqlığı idi,
zırpı-zırpı dəqiqələrin, ondan da zırpı saatların, ondan da zırpı günlərin, sonra
ayların, illərin dəhşətli, əlçatmaz, ünyetməz bir uzaqlığı idi və o uzaqlığı coğrafi
mənada təkcə (bəlkə də) göydəki ulduzların uzaqlığı ilə müqayisə eləmək olardı və
göydəki o ulduzlara getmək mümkün olmadığı kimi, xatirələrin, yaddaşın dibində
olan o uzaqlığa da getmək (təzədən getmək) heç cürə mümkün deyildi və indi, elə
bil ki, eşikdə şıdırğı bir yağış yağırdı (səssiz yağış) və o uzaqlıq da, bir üzündən (çöl
tərəfdə) su süzülən pəncərə şüşəsindən o tərəfdə görünürdü...
... o su süzülən pəncərə şüşəsindən o tərəfdəki o uzaqlıqda günün qıpqırmızı
batabat çağında, palçıq yolla cırıldaya-cırıldaya meşədən gələn bir eşşək arabası
gedirdi və arabaya səliqə ilə odun yığılmışdı və o odunların da üstündə ayağı yalın,
başı açıq, 6 – 7 yaşında bir oğlan uşağı oturmuşdu...
... arabanın təkəri hərdən palçıq çuxura düşürdü və o zaman arabanın qabağınca
piyada gedən kişi – o uşağın atası eşşəyin ipini nə qədər dartsa da, eşşəyə nə qədər
hədə-qorxu gəlsə də, qarğış yağdırsa da, heyvan o boyda yükü çəkib o çuxurdan
çıxara bilmirdi və o uşaq da məcbur olurdu ki, təzə qırılmış, təzə doğranmış odun
iyinin içindəki o gözəl aləmdən çıxıb, arabadan yerə ensin, sinəsini arabanın
arxasına dirəyib, bir əli ilə, nazik belində durmayan, tez-tez sürüşüb düşən şalvarını
yuxarı çəkə-çəkə, o biri ilə də özü özünə kömək eləyə-eləyə, hıqqana-hıqqana güc
versin və axırı ki, eşşəklə bir yerdə o təkəri palçıq çuxurundan çıxarsınlar...
... sonra yenə arabadakı yükün başına dırmaşırdı və yenə o təzə odun iyinin
içindəki o gözəl aləmə qayıdırdı və o aləmdə sonrakı o uzun-uzun illərin, o zırpı-
zırpı zaman vahidlərinin heç izi-sorağı da yox idi...
* * *
2002-ci ilin görünüşü, yazılışı Əminə xanımın heç xoşuna gəlmirdi – ortada iki
sıfır (00), başda da, axırda da iki (2) – və elə bil ki, bu yazılışda bir aldatma, yalan
var idi, yəni bu iki «0» və iki «2» səliqə-sahmanının arxasında, əslində, dünyanın
bəd əməlləri dayanırdı və o səliqəli düzülüş, görünüş isə, adamları aldatmaq üçün
idi.
Gecələr şairin çarpayısının qabağındakı kresloda oturub, heç olmasa, bir balaca
yuxuya getmək istəyəndə, mürgü aləmində, o 2002 cürbəcür düzümdə, yazıda
Əminə xanımın gözlərinin qabağına gəlirdi:
2 – 002
2 – 00 – 2
20 – 02
200 – 2
2 – 0 – 0 – 2
340
Və beləcə, bu 2002-ci ilin rəqəmləri hansı düzümdə olursa-olsun, Əminə xanıma
bədbinlik gətirirdi, hər iki tərəfdəki o «2» hansı bəd qüvvələrinsə tutduğu muzdlu
telexronitellər kimi, bədbinliyi o «2002» rəqəminin içində qoruyub saxlayırdı, kiçik
bir açar deşiyi də qoymurdu ki, «2002» tutumunun içinə iynənin ucu qədər bir
hərarət gəlsin.
Əlbəttə, Əminə xanım yaxşı başa düşürdü ki, onların ailəsini bədbəxtlik basıb və
sona da az qalıb, indi 2002-ci ilin başlanğıcıdı, yanvarın əvvəlləridi və bu müsibət
uzun sürməyəcək, bu müsibətin son ucu ölüm olacaq (həkimlər də bunu
gizlətmirdilər) və sonra şairsiz həyat da tamam başqa bir həyat olacaq – Əminə
xanım bütün bunları yaxşı başa düşürdü.
Və 2002-nin yazılışı, düzülüşü də, beləcə, heç bir ümid yeri qoymurdu, nəinki
ümid yeri qoymurdu, elə bil, təzə ilin bu rəqəmləri hər tərəfə qapqara bir əlacsızlıq
şüası saçırdı.
Elə ki, Istanbulda son müayinədən və Alman xəstəxanasındakı bir aylıq
müalicədən sonra Bakıya qayıtdılar və az bir müddətdən də sonra – sentyabrın
ortalarından ki, şairin daha ayaq üstə dayanmağa taqəti qalmadı, yatağa düşdü,
oktyabr beləcə əzab-əziyyət içində keçdi, noyabr da belə keçdi, dekabr gəldi, bax,
həmin dekabrın ortalarında Əminə xanımın bütün içini, bir canavar kimi, belə bir
hissiyyat didib-didişdirməyə başladı ki, şair Yeni il gecəsi gedəcək.
Şair gedirdi, onu saxlamaq mümkün deyildi, bu, aydın məsələ idi, amma 2001-
ci ilin o dekabr ayı – kədərinin, iztirabının ağrısı-acısı həmişə Əminə xanımın içində
qalacaq o dekabr ayı, Əminə xanım səhərdən axşamacan ürəyində Allaha yalvarırdı
ki, bu müsibətin son ucu Yeni il gecəsi baş verməsin və oğlu da, qızları da bütün
ömürləri boyu Yeni il gecəsinin kədərini çiyinlərində daşımasınlar və qəribə bir
əhvalat baş verdi (Allah Əminə xanımı eşitdi?): Yeni il gecəsi şair özünü birdən-birə
əvvəlkinə nisbətən yaxşı hiss etdi.
O Yeni il gecəsi oğul da, kiçik qız da heç hara getmədi, böyük qız da, əri də,
Əminaşka – şairin hələlik yeganə nəvəsi və şair ona Əminə xanımın adını qoymuşdu
(«Oğlan olsaydı, öz adımı qoyacaqdım!») – da onlara gəldi, keçmiş gözəl Yeni il
axşamları kimi, hamısı evə yığışdı və həmin Yeni il gecəsi oğlu şampan şüşəsinin
tıxacını partladıb sağlıq dedi:
– Papa, biz hamımız sənin sağlığına içirik! Biz hamımız çox istəyirik ki, sən
sağalasan, ayağa qalxasan, əvvəlki kimi olasan! Bax, görürsən, bu gecə biz heç hara
getmədik, evdə qaldıq ki, səninlə bir yerdə olaq!
Böyük qızın əri, yəni Əminə xanımla şairin kürəkəni də:
– Hə,– dedi.– Mənim də papam bizə dedi ki, bu dəfə Novı qodda sizə gələk,
sizin yanınızda olaq.
«Mənim də papam», yəni ki, Məmməd müəllim – Əminə xanımla şairin qudası.