359
Düzdü, dünyada qaçqınlar çox idi, Izabelin də işi qaçqınlarla bağlı idi və
qaçqınların həyatı, onlarla hər bir görüş yalnız mənfi emosiyalar verirdi, düzdü, bu
cavan qızın ürəyində daimi bir ana nostalgiyası var idi, amma, həyat ki, təkcə
qaçqınlardan və təkcə o nostalgiyadan ibarət deyildi...
III
Xəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və
yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu
qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir
yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq
uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və həyatının ən gərgin, ən
qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o
müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa
elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu
qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər
açılsın.
Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il,
yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə
bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında
səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də
gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla
bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış
yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun
vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü.
Ağadadaş səksəkə içində yuxudan oyanıb yerində oturdu və rəngi solmuş göy
maykasının altından arıq və tükü ağarmış sinəsini qaşıya-qaşıya filtrsiz siqaret
çəkməkdən xırıldayan səsi ilə:
– Alə, bu nə axmaq oğlu axmaq xoruzdu belə, alə?– dedi.
Balacaxanım adyalın altından pırtlamış kök bədənini qurcalayıb yuxulu-yuxulu:
– Fikir vermə, – dedi.. – yatginə...
Ağadadaş sövq-təbii əlini uzadıb yastığının yanında döşəməyə qoyduğu
siqaretdən birini götürdü və:
– Necə fikir verməginə, ağəz, mənnəndi begəm?– dedi. – Bu əclafın bu boyda
bannamağınnan sonra yatmaq olar?
Və elə bil ki, Qırmızı xoruz sahibinin bu sözlərini bir daha təsdiq etmək üçün
var gücü ilə təzədən banladı.
Balacaxanım gözlərini açmayaraq Qırmızı xoruzun qarasına:
– Şoqəribə qalasan səni!.. – dedi.
Ağadadaş qırx-qırx beş il idi Bakı – Binə aeroportu – Buzovna – Zuğulba –
Bilgəh – Maştağa – Zabrat – Bakı marşrutu ilə avtobus sürürdü (buna görə də
kənddə hamı onu Avtobus Ağadadaş kimi tanıyırdı), iki gün səhərin gözü
açılmamışdan gecəyə qədər işdə olurdu, evə gecənin yarısı gəlib çıxırdı, üçüncü
günü isə istirahət edirdi və həmin sentyabr günü də həm Ağadadaşın istirahət günü
idi, həm də, ümumiyyətlə, bazar günü idi və Balacaxanım da sidq-ürəkdən istəyirdi
ki, kişi doyunca yatıb dincəlsin, ona görə də, indicə dediyi qarğışla kifayətlənməyib,
yenə adyalın altında qurcalana-qurcalana Qırmızı xoruzun qarasına:
– Öləsən elə!.. – deyə dübarə bir qarğış da əlavə etdi.
360
Ağadadaş siqareti yandırıb ayağa qalxdı və xırıltıyla öskürə-öskürə gedib
həyətin yuxarı başındakı hinin qapısını açdı:
– Çıx bayıra, əclaf oğlu əclaf!.. – dedi, sonra gedib həyətin də küçə qapısını açdı
və səhərin gözü açılmamış Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca, tələsə-
tələsə və qaqqıldaya-qaqqıldaya həyətdən çıxdılar.
IV
O zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da
«2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan
qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də
belə olacaqdı.
O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və
Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının
səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki
kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?–
Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir
gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o
vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub
gedirdi və indiki zindan ağırlığında deyildi.
O universitet səfərindən sonra Cümünün həyatında gözəl hadisələr baş vermişdi,
evlənmişdi, uşağı olmuşdu, Şuşanın sayılıb-seçilən taksi sürücülərindən biri idi,
özünə yaxşı həyət-baca düzəltmişdi və o həyətdə bir armud varıydı ki, ağacdan dərib
bir dəfə dişləyəndə şirəsi adamın bütün yaxasını isladırdı və indi ermənilər də yəqin
o həyətdə Cümünün dədə-babasının goruna söyə-söyə o armudu ləzzətlə yeyirlər.
Heç o həyət də olmasaydı, o ev-eşik də olmasaydı, heç arvad-uşaq da olmasaydı,
Şuşanın özü ki, var idi və bu az idi bəyəm? Bunu fikirləşəndə, Cümü Şuşanın təkcə
məhəllələrini, evlərini, bağlarını, düzlərini, sıldırım qayalarını yox, Topxana
meşəsini, Cıdır düzünü, Ərimgəldini, Isa bulağını, Turş suyu, Səkili bulağı, hətta
özünün doğulduğu və ömrü boyu yaşadığı Ağadədəli məhəlləsini yox, Şuşanın, az
qala, bütün ağaclarını, daşlarını da bir-bir gözünün qabağına gətirirdi, hətta, Şuşanın
kənarlarındakı böyürtkən kolları da köhnə (və doğma!) tanışlar kimi yadına düşürdü
və bəzən Cümü özü də heyrətə gəlirdi ki, bu daşlar, bu ağaclar, kollar onun beyninə
bu dəqiqliklə nə vaxt və necə həkk olub?
Cümü ömrü boyu Şuşanın Ağadədəli məhəlləsində yaşamışdı, çünki erməni
gəlib Şuşanı alandan sonra ki, qaçdılar, qaçqın olub gəlib burada, Buzovnadakı bu
fəhlə yataqxanasında məskunlaşdılar, aradan keçən bu on ildəki həyat Cümünün
ömrü deyildi, bu başqa bir şey idi. Nə idi? Nə idisə də, Cümünün yaşadığı ömür –
Şuşada, o Ağadədəli məhəlləsində qaldı və Cümü bütün sısqa vücudu ilə hiss edirdi
ki, bir daha Şuşaya gedib o ömrü davam etdirməyəcək, ona görə yox ki, erməni
haçansa Şuşadan qovulmayacaq, ona görə ki, Cümü elə burada öləcək və onun
mafəsini Buzovnadakı fəhlə yataqxanasının həyətindən qaldırıb aparıb kənd
qəbirstanlığının böyründə bir yer tapıb basdıracaqlar və bu ətrafın sümsük itləri də
gəlib orda pislik edəcək.
V