356
Məmməd müəllim başını qaldırıb otaqdakılara baxdı,
sonra da yenə o cür
mənalı-mənalı gülümsəyib yavaşca başını buladı:
– Sayıqlayır... Araba istəyir...– dedi.
Böyük qız özünü saxlaya bilməyib hıçqırdı.
Kiçik qız:
– Mama...– deyib qorxu və həyəcanla Əminə xanımı qucaqladı.
Oğlan şaşqın bir vəziyyətdə:
– Araba istəyirəm?..– deyə öz-özünə atasının son sözlərini təkrar etdi və qəhər
onu boğdu.
O dəm, hətta, Məmməd müəllimin də gözləri yaşardı.
Məmməd müəllimin gözləri axırıncı dəfə düz on yeddi il bundan əvvəl – onda
gözləri konyuktivit olmuşdu – yaşarmışdı, bir də ki, bax, indi, xalqın bu boyda
şairinin son məqamda beləcə araba istəməsi onu kövrəltdi.
Fevral, 2002.
«Qaçqınlar» silsiləsindən
357
«QARABAĞ ŞIKƏSTƏSI»
(Fransız ətri və Ağadadaş ilə
Balacaxanımgilin Qırmızı
xoruzunun bəy axtarışı haqqında)
I
... sonra uzaqdan elektrik qatarının çarxlarının səsi eşidildi...
Bakıdan gələn elektrik qatarı Buzovnadan keçib Mərdəkana, Şüvəlana, oradan
da Hidro-Elektrik Stansiyası qəsəbəsinə gedib, eyni marşrutla da geri qayıdırdı və
hər dəfə Buzovnadakı fəhlə yataqxanasında o elektrik qatarının uzaqdan gələn səsi
eşidiləndə həyatında birinci dəfə Bakıya gəlməyi Cümünün yadına düşürdü və içmiş
vaxtı olanda bir loxma qəhər onun boğazında tıxanıb qalırdı, içməmiş vaxtı olanda
isə, durub gedib haradansa araq tapıb içmək istəyirdi.
O vaxt – söhbət it əyyamında qalmış o gözəl illərdən gedir – Cümü Şuşada orta
məktəbi bitirib, anasının yığıb qabladığı balaca çamadanı da götürüb həyatında ilk
dəfə səfərə çıxdı, avtobusa minib Şuşa dağlarından endi, bu ilk səfərin möcüzəsi
içində Xankəndinin böyründən ötüb Ağdamdan, Bərdədən keçdi, iyul günəşi altında
od tutub yanan Yevlaxa gəldi, orada da qatara minib ümumi vaqonda qatar
çarxlarının heç vaxt yadından çıxarmayacağı tuqqa-tuku ilə Bakıya – universitetə
imtahan verməyə getdi.
Onda Cümüyə elə gəlirdi ki, o dəmir çarxların səsini sədası Şuşa dağlarından
gələn bir «Qarabağ şikəstəsi» müşayiət edir və o şikəstə müşayiətli tuqqa-tuk
Cümünü təkcə universitet imtahanlarına yox, başqa bir dünyaya aparırdı və o başqa
dünya coğrafiya xəritələrində deyildi, Cümünün fikrində, xəyalında idi, o başqa
dünya – işıqlı, hərarətli, sirli-sevincli bir gələcək idi və əlbəttə, o zaman Cümü
hardan biləydi ki, həmin gələcək lax yumurta kimi bu qədər iyli-üfunətli olacaq...
II
Izabel Xanukoff biləndə ki, Azərbaycana gedəcək, elə həmin an anası gözlərinin
qabağına gəldi və elə həmin anda da ürəyindən bir sızıltı keçdi, elə bil, içində səssiz-
səmirsiz, yumşaq bir şimşək çaxdı və o səssiz şimşəyin Izabelin bütün bədəninə
yayılan əyri-üyrü xətləri eləcə əyri-üyrü xətlər boyunca da qızın ürəyini sızıldatdı.
Ziba – Izabelin anası – on dörd il idi ki, ağ ciyər xərçəngindən vəfat etmişdi və
həmin 1989-cu ildə Izabelin on səkkiz yaşı var idi və aradan keçən bu on dörd ildə
Izabelin ürəyində çox həzin, çox kədərli bir nostalgiya hissi var idi, o nostalgiya
Ziba nostalgiyası idi, bəzən üzə çıxırdı, yandırıb yaxırdı, bəzən də, çaxır çöküntüsü
şüşənin dibinə yatan kimi, qızın ürəyinin dibinə çökürdü, amma heç vaxt yox
olmurdu.
Illər keçirdi, amma o Ziba nostalgiyası eləcə Izabelin ürəyinin içində idi, hətta
bəzən bu cavan və sərbəst qızın həyatının hansısa gözəl məqamlarında bir müddət o
nostalgiya lap dibə çökürdü və həmin məqamlarda Izabel birdən gözlənilməz bir
təlaş hissi ilə diksinib o Ziba nostalgiyasını tələsik üzə çıxarırdı, çünki artıq on dörd
il idi ki, ürəyində gəzdirdiyi o hissiyyat da bu qızın gündəlik həyatının tərkib hissəsi
idi.
358
Izabel özündən böyük qardaş və bacılarından fərqli olaraq, Azərbaycanı
görməmişdi, Izraildə, Qüds ilə Iordaniya sərhəddi arasında Eriha deyilən kiçik bir
şəhərdə anadan olmuşdu, amma «Azərbaycan» sözü də o Ziba nostalgiyasının içində
Izabelin ürəyində idi, çünki Ziba həyatının iyirmi ildən artığını – 1968-ci ildən –
Izraildə yaşasa da, onun fikri-zikri, hissləri heç cürə bu ölkəyə sığışmırdı,
əcdadlarının diyarı kimi Izrailə hörmət etsə də, hətta, bu ölkəni sevsə də, düşüncəsi,
hissiyyatı, xatirələri ilə bərabər uçub bu yerlərdən min kilometrlərlə uzaqlarda
yerləşən Azərbaycana, Azərbaycanın Quba şəhərinə, doğulub böyüdüyü, məktəb
bitirdiyi, ərə getdiyi Qırmızı Qəsəbəyə qonurdu.
Əlbəttə, haçansa gözəl Qubada, Qubanın gözəl Qırmızı Qəsəbəsinin Azərbaycan
dilli orta məktəbində coğrafiya dərsi keçən və yəqin ki, Iordaniyanın adını ilk dəfə
elə o dərsdə eşidən, xəritədə görən al qalstuklu pioner Ziba Xanukovanın ağlına da
gəlməzdi ki, illər keçəcək və Allahın ona verdiyi ömrü Iordaniya sərhədlərində
davam edib, orada da başa vuracaq.
Ziba qohumlarının dəvəti və ərinin təkidilə bütün ailəsilə birlikdə Izrailə köçdü,
Qırmızı Qəsəbədə nələri varıydısa, satdılar, qohum-əqrəbaya, tanış-bilişə
bağışladılar və Zibanın əri elə fərz elədi ki, daha Qırmızı Qəsəbədə heç nələri
qalmadı, amma sonralar başa düşdü ki, Qubada, Qırmızı Qəsəbədə Zibanın (elə
onun özünün də!) ürəyi qalıb. Ömür isə, Qudyalçayın suları kimi axıb gedirdi və o
sular heç vəchlə geriyə axa bilməzdi.
Izabel bilirdi ki, Qırmızı Qəsəbə Azərbaycanda yaşayan dağ yəhudilərinin –
yəhudi tatların yaşadığı bir yerdir, gözəl bir çayın sahilindədir, meşəli dağların
arasında güney bir çöllükdədir və Izabel tez-tez bunun da şahidi olurdu ki, Izraildə
yaşayan yəhudilər, hətta, SSRI-nin başqa respublikalarından, Rusiyanın özündən,
Ukraynadan, Belorusiyadan Izrailə köçüb gəlmiş yəhudilər Qubanı tanımayanda,
Avropadan köçüb gəlmiş yəhudilər isə bəzən Azərbaycanın da adını birinci dəfə
eşidəndə, Ziba necə pərt olurdu. Ziba Xanukova, yeri düşdü-düşmədi, deyəndə ki,
mən Qubadan gəlmişəm, bəzən adamlar elə başa düşürdülər ki, söhbət Kubadan
gedir və təəccüb edirdilər: «Kubada da yəhudilər var?», guya, Fidel Kastro var idisə,
orada yəhudi ola bilməzdi, amma Zibaya təsir edən bu deyildi, o idi ki, bu insanlar
Quba kimi bir yerin heç adını da eşitməyiblər və belə vaxtlarda Ziba, elə bil,
Qudyalçayın, Qəşrəş meşələrinin, igidlərin at oynatdığı Quba dağlarının qarşısında
xəcalət çəkirdi və ağlamsına-ağlamsına Izabelə deyirdi:
– Sənin oğlun olanda adını Aydın qoyacam!..
Məsələ burasında idi ki, Ziba hələ onuncu sinifdə oxuyanda – 1959-cu ildə
(keçən əsrin ortalarında!) – Qırmızı Qəsəbənin dram dərnəyində ilk dəfə
azərbaycanlıların məşhur bir dramaturqunun əsərində Gültəkin rolunu oynamışdı və
Aydın da Gültəkinin sevgilisi idi.
Anasının bütün bu söhbətlərinin hamısı Izabelin uşaqlıq xatirələrinə hopub
qalmışdı və bir dəfə bu ad – Aydın – yenə onun yadına düşəndə Internetə baxdı və
təkcə belə bir məlumat aldı ki, Türkiyədə Aydın Hətiboğlu adlı bir şair var, amma
Zibanın, əlbəttə, Aydın Hətiboğlundan xəbəri yox idi və Izabel bəzən, az qala,
cismani surətdə hiss edirdi ki, oğlu olsa və oğluna Aydın adı qoysa, Zibanın ruhu
şad olacaq.
Amma Izabelin hələ ki, ərə getmək fikri yox idi.