361
Elə ki, qəfil bir həmlə ilə Zibanı tutan xəstəlik
onu nəfəs almağa qoymurdu, elə
ki, təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq-ürəkdən gələn bir təəssüflə
(heyhatla!) deyirdi:
– Qəşrəşin havası lazımdı mənə... Qəşrəşin havası məni sağaldardı...
VI
Şuşa camaatı və o cümlədən, Cümü gözünü açıb Gözlə-Gəlirəm Məmməd kişini
Bazar başında çayçı görmüşdü və o çayxanada oturub çay gözləyə-gözləyə ondan
soruşanda ki, «Məmməd dayı, bizim çayımız nə oldu?», Məmməd kişi əlindəki
nəlbəki-stəkanları başqa mizin arxasındakı növbəti müştərilərinin qabağına düzə-
düzə deyirdi: «– Gözlə, gəlirəm!» və üç göz qırpımından sonra o gözəl çay,
həqiqətən, gəlib mizin üstünə düzülürdü. Bir mizin arxasında istəyir iki adam
otursun, istəyir on adam, fərqi yox idi, Gözlə-Gəlirəm Məmməd kişi çayı birdəfəyə
gətirirdi, özü də məcməyisiz – bir əlində (sağ əlində), hərəsi iki nəlbəki-stəkan
beşmərtəbə çay sarayı gətirirdi və hələ Şuşada heç kim görməmişdi ki, Gözlə-
Gəlirəm Məmməd kişi bircə dəfə əlindən stəkan salıb sındırsın, amma on il idi ki,
Məmməd kişi Buzovnadakı bu fəhlə yataqxanasında yaşayırdı, Bazar başındakı o
çayxana da, bir əlində tutduğu o beşmərtəbə çay sarayı da çayxananın kəklikotu,
nanə, yarpız, hil, mixək, darçın qoxusu hopmuş ab-havası kimi, həmişəlik bir
keçmişdə qalmışdı, Gözlə-Gəlirəm ayaması da o çayxana ab-havasına sadiq qalaraq
yavaş-yavaş yaddan çıxıb getmişdi və indi Məmməd kişi özü birdən-birə o qədər
qocalmışdı, o qədər əldən düşmüşdü ki, bir armudu stəkanı güclə əlində tutub çay
içə bilirdi.
Fəhlə yataqxanasının həyətində qədim bir zeytun ağacı var idi və o qədim
zeytun ağacının altında sovet dövründən qalma sınıq-salxaq bir skamya var idi və
Məmməd kişi hər gün səhərin gözü açılandan yeddi nəfərin yaşadığı on səkkiz
kvadratmetrlik otaqdan çıxıb həmin skamyada otururdu, bir də şər qarışanda durub o
otağa qayıdırdı, nə yeyirdisə də, elə o skamyada yeyirdi, kimsə çay gətirəndə də elə
o skamyada içirdi.
Və bir dəfə – iki il bundan əvvəl – axşamüstü Cümü tır-tırı həyətdə saxlayıb
axırıncı – beşinci mərtəbədəki otaqlarına qalxmaq istəyəndə, zeytun ağacının altında
otura-otura özü də həmin ağac və həmin skamya, onlardan o tərəfdəki böyük həyət
kranı və üç iydə ağacı, bir az aralıdakı hay-hayı gedib vay-vayı qalmış iki dəmir
zibil yeşiyi, bir az da aralıdakı suyu qurumuş quyunun paslanmış mancanağı kimi bu
həyətin daimi bir hissəsinə çevrilmiş Məmməd kişi Cümünü saxladı:
– Bura bax, – dedi, – adam dəli olanda özü bilmir ki, dəli olub? Hı?– Sonra
nəhayət ki, Cümünün adını yadına salıb: – Elədi, Cümü?– soruşdu.
Cümü əvvəlcə elə bildi ki, Məmməd kişi (Məmməd dayı, Gözlə-Gəlirəm
Məmməd) ona söz atır, amma qocanın uzaqlara zillənmiş və rəngi tamam solub
itmiş gözlərinə baxanda başa düşdü ki, Məmməd kişi (Məmməd dayı, Gözlə-
Gəlirəm Məmməd) özündən nigarandı...
VII
362
O gündən on bir ildən artıq keçirdi və Cümü hərdən o günü yadına salanda
fikirləşirdi ki, bəyəm o günə də gün demək olar? Axı, gün yalnız o demək deyil ki,
günəş çıxır, səhər açılır, günorta olur, sonra axşam düşür, günəş batır və gecə
başlayır, gün odur ki, yaşayırsan, nəsə edirsən, amma o gün – 1992-ci ilin 8 may
günü, erməninin Şuşanı işğal etdiyi, camaatı qırıb qaçırtdığı gün – heç cürə gün
sözünün içinə sığışmırdı. O gün – camaatın quru canını götürüb qaçdığı o gün
Allahın verdiyi gün deyildi, o 8 may günü Şeytanın şuşalılara hədiyyəsi idi, amma
şuşalıların Allahın qarşısındakı günahı nə idi ki, Şeytan onlara belə bir hədiyyə
edirdi? – Cümü, xüsusən də üç yüz qram araqdan sonra, nə illah edirdi, bu sualın
cavabını tapa bilmirdi.
Şuşadan qaçqın düşüb salamat qalanlar gəlib Ağdama yığışdı, sonra hərə
gümanı gəldiyi bir yerə, bir qisim də Bakıya üz tutdu və Cümügil on ildən çox idi ki,
burada – Buzovnadakı bu fəhlə yataqxanasında qalırdılar. Fəhlə yataqxanası
bütünlüklə qaçqınlara verilmişdi və Cümügil altı nəfər – Cümü idi, anası Güllü
arvad idi, Sona idi, Cəmilə idi, Qalib idi, bir də Sonanın böyük bacısı Solmaz idi –
yataqxananın beşinci mərtəbəsində on altı kvadratmetrlik otaqda qalırdılar. Bu
otağın da qapısı beşinci mərtəbədəki o biri otaqların qapısı kimi uzun aralığa açılırdı
və o uzun aralıqda, xüsusən yay vaxtı xlor iyindən dayanmaq olmurdu, çünki
aralığın hər iki başında tualet var idi və mərtəbənin arvadları gecə-gündüz ora xlor
tökürdülər ki, üfunət-çirkab aləmi başına götürməsin. Hər halda, xlor iyi üfunətdən
yaxşı idi və orası da yaxşı idi ki, bu yerlərdə xlordan ucuz şey yox idi.
VIII
Izabel Xanukoff artıq yeddinci il idi ki, Birləşmiş Millətlər Təşkilatının
Qaçqınlar Üzrə Ali Komissarlığında işləyirdi və kədərli təəssüratlarla dolu çətin
işinin müqabilində aldığı maaşın qədrini bilirdi, amma bu dəfə, yəni həmin sentyabr
günündən beş gün əvvəl Azərbaycana ezamiyyət sənədlərini və xərclərini alıb Ali
Komissarlığın Cenevrədəki ofisindən çıxanda, ürəyindəki o Ziba nostalgiyası onu
marketlərdən birinə apardı və Cenevrədə qiymətlərin çox baha olmasına
baxmayaraq, Izabel Azərbaycanda hansısa bir azərbaycanlı qaçqın qadına
bağışlamaq üçün, yəni kiçik və yaraşıqlı bir şəxsi hədiyyə etmək üçün bir şüşə
fransız ətri aldı – «EMPREINTE» və onu hədiyyə kimi gözəl bağlatdırdı.
Əlbəttə, o qaçqın azərbaycanlı qadın bilməyəcəkdi ki, əslində, bu hədiyyə – bir
vaxtlar Azərbaycanda yaşamış və Azərbaycan sevgisini özü ilə birlikdə
Azərbaycandan min kilometrlərlə uzaq bir diyarda qəbrə aparmış Ziba Xanukova
adlı bir qadının hədiyyəsidir, amma bunun nə dəxli var idi? Əsas məsələ o idi ki,
Zibanın ruhu şad olacaqdı.
IX