380
Anam deyir:
– Yox, Səlim, sən hələ balacasan, yuxun gələr, yatarsan...
Anamla atam gedir teatra. Mən qalıram evdə nənəmlə.
Atam ova gedəndə deyirəm:
– Ata, məni də özünlə ova apar.
Atam deyir:
– Yox, Səlim, sən hələ balacasan, yorularsan...
Atam gedir ova, anam gedir işə. Mən qalıram evdə nənəmlə.
Səhər qonşumuz, mənim dostum Dadaş çantasını götürüb məktəbə gedir.
Deyirəm:
– Dadaş, məni də məktəbə apar.
Dadaş deyir:
– Yox, Səlim, sən hələ balacasan, oxuya bilməzsən...
Dadaş gedir məktəbə. Atam gedir işə, anam gedir işə. Mən qalıram evdə
nənəmlə.
Nənəm də Laləni qucağına götürüb həyətdə gəzdirir. Lalə mənim bacımdır. Lap
balacadır. Mənim üç yaş iki ayım var, onun – hi, hi, hi, adamın gülməyi gəlir!.. –
heç bir yaşı da yoxdur.
Həyətdə nənəmə deyirəm:
– Nənə, Laləni ver bir az da mən gəzdirim.
Nənəm deyir:
– Yox, Səlim, sən hələ balacasan, gücün çatmaz, yıxarsan...
Nənəm özü Laləni gəzdirir, mən də onun arxasınca gedirəm. Belə də iş olar?..
Bəs necə olur ki, televizorda məndən də çox-çox balaca – bax, bu boyda, lap bir
cıqqanaq!.. – adamlar, özləri tək ova da gedirlər. Amma heç yorulmurlar, teatra da
gedirlər, amma heç yuxuları gəlmir, məktəbə də gedirlər, «beş» alırlar, hələ müəllim
də olurlar, maşın da sürürlər, təyyarədən də paraşütlə tullanırlar, gəmidə də üzürlər?
Hə? Bəs necə olur?
«Balaca Səlim...» Belə də iş olar?
MƏN HƏR ŞEYI BILIRƏM
Mən babamı çox istəyirəm. Bax, bu qədər! Hələ qollarım çatmır, göstərim ki, nə
qədər!..
Biz Bakıda yaşayırıq, babam kənddə. Babam tez-tez bizə gəlir. Mənə çoxlu
meyvə gətirir. Bilir ki, yaman meyvə yeyənəm. Indi də babam mənə meyvə gətirib:
alma, armud, şaftalı, gavalı... Mən də oturub yaxşıca-yaxşıca yeyirəm.
Babam deyir:
– Hayıf, bu il meyvə az oldu, Səlim...
Mən deyirəm:
– Niyə bu il meyvə az oldu, baba?
Babam deyir:
381
– Çünki bu il quraqlıq oldu.
Mən deyirəm:
– Quraqlıq nədi, baba?
Babam deyir:
– Yağış yağmayanda, ağacları sulamayanda, meyvə az olur. Buna da quraqlıq
deyirlər.
– Yağış yağsa, meyvə çox olar?
– Əlbəttə.
Eh, hayıf ki, babamın Dadaş kimi yoldaşı yoxdur. Dadaş mənim dostumdur,
bizim həyətdə olur. Həmişə mənə deyir:
– Sən mənim ən birinci dostumsan, Səlim!
Dadaşın portfeli var, özü də məktəbə gedir. Dadaş hər şeyi bilir, mənə də deyir.
Mən də hər şeyi bilirəm. Bax, yağış buxardan əmələ gəlir. Su istidə buxarlanır. Indi
gördünüz ki, mən hər şeyi bilirəm?
Eh, hayıf ki, babamın Dadaş kimi yoldaşı yoxdur. Eybi yox.
Mən deyirəm:
– Baba, yağış buxardan əmələ gəlir.
Babam deyir:
– Doğrudan?
Mən deyirəm:
– Bəli, baba, doğrudan. Mən hər şeyi bilirəm. Mən kənddəki evimizə gələndə
yağış yağdıracağam. Onda meyvə də çox olar.
Babam deyir:
– Sən bunu necə edəcəksən, Səlim?
Mən deyirəm:
– Gedərəm bağa. Qazanı su ilə dolduraram. Qoyaram ocağın üstünə. Su qızar,
buxar olar. Onda yağış yağar, meyvə də çox olar. Gördün, baba, mən hər şeyi
bilirəm!
Babam deyir:
– Gördüm, Səlim. Doğrudan da, sən yaman bilənsən!
Sonra babam ürəkdən gülür.
Yenə mənə gülürlər...
382
AYSUNUN, HUMAYIN, GÜNAYIN,
YALÇININ VƏ NIGARIN NAĞILLARI
BALACA QIRMIZI ÇIÇƏK
Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı
Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki,
kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin
ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa
güllərə, başqa çiçəklərə qonurdu.
Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o
rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa
güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı
Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü
və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.
Həmin gün elə bil ki, günəş də sevinirdi, şüaları bütün çəməni qızdırırdı. Həmin
gün çəməndəki güllərin, çiçəklərin rəngləri də sevinirdi, qırmızı göyə qarışmışdı,
göy sarıya, sarı yaşıla, yaşıl məxməriyə qarışmışdı və elə bil ki, həmin gözəl yaz
günündə çəməndəki bütün rənglər gülürdü.
Bülbüllər də çəmənin sevinən rənglərinə baxırdı və gözəl nəğmələr oxuyurdu.
Bülbüllərin həmin yaz günündəki nəğmələri dünyanın yaxşı işlərindən, gözəl
hadisələrindən xəbər verirdi, anaların laylasından, uşaqların yuxusundan deyirdi.
Günəş də, güllər də, çiçəklər, kəpənəklər, bülbüllər də sevinirdi, təkcə... təkcə o
Balaca Qırmızı Çiçək qəmgin idi.
Balaca Qırmızı Çiçəyin zərif çiçəkləri gülə bilmirdi, onlar da o qədər incə və
zəif idilər ki, həmin isti, günəşli yaz günü, hətta bir az üşüyürdülər də.
O qırmızı çiçəyin yanında Böyük Sarı Gül bitmişdi. Çəməndə bütün güllər,
çiçəklər, otlar Böyük Sarı Gülə hörmət edirdi. Böyük Sarı Gül hər şeyi bilirdi, hər
şeydən xəbərdar idi. Çəməndə güllərin, çiçəklərin nə sualı olsaydı, Böyük Sarı Gülə
verərdi. Çünki Böyük Sarı Gülün yaşı çox idi; Böyük Sarı Gülün qönçələri artıq düz
yeddi gün idi ki, açmışdı.
Böyük Sarı Gül Balaca Qırmızı Çiçəyə baxdı, qıpqırmızı incə ləçəklərdəki
qəmginliyi gördü və dedi:
– Bu gün gözəl gündür... Bütün çəmənimiz sevinc içindədi... Bəs sən nə üçün
sevinmirsən? Nə üçün günəşin şüaları ilə qızınmırsan? Sən nə üçün qəmginsən?
Balaca Qırmızı Çiçək zəif, incə ləçəklərini yüngülcə qaldırıb Böyük Sarı Gülə
baxdı və nazik, titrək səsi ilə dedi:
– Bax, o balaca qızın anası var... Bax, o balaca buzovun anası var. Bax, balaca
bülbülün anası var... Bəs niyə mənim anam yoxdur?
Anası balaca qızını qucağına alıb çəməndəki cığırla kəndə tərəf gedirdi.
Inək buzovu yanına salıb qarşı dağın döşündən keçirdi.
Bülbülün balaları çəmənə bitişik ağaclıqda başlarını yuvalarından qaldırıb
analarının səsinə səs verirdi.
Böyük Sarı Gül o balaca qızın anasına, o ana bülbülə, o inəyə baxdı, gülümsədi,
sonra, elə bil, daha da mehribanlaşdı. Balaca Qırmızı Çiçəyə dedi: