371
Izabel Cenevrədə aldığı şəxsi hədiyyəsini – fransız ətrini –
son görüşə
saxlamışdı və onu elə bu qadına vermək istəyirdi, amma, doğrusu, onun ardınca
otağa girməyə, bu sözlərdən sonra o kiçik hədiyyəni ona verməyə ürək eləmədi və
onlar beşinci mərtəbəyə gəlib çıxanda qəribə bir hadisə oldu. Əslində bu, nəsə bir
hadisə yox, ani bir hissiyyat idi, bəlkə də haqq dünyasındakı Ziba ilə Izabel
Xanukoff arasındakı hansısa bir biobağda, bioteldə yaranan informasiya kimi bir şey
idi – Izabel, bir kənarda dayanıb heç nə deməyən və iri, ala gözləri lap
dərinlərinəcən kədər içində olan cavan bir qadını görəndə, elə həmin an qıza elə
gəldi ki, Ziba bu qadını tanıyır, daha doğrusu, tanıyıb-tanımamağından asılı
olmayaraq, bu qadın Ziba üçün doğmadı. Cavan qadının sifətinin gözəlliyi, elə bil,
iri və ala gözlərindəki o kədərlə heç cürə barışa bilmirdi, o kədəri heç cürə qəbul
etmək istəmirdi və bu da o qadının baxışlarındakı, varlığındakı iniltini daha da
görümlü edirdi.
Izabel Xanukoff Cenevrədən alıb gətirdiyi hədiyyəni Sonaya – həmin cavan
qadına bağışladı.
XX
O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun
görünüşü o fəhlə yataqxanasındakı güzəranla heç cürə uyuşmurdu və Cəmilə də,
Qalib də maraq və həyəcanla o balaca bağlamaya baxırdılarsa da, Güllü arvadı az
qalırdı gülmək tutsun.
Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağa qayıdan Güllü
arvad:
– Az, aç görək onun içində nə var elə?– dedi.
Sona əlində tutduğu o balaca bağlamaya taxılmış lentə baxanda uşaq vaxtı
hərdənbir axşamlar Cıdır düzünə, ya Ərimgəldiyə, ya Istirahət Evinə gəzməyə
gedəndə anasının onun iki uzun hörüyünün ikisinin də ucuna bağladığı qırmızı
lentlər birdən-birə gəlib gözlərinin qabağında dayandı və Sona bağlamanı Solmaza
tərəf uzatdı və elə bil, ancaq indi gördü ki, Solmaz kordu, tez əlini geri çəkib bu dəfə
də bağlamanı Cəmiləyə tərəf uzatdı:
– Al, aç...
Cəmilənin on beş yaşı vardı, Cümü onu qucağına alıb Şuşadan qaçanda heç beş
yaşı tamam olmamışdı və Cəmilə indiyə qədər əlində belə gözəl balaca bağlama
tutmamışdı.
Güllü arvad nəvəsinə:
– Az, aç də... – dedi və bu on illik qaçqınlıq həyatında xaricdən onların
güzəranını görməyə gələn adamlardan daha heç nə ummadığı, heç nə gözləmədiyi
üçün əlavə etdi: – Içindən indi səfeh bir şey çıxacaq...
Cəmilə:
– Bantı mənimdi! – dedi və Qalibə baxdı.
Qalib bu dəfə bacısının sözünə etiraz etmədi, çünki o gözəl balaca bantın
oğlanlara yüz faiz dəxli yox idi.
Güllü arvad:
– Yaxşı, ay qız... – dedi. – Aç!..
Cəmilə yavaş-yavaş və ehtiyatla bağlamanı açmağa başladı və nəhayət ki, açdı,
əlində tutdutu qutunun o tərəf-bu tərəfinə baxdı.
Güllü arvad:
372
– Az, onu da aç... – dedi.
Sona:
– Day onun nəyini açsın? Ətirdi də... – dedi və gülümsədi, sonra da çayniki
götürüb otaqdan çıxdı ki, həyətə düşüb krantdan su doldursun.
Sona elə gülümsədi ki, elə bil o ətirə yox, fəhlə yataqxanasında
məskunlaşdıqları bu on ilə baxıb gülümsəyirdi...
Cəmilə bu hədiyyənin belə bir gözlənilməzliyindən elə çaşdı ki, qutu ilə bərabər,
bantı da Güllü arvada verdi və Güllü arvad bir müddət o qaba, o banta baxdı.
Cümü açıq pəncərənin qabağında dayanıb gözlərini həyətdə krantdan çaydana su
dolduran Sonaya zilləmişdi və Sonanın bayaqkı o təbəssümü Cümünün içini elə
doldurmuşdu ki, Güllü arvadın ətir qabını ona tərəf uzadıb nə dediyini əvvəlcə heç
başa düşmədi.
– Ə, səninnəyəm... – Güllü arvad təkrar etdi. – Al bunu, apar yarmarkada sat, o
qıza, – əli ilə pəncərəyə tərəf işarə etdi, yəni ki, Sonaya, – bir babat don al gətir...
Cümü ətiri anasından alıb otaqdan çıxdı.
Güllü arvad onun ardınca:
– Sən dədəyin goru, – dedi. – Pulu arağa vermə!
Cümü:
– Dədəmin goru çoxdan çatdayıb!.. – dedi və tez-tez pilləkənləri düşməyə
başladı, elə bil, təkcə bu yerlərdən yox, dünyadan qaçıb canını qurtarmaq istəyirdi.
XXI
Binə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun arxasında
böyük bir yarmarka Sovet Ittifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş
yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər
nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron
kəndlərinə nisbətən xeyli ucuz idi.
Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir
don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən
gəlib Cümünün gözlərinin qabağında dayandı və Binə Yarmarkasına sarı sürdüyü
motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu
mikroavtobusa çırpsın.
Sonuncu anda qəzadan qurtaran mikroavtobusun sürücüsü barmağı ilə Cümünü
hədələdi və hiddətlə nəsə dedi, Allah bilir, nə söyüş söydü, amma Cümü bunun
fərqində deyildi, içindən qopub gələn bir «niyə?» onun bütün sısqa vücudunu, elə
bil, bir çəkisizlik içinə soxmuşdu: gözünün qabağındakı Sona niyə o paslı güzgüdən
ona baxmalı idi, fransız ətri nə zibil bir şeydi ki, Sona onu öz boynuna, sinəsinə
vurmasın və niyə, niyə, niyə axı, hansı bir oynaşsa bunu alıb öz qəhbəsinə verə bilər,
amma Cümü həmin pula Sonaya don almalıdı ki, əynindəki süzülüb didilmiş dondan
canı qurtarsın?
Niyə?
Niyə?
Niyə axı?
Və elə bil, o tır-tır öz- özünə dövrə vurub geri qayıtdı və həmin sentyabr
gününün o axşam çağında Cümünü yenə də Buzovna ilə Zuğulba arasındakı o sahilə
– qayalığa gətirib çıxardı.