395
– Mən də tumlarımın hamısını cücələrə verəcəyəm!..
Günay ovcundakı tumların hamısını bir-bir cücələrə atdı. Humay da ovcundakı
tumların hamısını bir-bir cücələrə atdı, təkcə bir dəfə dedi:
– Günay, olar mən özüm də bir dənə tum yeyim?
Günay Humaya baxdı, başını buladı, dərindən nəfəs aldı və dedi:
– Yaxşı, Humay, bir dənəsini ye...
Nə etmək olardı, Humay hələ balaca idi də... O da cücələr kimi, tum ləpəsi
yemək istəyirdi...
Sonra Günayla Humay cücələrə yenə tum gətirdilər, sonra yenə gətirdilər və
beləcə tumların hamısını cücələrə verdilər. Humay özü isə, doğrudan da, ancaq bircə
dənə tum çırtladı.
Cücələr başlarını qaldırıb hinin açıq pəncərəsinə baxırdı. Günayla Humayı görən
kimi, bərkdən civildəşməyə başlayırdı, yəni ki, yaxşı tumdu, biz yenə istəyirik!..
Ancaq hayıf ki, o günəbaxan cəmi bircə dənə idi...
Sonra Günayla Humay anaları ilə birlikdə, ataları ilə birlikdə Bakıya qayıtdılar.
Sonra yay qurtardı, payız gəldi, ağacların yarpaqları saraldı, yağışlar yağdı, quşlar
uçub isti ölkələrə getdi, təkcə sərçələr yağışın altında islanıb civildəyə-civildəyə
soyuqdan şikayət etdi, sonra qış gəldi, qar yağdı, amma o qovrulmuş tum ləpəsi
yeyən balaca cücələr heç vaxt Günayla Humayın yadından çıxmırdı...
AXI, NƏ OLDU KI, BIRDƏN HAMI GÜLDÜ?
Günayla Humay on iki gün idi ki, yay istirahətinə Bakıdan kəndə gəlmişdilər və
gözəl bir həyətdə, gözəl bir evdə yaşayırdılar.
Bilmirəm sizə demişəm, yoxsa yox, Günayın yeddi yaşı var idi, səkkizə
keçmişdi, özü də lap çoxdan keçmişdi, Humayın isə beş yaşı var idi, altıya keçmişdi,
özü də lap təzəcə keçmişdi.
Məktəbdə dərslər qurtarmışdı. Günay da birinci sinfi qurtarmışdı və Günay o
qədər məktəbə getmişdi, o qədər dərs oxumuşdu, o qədər yazı yazmışdı ki, yaman
yorulmuşdu.
Düzdü, Humay hələ məktəbə getmirdi, hələ hərfləri tanımırdı, ona görə də
oxuya bilmirdi, yaza bilmirdi, amma Humay da axı, Günayı məktəbə ötürürdü,
Humay da axı, evdə oturub Günayı gözləyirdi, Humay da axı, Günayın kitablarına
baxırdı, Humay da axı, Günayın çəkdiyi şəkilləri çəkirdi və Humay da yaman
yorulmuşdu.
Indi düz on gün idi ki, kənddə dincəlirdilər.
Günayla Humayın atası yazıçı idi. Səhərdən axşama qədər Bakıdan gətirdiyi
yazı makinasının arxasında oturub yaz ki, yazırdı. Günayla Humay isə bütün günü
həyətdə oynayırdılar, anaları ilə kəndə gəzməyə çıxırdılar, bulaq başına gedirdilər,
çəmənlikdə gül-çiçək dərirdilər, böyürtkən kollarından böyürtkən yığırdılar...
Günayla Humay kənddə o qədər təzə şey öyrənmişdilər ki...
Sən demə, qarpız alma kimi, ya da ki, armud kimi, ya da ki, nar kimi, ağacda
bitmir, yerdə bitirmiş...
Sən demə, inəyin balasının öz adı var imiş, buzov, atın da balasının öz adı var
imiş, dayça, camışın isə balasının adı balaq imiş...
396
Sən demə... Eh, hansını deyəsən? Günayla Humay kənddə o qədər çox şey, o
qədər çox şey öyrənmişdilər ki, elə bil kənd də bir təzə... məktəb idi! Düzdü, Günay
Bakıdakı məktəbi də çox istəyirdi, amma bu məktəbi də lap çox istəyirdi!
Indi də Günay ilə Humay şüşəbənddə oturub həyətdəki armud ağacının dibində
armud yeyən qaratoyuğa baxırdı. Bu qaratoyuq neçə gün idi ki, uçub gəlib həmin
armud ağacının dibinə qonurdu və ağacdan düşüb yerdə qalan armudları dimdikləyə-
dimdikləyə bir-bir yeyirdi.
Birdən kənddəki həmin gözəl evin sahibəsi Validə xala hinin yanından Günayla
Humayı çağırdı:
– Günay! Humay! Tez bura gəlin! Görün sizə nə göstərirəm?!
Günayla Humay qaça-qaça hinin qabağına getdilər.
Validə xalanın ovcunda bir dənə balaca, lap, lap, lap balaca cücə var idi.
Bu cücə indicə yumurtadan çıxmışdı və Validə xala onu yavaşca əlinə götürüb
Günayla Humaya göstərirdi.
Cücənin hələ heç tükləri qurumamışdı. Elə yavaşdan civildəyirdi ki, elə bil cücə
deyildi, cücü idi. Gözləri elə xırdaydı ki, elə bil bir düyünü iki yerə paralayıb
qapqara rəngə boyamışdın. Qanadları elə kiçikdi ki, elə bir kibrit çöpünü ikiyə bölüb
düzəltmişdin. Ayaqları elə nazik idi ki, elə bil çəyirtkə ayağıydı. Təkcə... təkcə
dırnaqları yaman uzun idi.
Günay cıqqılı cücənin bu cür uzun dırnaqlarını gördü və tələsik dedi:
– Validə xala! Validə xala! Tez qaçım qayçı gətirim, cücənin dırnaqlarını tut!
Humay da tələsik dedi:
– Hə, Günay, tez qayçı gətir! Qoy qəşəng olsun!
Birdən Validə xala Günayla Humayın bu sözlərinə bərk güldü.
Validə xalanın böyük qızı Ilahə də, ortancıl qızı Nüşabə, kiçik qızı Əfiqə də
bərkdən güldü.
Validə xalanın balaca oğlu var idi, Nəsib, həmişə qaşqabaqlı olurdu, amma
Nəsib də Günayın bu sözlərinə bərkdən güldü.
Humay da heç bilmədi ki, hamı niyə güldü, amma Humay da güldü.
Cıqqılı cücə də Validə xalanın ovcunun içində kiçik dimdiyini açıb yavaşcadan
civildədi, elə bil ki, bu cıqqılı cücə də Günayın sözlərinə güldü...
AYICA
Ayıca Aysunun ən birinci dostu idi.
Ayıca ayı balasının adı idi. Axı, Aysu hələ sözləri düz deyə bilmirdi... Sözlərin
orasını əyirdi, burasını əyirdi, özündən cürbəcür sözlər quraşdırırdı.
Bu ayı balasına da əvvəlcə: «A-a-a!» – dedi, sonra: «Yı-yı-yı..» – dedi, sonra:
«Ca-ca-ca!..» – dedi. Sonra həmin «a»lar, «yı»lar», «ca»lar bir yerə yığılıb oldular
nə?
Düzdü! «Ay-yı-ca!..».
– Ayıca!.. Ayıca!.. Ayıca!..
Ayı balasının adı da, bax, bu cür oldu Ayıca.
Bu ayı balasının sarı-kürən tükləri var idi, özü də həmişə gülürdü.