397
Ayıca o qədər böyük idi ki, lap Aysudan da böyük. Amma elə də yüngül idi ki,
lap yüngül. Aysu onu qucağına götürürdü. Axı, bu ayı balası əslində pambıqdan
idi...
Bu hadisə çoxdan olmuşdu, lap, lap çoxdan, düz altı gün bundan qabaq.
Onda gün çıxmışdı. Aysugilin kənddəki evlərinin qabağında çəmənlik var idi.
O çəməndəki güllər, çiçəklər gecənin sərinindən sonra, günün altında
qızınırdılar.
Aysu Ayıcanı qucağına alıb çəmənə çıxdı.
Çəməndəki güllər, çiçəklər, otlar hamısı başını qaldırıb günəşə baxırdı. Bu
güllərin, çiçəklərin, otların o qədər cürbəcür rəngi var idi ki, heç Aysunun bu qədər
rəngli karandaşı yox idi: qırmızı, narıncı, sarı, yaşıl, xurmayı, məxməri, qızılı, göy,
qəhvəyi, gümüşü, ağ, qızılı...
Aysu Ayıcanı yamyaşıl otların üstündə oturtdu. Özü isə güllərin, çiçəklərin
arasında bu güldən o gülə, o güldən bu gülə tərəf qaçdı və qaça-qaça heç özü də
bilmədən necə oldusa, birdən-birə uzun cümlələr deməyə başladı:
– Oy, nə qə... qə... qəşəng gül!..
Bu sözləri Aysu iri qırmızı gül üçün dedi.
– Oy, nə qə... qə... qəşəng gül!
Bu sözləri balaca sarı çiçəklər üçün dedi.
Aysunun yaş yarım yaşı var idi və ömründə birinci dəfə idi sözləri bir-birinin
ardınca bu cür səliqə ilə düzürdü, lap böyüklər kimi danışırdı:
– Oy, nə qə... qə... qəşəng gül!..
Bu sözləri xırdaca mavi çiçəklər üçün dedi. O xırdaca mavi çiçəklər salxım-
salxım idi.
Aysu beləcə, güllərdən güllərə qaçdı:
– Oy nə qəşəng gül!..
– Oy, nə qəşəng gül!..
– Oy, nə qəşəng gül!..
Bu vaxt ağappaq böyük gülün üstündən bir kəpənək uçdu. O kəpənəyin sapsarı
qanadları günün altında sarı işıq kimi işıldayırdı. Sarı qanadlarında qıpqırmızı,
gömgöy xallar var idi və o qıpqırmızı, gömgöy xallar da günün altında qıpqırmızı,
gömgöy işıq kimi işıldayırdı.
O sarı kəpənək də uça-uça bu güldən o gülə, o güldən bu gülə qonmağa başladı.
Aysu o qıpqırmızı, gömgöy xallı sarı kəpənəyə baxdı, baxdı və dedi:
– Oy, nə qəşəng kə... kə... kəpənək!..
Birdən o gözəl çəməndə, günün qızdırdığı o işıqlı, sakit çəməndə kimsə bərkdən
ağladı.
Aysu dayandı, o tərəfə baxdı, bu tərəfə baxdı: çəməndə heç kim yox idi.
Bəs, bu gözəl gündə, bu qəşəng güllərin, çiçəklərin arasında kim beləcə
ağlayırdı?
Necə? Ola bilməz!..
Aysu tez Ayıcanın yanına qaçdı.
Hə, hə... Sən demə, o gözəl çəməndə o cür bərkdən ağlayan Ayıca idi...
Aysu tez Ayıcanın yanında oturdu və bu dəfə də ömründə birinci dəfə sözləri bu
cür yan-yana düzdü:
– Sənə... nə... olub... Ayıca?
Ayıca qalın və yumşaq pəncələri ilə ağlamaqdan qızarmış gözlərini ovuşdura-
ovuşdura dedi:
398
– Hamı qəşəng... Güllər qəşəng... Kəpənək qəşəng... Bəs... Bəs mən? – Və
Ayıca lap bərkdən ağladı.
Aysu:
– Sən də qə... qəşəngsən, Ayıca! – dedi.
Aysu Ayıcaya da bu sözləri birinci dəfə deyirdi.
Sonra bu sözləri elə dedi ki, çəməndəki bütün güllər, çiçəklər, otlar, kəpənəklər
eşitdi!
– Sən də qəşəngsən, Ayıca!
Elə bil, bu sözləri Günəş də eşitdi!
Ayıca pəncələrini üzündən çəkdi, Günəşə baxdı və o ayı balasının gün işığında
parıldayan gözləri yenə də əvvəlki kimi güldü.
Sonra Ayıca gülümsəyən yaş gözləri ilə Aysuya baxdı və burnunu çəkə-çəkə
dedi:
– Sən də qəşəngsən, Aysu!..
Sonra Aysu Ayıcanı qucağına aldı və onlar gözəl güllərin, çiçəklərin arası ilə
gəzə-gəzə evə gəldilər...
GILAS QIZ
Aysunun adı Aysu idi, amma güllər, çiçəklər, yaşıl, yamyaşıl otlar öz aralarında
Aysuya «Gilas qız» deyirdilər, öz aralarında pıçıldayırdılar:
– Gilas qız gəldi...
– Gilas qıza bax...
– Oy, qıza bax...
– Oy, Gilas qızın bantı nə qəşəngdi!..
Əhvalat isə belə olmuşdu... Mən danışım, siz qulaq asın.
Aysugilin kənddəki evlərinin həyətində güllərin, çiçəklərin, yamyaşıl otların
arasında böyük bir gilas ağacı var və həmin yay o gilas ağacı o qədər bar gətirmişdi
ki, ağırlığından budaqlarının ucu sallanıb, az qala, torpağa dəyirdi. Amma gilaslar
hələ yetişməmişdi.
Aysu hər gün səhər tezdən yerindən duran kimi evlərinin pəncərəsindən o gilas
ağacına baxırdı ki, görsün, gilaslar yetişib qıpqırmızı qızarıb, yoxsa yox?
Aysu tələsirdi, gilasların yetişib qızarmağını gözləyirdi. Gilaslar isə tələsmirdi,
çünki atalar deyib ki, tələsən tələyə düşər. Düzdü, bunu atalar deyib, amma Aysuya
bunu Aysunun nənəsi demişdi. Tələsmək lazım deyildi, Aysu bunu bilirdi, amma
Aysu çox tələsirdi, çox istəyirdi ki, o gilaslar tez yetişsin, tez qızarsın, qıpqırmızı
olsun.
Nəhayət, günlərin bir günündə səhər Aysu yenə də yuxudan oyandı, pəncərədən
o gözəl gilas ağacına baxdı.
Oy!.. Gilas ağacının üstündə qırmızı gilaslar var idi. Bir gilas... Iki gilas... Üç
gilas...
Aysu daha böyük qız idi, daha iki yaşı tamam olmuşdu, üç yaşına – üç e! –
keçmişdi, ona qədər saya bilirdi.
Bax, dörd qırmızı gilas... Beş qırmızı gilas...
399
Aysu qaça-qaça həyətə çıxdı və qaça-qaça da həyətdəki güllərin, çiçəklərin,
yamyaşıl otların arasından keçib gilas ağacının yanına gəldi.
Bir... iki... üç... dörd...
Dörd qırmızı gilas da, yox, yox, ode, biri də var... beş qırmızı gilas da ağacın lap
aşağı sallanmış budaqlarında idi və Aysu ayaqlarının ucuna qalxsaydı, əli o gilaslara
çatardı.
Bax, bax, bu... bu bir qırmızı gilas!..
Aysu tək o gilası dərdi, tez də ağzına qoyub yedi.
O biri gilaslar qoşa saplaqlarda idi, ikisi bir, ikisi də bir.
Aysu yenə ayaqlarının ucuna qalxdı, əlini uzatdı, başını uzatdı, axır ki, o iki cüt
gilası da ağacdan dərdi.
Bu gilaslar elə iri idi, qırmızı idi, günün altında elə par-par parıldayırdı ki!..
Əlbəttə, Aysu o gilasları da yemək istəyirdi, çünki Aysu gilası çox xoşlayırdı,
ona görə də o gilası da çox yemək istəyirdi, amma o gilaslar elə gözəl idi!..
Aysu o dörd gilası yemədi, qoşa saplaqların birini bir qulağından, o birini də o
biri qulağının üstündən keçirtdi və o gözəl gilaslar iri, qırmızı sırğalar kimi Aysunun
qulaqlarından sallandı...
Həmin səhər çağı Aysugilin həyətindəki güllər, çiçəklər, yamyaşıl otlar da
yuxudan təzəcə oyanmışdılar və gilas ağacından bir az kənarda bitmiş ağ çiçək də
ləçəklərini tamam açmışdı.
O çiçək əvvəlcə Günəşə baxdı, sonra gilas ağacına baxdı, sonra da gilas ağacının
yanında dayanmış Aysuya baxdı. Baxdı və təəccübündən donub qaldı: axı, ağ çiçək
bilirdi ki, gilas, ancaq ağacda bitər, amma indi bu qızın xurmayı saçlarının altında,
hər iki qulağında gilas bitmişdi.
Ağ çiçək heyrətlə pıçıldadı:
– Vay!.. Gilas qız!..
O gündən də həyətdəki bütün güllər, çiçəklər, yamyaşıl otlar Aysunu «Gilas
qız» çağırdılar, Aysunu görən kimi pıçıldaşırdılar:
– Gilas qız gəldi...
– Gilas qıza bax...
– Oy, Gilas qızın bantı nə qəşəngdi!
QƏHRƏMAN AYSU, QARA PIŞIK VƏ
CIQQILI SIÇANIN NAĞILI
Aysu çoxdan yuxudan durmuşdu, əl-üzünü yumuşdu, süd içmişdi, pendir-çörək
yemişdi və indi də Fatma gəlinciyini durğuzub geyindirirdi.
Yay gəlmişdi və Aysugil də neçə gün idi ki, yay istirahətində Bakıdan kəndə
köçmüşdülər, kənddəki evlərində yaşayırdılar.
Aysu Fatma gəlinciyini geyindirib qurtardı, istədi ki, aparıb Fatmanın da əl-
üzünü yusun, amma bu vaxt lap astaca bir civilti eşitdi.
Aysu əvvəlcə diqqətlə qulaq asdı, sonra Fatma gəlinciyi çarpayının üstünə qoyb,
açıq pəncərənin qabağına qaçdı və həyətə boylandı.
Evin qabağındakı qızılgül kolunun yanında üç dənə cıqqılı siçan balası qaçışa-
qaçışa bir-biri ilə oynayırdı.
Dostları ilə paylaş: |