403
– Əlbəttə, adamlar da! Hə, Yaşıl Ördək çox sevinirdi. Cıqqılı ördək balaları
kibrit çöpü kimi nazik qılçalarının üstündə güclə dayana-dayana, hələ tüklənməmiş
ətcə qanadlarını tərpədə-tərpədə, balaca gözlərinin qapağını güclə aça-aça Yaşıl
Ördəyə baxırdılar, civildəyə-civildəyə analarından yem istəyirdilər. Yaşıl Ördək iri
və güclü qanadlarını yelləyə-yelləyə havaya qalxırdı, çaya enib suya baş vururdu,
lap cıqqılı bir balığı dimdiyinə alırdı, uçub yuvasına qayıdırdı, balalar civildəyə-
civildəyə, ayaq üstə aşa-aşa dimdiklərini Yaşıl Ördəyin dimdiyinə uzadırdı, Yaşıl
Ördək də dimdiyində çapalayan o cıqqılı balığı balalarından birinin ağzına qoyurdu,
bala o cıqqılı balığı udandan sonra, Yaşıl Ördək təzədən havaya qalxıb çaya uçurdu,
suya baş vurub təzədən balaca bir balığı dimdiyinə alırdı, yuvasına uçub o balaca
balığı da o biri balasının ağzına basırdı və hər gün bu cürə neçə dəfə çayın suyuna
baş vururdu, xırdaca balıqları tutub eləcə dimdiyində yuvaya gətirirdi, bala ördəkləri
yedirdirdi. Bala ördəklər də o qədər acgözüydülər, doymaq bilmirdilər... Indi sənə
kimdən deyim, nədən deyim, bir pis köstəbəkdən. Bu pis köstəbək də çayın
qırağındakı o meşəlikdə yaşayırdı. Xəlvətcə-xəlvətcə ora gedirdi, bura gedirdi ki,
görsün yeməyə nə tapır. Beləcə, o pis köstəbək gəlib çıxdı Yaşıl Ördəyin yuvasının
yaxınlığına. Ördək balalarını görəndə ağzının suyu axdı. Gizlənib pusmağa başladı
ki, balalar yuvada tək olanda tez gedib onları yesin. Yaşıl Ördəyin də bu pis
köstəbəkdən xəbəri yox idi. Balaları ağızlarını açıb civildəyə-civildəyə yemək
istəyəndə qanadlarını açıb çaya uçdu, suya baş vurdu. Pis köstəbək də elə bunu
gözləyirdi, tez qaça-qaça yuvaya gəldi, o ördək balalarından birini dişinə alıb tələsə-
tələsə yedi ki, anaları uçub gələnəcən o birini də yesin.
– Pis ördək!
– Pis ördək niyə? Pis köstəbək demək istəyirsən?
Kövrəlib gözləri dolmuş Aysu, az qala, ağlaya-ağlaya:
– Yox! Pis ördək! Köstəbək də pisdi, Yaşıl Ördək də! – dedi.
– Niyə?
– Yaşıl Ördək pisdi! Çünki Yaşıl Ördək niyə gedib balaca balıqları tutub
gətirirdi? Bəs, onların anası yoxdu? O getdi balaca balıqları tutdu, onları yedilər, ona
görə də pis köstəbək onun öz balasını yedi!.. Bəs, ördəyin ikinci balası necə oldu?
Pis köstəbək onu da yedi?
– Yox, yox... Macal tapmadı. Yaşıl ördək uçub gəldi, pis köstəbəyi qovdu!
– Yaşıl Ördək yenə o balasına balaca balıqlar tutub gətirdi?
– Yox... Yaşıl Ördək başa düşmüşdü ki, o da pis iş görür.
Bundan sonra balasını meyvələrlə, otla, yarpaqla yedirdirdi.
Aysu bir az sakitləşdi, sonra yavaş-yavaş yuxuya getdi.
404
SÖZLƏR, YANILTMACLAR,
TAPMACALAR...
QAR YAĞIB, YAĞMAYIB?
– QAR!.. QAR!..
Vay... QAR yağıb? Yazda bəyəm QAR yağar?
Yox... Sən demə, qarğadı, ağacın budağına qonub, QAP-QAR salıb:
– QAR-R-R... QAR-R-R...
QUMRU QUŞLARI
O qumru quşlarına bax, nə hirslə QURULDAYIR...
Qumru quşu QUR-QUR QURULDAYIR. Elə bil deyir ki, mənə yuva QUR.
QURMARAM, ay tənbəl qumru quşu, özün QUR.
Sən QURA bilməsən, yaxşı mən QURARAM.
QURULDAMA QUR-QUR, uç özün QUR.
«SÜZ» VƏ «SÜZ»
– Bir tapmaca deyim sənə?
– Hə!
– «Düyünü «SÜZ!» Bu nə «SÜZ»dü belə?
«Dur ayağa, SÜZ!» Bəs bu nə «SÜZ»dü belə?
BU «SAZ» HANSI «SAZ»DI?
– Qardaşım SAZ çalır.
– SAZ SAZdı?
– Hə, lap SAZdı!
– SAZ SAZı SAZ çalır?
– Hə, SAZ SAZı lap SAZ çalır!
KIM UÇUNDU, NƏ UÇDU, NƏ UÇMADI?
Birdən külək əsdi.
Birdən də pırıldayıb bir qaranquş UÇDU.
Mənim ürəyim UÇUNDU. Elə bildim qaranquşun yuvası UÇDU.
Amma yox... Qaranquşun yuvası UÇMADI, özü UÇDU.
Mənim də ürəyim daha UÇUNMADI.
405
NECƏ OLDU KI, YAĞIŞ YAĞDI VƏ
DANA HIRSLƏNDI
Yağış yağdı.
DANA qaçdı DAMA.
DAMDI, DAMDI, DAMCI-DAMCI su DAMDI DAMDAN.
Hirsləndi DANA.
Az qaldı DANA dırmaşa DAMA!
GÜLÜŞÜN BACISI GÜLƏR GÜLƏ GÜLÜR...
GÜLÜŞ gümüş GÜLDANA GÜL yığdı.
Birdən GÜLÜN biri əlindən yerə düşdü.
GÜLƏR GÜLDÜ.
GÜLÜŞ dedi:
– GÜLƏR, adam GÜLƏ GÜLƏR?
ABŞERONDA
Getdim meynədən qara ÜZÜM ÜZÜM.
ÜZÜMÜ ÜZDÜM, yedim.
Vay...
Bulaşdı ÜZÜM!..
Getdim dənizdə ÜZÜM...
Dənizdə ÜZDÜM, təmizləndi ÜZÜM.
NƏNƏM YAMAN HIRSLƏNDI...
Bizim kəndimiz DAĞDADI. Biz də yayda getdik DAĞA.
DAĞ nə DAĞ!.. Elə xoşlayıram, elə xoşlayıram DAĞI!.. Meşələr, bulaqlar,
yarğanlar... Bir də ki, bizim gözəlimiz kənd...
Nə yaxşı ki, biz bütün yayı qalacayıq DAĞDA!
Bir gün nənəm həyətdə ocaq qaladı. Yağı əritmək üçün qazana töküb ocağa
qoydu.
Yağ əridi, qaynadı, DAĞ oldu.
Mən də qaçanda, az qaldı ayağım dəyə qazana, az qaldı DAĞIDAM yağı. Yaxşı
ki, DAĞ YAĞ DAĞILMADI, məni də yandırmadı.
Nənəm yaman qorxdu, hirsləndi:
– Sənin ayağına, – dedi. DAĞ basacağam!
Amma mən bilirəm, nənəm məni çox istəyir, lap çox, çox istəyir, ayağıma DAĞ
basmayacaq!..
Nənə elə deyir ki, mən eləcə qaçmayım, DAĞ yağı yerə DAĞITMAYIM! Axı,
DAĞ yağ yandırar məni...