410
XOŞBƏXTLIK HAQQINDA
Bu qış Bakıda qış olmadı, adı oldu: yaz da əvvəlcə çox tez gəldi, fevralın
axırları idi, ağaclar göyərmişdi, amma sonra küləklər başladı, yağışlar başladı və
belə məlum oldu ki, soyuqlar hələ qabaqdaymış və yazın beləcə yarımçıq qalması,
qırılması, sonra ortada bu cür yerində sayması adamı lap sıxırdı; bir tərəfdən də
Bakının asfalt küçələri, maşınları, səs-küyü...
Haradasa təbiət tamam azaddı: nə asfaltlıdı, nə səs-küylüdü, nə də qayğılarla
doludu.
Fikrət Qoca və Ishaq Ibrahimovla birlikdə Bakıdan bir az kənarda, Qaradağ
tərəfdə dəniz kənarına getdik.
Küləkli bir gün idi.
Uşaqlar velosipedlə bura gəlirdi, qarmaq atırdı, balıq tuturdu.
Biz də özümüzlə qarmaq götürmüşdük və əsl naşı balıqçılar kimi, qarmaq atıb
balıq gözləyirdik.
Balıq yox idi; yəni bizim üçün, biz balıqçılar üçün balıq yox idi.
Birdən qarmaqlardan birinə bir xul keçdi və bu cıqqılı xul balığının sevinci bizi
dünyanın yeddinci qatına qaldırdı.
Sən demə, xul da balıq imiş...
Bir neçə dənə xul tutduq və hər bir xula da beləcə sevindik.
Sonra dənizin o azadlığından, sahilin o təmizliyindən və genişliyindən, o xul
sevincindən ayrılıb Bakıya qayıtdıq və gecə mən bu xul sevinci barədə fikirləşəndə
haçansa eşitdiyim bir əhvalat yadıma düşdü.
...Bir kişinin on uşağı var idi və bu on uşaqla, arvadla birlikdə balaca bir
daxmada yaşayırdı; o qədər darısqallıq idi ki, kişi daha dözə bilmirdi; axırda bir dəfə
bir təpəyə qalxdı və əlini göyə qaldırıb Allaha dedi:
– Ya Allah, bu nə müsibətdi bizim başımıza açırsan?! Hərgah sən bu uşaqlara
bir qarış da artıq yer verməyəcəydinsə, niyə onları dünyaya gətirirdin? Axı, belə bir
darısqallıqda yaşamaq mümkün deyil! Dünyada məndən bədbəxt adam yoxdu! Məni
xoşbəxt et, yerimi genişlət bir az!
Göydən bir səs gəlmədi.
Kişi kor-peşman daxmasına qayıtdı və gördü ki, daxmada... bir eşşək var.
Yekə, canlı bir eşşək idi.
– Arvad, bu nədi belə?
Heyrətdən kişinin gözləri kəlləsinə çıxmışdı.
– Kişi, bu eşşəyi indicə bir mələk gətirdi və dedi ki, Allah-taalanın əmri belədi
ki, bu eşşək bu daxmada, bizimlə bir yerdə yaşamalıdı.
Yazıq arvad eşşəyə baxdı, kişiyə baxdı və için-için ağlamağa başladı.
O gündən o eşşək həmin daxmada qaldı.
O gündən on uşaq, kişi, arvad və həmin eşşək bir yerdə yaşamalı oldu.
O gündən həmin kişi gecə-gündüz Allaha yalvardı ki, onları bu yekəpər
eşşəkdən xilas etsin, bu yekəpər eşşəyi bu daxmadan götürsün.
Bu münval ilə ay keçdi, il dolandı və nəhayət, bir gün Allah kişinin sözünü
eşitdi: axşam kişi evinə qayıdanda gördü ki, həmin yekəpər eşşək daha yoxdu.
Mələk gəlib eşşəyi aparmışdı.
Kişi gecə-gündüz Allaha şükür elədi.
Kişi on uşağı və arvadı ilə birlikdə həmin daxmada şad-xürrəm yaşamağa
başladı.
411
Kişi dünyanın ən xoşbəxt adamı idi, çünki canı eşşəyin əlindən qurtarmışdı və
genişlik-bolluq idi...
...Insan çox naşükürdür.
30 may 1981.
Bakı.
SƏTIRLƏRIN ÖLÜMÜ
Dünən Moskvadan yaslı və gözlənilməz bir xəbər gəldi: Saşa Orlov vəfat edib.
Birdən-birə elə bildim ki, yazılarımda sətirlər öldü.
Birinci dəfə idi mən bu cür hiss keçirirdim. Saşa ilə birlikdə Moskvada üzbəüz
otura-otura, Bakı ilə Moskva arasında məktublaşa-məktublaşa, telefonlaşa-
telefonlaşa dönə-dönə üzərində işlədiyimiz ayrı-ayrı cümlələr yadıma düşdü. O,
neçə illər idi ki, mənim yazılarımı tərcümə edirdi və mən istəyirdim ki, bu cümlələr
rus dilində də Azərbaycan dilində olduğu kimi səslənsin – eyni çalarları ilə, sözaltı
mənaları ilə, hətta eyni ritmi ilə səslənsin. Saşa çal saqqalını, həmişə pırpızaqlı
saçlarını qarışdıra-qarışdıra əlindən gələni əsirgəmirdi.
Və indi mənə elə gəldi ki, rus dilindəki kitablarımda o cümlələr öldü.
Sətirlərin bu ölümünü təkcə ruhən yox, az qala, cismani hiss etdim.
Və o kitablarda bir yetimlik duydum.
31 may 1981.
Bakı,
QARA QARĞALAR
«Bakı-Moskva» qatarı ilə yazıçıların VII qurultayına gedirik.
Qəribədi, XX əsrin sürəti artdıqca qatarın da qiyməti və əhəmiyyəti artır:
telefonlar, iclaslar, tələsikliklər, maşınlar, qayğılar aləmindən çıxıb iki gün qatar
tələsməzliyində, zəngsizliyində, təmkinində sığınacaq tapırsan, gündəlik qayğıları
özündən uzaqlaşdırırsan – onsuz da, bu iki gün ki, yol gedəcəksən, heç nə edə
bilməyəcəksən: nə hansı bir işi isə qaydasına qoyacaqsan, nə kimisə kiməsə
tapşıracaqsan, nə dərman axtaracaqsan, nə bazarlıq edəcəksən, nə görüşəcəksən,
müzakirə edəcəksən, müdafiəyə tələsəcəksən, redaksiyaya material göndərəcəksən
və s. və i. a.
Saatlar beləcə keçir.
Birdən güclü təkanlar bu qayğısızlıq idilliyasını titrədir, sonra qatar çölün
düzündə dayanır, sonra həyəcanlı səs-küy başlayır, hay-həşir qopur.
Vaqon yanır.
Yox, bizim vaqon yox, 3-cü vaqon. Kimsə siqaret çəkib atıb, kimsə balonlarda
spirt aparırmış və o balonlar partlayıb, uzun sözün qısası, 3-cü vaqon ocaq kimi
alışıb-yanır.
– Yanan yoxdu ki?
412
– Hamı canını qurtara bilib?
– Hə, hə, hamı qurtarıb canını. Çoxusu hərbi kursantlardı. Cəld uşaqlardı, hamı
sağ-salamatdı. – 3-cü vaqon tərəfdən gələn cavan oğlan gülə-gülə camaatı
nigarançılıqdan qurtarır. – Vaqonu ayırıblar, yanır özüyçün...
Qalan vaqonların camaatı eşiyə axışıb və hamı bir kənarda tənha dayanıb ocaq
kimi yanan 3-cü vaqona baxır.
Əlbəttə, bu mənzərədə bir xoşagəlməzlik, bir bədəməllik var, amma o cavan
oğlanın gülüşü hamının nigarançılığına sərin su səpib və indi bütün qatarın camaatı
o yanan 3-cü vaqona bir əyləncə kimi baxır. Bütün bu əhvalat dünən baş verib. Qatar
Moskvaya gedir.
Düzdü, üç-dörd saat gecikmişik, amma əslinə baxsan, elə bu özü də bir
qənimətdi, bu özü də üç-dörd saatlıq qayğısızlıqdı, zəngsizlikdə rahat-rahat
fikirləşmək fürsətidi, arzulamaq, gələcəyi gözəl əsərlərlə, gözəl hadisələrlə dolu
gözəl rənglər içinə girmək imkanıdı...
Mən pəncərədən sürətlə ötüb gedən və tükənmək bilməyən çölə baxıram.
Yamyaşıl düzlər, ağaclar, meşə zolaqları, gül-çiçək və... qara qarğalar.
Yenə qara qarğalar...
Yenə qara qarğalar...
Qara qarğalar ağacların budaqlarına, elektrik dirəklərinə, yerə qonublar.
Bu yekə qara qarğalar birdən-birə dünən yanıb qurtarıb skleti çöllərdə qalmış
həmin vaqonu – bu gün tamam unutduğum 3-cü vaqonu yadıma salır. Birdən-birə bu
yekə qara qarğalar adam kimi dil açıb qatar sürətilə deyir ki, o 3-cü vaqonda hərbi
kursantlar yox, qocalar, qadınlar, uşaqlar, şikəstlər, xəstələr ola bilərdi və mən o
uşaqların çığırtısını eşidirəm, o qocaların, qadınların ah-vayını eşidirəm, dəhşətdən
bərəlib, az qala, hədəqəsindən çıxacaq gözləri görürəm, yanan insan ətinin qoxusunu
hiss edirəm. Mən ömrümdə yanan insan ətinin qoxusunun nə olduğunu bilməmişəm,
amma mənə elə gəlir ki, indi, bax, bu yekə qara qarğalara baxa-baxa hiss etdiyim
qoxu dünən 3-cü vaqonda diri-diri yanan qoca, qadın, uşaq ətinin qoxusudu...
Sonra bu yekə qara qarğalar mənim bütün qayğılarımı bir-bir yadıma salır.
O gözəl rənglər əriyib gedir və hardasa o qara qarğaların rənginə boyanır.
Ölüb getmiş qohumlar, dostlar, tanışlar bir-bir yadıma düşür və onlar bir-bir bu
vaqon pəncərəsindən mənə baxır.
Sonra bu yekə qara qarğalar yol boyu bütün dünyanın dərdindən, ələmindən
söhbət açır.
Qatarlara qəmginlik gətirən yekə qara qarğalar...
26 iyun 1981.
«Bakı-Moskva» qatarı,
YAZIQLIQ
Moskvada yazıçıların VII qurultayı gedir və Moskvada dözümsüz bir isti var.
Qəzetlərin yazdığına görə iyun ayında Moskvada belə isti axırıncı dəfə 1901-ci ildə
olub.
Gecə mehmanxanada yatmaq mümkün deyil, nəfəs almaq olmur və bu gün bu
gecə havasızlığı birdən-birə Bakıdakı kiçik bir hadisəni mənim yadıma saldı.
Dostları ilə paylaş: |