415
QIRT TOYUQ
Qırt toyuq birinci dəfə idi ki, hindən çıxmışdı və dünyanı cücələrinə göstərirdi.
Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə analarının dalınca qaçışırdı və
anaları da qırt yatdığı günlərdə qartlaşmış səsiylə qırt-qırt salıb o tərəf-bu tərəfə
dimdik atır, gözaltı böyürtkən kollarının dibinə, hündür otların arasına baxırdı,
hərdən başını çəpəki tutub zəndlə göyü gözdən keçirirdi.
Qırt toyuq pişikdən, qurd-quşdan, qartaldan ehtiyat edirdi və hərdən də tərs-tərs
mənə baxırdı.
Qırt toyuq heç kimi cücələrinə yaxın buraxmırdı.
Həyətdə uşaq çox idi, hərə əlinə bir parça çörək alıb didişdirə-didişdirə cücələrə
vermək istəyirdi, amma qırt toyuq o saat boğazının tüklərini qabardıb, qanadlarını
açıb, qart qaqqıltı ilə hücum edirdi, ən axırıncı cücənin də ötüb keçməyini
gözləyirdi, sonra yanpörtü acıqlı nəzərlərlə uşaqlara baxa-baxa və yoğun budlarını
basa-basa gedirdi.
Qırt toyuq fındıq ağacının altına gəlib torpağı eşələməyə başladı və cücələr də
civildəşə-civildəşə analarını əhatəyə aldı. Qırt toyuq torpağın arasında yeməli bir şey
görən kimi, dimdiyini həmin cücüyə, həşərata, toxuma vururdu, cücələrinə göstərirdi
və cücələr də bir-birini itələyə-itələyə, aləmə civilti sala-sala həmin balaca cücünün,
həşəratın, toxumun üstünə cumurdu.
Qırt toyuq arabir xırda çörək qırıntısı da tapırdı, dimdiyini vurub göstərirdi,
cücələr də acgözlüklə bu qırıntıları təpişdirirdi, amma qırt toyuq əllərində parça-
parça çörək tutmuş uşaqların heç birini cücələrə yaxın buraxmırdı.
Qırt toyuq təkcə bu həyətin sahibəsi Validə ananı cücələrə yaxın buraxırdı, hətta
Validə anaya icazə verirdi ki, əyləşib cücələrdən birini əlinə götürsün və uşaqlara
göstərsin.
Həyətdə təkcə Validə ana cücələrin yanından ötəndə qırt toyuq haray-həşir
salmırdı.
Qırt toyuq Validə anaya tam etibar edirdi və bu, görünür, təbiətdən gəlirdi: elə
bil ki, qırt toyuq bilirdi ki, Validə ananın də dörd balası var.
16 avqust 1981.
Talıstan kəndi.
ÜÇÜNCÜ SƏRÇƏ
Bəzən təbiətdə elə hadisələrə rast gəlirsən ki, onların dolayısı yox, tamam
müstəqim, birbaşa mənası səni tutur, sənə ləzzət edir.
Misal üçün, mən, ədəbiyyatda müstəqim surətdə əxlaq dərsi verməyin, mənası
tamam üzdə olan hadisələrin təsvirinin həmişə əleyhinə olmuşam.
Bəs nə üçün bu gün şahidi olduğum kiçicik bir hadisə mənim kefimi bu qədər
açdı?
416
Yazıçılar Ittifaqı ilə üzbəüz bağda gəzəndə kolluqda sərçələrin haray-həşirini
eşitdim: bir sərçə dimdiyində sarı bir yarpaq tutmuşdu (bəlkə də yarpaq deyildi, nəsə
başqa şey idi, mən qorxurdum ki, sərçələr hürküb uçar, yaxınlaşıb baxmırdım),
ikinci sərçə isə yarpağın o biri ucundan tutub dartışdırırdı, birinci sərçənin
dimdiyindən qoparmaq istəyirdi. Sərçələr həmin sarı yarpaq üstündə beləcə
«mənim-sənin» mübarizəsi aparırdı. Birdən sərçələr lap hirsləndi, bir-birinin üstünə
atıldı. Sarı yarpaq yüngülcə yerə düşdü və elə bil ki, bunu gözləyirmiş kimi,
səhərdən bəri çiçəkləmiş ağ akasiya ağacının budağına qonub didişən sərçələrə
baxan üçüncü sərçə pırıltı ilə budaqdan qopub, yerə düşmüş o sarı yarpağı dimdiyi
ilə qapdı və eləcə pırıltı ilə də qalxıb ağacların arxasında yox oldu.
Didişən sərçələr bu gözlənilməz hadisədən elə bil ki, özlərini itirdi, sonra bir-iki
dəfə yerlərində hoppanıb düşdü və sonra da hərəsi bir tərəfə uçub getdi.
Məni gülmək tutdu.
Bağdan ötüb-keçənlər yəqin fikirləşdi ki, bu niyə kolluğa baxa-baxa öz-özünə
gülür?
13 may 1982.
Bakı.
«ALƏM OLDUQCA...»
Qara Qarayev vəfat edib...
Bizim böyük müasirimiz əbədi yuxuya gedib və bir də heç vaxt oyanmayacaq.
Onun işıqlı və ağıllı gözləri bundan sonra yalnız televiziya və kino
ekranlarından bizə baxacaq, o qaraşın, sərt və eyni zamanda mehriban sifəti bundan
sonra biz yalnız qəzet və jurnal səhifələrində, kitablarda görəcəyik, dostların,
yaxınların, sənətsevərlərin evlərindəki fotolarda, muzey zallarındakı portretlərdə
görəcəyik.
Qara Qarayev vəfat edib...
Külək bir də heç zaman o qıvrım, gümüşü saçları qaldırmayacaq. Qarayev bir də
heç vaxt paltosunun boyunluğunu qaldırıb, başını da bir balaca çiyninə qısıb, siqaret
dalınca siqaret çəkə-çəkə Bakının küçələri ilə addımlamayacaq.
Bu ağır, bu qəmli dəqiqələrdə bizim təskinliyimiz nə ola bilər?
Qoca Dədə Qorqudun əlacsız və müdrik misraları bir daha yüzüncü dəfə,
mininci dəfə mənim beynimdə səslənir:
Gəlimli, gedimli dünya...
Son ucu ölümlü dünya...
Və fikir məni qədimlərə aparır. Bizim ulu babalarımız Zərdüştü «böyük səadət
və sərvət» sahibi hesab edirdi və bu böyük səadət, mənəvi sərvət «şən həyat, sevinc
və əbədi şöhrət»dən ibarət idi.
Qarayev sənəti həyata çağıran, sevinc bəxş edən bir sənət idi. Həyatın mənası
barədə düşündürən, yaşayışın fəlsəfəsini ehtiva edən bir sənət idi.
Mən nə üçün bu sənət barədə keçmiş zamanda danışıram?
Qarayev sənəti əbədi sənətdir.
417
Qarayev sənəti dünən də müasir sənət idi, bu gün də müasir sənətdir və sabah da
müasir sənət olacaq.
Illər keçəcək, bizim balalarımız, bizim nəvələrimiz, nəticələrimiz atalarının,
babalarının Qarayevlə tanışlıqları ilə, Qarayevlə məktublaşmaları, şəkil
çəkdirməkləri ilə, canlı Qarayevi görməkləri ilə fəxr edəcəklər.
Bu gün olduğu kimi, sabah da xalqımız öz sənətkar oğlunun adını uca tutacaq.
Bu gün olduğu kimi, sabah da Qarayev sənətinin ölümsüzlüyü dünyanın ən
böyük konsert salonlarından, opera və balet teatrlarından ana Azərbaycanın ölümsüz
dühasından xəbər verəcək.
Bu gün olduğu kimi, sabah da Qarayev sənəti düşündürəcək və öyrədəcək,
tərbiyə edəcək və yetişdirəcək.
Qara Qarayev vəfat edib...
Bu ağır, bu qəmli dəqiqələrdə elə bil ki, bir təskinlik kimi mən böyük Qarayevin
böyük sələfi Sabirin misralarını eşidirəm:
Ölməyimlə sevinməsin əğyar,
Aləm olduqca, mən dəxi duraram!
Və bu misraları ağır, əbədi Qarayev musiqisi müşayiət edir...
14 may 1982.
Bakı.
ALMA ƏHVALATI
Vəfatından təxminən dörd-beş il əvvəl Rəsul Rza ilə Moskvadan Bakıya
gəlirdik. Qatarla gəlirdik, ikimiz bir kupe götürmüşdük. Mən indi bu sətirləri
yazanda, elə bil ki, gecənin içi ilə yol gedən o qatarın səsini eşidirəm və həmin qatar
elə bil ki, Rəsul müəllimlə yol yoldaşı olduğumuz o uzaq iki günü daha da uzaqlara
aparır...
Təbii ki, yol boyu biz çox söhbət etdik. Rəsul müəllim şerində olduğu kimi,
həyatda da ciddi adam idi, bəlkə də bir az sərt adam idi və mənə həmişə elə gəlirdi
ki, onun bu sərtliyi əslində daxili kövrəkliyinin göstəricisi idi. Bu ciddilik və zahiri
sərtliklə bərabər, Rəsul müəllim yumoru sevən, başa düşən və yumordan ləzzət
almağı bacaran adam idi.
Qatarda mən Rəsul müəllimə belə bir hadisə danışdım: dostlarımızdan biri –
Fikrət Sadıq – altmışıncı illərdə «Gənclik» nəşriyyatında redaktor işləyirdi. Bir dəfə
axşam onlara getmişdim, gördüm ki, mizin arxasında əyləşib bir şer kitabının
əlyazmasını redaktə edir. Əlyazmasındakı bəzi şerlər dostumuzu o qədər
əsəbiləşdirirdi ki, səhifələrin kənarında qeydlərini də oxuduğu misralara müvafiq
misralarla yazırdı. Mənim gözüm sataşdı və Azərbaycan almalarının gözəlliyindən
bəhs edən bir şerdə altından xətt çəkilmiş iki misranı oxudum:
Ləzzətlidi «bumajnı»,
Şirvan gözəli Şafran!
Dostları ilə paylaş: |