413
Bakıda keçirdiyimiz böyük ədəbi məclisdə bir
nəfər nadan və cahil ayağa
qalxıb, necə deyərlər, gözlərini yumub, ağzını açıb, böhtanlar söyləyirdi; bu
böhtanları o qədər ürəkdən, o qədər həyəcanla deyirdi ki, xitabət kürsüsünə
sığışmırdı, bütün ətrafa ağzından tüpürcək səpələnirdi, kinli gözləri, az qala,
pırtlayıb hədəqəsindən çıxacaqdı.
Mən yerimdə oturub ağzı köpüklənə-köpüklənə böhtanlar söyləyən, naqis, paxıl,
acgöz hisslərdən ilham və qüvvət alan bu adama baxırdım və birdən-birə mən
goreşənləri xatırladım.
Goreşənlər, deyilənə görə, murdar heyvanlardı, çox pis iy verirlər, cəsəd
yeməklə dolanırlar.
Amma... amma goreşənlərin də bütün canlılar kimi yaşamaq istəyi var, onların
da yəqin öz mehribanlıqları, öz əzizləmələri, ağrıları, problemləri var və
goreşənlərin də balaları var.
Ağzı-gözü zalda əyləşənlərin çoxunun nifrətinə, ikrahına bulaşmış bu adama
mənim yazığım gəldi: o da yaşamaq istəyir, onun da arzuları var və onun da balaları,
əzizləri var.
Mənim indi də ona yazığım gəldi.
Bu bürkülü Moskva gecəsinin havasızlığı, ürək sıxıntısı, nəfəssizliyi onu mənim
yadıma salmışdı və dünyanın böhtanlarından, dünyanın əyri işlərindən, iyrənc
hisslərindən xəbər verən sifəti yenə gözlərimin qabağına gəldi və mən bu gecə
qaranlığında onun kinli, qəzəbli gözlərinə baxa-baxa: «–Yazıq sənə...» – fikirləşdim.
Və qəribə idi, ürəyimdə o adamı yavaş-yavaş bağışlayırdım, onun sifətinin
indiyə qədər mənim üçün iyrənc cizgiləri elə bil ki, gecənin qaranlığında əriyib yox
olurdu, ömrümdə görmədiyim uşaqlarını yadıma salırdım («yadıma salırdım» ifadəsi
burada yerinə düşürmü? o uşaqlar elə bil, gözəgörünməz varlıqlar idi və mən o
varlıqları «görürdüm»...) və elə bil ki, o adama da o uşaqların gözü ilə baxırdım...
Sonra isə daha qəribə bir hadisə baş verdi: mən onun gözləri ilə özümə baxdım...
Sonra elə bil ki, tamam unutduğum, əlçatmaz, ünyetməz bir keçmişdə qalmış
xatirələr baş qaldırdı və o xatirələrin o adamla heç bir əlaqəsi yox idi: o xatirələrdə
mən yaxşı idim, mən pis idim, mən gülünc idim, mən qorxunc idim... Sonra o
bürkülü Moskva gecəsinin o havasızlığı içində birdən-birə bir qəbiristanlıq soyuğu
duydum, haqq dünyasına köçmüş qohumlar, dostlar, tanışlar bir-bir gəlib gözümün
önündən keçdi və dünyasını dəyişmiş o rəhmətliklərlə birlikdə: «– Yazıq bizə...» –
fikirləşdim.
30 iyun 1981.
Moskva.
QARATOYUQLAR
Həyətimizdə bir armud ağacı var idi. Meyvələri hələ kal idi, amma vaxtından
əvvəl yetişmiş tək-tük armud hərdən yerə düşürdü.
Mən həyətdə, böyük alma ağacının altında həmişəki yerimdə oturub gün
çıxandan gün batana qədər «Mahmud və Məryəm» romanını yazırdım.
Bir gün gördüm ki, bir ana qaratoyuq, iki də balası – uçub gəlib həmin armud
ağacının dibində yerə qondu. Bala qaratoyuqlar böyümüşdü, amma hələ tamam
qaralmamışdılar, lələkləri boz idi.
414
Ana qaratoyuq bayaq həyətin səssizliyi içində qəfil bir tappıltıyla yerə düşmüş
armudu dimdikləyib yeməyə başladı və ana qaratoyuq hər dəfə armuda dimdik
vuranda böyümüş balaları balaca cücə kimi ağızlarını geniş açırdılar, analarından
yemək istəyirdilər. Ana qaratoyuq başını qaldırıb onlara baxırdı, sonra yenə armudu
dimdikləyirdi.
Bala qaratoyuqlar ağızlarını eləcə açıb civildəyə-civildəyə analarından yemək
istəyirdi, anaları isə, onların ağzına heç nə qoymurdu.
Mən başa düşdüm ki, ana qaratoyuq balalarına yemək dərsi verir, dimdikləmək
öyrədirdi.
Ana qaratoyuq bir armud yedi, sonra ikinci armudu yedi, sonra üçüncü armudu
yedi, amma balaları armuda dimdik vurmurdu, ağızlarını açıb analarından yemək
istəyirdi.
Ana qaratoyuq armudu dimdikləyir, balalarına baxır, təzədən armudu
dimdikləyir, təzədən balalarına baxırdı.
Ananın cidd-cəhdindən, açıq-aşkar təhrikindən heç nə çıxmadı, balalar armuda
dimdik vurmadı.
Qaratoyuqlar uçub getdi və mən yazı makinasının arxasında yenidən Səfəvilər
dövrünə qayıtdım.
Sabahkı gün həmin ana qaratoyuq balaları ilə uçub yenə o armud ağacının
dibinə qondu. Ana qaratoyuq yenə armud dimdikləyib yeməyə başladı, bala
qaratoyuqlar isə yenə var gücləri ilə ağızlarını geniş açıb haray-həşirlə civildəyə-
civildəyə analarından yemək istəyirdilər. Ana qaratoyuq yəqin ki, balalarını
şirnikləndirməkdən ötrü hərəsinin ağzına dəymiş armuddan bir dimdik qoydu.
Bundan sonra bala qaratoyuqlar az qalırdılar ağızlarını cırsınlar – o qədər yekə
açırdılar və daha artıq civildəyə-civildəyə dünyadan şikayət edirdilər. Ana qaratoyuq
daha onlara heç nə vermədi və hər dimdikdən sonra balalarına baxa-baxa bu gün də
üç armud yedi.
Dörd gün beləcə davam etdi.
Nəhayət, beşinci gün bala qaratoyuqlardan biri yerdəki yetişmiş armuda bir
dimdik vurdu. Bundan sonra o biri bala qaratoyuq da diqqətlə gah armuda, gah da
ona baxıb armuda dimdik vurdu və ikisi də daha dayanmadı, acgözlüklə armudu
dimdikləyə-dimdikləyə yeməyə başladı. Ana qaratoyuq uçub armud ağacının aşağı
budağına qondu.
Bala qaratoyuqlar yerdəki armudu dimdikləyir, tez-tez də başlarını qaldırıb
budaqdakı analarına baxırdı. Ana qaratoyuq isə başını yana çevirirdi. Yəqin bu üç
gündə o qədər armud yemişdi ki, indi armuda tərəf baxa da bilmirdi.
Balalar əvvəlcə ikisi bir armud, sonra da hərəsi bir armud yedi.
Sonra o qaratoyuqlar uçub getdi.
Sonrakı günlər mən daha ana qaratoyuğu görmədim. Hərdənbir bala
qaratoyuqlar uçub gəlib armud ağacının dibinə qonurdu və o armuddan doyunca
yeyib təzədən uçub gedirdi.
29 iyul 1981.
Talıstan kəndi.