392
– Vətəndaş Humayın topu, beləcə cərgəyə düzülüb hara gedirsiniz? Siz qatar
kimi keçirsiz, maşınlar isə yolda dayanıb ləngiyir.
Humayın topu dedi:
– Milisioner əmi, biz Humayın dostlarıyıq. Gedirik onun yanına, onunla
oynamağa.
Milisioner əmi dedi:
– A-a-a!.. Belə de!.. Humay yaxşı qızdı, çünki söz verib ki, bir də heç vaxt
ağlamayacaq, bundan sonra həmişə anasının sözünə baxacaq, yeməyini yeyəcək,
böyük bacısı Günayla da bundan sonra heç vaxt dalaşmayacaq. Məni də apar
Humayın yanına, ay Humayın topu!..
– Gedək!..
Humayın topu düşdü qabağa, Cıqqılı siçan qırmızı topunun dalınca, Bığlı pişik
Cıqqılı siçanın dalınca, Uzunboy zürafə Bığlı pişiyin dalınca, Yaşıl karandaş
Uzunboy zürafənin dalınca, Milisioner əmi də Yaşıl karandaşın dalınca getdilər. Bu
dəfə üz tutdular geriyə, Humaygilin evinə tərəf. Getdilər, getdilər, getdilər, getdilər,
getdilər, Humayın çox xoşladığı fəvvarələrin qabağından keçdilər, Humayın çox
yelləndiyi yelləncəklərin yanından ötdülər, Humayın çox qaçıb oynadığı bağçanı da
arxada qoydular, axırda gəlib çıxdılar Humaygilə.
Bir tərəfdən Humayın dostları gəlib çıxdı Humaygilə, o biri tərəfdən də gün
çıxdı.
Gün çıxdı, səhər açıldı.
Hamı yuxudan oyandı.
Hamı yuxudan oyandı, Humay da yuxudan oyandı.
Hə, Humay yuxudan oyandı, ora baxdı, bura baxdı, Cıqqılı siçanı, Bığlı pişiyi,
Uzunboy zürafəni, Yaşıl karandaşı, Milisioner əmini görmədi, təkcə qırmızı topunu
gördü.
Humay tez yerindən qalxıb qırmızı topun yanına qaçdı. Humay soruşdu:
– Ay top, bəs hanı Cıqqılı siçan, onun dalınca Bığlı pişik, onun dalınca Uzunboy
zürafə, onun dalınca Yaşıl karandaş, onun dalınca Milisioner əmi! Bəs hanı?
Humayın topu cavab vermədi.
Axı, topun dili yoxdu danışsın...
Humay başa düşdü ki, top, ancaq yuxuda danışa bilər, Cıqqılı siçan da, Bığlı
pişik də, Uzunboy zürafə də, Yaşıl karandaş da ancaq yuxuda danışa bilər. Bircə
Milisioner əmi qaldı...
Humay, tez pəncərənin qabağına qaçıb küçəyə baxdı.
Milisioner əmi küçənin ortasında dayanıb maşınlara yol göstərirdi. Birdən
Milisioner əmi pəncərədən baxan Humayı gördü, gülümsədi, əlini qulağının üstünə
apardı, Humayı salamladı.
Həmin gün Humay üçün, bax, beləcə başladı...
393
GÜNAY, HUMAY, BIR DƏNƏ GÜNƏBAXAN VƏ QIRT TOYUĞUN
CÜCƏLƏRI
Qış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr
çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi,
istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib
yay istirahətinə kəndə getdilər.
Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və
Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
– Bax, armud ağacı!
– Bax, alma ağacı!
– Bax, alça ağacı!
Həyətdə bostan da var idi. Bostanda qarğıdalı əkmişdilər, pomidor, xiyar
əkmişdilər, amma bunların arasında bir dənə də gül uzanmışdı, saplağı elə uzun idi,
bir Günay, bir də Humay – ikisi boyda! Özü qoğal kimi girdə idi, sapsarı ləçəkləri
var idi və Günayla Humay bilmirdi ki, bu boy-buxunda, bu uzunluğunda, bu
girdəliyində, bu sarılığında bu nə güldü belə?
Günay soruşdu:
– Bu nə güldü?
Günayın anası dedi:
– Yox, bu gül deyil, Günay, bu günəbaxandı. Yəqin bostana bir dənə toxumu
düşüb, beləcə uzanıb...
Humay təəccüblə çiyinlərini çəkdi:
– Günəbaxan nədi?
Düzdü, Günay da bilmirdi ki, günəbaxan belə olur, amma Günay bilirdi ki,
günəbaxan nədi, çünki Günay yaman çoxbilən qız idi, axı Günay, zarafat deyil ha,
ikinci sinifə keçmişdi!..
Günay tez dedi:
– Humay, günəbaxan bilirsən nədi? Bax, biz ki, hərdən tum çırtlayırıq ha,
günəbaxan odu, bildin?
Humay başını tərpətdi:
– Hə, hə, bildim! Tez onu çırtdayaq!
Axı, Humay hələ balaca idi. Axı, Humayın hələ cəmi-cümlətanı beş yaşı var idi.
Günayla Humayın anası dedi:
– Yox, Humay, günəbaxan hələ gərək lap böyüsün, yetişsin, sonra dərərik,
tumlarını çıxardarıq, tavada qovurarıq, bir yerdə oturub çırtlayarsız. Amma qabığını
yerə tökməzsiz ha!
Bundan sonra Günayla Humay hər gün həmin tək günəbaxanın dibinə su
tökdülər.
Humay balaca beli ilə hər gün günəbaxanın dibini bellədi, Günay tez-tez baxdı
ki, keçilər, buzovlar gəlib onların bu günəbaxanını yeməsin.
Günəbaxan hər gün bir balaca, hər gün bir balaca böyüyürdü, lap yekə olurdu...
Günayla Humay hər gün səhər tezdən yuxudan duran kimi ən birinci yerlərindən
boylanıb pəncərədən həmin günəbaxana baxırdı.
Günlər keçdi, günəbaxan yekə, lap yekə, lap gözəl bir günəbaxan oldu. Qapqara
iri tumları var idi.
Bakıya qayıtmaqlarına iki gün qalmış Günayla Humayın anası dedi:
– Bu gün günəbaxanı dərəcəyik!
394
Humay qışqırdı:
– Ay can, ay ca-an!..
Günay dedi:
– Yaxşı da, Humay, bərkdən qışqırma...
Günay belə dedi, çünki Günayın həmin günəbaxana bir az yazığı gəlirdi...
Günəbaxanı dərdilər, Günayla Humay günəbaxanın tumlarını çıxartdılar, anaları
günəbaxanın tumlarını tavada qovurdu. Günayla Humay hərəsi bir nəlbəki gətirdi,
anaları qovrulmuş tumu yarıya bölüb nəlbəkiləri doldurdu.
Günayla Humay çoxdan bəri gözlədikləri qovrulmuş isti tumdan bir ovuc
götürüb həyətə qaçdılar ki, ləzzətlə çırtlasınlar.
Bir az keçdi.
Birdən Günayla Humay qaça-qaça evə gəldilər.
– Biz tumları cücələrə verdik!
Anaları güldü.
– Axı, cücələr tum yeməz...
Həyətdəki hində qırt toyuğun yeddi cücəsi var idi. Cücələr dörd gün idi
yumurtadan çıxmışdılar, lap balaca idilər. Hər birisi bir yumurta boyda idi, təkcə
nazik qılçaları, cıqqılı da ayaqları var idi. Belə bapbalaca cücələr iri tum dənələrini
necə yeyə bilərdi?
Günay, Humay ikisi də bir ağızdan dedi:
– Cücələrə anaları tum verir. Gəl, bax!.. Gəl, bax!..
Günayla Humay anaları ilə birlikdə hinin qabağına gəldilər, açıq pəncərədən
içəri baxdılar.
Qırt toyuq qaqqıldaya-qaqqıldaya gəzişirdi, cücələri də civildəyə-civildəyə onun
dalınca qaçışırdı. Qırt toyuq hinin açıq pəncərəsindən adam görüb daha bərkdən
qaqqıldadı.
Humay dedi:
– Ay cücələr!.. Ay cücələr!.. Alın!..
Humay hinə bir dənə iri tum atdı.
Qırt toyuq qaqqıldaya-qaqqıldaya gəlib dimdiyi ilə həmin tumu yerdən götürdü.
Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə, itələşə-itələşə analarının qabağına
yığışdı.
Qırt toyuq dimdiyinin ucundakı tumun qabığını sındırdı, tumun ağ ləpəsi
sıçrayıb yerə düşdü. Cücələr yenə civildəşə-civildəşə, itələşə-itələşə ağ ləpənin
üstünə qaçışdı, amma ağ ləpə iri idi, bərk idi. Qırt toyuq qaqqıldaya-qaqqıldaya ağ
ləpəni təzədən dimdiyinə aldı, sonra ağ ləpəni dimdiyində əzə-əzə xırdaladı, yerə
səpələdi. Cücələr bircə göz qırpımında tum ləpəsinin qırıntılarını dimdikləyib
yedilər.
Humay qışqırdı:
– Gördün!
Bu dəfə Günay hinə bir tum atdı və cücələr bu tumun da ləpəsini beləcə yedilər.
Qırt toyuq başını qaldırıb pəncərəyə baxırdı, cücələr civildəşirdi, tum ləpəsi,
deyəsən, cücələrin yaman xoşuna gəlmişdi və qırt toyuq da qaqqıldaya-qaqqıldaya
elə bil deyirdi ki, ay qızlar, nə durmusuz, görürsünüz tumun ləpələri balalarımın
necə xoşuna gəlir, yenə verin də!..
Günay dedi:
– Mən öz tumlarımın hamısını cücələrə verəcəyəm!
Humay da dedi:
Dostları ilə paylaş: |