369
Sona:
– Demirəm! – dedi.
Güllü arvad, elə bil, elə bu dəqiqəcə, indikindən də pis günə qalacaqlarından
qorxub gəlinin yerinə özü həyəcanlı bir canfəşanlıqla:
– Əstəğfürullah!.. – dedi.
Amma Güllü arvadın o «əstəğfürullah»ının nəticəsiydi, ya nə idisə, onun özünün
də inanmadığı o möcüzə, həqiqətən, baş verdi – Şuşadan qaçdıqları vaxtdan düz on
üç gün sonra Solmaz Əsgərandan aşağıda, Qasımlı kəndinin yaxınlığında tapıldı –
huşu özündə deyildi, çöldə, bir gilənar ağacının altında yerə sərilib qalmışdı, əyni-
başı cırılıb dağılmışdı, arıqlayıb təkcə sümükdən və dəridən ibarət baldırları adda-
budda göm-göy göyərmişdi, yalın ayaqları qan içində idi, amma özü sağ idi.
Camaatın sağlam ərindən, oğlundan, qızından xəbər yox idi, amma kor Solmaz
gecə-gündüz pay-piyada Şuşa dağlarından enib, ermənilərin gözündən yayınıb
Ağdamacan gəlib çıxmışdı və bir neçə gündən sonra danışa bilən Solmaz belə bir
söz dedi:
– Allah əlimdən tutub aparırdı məni...
Kor bacısının bu sözü Sonanın bütün beyninə sahib oldu, Sona fikirləşdi ki, yox,
Allahın üzü hələ onlardan dönməyib, pis günün ömrü az olar, yenə Şuşaya
qayıdacaqlar, Ağadədəli məhəlləsindəki evlərində yaşayacaqlar, Cümünün (Qızıldiş
Cümşüdün) qara «Volqa» taksisi yenə gəlib məhəllədə, həyət darvazalarının
qabağında dayanacaq, amma günlər keçdi, aylar keçdi, gəlib Buzovnadakı fəhlə
yataqxanasında məskunlaşdılar, illər keçdi və Sonanın beyninə sahib olan o hisslər
də bütün bu müddət ərzində qaxaca döndü, sonra da ovulub töküldü, amma tamam
yox olmadı, çünki o ümid axıracan ovulub tökülsəydi, tamam yox olsaydı, o zaman,
ümumiyyətlə, həyat, yaşamaq sona yetəcəkdi.
XIX
Azərbaycanda bir milyondan artıq qaçqın yaşayırdı, bu insanlar Ermənistanın
işğal elədiyi torpaqlardan qaçmışdılar, yüzilliklərdən bəri atalarının, babalarının
doğulub, yaşayıb və öldüyü, dəfn edildiyi doğma torpaqlarından məcburi köçkün
düşmüşdülər. Bu ölkənin əhalisi cəmi səkkiz milyon idi və bu o deyən söz idi ki,
Azərbaycanda hər səkkiz nəfərdən biri qaçqın idi və bu da – dünyada analoqu
olmayan bir hadisə idi.
Izabel Xanukoff artıq üç gün idi ki, Azərbaycanda idi və beş il müddətində
dünyanın müxtəlif ölkələrində – Somalidən tutmuş Balkanlaracan – qaçqınlarla çox
görüşsə də, növbəti hər görüşün ağır təəssüratı qətiyyən azalmırdı. Azərbaycanda
ezamiyyətdə olduğu bu üç gündə də Izabel ölkənin bir neçə bölgəsində qaçqınların
çadır düşərgələrində, onların ayrı-ayrı yaşayış məntəqələrində oldu və hər dəfə
qaçqın anaların məişətini, qaçqın uşaqların güzəranını görəndə Cenevrə gölünün
sahilindəki o sakit, arxayın yaşayış Izabel üçün Corc Lukasın filmləri kimi bir şey
idi, başqa bir planetin, başqa sivilizasiyanın həyatına bənzəyirdi.
Həmin sentyabr günü bazar günü olsa da, Izabel əvvəldən planlaşdırdığı kimi,
Bakının 35 kilometrliyindəki Buzovna kəndində qaçqınlarla bu səfərinin son
görüşünü keçirməyə getdi və onu müşayiət edən rəsmi dövlət məmuru və yerli
tərcüməçi qızla birlikdə maşına minməzdən əvvəl məmurdan soruşdu:
– Bu gün bazardı... Onları narahat etməyəcəyik?
370
Məmur Izabelə baxdı və heç nə demədi, daha doğrusu, Izabel hiss etdi ki,
məmur – gödəkboylu, arıq və yəqin ki, qaçqınlarla belə görüşləri çox keçirdiyinə
görə günün altında yanıb qaralmış bu kişi, sadəcə olaraq, deməyə söz tapmadı və qız
burasını da hiss etdi ki, verdiyi sualın idiotluğu özünün də yanaqlarını qızardır...
Izabel ertəsi gün səhər tezdən Cenevrəyə qayıdacaqdı, ona görə də bu son
görüşü tez keçirib, axşam da olsa, mütləq Qubaya, Qırmızı Qəsəbəyə getmək
istəyirdi, çünki Izabel, az qala, cismani surətdə hiss edirdi ki, o yerlərə getməsə, heç
olmasa, bircə saat o yerlərə anasının gözləri ilə baxmasa, Zibanın ruhu ondan
inciyəcək, hətta, küsəcək və buna görə də Buzovnada fəhlə yataqxanasındakı görüş
çox çəkmədi.
Əslində, daha belə görüşlərə qaçqınların da həvəsi və deməyə bir sözü
qalmamışdı, çünki nə qədər söz var idisə, bu on-on bir ildə hamısını demişdilər,
amma nə olsun? – xaricdən gəlirdilər, baxırdılar, hər şeyi öz gözləri ilə görürdülər,
başlarını bulayırdılar, hətta, eləsi olurdu ki, bax, bu uzun, kürən qız kimi, gözləri
dolurdu, elə bu qız kimi də, fotoaparatla şəkil çəkirdilər, blaknotlarında nəsə
yazırdılar, sonra da çıxıb gedirdilər – nə dəyişirdi?
Məmməd kişinin arvadı Sürəyya xala ikinci mərtəbədəki aralıqda həmin uzun,
kürən qızın – Izabel Xanukoffun qabağını kəsib və qaçqınların işləri ilə məşğul olan
bəzi məmurların: «– Xaricdən gələnlərlə nəzakətli olun»– xahişini də bir tərəfə
tullayıb:
– Bura bax, – dedi. – Bizə heç nə lazım deyil! Bizə humanitar yardım da lazım
deyil! Onu da aparın ermənilərə verin! Bizə heç nə lazım deyil! A tövbə! Bizə
Şuşanı qaytarın! – Sonra üzünü tərcüməçi qıza tutdu: – Az, tərcümə elə! Nətər
deyirəm, elə də tərcümə elə! – Və tərcüməçi qız onun sözlərini tərcümə etməyə
başlayanda, beşinci mərtəbədən düşüb uşaqlarla birlikdə xaricdən gələn növbəti
qonağa tamaşa edən Qalibin – Cümü ilə Sonanın oğlunun – qolundan yapışıb irəli
çəkdi. – Bax, bu Şuşanı görməyib, burda anadan olub! Bunun vətəni bu
yataqxanadı! Yataqxana adamın vətəni olar? Yataqxana adamın torpağı olar?– Sonra
da aralığın açıq pəncərəsindən əlini uzadıb zeytun ağacının altındakı skamyada
oturmuş Məmməd kişini göstərə-göstərə əməlli-başlı qışqırdı, elə bil, Şuşanı erməni
yox, bu uzun, kürən qız onların əlindən almışdı. – Odur, bax, – dedi, – mənim kişim
on ildi orda oturub öz-özü ilə danışır! Nər kimi kişi idi! Top atsaydın, yıxılmazdı! –
Və daha da bərkdən qışqırdı: – Şuşanı qaytar bizə! Şuşanı!.. Şuşanı!..
Məmməd kişi arvadının səsini eşidib zeytun ağacının altından soruşdu:
– Nolub Şuşaya?
Sürəyya xala:
– Heç nə olmayıb Şuşaya! – dedi və özünü saxlaya bilməyib hönkürə-hönkürə
qonaqlardan ayrılıb yaşadıqları otağa girdi.