373
Yüngül bir xəzri əsdiyi üçün dənizin ləpələri qayalığa çırpılır, köpüklənə-
köpüklənə geri çəkilirdi və elə bil, ləpələrin o ardıcıllığı həmin axşam bu yerlərə
çökmüş havasızlığı təsdiq edirdi. Cümü birinci dəfə idi ki, bu qayalığa tamam ayıq
gəlmişdi və elə bil, dəniz də, bu qayalar da əvvəlkindən də qat-qat artıq dərəcədə
yad bir yer idi və qayalıqda oturmuş Cümü bir də onu gördü ki, zır-zır ağlayır, elə
ağlaya-ağlaya da əlindəki fransız ətrinin bantını dartıb açmaq, kağızını cırıb
tullamaq, şüşəni qutusundan çıxarıb ətirlə bərabər qayalığa çırpmaq istədi və öz-
özünə:
– Nə zırıldayırsan, ə, əclaf oğlu əclaf?! – dedi.
Görünür, bir az əvvəl bu yerlərdən mal-qara keçmişdi, çünki dənizin iyinə bir
təzək iyi də qarışmışdı. Cümü burnunun suyunu çəkə-çəkə əlində tutduğu ətir
qutusuna baxırdı və həmin sentyabr gününün axşamı qəribə bir hadisə oldu: birdən-
birə, elə bil, o dəniz və təzək iyinə fransız ətrinin də iyi qarışdı (elə bil, Cümü,
doğrudan da, o ətri qayaya çırpmışdı) və güman ki, dünya yaranandan bəri indiyədək
Abşeronda heç kimin heç vaxt hiss etmədiyi qarışıq və iyrənc bir qoxu Cümünün
burnuna gəldi...
Bu vaxt yüngül xəzrinin qayalığa çırpdığı o yeknəsəq ləpə ardıcıllığı içində qart
və hirsli bir qaqqıltı eşidildi – hoppanıb qayalığa çıxmış bir xoruz (Qırmızı xoruz!),
ardıyca da iki anac toyuq, elə bil, bu kimsəsiz sahildə çoxdan bəri adam görmədiyi
üçün, düz Cümünün üstünə gəlirdi. Cümü ayağa qalxıb fransız ətrini pencəyinin
cibinə qoydu, əli ilə burnunun pərələrini tutub bərkdən fınxırdı, burnunun suyunu
qayalığa çırpdı və aşağı enib tır-tıra tərəf getdi.
O iyrənc iy hələ də Cümünün burnundan getməmişdi və Cümüyə elə gəldi ki,
elə bil, pencəyinin cibindəki o fransız ətri də iylənmiş qurbağa ölüsü kimi bir şeydi.
Qırmızı xoruz da, toyuqlar da qaqqıldaya-qaqqıldaya qayalıqdan düşüb onun
ardınca getdi.
Mator isti olduğu üçün tır-tır bir-iki dəfə nərə çəkib tez işə düşdü və o nərələr də
Qırmızı xoruzu, toyuqları kənara qaçırmadı, əksinə, daha da bərkdən və daha artıq
bir narazılıqla qaqqıldamağa başladılar, elə bil, haray-həşir salırdılar ki, ey insan,
bizi burda qoyub hara gedirsən, istəyirsən ki, qurda-quşa yem olaq?
Bu quşlar hardan azıb gəlib bura çıxmışdılar?
Bu boyda Buzovnada onların yiyəsini tapmaq, əlbəttə, müşkül məsələ idi. Son
vaxtlar Abşeronda siçovullar çoxaldığı üçün, kol-koslu quru çöllərdə, dəniz
kənarındakı qamışlıqlarda tülkü çoxalmışdı, bəzən gecələr buralardan çaqqalların
vaqqıldaşması eşidilirdi və bu heyvanlar bir neçə dəfə gecə bu yerlərdən keçib evə
gedən tır-tırın da yolunun üstünə çıxmışdı.
Şübhəsiz ki, səhər açılanda bu özündənrazı xoruzdan da, onun o toyuqlarından
da bu əbləh dünyada, ancaq tükləri qalacaqdı. Cümü sağ əlinin barmaqları
arasındakı siqaretin tüstüsünü ciyərinə çəkə-çəkə, sol əlini uzadıb quşları qovmaq
istədi, amma Qırmızı xoruz, elə bil, elə buna bənd imiş kimi, hoppanıb qanadlarını
yelləyə-yelləyə tır-tırın adda-budda quru ot tökülmüş kuzovuna qondu, toyuqlar da
eləcə Qırmızı xoruzun ardınca kuzova atıldılar və qaqqıldaya-qaqqıldaya, elə bil,
taksi müştəriləri idi, tır-tırın tərpənməyini gözləməyə başladılar.
Cümü yenə fınxıraraq burnunun hələ də qurumamış suyunu bu dəfə asfaltın
üstünə çırpıb:
– Yaxşı, – dedi, – sizi çaqqal yeyənəcən, elə bizimkilər yeyər. – Sonra, elə bil,
özünə bəraət qazandırmaq üçün: – Çaqqallar yeməyə şey tapacaq! – dedi və tır-tırı
sürüb dünyanın çox cansıxan yerlərindən biri olan bu qayalıqdan uzaqlaşdı.
374
XXII
Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında
olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı
eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz
qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar
hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi,
Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını,
parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı
xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.
Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
– Axmaq oğlu axmaq! – dedi. – Bilirdim ki, onun axırı elə belə olacaq!
Balacaxanım Qırmızı xoruzu tapacağına ümidini tamam itirib:
– Heç olmasa, – dedi. – Allah bir yetim-yesirə qismət edəydi onları!..
Ağadadaş:
– O xoruzu ki, mən tanıyıram, o köpəyoğlunun yetim-yesirlə arası yoxdu! – dedi
və həmin payız günü birinci dəfə güldü. – Bizi bəyənmədi, bəy axtarır...
XXIII
Izabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla
bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı,
qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın
Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa
Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.
Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli –
azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə,
zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da
Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, Izabel
xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun
ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu
tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq,
bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər
tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə
baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.
Sonra o cavan və yaraşıqlı (hündürboylu!) oğlan Izabeli Qubanın Qəşrəş
meşəsindəki məşhur kababxanada əsl Qafqaz kababı yeməyə dəvət etdi. 32 yaşına
çatdığına baxmayaraq, Izabelin indiyə qədər hələ heç bir azərbaycanlı, ümumiyyətlə,
heç bir qafqazlı ilə heç bir məhəbbət macərası olmamışdı və Quba, doğrudan da,
gözəl bir yer idi, sabah səhər Cenevrəyə yola düşməsinə də hələ bütöv, azad və
sərbəst bir gecə qalırdı, ona görə də Izabel Xanukoff o cavan oğlanın dəvətini
məmnuniyyətlə qəbul etdi.
XXIV
... çox-çox illər bundan əvvəl Yevlaxdan Bakıya gedən qatar on yeddi yaşlı bir
oğlanı işıqlı, hərarətli, sirli-sevincli bir Gələcəyə aparırdı...
... və o qatarın dəmir çarxlarının çakka-çukunu, sədası uzaqlardan gələn bir
«Qarabağ şikəstəsi» müşayiət edirdi...