348
və şair yenə gözlərini onlardan çəkib tavana zillədi, düzdü, şair qızdırmalı beyni
ilə hiss elədi ki, belə bir biganəliyi cavan ananın könlünə toxundu, hətta, böyük
qızının pərtlikdən gözlərinin dolduğunu da gördü, amma daha bir söz, ümumiyyətlə,
nəsə deməyə həvəsi olmadı...
yad idi...
hamı və hər şey yad idi...
və həmişə də belə olmuşdu...
* * *
1953-cü ilin yas içində olan həmin soyuq mart axşamlarından birində, kəndin
camaatı, həmişəki kimi, kolxoz idarəsinin qabağına toplaşıb, uzun bir dirəyin
başında quraşdırılmış radio aparatında rəhbərin ölümü ilə bağlı matəm verilişlərinə
qulaq asırdı və bu zaman, atası o aparatdan «gənc şair» kimi oğlunun adını eşidəndə,
məşhur diktor Soltan Nəcəfovun ifasında oğlunun şerinə qulaq asanda ürəyi uçundu,
əvvəlcə kişiyə elə gəldi ki, rəhbərin ölümü ona elə təsir edib ki, qulağına qeybdən
səs gəlir, amma bütün ətrafındakıların onun özündən də beşbetər bir heyrət içində
olduğunu görəndə, tamam mat qaldı: bilmədi rəhbərin ölümünə ağlasın, ya o
radiodan oğlunun adını eşitdiyinə, kənd camaatının da beləcə mat qalıb, gah ona,
gah da, məktəbin binasından var gücü ilə qaça-qaça kolxoz idarəsinin qabağına tərəf
gələn oğluna baxmağına sevinsin?
***
Yazılmamış şerlərdən:
BIRINCI ŞER
(Yazılmamış yazı?)
dağılır payızın
boz buludları
görünür günəş
kolun dibi ilə
sürünən ilanın haça dili
– donur havada
quruyub düşür yerə
qarışır xəzələ
ötür payız
keçir qış
gəlir yaz
qalxır torpaqdan
haça başlı
qırmızı gül
solur
çıxanda günəş
açır
gecənin qaranlığında
IKINCI ŞER
349
qara şeh düşmüşdü
o təzə tər lalənin
qara ləçəklərinə
sökülürdü qapqara dan yeri
ölə ölə
qara dağa dırmaşan
karbüratoru xarab
sınıq sökük avtobusun
tüstüsü və tırıltısı
basmışdı aləmi
çaşmışdı təbiət
rəngləri səhv salmışdı
hissləri korşalmışdı
qara şəfəq saçdı dan yeri
qapqara köpüklərlə
köpüklənə köpüklənə
tökülürdü yarğan boyu
qara şəlalə
ÜÇÜNCÜ ŞER
bir boz payız səhəri
hələ sökülməmiş dan yeri
bir boz külək əsdi
bakının küçələrində
bir boz külək əsdi
bakının küçələrində
süpürüb apardı
xəzan yarpaqlarını
küçəyə atılmış
boş koka-kola bankalarını
işlənmiş qandonları
kağız qırıntılarını
qəzet parçalarını
çirkli polietilen torbaları
və mənim yaşadığım illəri
polietilen torbalar
quş kimi
ağaclara qonurdu
uzaqlardan
səsi gəlirdi
bir birinə dəyib
danq danq fəryad edən
boş bankaların
* * *
350
O zaman – 70-ci illərin əvvəllərində – Amerika imperializminə qarşı mübarizə
aparan Anjela Devis uzun, arıq, gözlərində iri şüşəli eynək, qara qıvrım saçları da
qırxılmış çay koluna oxşayan bir qız idi və şair o zaman gözəl bir zürafəyə oxşayan
o zənci qızın şərəfinə böyük bir şer yazmışdı və həmin şer çox populyar oldu,
məşhur və boğazı möhkəm artistlərin ifasında 7 Noyabr, Sovet hakimiyyətinin
yaradılmasının ildönümündə, zəhmətkeşlərin 1 May bayramına həsr olunmuş
təntənəli rəsmi bayram gecələrində, rəhbərlərin iştirak etdiyi konsertlərdə,
televiziyada oxundu, rus dilinə tərcümə olunub, SSRI-nin baş qəzeti (qəzetlər
müdiri!) «Pravda»da dərc edildi, dərsliklərə salındı və o uzun şeri o dərsliklərdən
əzbərləyən şagirdlər, indi, yəqin, Anjela Devisi çoxdan yaddarından çıxarıblar, o
şerin hansısa misraları bəlkə kiminsə hafizəsində ilişib qalıb, amma, görəsən,
müəllifin kim olduğunu necə, xatırlayırlar? kim indi gedib onlardan soruşacaq ki,
otuz il bundan qabaq Amerika Birləşmiş Ştatlarında imperializmə qarşı mübarizə
aparan və zürafəyə oxşayan bir zənci qız – Anjela Devis var idi, yadınıza gəlir? bir
şer də yazmışdılar ona, sizin dərslikdəydi, o şeri necə, xatırlayırsız?
Yüz faiz xatırlamırlar.
Bəs, deyirlər, yazıya pozu yoxdu?
Bütün sözlər kimi, bu da – boş sözlərdi.
Guya, birinci, söz yaranıb – nə olsun?
Bir də ki, şagirdlər bu gün o şeri və o şerin müəllifini xatırlayırlar, ya
xatırlamırlar, bunun nə mənası var?
Heç bir mənası yoxdur.
Bəs basketbolçuya oxşayan o qız (o zaman gözəl bir zürafəyə oxşayırdı, indi
əgər sağdısa, kim bilir, kimə oxşayır? bəlkə indi zürafəyə yox, filə oxşayır?) bilsə ki,
dünyada Azərbaycan adında bir məmləkət var və o Azərbaycan məmləkətində otuz
il bundan əvvəl onun şərəfinə şer yazılıb, şagirdlər məktəbdə o şeri əzbər söyləyib,
qiymət alıblar – kimi «2», kimi «5» – nə fikirləşər? hansı hissləri keçirər? necə
mütəəssir olar?
Amma o zənci qız nə fikirləşəcək, hansı hissləri keçirəcək, bunun da – yüz faiz
– heç bir mənası və bir qara qəpiklik qədər qiyməti yoxdur.
* * *
– Toş!.. Toş!..– atası eşşəyin ipini dartırdı.
Həmin gün – şairin dəqiq yadındaydı – o araba yolunu da, bütün o ətrafları da
çən basmışdı, narın-narın çiskinləyirdi və odunların üstündən yerə enmiş o altı yaşlı
oğlan gah sinəsini, gah kürəyini, təkəri palçığa batıb yerindən tərpənməyən arabanın
arxasına dirəyib hıqqana-hıqqana güc verərək, tez-tez də nazik belindən sürüşüb
düşən şalvarını yuxarı çəkərək, arabanı itələyirdi və axır ki, araba yerindən dəbərdi,
o altı yaşlı oğlan da dörd-beş addım arabanın dalınca gedib yenə öz yerinə –
odunların üstünə dırmaşdı və bir müddət o çənin-çiskinin içi ilə eləcə getdilər, sonra
birdən atasının gözü oğlunun yükün üstündən sallanmış ayağına sataşdı:
– Qaloşun hanı?
Oğlan ayaqlarına baxdı: birində qaloş var idi, o biri isə yalın idi – bayaq arabanı
itələyəndə qaloşun bir tayı ayağından çıxıb palçıqda qalmışdı və oğlan qanrılıb
arxaya baxdı, elə bil, o çənin-çiskinin içində o balaca qaloş tayını görəcəkdi.
Bayaqdan bəri çarxın palçığa batmağından və eşşəyin də əzvaylığından
hirslənmiş kişi, acığını uşağın üstünə tökdü: