341
Oğlu bu sağlığı söyləyəndə, sonra da kürəkəni bu sözləri deyəndə, Əminə xanım
eynəyinin qalın şüşələri arxasından zəndlə, çarpayıda uzanıb başını iki ağappaq
qalın balıncın üstündə dikəltmiş şairə baxdı: şair, xəstələnəndən sonra daha da
nazilmiş və tamam solmuş dodaqları ilə gülümsədi və başını yavaş-yavaş tərpədib,
elə bil, oğlunun dediklərini təsdiq etdi və şairin gözlərindəki o ifadə o Yeni il gecəsi
Əminə xanımın bütün içini qəhərlə doldurdu – şairin gözlərindəki o ifadədə bir
minnətdarlıq var idi, elə bil, şair oğluna, qızlarına, kürəkəninə, bəlkə elə Əminə
xanımın özünə də təşəkkür edirdi ki, onlar heç hara getməyiblər, bu Yeni il gecəsini
onunla bir yerdə keçiriblər... Hətta Məmməd müəllimə... Məmməd müəllimə də
təşəkkür edirdi ki, icazə verib, böyük qız, kürəkən, Əminaşka bu gecə onlara, yəni,
Məmməd müəllimgilə yox, bura – şairin yanına gəliblər...
O ağrılar şair kimi bir şəxsiyyəti sındırmışdı...
Şairin əzablarını ancaq morfi iynəsi azaldırdı.
Əminə xanım qorxdu ki, özünü saxlaya bilməyib ağlayar, mətbəxə keçdi,
mikrodalğalı sobanın qapağını açıb, içində cızhacız qızaran qaza baxdı və bu vaxt
oğlu mətbəxə gəlib sevinclə:
– Papa soruşur ki, qaz necədi?– deyə xəbər verdi.
Əminə xanım bayaq oğlunun dediyi o sözlərdəki minnəti yadından çıxardı
(doğrudan da, o sözlərdə elə də bir qəbahət yox idi, qarışqadan fil düzəltmək lazım
deyil və heç kim də o sözlərə fikir vermədi) və şairin əvvəlki gözəl Yeni il gecələri
kimi, mikrodalğalı sobanın içində qızaran qazla maraqlanması Əminə xanımın
kefini, elə bil, bir az durultdu və o, qaza baxa-baxa:
– Əladı!– dedi.
Sonra daha bir möcüzə baş verdi: şair zəif səslə, amma, az qala, tamam
unudulmuş bir şövqlə dedi:
– Mən də araq vuracam!
Oğlu qədəhlərə araq süzdü, şair arıqlayıb uzanmış və saralmış barmaqları ilə
qədəhi özü tutub, neçə vaxtdan bəri ilk dəfə araq içdi və düzdü, arıq çənəsindən bir
az araq süzülüb yaxasına töküldü, amma o araq neçə aydan bəri, elə bil ki, kiçik
gözlüyü də olmayan və havasızlıqdan boğulan bu otağın pəncərələrini taybatay açdı,
içəri təzə hava əsdirdi.
Və o gecə Əminə xanımın ürəyində belə bir dəli ümid baş qaldırdı ki, bəlkə,
həqiqətən, bir möcüzə baş verəcək? bəlkə, əri, doğrudan da, sağalacaq, ayağa
qalxacaq, əvvəlki kimi olacaq? amma elə ki, bir azdan – hələ yeni 2002-ci il
gəlməmiş şairi yuxu apardı, gecə keçdi, sübh tezdən şairin dəhşətli ağrıları yenə, ilan
başı kimi, başını dik qaldırdı, yenə gəlib morfi vurdular, Əminə xanımın ürəyindəki
o dəli ümid də həmişəlik sönüb getdi.
* * *
Elə bil ki, nə isə dartınıb şairin içindən çıxmaq istəyirdi, onun bədənindən azad
olmaq istəyirdi, amma çıxa bilmirdi, əlləşirdi-vuruşurdu, şairin bütün içini ələk-
vələk eləyirdi, vurnuxurdu, eşiyə çıxmağa, qarışqa yuvasının deşiyi kimi bir yer
axtarırdı, amma çıxa bilmirdi və doğrudanmı, içində beləcə vurnuxan, eşiyə beləcə
can atan, beləcə azadlığa çıxmaq istəyən şairin təbi idi?
o təb onu qoyub niyə qaçmaq istəyirdi?
o təb onsuz nə edəcəkdi?
boşluq olacaqdı o təb, hava olacaqdı, nə olacaqdı?
342
hər şey keçmişdə qalıb... quyunun dibində... qapqaranlıq quyunun dibində...
o quyunun dibindən heç kim qalxmayıb və heç kim də qalxmayacaq...
o quyunun ağzı bu dünyadadı, dibi isə tamam başqa bir dünyadadı...
* * *
Heç kim bilmirdi ki, onun iki yaradıcılığı var:
a) yazılmış şerləri (poemaları, mənzum pyesləri, Puşkindən, Nekrasovdan,
Mayakovskidən, Nazim Hikmətdən, Yeqor Isayevdən, Eduardas Mejelaytsinin (bu
Litva şairinin Lenin mükafatı aldığı vaxtlar), Pablo Nerudadan, Tunis şairi və SSRI-
nin dostu Mustafa əl-Farsinin ruscaya çevrilmiş şerlərindən, Sovet Ittifaqı
dağılandan sonra isə Mandelştamdan, Svetayevadan, Iosif Brodskidən, Mehmed
Akifdən tərcümələri və s.
b) və bir də – bax, bunu heç kim bilmirdi!– yazılmamış şerləri.
Şairin yazılmamış o şerləri, eləcə yazılmadı və heç zaman da yazılmayacaq.
O yazılmamış şerlərdən min dəfə yaxşıları yazılacaq, yəqin onlardan pisləri də
çox yazılacaq, amma onun o yazılmamış şerləri heç zaman yazılmayacaq.
* * *
Beş il bundan qabaq – şairin 60 yaşı tamam olanda – düzdü, respublikanın
rəhbərləri onu təbrik etdi və bu təbriklər qəzetlərdə dərc olundu, televiziya ilə onun
haqqında verilişlər verildi, o, müstəqil Azərbaycan Respublikasının «Şərəf» ordeni
ilə təltif olundu, universitetlər, elmi institutlar, bir sıra şəhər və rayonların (kiçik
qızının hesablamasına görə, onların sayı 23 idi) icra hakimiyyətləri onunla görüş
keçirdilər, amma şair Respublika Sarayında təntənəli yubiley gecəsindən imtina etdi:
– Qarabağ ermənilərin əsarətindən azad olunmayanacan, mən heç bir yubiley
istəmirəm! – dedi.
Və şairin bu bəyanatını bütün qəzetlər çap elədi.
Əminə xanım:
– Qarabağın dərdini çəkmək elə bizə qalıb də!– dedi.
Kiçik qızı dərindən ah çəkib:
– Papa belədi də!..– dedi.
Əminə xanım:
– Öküz kimi oğlanlar bığlarını bura-bura bazarda pomidor satır, amma
Qarabağın dərdini biz çəkirik!..– dedi.
* * *
Yazılmamış şerlərdən:
xatirələr
bu yağışlı günlərdə
güzgü kimi
sınır bir bir
yerə tökülmüş
güzgü qırıqlarında
gün işığı
ocaq şöləsi
qulaq parası