333
Mister və missis
Blyumentallar sonsuz idi, azdanışan, sakit, rahat, qayğısız
həyatı sevən adamlar idi.
Missis Blyumentallın ağappaq bir pudeli var idi və o pudellə daha çox danışırdı,
nəinki mister Blyumentalla, yaxud da miss Consonla, iti tez-tez təmiz havaya
çıxarırdı, onu özü təmizləyirdi, özü çimizdirirdi, özü pudeli xüsusi bərbərin yanına
aparıb yeni dəblə qırxdırırdı, qıvrım tüklərini özü darıyırdı, onu özü yedizdirirdi və
miss Conson bu itlə bağlı heç bir əziyyət çəkmirdi.
Mister Blyumentall maliyyəçi dairələrdə məşhur və nüfuzlu bank işçisi olmaqla
bərabər, məşhur da kolleksiyaçı idi, qədim musiqi alətləri yığırdı və işdən gəlib
yüngülcə bir şamdan sonra, gecənin yarısına qədər vaxtını, ideal bir səliqə ilə
kolleksiyanı topladığı ayrıca üç otaqda keçirirdi, zəngin kolleksiyasındakı nadir
nümunələrdən birini götürüb rahat kreslosunda əyləşirdi, böyüdücü şüşə ilə baxa-
baxa o nümunəni santimetr-santimetr tədqiq edirdi, cürbəcür məlumat kitablarına,
kataloqlara baxırdı və sairə.
Kolleksiyadakı nümunələrin, o cümlədən, Q. da Salonun bir, A. və N.Amatilərin
bir, Stradivarinin isə iki (!) skripkasının tozunu da mister Blyumentall şəxsən özü
alırdı və bu baxımdan da missis Consonun heç bir qayğısı və qorxusu yox idi ki,
birdən nəsə əlindən yerə düşər, əzilər, zədələnər, nəyəsə toxunar...
* * *
Firuzənin nə təqsiri var idi? hə? nə təqsiri var idi? heç nə... gör sən bu evi, bu
yazıq Firuzəni hansı günə gətirib çıxarmısan ki, meynənin yarpaqlarını yığıb aparıb
bazarda satmaq istəyir... sənin o atan ki, bu meynəni bu həyətdə əkmişdi, əkəndə heç
onun ağlına gələrdi ki, haçansa oğlunun ailəsi o günə qalacaq ki, arvadı gedib
bazarda meynə yarpağı satmağa möhtac olacaq?.. o rəhmətlik papaqçı Cəfər ki, o
qoşa hörüklü qızı zurnaçıya vermək istəmirdi (yaxşı da eləyirdi!), klarnetçalana
verdi (çox da səhv bir iş tutdu!), indi qızının bu gününə qəbirdə tərpənməsin, nə
eləsin?.. axmaq oğlu, axmaq, Firuzənin əlini itələməkdənsə, get, öz başını divara vur
də, Firuzə neyləsin?..
... və mizin arxasında dinməzcə oturub, barmaqlarını sındıran Fətulla, görəndə
ki, Firuzə həyət qapısından otağa girdi və Firuzənin gözləri də ağlamaqdan
qıpqırmızı qızarıb, özünü güclə saxladı ki, durub Firuzəni qucaqlamasın, «sənin nə
günahın var, əzvayın biri mənəm!»– deməsin, amma Fətulla özünü saxladı və
qorxdu ki, birdən Firuzənin yanında gözləri dolar, ona görə də gözlərini mizin
üstündə eləcə ovuşdurduğu barmaqlarından çəkməyə ürək eləməyib təkcə elə:
– Axı, nədi e?.. – soruşdu.
Firuzə də ona baxmadı, mizin üstündəki çay-çörək qalığını yığışdıra-yığışdıra
titrək bir səslə:
– Uşağın kiçik toyu olacaq də... – dedi.
... indi başa düşdün, kütbeyin oğlu, kütbeyin, başa düşdün, ya yox?.. hədiyyə
almaq istəyir də, uşağa, nə ilə alsın?.. gedib nə eləsin?.. sənin o klarnetin elə sənin
başına dəysin!.. nə gətirirsən evə?.. gətirdliyini elə öz qarnına tıxırsan də!..
Məsələ burasında idi ki, düz beş gündən sonra – üzümüzə gələn bazar –
Fətullanın beş yaşlı oğlan nəvəsini sünnət edəcəkdilər və Firuzə də uşağa hansı
hədiyyə almaq və o hədiyyəni hansı pulla almaq barədə fikirləşəndə, axırda gümanı
gələn yer bu qoca üzüm ağacı olmuşdu...
... başa düşdün, axmaq oğlu, axmaq!..
334
* * *
Əlbəttə, Fətulla bilirdi ki, «Payız yağışı»ndan gələn pul azdı, evin xərcinə bəs
eləmir, amma işin lap belə bir vəziyyətə gəlib çıxdığını bilmirdi, çünki pulu gətirib
verirdi Firuzəyə, evin xərcləri ilə də Firuzə məşğul olurdu və Firuzə də Fətullaya
şikayət etmirdi ki, qanı qaralmasın, onsuz da Fətulla əlindən gələni edirdi, yaşının
bu çağında, kababxanaya gəlib-gedən övladı yaşında müştərilərin (özü də necə
müştərilərin! biri kefli olurdu, o birisi dalaşqan olurdu, o birisi də, Allah bilir, hansı
yuvanın quşu olurdu...) sifarişilə klarnet çalırdı – Fətulla bədbəxt, bundan artıq nə
etməli idi?
Ancaq kürreyi-ərz alt-üst olsaydı da, Fətulla razı ola bilməzdi ki, onun evində
elə bir vəziyyət yaransın ki, nəvəsinin kiçik toyuna hədiyyə almaq üçün, Firuzə
bazara gedib yarpaq satmaq fikrinə düşsün.
Və bu zaman Fətulla gəlib, Firuzənin xüsusi səliqə ilə bəzədiyi bufetin
qabağında dayandı, gözlərini bufetin yuxarı qatında, şüşənin arxasındakı o qədim
sədəfli balabana zillədi. Üstü gümüş, sədəf və firuzə ilə işlənmiş bu balaban
Fətullaya ata-babasından qalmışdı və Fətullagilin evinin çox əziz bir ərməğanı idi.
Vaxtilə bu balabandan qəzetlər də yazmışdı, muzeydən də gəlib onu almaq
istəmişdilər, amma Fətulla verməmişdi, çünki Fətulla belə fikirləşirdi ki, əgər, bu
balabanı satsa, ya kiməsə versə, dədə-babasının ruhu qarşısında kişiyə yaraşmayan
bir iş görmüş olar.
Və ümumiyyətlə, hərdən Fətullaya elə gəlirdi ki, o gün ki, Fətulla bu balabanı
yerə qoydu və klarneti əlinə götürdü, o gündən də bu balaban təkcə Fətulladan yox,
bütün dünyadan küsdü.
Amma bəzən – ildə bir dəfə, bəlkə də iki ildə bir dəfə Fətulla balabanı bufetdən
çıxarırdı, həyətə çıxırdı, o meynənin qabağındakı balaca çarhovuzun həmişə səliqə
ilə əhənglənmiş sürahisində otururdu, o balabanı sazlayırdı və bir «Sarı gəlin»
çalırdı.
Və o zaman Fətulla hiss edirdi ki, barmaqları balabanın dəlikləri üstündə
oynadıqca, balaban onunla barışır və Fətulla bir də onu hiss edirdi ki, balabanı
axırıncı dəfə bufetin gözünə qoyandan sonra, bütün bü müddət ərzində, balaban
səbrlə bu günü – həyətdəki bu xudmani «Sarı gəlin» bayramını gözləyib.
Muzey işçiləri balabanın üstündə ərəb əlifbasında sədəflə yazılmış yazını da
oxumuşdular və Fətulla o yazını kiril əlifbası ilə ağ bir kağıza yazdırıb, muzeylərdə
olan kimi, balabanın qarşısına qoymuşdu:
Il – 923.
Camadiül-əvvəl – 6.
Təbriz.
Usta Məhəmməd ibn Yusif ibn Mütəllib.
Bu – balabanı Təbrizdə yaratmış ustanın adı və hicri təqvimlə yaranma tarixi idi
ki, elə həmin muzey işçilərinin hesablamasına görə, milad ilə 1516-cı il iyun ayının
30-u eləyirdi.
Sovet vaxtı indiki kimi deyildi, muzeylərin pulu çox idi və o muzey işçiləri çox
çalışdılar, çox əlləşib-vuruşdular, amma Fətulla balabanı muzeyə satmadı, icazə
verdi ki, gəlib şəklini çəksinlər, hara istəyirlər göndərsinlər, nə istəyirlər yazsınlar,
amma o sədəfli balabanın özü eləcə bu bufetin yuxarı qatında qaldı və mötəbərliyi
daha da artdı.