326
Yəqin ki, o ulduzlar dünyasının içi indi burdan göründüyü kimi gözəl bir şey
deyildi, çünki uzaqdan gözəl görünən bir şey yaxına gələndə, görürsən ki, içi zibil
yeşiklərinin içi kimi bir şeydi, amma Əliqulu buna hazır idi, əsas o idi ki, ora tamam
başqa bir dünya idi və Əliqulu da o başqa dünyanın sakini olacaqdı və bir də heç
zaman Yer kürəsinə qayıtmayacaqdı.
Əliqulunun bütün həyatında – evlənənə qədər də, evlənəndən sonra da, ancaq bir
qadın olmuşdu, o da arvadı idi və arvadı indi belinə yuyulmaqdan adda-budda
süzülmüş ağ mələfə salıb və böyrü üstə nazik döşəyin üstündə uzanıb o on altı qızıl
dişli karonka macərasından xəbərsiz yavaşdan xoruldaya-xoruldaya yatmışdı və
hərgah, doğrudan da, bir möcüzə baş versəydi, yəni, o əcaib-qəraib məxluqlar
Əliqulunu götürüb özləriylə o ulduzlar dünyasına aparsaydı, bəs, bu yazıq arvadın
işi necə olacaqdı?
Onda bu yazıq arvadın gedib məsçidin qapısında oturub dilənçilik eləməkdən
savayı bir çarəsi qalmayacaqdı.
Yox, lazım deyildi o ulduzlar dünyası, bu gözəl arzunu ürəyindən çıxarıb atmaq
nə qədər kədərli bir şeydisə də, belə olmalı idi, çünki kimin alnında yazılmışdısa, o
da o ulduzlar dünyasında yaşayırdı, Əliqulunun isə alnında yazılmışdı ki, bu Yer
kürəsində yaşasın, burda ölüb, burda da izi-sorağı itsin, Yer kürəsinin torpağında
çürüyüb qalıqları milyon-milyon insanın qalıqlarına qarışsın.
* * *
Dünyanın zibil yeşikləri üfunət qoxumayaydı, onlardan ətir iyi gələydi, onda nə
olardı?
Onda başqa dünya olardı.
* * *
Bir nəfərin bütün içi xərçəng yarasıydı, metastaz bütün sümüklərinəcən
işləmişdi və həkimlərin verdiyi möhlət barmaqla sayılası günlər idi.
O adamın qarabasma, mürgü və ayıqlıq arasındakı şüuruna birdən-birə başı qarlı
böyük bir dağın surəti gəlib qondu və onun qarabasma, mürgü və ayıqlıq arasında
çapalayan, tamam qaranəfəs olan, bir ocaq istisindəymiş kimi yanan şüuru o dağdan,
elə bil ki, bir sərinlik götürdü, o sərinlik bütün bədənindən keçdi, hətta artıq hiss
etmədiyi ayaqları da, elə bil ki, o tərtəmiz dağ sərinliyindən bir az üşüdü və qəribə
bir hadisə baş verdi: bədənindən keçən o sərinlik, gücdən düşmüş ayaqlarının o xəfif
üşüntüsü onun şüurundakı o qarabasmanı qovmağa, o mürgünü dağıtmağa başladı,
elə bil, özü ilə bir aydınlıq, bir yüngüllük gətirdi və o adam neçə gündə ilk dəfə
ağzını açıb söz dedi: «– Məni dağa aparın...»
327
Həyatının son istəyi kimi, o adamın dediklərinə əməl etdilər, onu böyük bir dağa
apardılar və dağın ətəklərinəcən nə qədər yol varıydısa, o qədər də getdilər və o
adamın şüuru, elə bil, kiçik bir quş oldu, qanad açıb o dağın ətəklərində süzdü,
sıldırım yarğanlarının üstündən ötdü, o dağın qarşısında qıpqırmızı günəşin
çıxmasını gördü, o günəşin göyə qalxmasını, əyilməsini və sabah yenidən doğmaq
üçün dağın arxasında batmasını gördü, dağın qarlı başı buludları yarıb keçmişdi və o
balaca quşu buludlardan o tərəfə çağırırdı, o yerlərə ki, orada saflıqdan başqa bir şey
yox idi və o xəstə son aylarda ilk dəfə ayağa durdu, addım-addım o dağa qalxmağa
başladı, yaxınları, əzizləri əvvəlcə onun əlindən, qolundan tuturdular, sonra xəstənin
addımları bərkidi, sonra yaxınları, əzizləri onunla ayaqlaşa bilmədi və o xəstə
təkbaşına qalxa-qalxa buludlardan o tərəfə keçdi, buludlardan o tərəfdəki o saflıq
içində düz zirvəyə qədər qalxdı və geri qayıdanda yaxınları, əzizləri xəstə əvəzinə,
sağlam, gümrah bir kişi gördü.
Hamı bu sağalmanı möcüzə hesab etdi.
Amma burada möcüzə yox idi.
Sadəcə olaraq, o adamın ürəyindəki saflıqla dağın o saflığı üst-üstə düşmüşdü.
Və bu əhvalat keçmiş zamanlarda və uzaq diyarlarda baş vermişdi...
21 avqust 2001.
Zuğulba.
328
«SARI GƏLIN»
... sonra bir şıdırğı yağış yağdı və birdən-birə bu dağların sal daşları, yamyaşıl
döşləri və adda-budda o döşlərdə bitmiş ağacların eləcə yamyaşıl çətirləri, kolların
yarpaqları, dibində ağappaq bir köpüklə köpüklənə-köpüklənə çay axan yarğanın
üstü ilə uzanıb gedən sıldırım qaya parçalarını tozdan, torpaqdan yuyub tərtəmiz etdi
və tərtəmiz bir parıltı ilə də işım-işım işıldatdı və bu dəm bu dağlar, bu yaşıllıq, bu
sal daşlar, yarğan boyu uzanan o sıldırım qayalıq dünyanın genişliyindən,
əvvəlsizliyindən və axırsızlığından xəbər verdi...
... sonra bütün bu genişliyi, əvvəlsizliyi və axırsızlığı bir səda bürüdü və o səda
altında, elə bil ki, o yarğanın dibi ilə köpüklənə-köpüklənə axan o çayın, o dağların,
o yamyaşıl döşlərin özü o sədaya söz söyləməyə başladı:
Saçın ucun hörməzlər,
Səni mənə verməzlər,
Nə ola bir gün görəm,
Nazlı yarın, ah, üzünü...
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin...
... sonra o şıdırğı yağış kəsəcəkdi, sonra axşam düşəcəkdi, sonra da bütün bu
yerlərə bir qaranlıq çökəcəkdi, amma o səda da, o mahnı da yenə bu yerlərlə birlikdə
olacaqdı:
Bu dərənin uzunu,
Çoban, qaytar quzunu...
Nə ola bir gün görəm,
Nazlı yarın üzünü...
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin...
* * *
«Payız yağışı» kababxanasının görkəmində adından savayı yaxşı bir şey yox
idi. Sovet Ittifaqı zamanı Bakının 3-cü mikrorayonunda tikilmiş səkkizmərtəbəli
yaşayış binasının həyətinin aşağı başında hansı müəssisəninsə balaca bir avtomobil
təmiri emalatxanası var idi, amma elə ki, Sovet Ittifaqı dağıldı, kimlərsə bu
emalatxananı özəlləşdirdilər, sonra da oranı kababxana elədilər.
Düzdü, deyilənə görə bu kababxanada yaxşı kabab bişirirdilər, amma o
səkkizmərtəbədə yaşayan adamlar ocaq tüstüsündən, daimi kabab iyindən, ora gəlib-
gedən müştərilərin hərdən səs-küy salmasından çox narazı idilər, yeganə xoşagələn
bir şey var idi ki, bəzən «Payız yağışı»ndan həzin bir klarnet səsi gəlirdi, o zaman
sakitlik çökürdü, o klarnetin səsi səkkizmərtəbədəki insanların içində nəsə elə bir
hissiyyat yaradırdı ki, onlar bir müddət o daimi kabab iyini də, o ocaq tüstüsünü də,
tərbiyəsiz müştərilərin qışqır-bağırını da yaddan çıxarırdılar...
* * *