Şamaxıdan Ağaəli bəy Əfəndizadə Şirvan şairlərinin
bir bağlama şerlərini
göndərmişdi. Onların arasında Naseh təxəllüslü şairin də bir neçə qəzəli vardı.
Firidun bəy bağlamadakı şerlər içərisində ən çox Nasehin qəzəllərini bəyənmişdi.
Ona görə də Ağaəli Əfəndizadəyə məktub yazıb rica edirdi ki, yeni kitabına daxil
etmək üçün Naseh təxəllüslü şairin qəzəllərindən bir neçəsini yenə göndərsin.
Bir neçə gündən sonra Abbas Səhhətdən aldığı məktub Firidun bəyi heyrətdə
qoydu. Səhhət yazırdı ki, Sizə şerlərini Naseh təxəllüsü ilə göndərən Ağaəli bəy
Əfəndizadənin özüdür. Ağaəli bəy utancaq və təvazökar olduğuna görə Sizə özü
barədə məlumat verməmişdir.
Sonralar Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı” kimi sanballı əsərinin
“Şirvan şairləri” fəslində şamaxılı Ağaəli bəy Nasehi hörmət və məhəbbətlə yad
edirdi:
“Ağaəli bəy Naseh şerləri qayət dərəcədə gözəldir.
Ol şəxsin özü isə farsca,
rusca savadlı bir şəxsdir. Hətta ərəbcəni də yaxşı bilir. Xüsusən Ağaəli bəy
Nasehin haqqı bizim boynumuzda artıq dərəcədədir ki, Şamaxı şüərasının
tərcümeyi-hallarına dair bir çox məlumat bizə cəm edib göndərmişdi. Bu barədə ol
cənaba səmimi-qəlbdən razılıq izhar edib, Cənabi-həqqdən ona xoşbəxtlik və
tuliəmr mərhəmət olunmasını təmənna edirik”.
Müasirlərinin xatırladığına görə, Firidun bəy
Köçərlinin bu sözləri Ağaəli
bəy Nasehə verilən ən düzgün qiymətdir.
İndiyədək ədəbiyyatşünaslığımızda tədqiq olunmayan Naseh təxəllüslü şair
Ağaəli bəy Hacı Məhəmməd oğlu Əfəndizadə 1856-cı il sentyabrın 10-da
Şamaxıda anadan olmuşdur. İlk təhsilini Şamaxıdakı “Üsuli-cədid” məktəbində
almışdır. Atası tacir olduğundan ona ticarət işlərində köməkçi olan Ağaəli bəy on
altı yaşına çatdıqda fars və türk dillərində aldığı təhsillə kifayətlənməyib rus
dilində də oxumağa həvəs göstərmiş və üç sinifli şəhər məktəbində dörd il təhsilini
davam etdirmişdir.
Respublika Əlyazmalar İnstitutunun xəzinəsində “Nasehin tərcümeyi-halı”
adlı əlyazma saxlanılır. Əlyazmanın müəllifi göstərilməsə də, üslubundan və
faktlardan onun müəllifinin məşhur maarifçi Camo Cəbrayılbəylinin
olduğunu biz
şəkk-şübhəsiz təsdiq edirik. Çünki Camo Cəbrayılbəylinin 1966-cı ildə nəşr
olunmuş “Xatirələrim” dəki faktlarla Əlyazmalar İnstitutunda saxlanan “Nasehin
tərcümeyi-halı”ndakı faktlar arasında çox böyük oxşarlıq var. Camo xatirələrində
etiraf edir ki, Nasehin tərcümeyi-halını ondan yaxşı bilən yoxdu. “Mən hələ uşaq
ikən ailəmiz Nasehgil ilə yaxınlaşmış, Naseh böyük bacımla evlənmişdi”.
Camo Cəbrayılbəylinin Əlyazmalar xəzinəsində saxlanan yazısı Nasehin ilk
gəncliyi haqda daha “maraqlı faktlarla zəngin olduğu uçün bir parçanı diqqətinizə
çatdırırıq:
“Babası Hacı Baba Əfəndi zəmanəsinin adlı adamlarından olub öz övladları
üçün bir qədər maddi ehtiyat qoymuşdu.
Hacı Məhəmməd bir müddət ticarətlə məşğul olduqdan sonra kasıblığa
düşüb vəfat etmişdir. Ağaəli bəy yalnız öz təşəbbüsü ilə uyezdnoye uçilişe adlı
məktəbə girib orada oxumağa başlamış, bərabər olaraq türk, ərəb və farsca dəxi
Molla Camı adlı şəxsin mədrəsəsində təhsilə davam edirmiş.
Rusca məktəbə girməsindən qoca anası və əqrəbası məmnun deyillərmiş.
Çox vaxt anası Pərizad rus dilində yazılmış kitabları gizlədərmiş, ya da çölə
tullarmış. Bununla belə az bir zamanda təhsilində müvəffəqiyyət qazanıb yavaş-
yavaş fars kitabları oxumağa başlamışdır. Ehtiyac
məcbur etdiyi üçün təhsili
buraxmış və uyezdnoye uçilişenin üçüncü sinfindən çıxıb qulluq etməyə məşğul
olmuşdur. Bir müddət əvvəl Kürdəmirdə, sonralar Şamaxıda silistçi dilmancı
vəzifəsində çalışaraq dolanmışdır. Həm rusca, həm də türk, ərəb və farsca mütaliə
edərək təhsilini daim artırmağa çalışmışdır. Nəhayət, rus
və türkcə mükəmməl
savadlı olduğu üçün o vaxtkı mülahizələrə görə, bir qədər də tərəqqi edərək
mirovoy sudda katib müavini vəzifəsinə cəlb olunumuş.
Hələ çocuq ikən şer yazmağa həvəsi olduğu üçün doqquz yaşında yazdığı
məktubu nəzmlə yazmağa can atmışmış. Bir tərəfdən çarizm siyasətinin boğucu
təsiri, o biri tərəfdən zəmanəsinin şairlərlə rəqabətsizliyi, nəhayət, ən cüzi bir
dolanacaq ehtiyacı vaxtını əsər yazmağa sərf etməyə imkan verməmişdir. Şerlə
yalnız imkan bulduğu zaman məşğul olurmuş. Ərəb və farsca biliyi o dərəcədə idi
ki, istər ərəbcə, istərsə də farsca kitabların üzərilə göz gəzdirib
hekayə kimi nəql
edərdi.
Çocuq ikən başına toplanıb “Min bir gecə” dən hekayə söyləməsini rica
edərdik. Şerlərini Sabir, Səhhət, Tərrah, Hacı İsmayıl Veysov və bir-iki nəfər sair
yaxın adamlardan ibarət olan məhramanə məclisdə oxuyurdu.
Çox zaman Firidun Köçərli ilə yazışaraq öz əsərlərini ona göndərərdi. İlk
zamanlar Naseh Köçərliyə kim olduğunu söyləməyib Nasehin şerləri haqqında
onun rəyini sorurdu. Köçərlinin məktubunun birində “Nasehin şerləri fil-həqiqət
qüvvətlidir və xoşuma gəldi” yazısını şəxsən özüm 1912-ci ildə oxumuşam.
Səhhət, Sabir, Tərrah da öz şerlərini Köçərliyə Naseh vasitəsilə göndərirdilər.
Zatən çox utancaq və başıaşağı bir adam olduğu üçün yazdıqlarını hələ-hələ
meydana çıxarmazdı və yalnız ən yaxın adamlar üçün oxuyurdu”.
Naseh çox gənc ikən Şamaxıdakı “Beytüs-səfa” şairlər məclisinin fəal iştirakçısı
olmuşdur. “, Məhəmməd Səfa, Ələkbər Qafil, Qafar Rağib,
Molla Ağa Bixud,
Ağababa Zühuri, Mirzə Mahmud Zui, Mirzə Məmmədhəsən Nalə, Salik Şirvani
kimi klassik üslubda yazan şairlərlə şerləşmişdir.
Şerdə, sənətdə ən yaxın dostları Mirzə Ələkbər Sabir, Abbas Səhhət,
Məhəmməd Tərrah və Məhəmməd Hadi olmuşdur. Məclislərdə oxunan şerlərə ən
düzgün qiyməti Naseh verdiyinə görə dostları onu öz aralarında Mizanüşşüəra -
şairlərə qiymət verən ən düzgün tərəzi adlandırırdılar.
Seyid Əzim Şirvanidən
sonra Şamaxı şairlər məclisinin rəhbəri Ağaəli bəy Naseh olmuşdur.
Nasehin qaynı, məşhur maarifçi Camo Cəbrayılbəyli xatirələrində yazır ki,
Mirzə Ələkbər Sabirin rus dilini az-çox öyrənməsində hamıdan çox Nasehin təsiri
olmuşdur.
Nasehin məsləhətilə Abbas Səhhət tədriclə rus dilində oxuyur, klassikləri
öyrənirdi. Onun üçün aydın olmayan cümlələr və kəlmələrin izahı haqqında
Nasehə müraciət edirdi. Naseh isə hər bir sözün həqiqi və məcazi, dar və geniş
mənasını cümlə içərisində konkret misalla izah edirdi. Nasehlə Səhhət arasındakı
belə elmi mübahisədən mən daha çox qazanırdım. Birindən rus dilinin
incəliklərini, o birindən Şərq ədəbiyyatının qüdrətini öyrənirdim.