Hüseyn əfəndi Qayıbzadə olmuşdur. O, 1860-cı ildə M.F.Axundovun
məsləhəti ilə
tərtib etdiyi dörd cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir”
toplusunda Əbdürrəhman ağa Dilbazoğlunun “Dağlar”, “Ağlaram”, “Eylədi”
qoşmalarını və Cavad xana yazdığı otuz doqquz bənddən ibarət müxəmməsini
daxil edib. Şair Əbdürrəhman ağa yenilməz Cavad xana bir qoşma və bir
müxəmməs yazmışdır.
Ədəbiyyatşünaslığımızın atası, müqtədir tədqiqatçı Firidun bəy Köçərli
“Azərbaycan ədəbiyyatı” adlı iki cildlik sanballı əsərində Əbdürrəhman ağanın
yaradıcılığından danışanda onun məhz Cavad xana yazdığı müxəmməsini yüksək
qiymətləndirir. O yazır:
“Mərhum Əbdürrəhman ağanın əsərlərində ən əhəmiyyətlisi Gəncə xanı
Cavad xan Ziyadxanoğlunun rus qoşunu ilə 1804-cü səneyi-miladidə etdiyi cəngin
və xaniməfhumun göstərdiyi rəşadət və hünərin və filcümlə onun sərgüzəştinin
barəsində yazdığı müxəmməsdir”.
Firidun bəy Köçərlinin şair Əbdurrəhman ağa Dilbazoğlu haqqında tədqiqatı
bir də ona görə əvəzsizdir ki,
burdan oxucuya məlum olur ki, qırx iki yaşında şairi
gürcü çarı II İrakli gözdən nəyə görə məhrum edib. Axı, 1799-cu ilin yayında Ağa
Məhəmmədşah Qacarın Tiflisə müzəffər yürüşündə Cavad xan da fəal iştirak
etmişdi. O vaxtlar Qazax qəzası Gürcüstanın himayəsində idi. Əli bir yana
çatmayan II İrakli çuğulların fitvası ilə Cavad xanın qəhrəmanlığını tərənnüm edən
şair Əbdürrəhman ağanın gözlərini çıxartdırır. Bu barədə Firidun bəy Köçərli daha
dəqiq məlumat verir:
“Bəzi müfsidlərin ki, (
fəsad salan, düz işi pozan - Ş.N.) Əbdürrəhman ağa
ilə şəxsi ədavətləri var imiş, şeytənət ilə Gürcüstan hakimi İrakli şah şairdən
bədgüman olur ki, guya Əbdürrəhman ağa Qazax mahalının Cavad xana tabe
olmasına səy və güşiş edir və Cavad xan ilə həmsirdir. Onların mabeynində bir
para siyasi və mühüm məsələlər barəsində məxfi gövtükulər olunur. İrakli şahın
qəzəbi cuşə gəlib şairin haqqında böyük zülm və siyasət edib gözlərini çıxartdırır.
Bilmək
gərəkdir ki, Əbdürrəhman ağa ziyadə maddəli, fəsih və dilavər bir
adam imiş ki, doğru söyləməkdən əsla ehtiyat xövf etməz imiş və öz eli içində
nüfuzlu və möhtərəm və sözü ötgün sayılırmış. Tamami hünər və səyini öz elinin
və vətəndaşlarının xeyir və səlahı yolunda sərf edərmiş. Vəli mərhumun bədxahı
və düşmənləri də çox imiş. Öz işi və səlahını unudub camaat dərdinə yanmaqdan
axrı düşmənlərinin hiylə və şərarəti ucundan çeşmi-cahanbinindən məhrum olur”.
Bəli, belə qədir və qiyməti bilinməyən millət bahadırlarının haqqında
deyirlər ki: “El üçün ağlayan gözsüz qalar!” Maraqlıdır ki, 1804 -cü ildən ta bu
günlərimizə qədər Əbdürrəhman ağadan başqa heç bir şair cəsarət edib ruslara
qarşı vuruşan, torpağını, elini istilaçılardan qoruyan
mərd Cavad xana belə bir
qəhrəmanlıq nəğməsi yazmamışdır.
Qaldı tənha ol Cavadxan, gör necə ad
eylədi,
Urdu tiğin sərbəsər küffarə bidad
eylədi,
İki bürcün saldatın çox qırdı,
bərbad eylədi,
Əhli beytin möhnətin ol dəmdə kim, yad
eylədi,
Ya İlahi, saxla sən der, intizarəm
yardən.
Çağırur ərşdə mələklər, mərhəba,
ey xan Cavad,
Din yolunda qıldın axır ömrünü viran
Cavad,
Məsnədi-ücbadə oldun sahibi-dövran
Çavad,
Mənzilindir, durma gəl,
bu rövzeyi-rizvan Cavad,
Seyr qıl cənnəti-təcri
təhtiha -inəhardən
Ol Ziyad, oğlunu sanma mülki əbədi
viran ola,
Hardadır anlar kimi sərdar,
əgər meydan ola,
Hər zaman zün-intiqamdan əmr ola,
fərman ola,
Şaira, heyraniyəm ol gün ki, bu divan
ola,
Ol Ziyad oğlu deyən bir gün gələn
sərdardən.
Ruslar Gəncəyə hücum edəndə ermənilərin satqınlığını, “Tiflis
Qapısı”nı açıb gavur həmməzhəblərini qalaya buraxmasını, Cavad xanın tənha
qalmasını da ürək yanğısı ilə qələmə alıb:
Ermənistan gördi rusi, döndi birdəm
hər nə var,
Şəmsəddin xəlqi əzəldən çıxdı,
getdi bərkənar.
Əbdürrəhman ağanın mənsub olduğu Dilbazilər
nəsli ötən əsrlərdə bir neçə
görkəmli şair yetişdirmişdir. Onun iki bacısı oğlu - Mustafa ağa Arif Şıxlinski
(1774-1845), Kazım ağa Salik Şıxlinski (1781-1842) və əmisi oğlu, “Vəhidi”
təxəllüslü Hacı Rəhimağa Dilbazov (1822-1875) zəmanənin, dövrün məşhur
şairləri olmuşlar.
Firidun bəy Köçərli, Mirzə Hüseyn əfəndi Qayıbzadə, Salman Mümtaz,
Feyzulla Qasımzadə, Həmid Araslı kimi müqtədir ədəbiyyatşünaslar bu şairlərin
yaradıcılığı haqqında məhəbbətlə söhbət açıblar. Əbdürrəhman ağa bu günümüzün
görkəmli şairi Mirvarid xanım Dilbazinin ulu babasıdır.
Hörmətli
redaktor, şair Əbdürrəhman ağa Dilbazoğlunun Cavad xana
yazdığı otuz doqquz bəndlik müxəmməsi bir poema həcmindədir. Təbiidir ki,
qəzetinizin belə böyük həcmli müxəmməs dərc etmək imkanı yoxdur. Ona görə də
şair Əbdürrəhman ağanın altı bəndlik “Eylədi” qoşmasını möhtərəm oxucularımıza
təqdim edirəm.
EYLƏDİ
Gəncənin fəth və zəbti babındadır,
Dövləti-rusiyyə ilə Cavad xanın
cəngi və qətlə yetişməgi
xüsusundadır.
Ey qazilər, gəldi qəzadan bəla,
Bir olmaz müsibət dövran eylədi.
Yüz verdi qövqayi-dəşti-Kərbala,
Ruslar Gəncə şəhrin viran eylədi.
Ruslar Gəncəyə oldu havalə,
Döküşdü Cavad xan, gəldi zəvalə,
Gəlmədi Azərbaycan bu qeylü qalə,
Nə bir kömək Şəki, Şirvan eylədi.
O zaman ki, Rəsul ruzi-rəğayib,
Buyurmuşdu, ümmətim görər əcayib,
İza təmm-ül-qürab təril-əcayib,
Hədisin peyğəmbər əyan eylədi.
Mövla ki, oldu Cavad xandan razı,
Pozulmaz təqdirdə yazılan yazı,
Xəbərdar olmadı xunkar qazı,
Nə bir mədəd şahi-İran eylədi.
Cavad xan ki zühur oldu anadan,
Bir mərd idi əzəl başdan, binadan.
Şəhid oldu, çıxdı dari-fənadan,
Mənzilin rövzeyi-rizvan eylədi.
Şair onda məzlum olan canların,
Həqq eylər divanın ol yamanların,
Mən də heyraniyəm ol zamanların,
Görəm Uğurlu xan fərman eylədi.