Məhşəri qoşmalarında böyük sələfi Vidadi və Vaqifin də təsiri var:
Məhşəriyəm, qan ağlaram, gülmənəm,
Qanlı yaşım gözlərimdən silmənəm.
Zəhd nədir, təqva nədir bilmənəm,
Rahi-xərabatın nə pərvanəsiyəm.
“ANNAX BƏY”
ŞERİNİN TARİXİ
Qazax bəylərindən qonağı gəldi,
Bir həftə ziyafət göyə yüksəldi,
Şah Abbas şülənli məclis düzəldi,
Hatəm süfrəsini aşdı Annax bəy.
Bu misraları ulu Aşıq Ələsgər 1916-cı ildə Salahlı Annax bəyin oğlu Mədəd
bəyin toy məclisində deyib. Altmış ildən əvvəl çap olunan “Annax bəy” şerinin
yazılma tarixi bu günə qədər heç kəsə məlum deyil. Nədənsə, tədqiqatçıların
marağına səbəb olmayıb. Şübhəsiz ki, onları “bəy” sözü qorxudub. Əgər aşıq,
Annax bəyə həcv yazmış olsaydı, tədqiqatçılar da onu tənqid atəşinə tutardılar.
Amma ustad Ələsgər şeri elə yazıb ki, tənqidə zərrəcə əl yeri qoymayıb.
Müdrik Aşıq Ələsgər Annax bəyə həcv yazmadığı halda, yenə insafsız
tərtibçilər “Annax bəy” şerini aşığın seçilmiş əsərlərinin “həcv və hərbə-zorbalar”
fəslinə daxil ediblər. Kimliyi barədə isə heç bir izahat verməyiblər (“Aşıq
Ələsgər”, I kitab, səh.201. “Elm” nəşriyyatı, 1973-cü il).
Kimdi Annax bəy və Ələsgər kimi ustad sənətkar necə olub ki,
ona belə bir
gözəl şer yazıb?
...Salahlı Annax bəyin çoxdankı arzusu imiş ki, gözünün ağı-qarası bircə
oğlu Mədəd bəyin toyunu aşıq Ələsgər aparsın. Bu arzu ilə də, 1916-cı ildə
Göyçəyə adam göndərib ustadı xeyir işinə dəvət edir. Bir həftəlik xeyir işində
səxavətli bəyin özünə bərabər adlı-sanlı Qazax bəyləri, ağaları da iştirak edir.
Ağköynəkli İsmayıl ağa Qiyasbəyli, Qıraq Kəsəmənli İsrafil ağa Kərbalayev,
Salahlı Mədəd bəy Vəkilov, Əskiparadan Mikayıl ağa, Söyünbəyli Söyün ağa
Sübhanverdixanov, Daşsalahlı Məmməd
koxa Mahmudov, şair Abbas ağa Nazir
Qayıbov, Borçalıdan Sadıq bəy Yadigarov, Əbdürrəhman ağa Dilbazi, Gəncədən
Nağı xan və başqaları.
Həftə tamam olur, toyun son günündə bəylər, ağalar Aşıq Ələsgərə xələt
verirlər ki, bizə Annax bəyin tərifini de.
Müdrik Ələsgər dinmir. Fikirli-fikirli meydanda gəşt eləyir. Bəylərin
arasına pıçhapıç düşür: bəlkə aşığın
xələti az oldu, bəlkə Annax bəyə layiq söz
tapa bilmir, - deyənlər olur. Aşıq Ələsgər görür ki, fikirlər gedib ucuzluğa calanır.
Bu vaxt üzünü məclisə tutub deyir:
- Həzərat, sizin hər birinizi yaxşı tanıyıram. Yaz gəlib Göyçənin yolları
açılandan ta payız qırovu düşənədək sizin süfrənizdə çörək kəsirəm. Annax bəyin
şərəfinə sinəmdə bir neçə bənd söz var, deyəcəm. Amma gərəkdi, kimsə inciməsin,
aşıq gördüyünü çağırar. Mən də bir
həftədə şahidi olduğumu deyim, eşidin.
Bununla da məclisi bağlayaq. Ömürdü, gündü, bəlkə bu yerlərə bir də güzarım
düşmədi...
Eyvanın, otağın mübarək olsun,
İmarəti al qumaşdı, Annax bəy!
Bu yerdə gördüyüm bəylər içində,
Səxada hamıdan başdı Annax bəy.
Bəylərin bəyisən, xanların xanı,
Unutma insafı, satma imanı,
Əldə əsas tutma qəni dövranı,
Neçələri gəldi keşdi, Annax bəy.
Vaxt olacaq, ömür yetəcək başa,
Hörmət qoy hamıya, hörmətli yaşa.
Bu dünya işinə qılsan tamaşa,
Mal-dövlətin sonu puşdu, Annax bəy.
Yazıq Ələsgərin çoxdu nalası,
Silinmir, könlünun açılmır pası,
Hər zaman qəm çəkir, saxlayır yası,
Gəşt eyləyir gözü yaşdı, Annax bəy.
Ağsaqqalların
dediyinə görə, bu, Dədə Ələsgərin Qazağa sonuncu səfəri
olub. “Qulaqlı yer” Qazax bəylərinin gileyini ustada çatdırıb. Sən demə, bəylərin
bir parası Aşıq Ələsgərin Annax bəyə dediyi bir misradan daha çox incik düşüblər:
“Bəylərin bəyisən, xanların xanı” - deyimi bəzi bəylərin xətrinə dəyib. Gözü
götürməyən qəlbi qaralar Annax bəyə deyilən həqiqi tərifdən rəncidə olublar.
Bu günümüzün el şairi Qulu Çaylının da elin igid oğlu Annax bəyin
səxavətinə “Deyim” adlı müxəmməsi var:
Gəlin sizə isnad verim,
Salahlıda Annax bəyi.
Kəsmək ona adət imiş,
Hər qonağa bir inəyi.
Gecə-gündüz yığılmayıb
Süfrəsinin bol çörəyi,
Daş Salahlı Məmməd koxanın,
Əyilməyib nər biləyi.
Əyrilərə şılğam çəkib,
Dolaşıb aşkara deyim.
Hazırda Annax bəyin nəsli Orta Salahlı kəndindədir. Onlar Annaxbəyovlar
familini daşıyırlar.
Qazaxda olanda ağsaqqal Müseyib Dilbazi ilə görüşdüm, bir axşam qonağı
oldum. Keçmiş igidlərdən, bəy və ağalardan xoruz banına qədər söhbəti-söhbətə
caladıq.
Müseyib əmi:
- Məndə - dedi, - Annax bəy Salahlının, İsrafil ağa Kərbəlayevin və babam
Əbdürrəhman ağa Dilbazinin 1890-cı ildə Batum şəhərində birgə çəkdirdikləri
şəkilləri var.
Şəklin üzünü çıxartdırmaq üçün Müseyib əmidən icazə istədim.
Səxavətli
Müseyib əmi:
- Bağışlayıram, - dedi - bu şəkli sənə, oğul, amma itirmə, çalış dərc elətdir.
On ildən çox şəxsi arxivdə dustaq qalan bəylərin şəklini aşkarlığın işığında
oxuculara təqdim edirəm. Dilbazilər ocağının xeyirxah ağsaqqalı Müseyib əmiyə
yüz yaşlı şəkli mühafizə edib saxladığına görə minnətdarlığımı bildirirəm.
1990-cı il, 20 sentyabr.
AŞIQ ƏSƏDİN BİR
MÜXƏMMƏSİ
Əziz “Bulaq”!
Avqustun 17-də elin böyük ozanlarından birini - aşıq Əsədi yada saldığınıza
görə Sizə və yaradıcı kollektivinizə minnətdaram. Arzu edirəm, el yolunda
gördüyünüz xeyir iş bəhrəli olsun. Milyonlarla dinləyiciniz kimi mən də hər bazar
günü Sizin - xüsusilə Məhluqə xanımın rəvan, məlahətli səsini həsrətlə gözləyirəm
(Heyif ki, Səməndər Rzayevsiz. Allah ona rəhmət eləsin).Gün
o gün olsun ki,
düşmənlərimizə qalib gəlmək xəbərini də ilk dəfə Sizdən eşidim.
Verilişinizdə aşıq Əsəd Rzayevin adını eşidəndə yadıma onun arxivimdə
saxladığım, heç yerdə dərc olunmayan “Deyim” adlı müxəmməsi düşdü. Bu
müxəmməsi iyirmi iki il əvvəl mərhum aşıq Bəhram Həsənovun yaddaşından
yazıya almışam. Rəhmətlik Bəhram əmi məşhur el şairi Daşsalahlı Mirzə Səmədin
qardaşı oğlu idi. Aşıq Sadığın şagirdi Bəhram əmi şair Mirzə Səməddən, aşıq
Əsəddən də çox şeyləri də görüb-götürmüşdü. Yaxşı hafizəyə, güclü səsə malik
olan Bəhram əmi eldə, obada sayılan, hörmət olunan aşıqlardan biri idi.
Toylarda, şənliklərdə Bəhram əmi aşıq Əsədin “Deyim” müxəmməsini ayrı
şövqlə, ayrı tamda, ləzzətdə oxuyardı. Müxəmməsdə adı çəkilən igid
həmkəndlilərinin hər biri haqqında ilhamla danışardı.
Öncə aşıq Əsədin müxəmməsi nə münasibətlə yazdığını sizin qulluğunuza
çatdırmaq istərdim. Onu mənə Bəhram əmi danışmışdı.
1914-cü ilin yayında Qazağın xeyirxah kişilərindən biri,
məşhur mülkədar
Məmməd koxa Mahmud oğlu Mahmudov Damcılıdan bir az aşağıdakı bulağı