- Buyurun, - dedi, - amma qısa olsun.
- Vitse-admiral Aslanbəyovun milliyyəti məni maraqlandırır, başqa heç nə...
-
Bilmirəm, - deyib təəccüblə üzümə baxdı,
- necə məgər, rus deyil? Siz
hardansınız?
- Bakıdanam, - dedim. - Zənnimcə admiral rus deyil.
- Deyilənə görə, bakılıda deyil.Onun erməni olduğunu deyənlər də var. Əgər
sizi maraqlandırırsa, bir azdan bizim otağa gələrsiniz. Otaqda aydınlaşdırarıq.
Gərək ki, onun sənədləri saxlanılır... Həmin gün əsas fond bağlı oldu. Yelena ilə
səhər görüşmək üçün vədələşdik. Əsas fondun bu gün bağlı olmağı onu da narahat
etmişdi. Ona görə də mənə belə bir məsləhət verdi:
- Vaxtınız varsa, bu gün “Sevastopol şəhər panoramı”na da baş çəkin.
Admiral Aslanbəyov haqqında orada da məlumat olmalıdır.
...Panoram-muzeydə məni pis qarşılamadılar. Amma gəlişimin məqsədini
biləndə ağız büzdülər. Dedilər ki, admiral azərbaycanlı ola bilməz,
o illərdə
sizinkilərdən orduya, donanmaya götürmürdülər.
- Niyə götürməyiblər? - Dedim, - götürüblər. Bu müharibədə (1853-56-cı
illər) hər birində beş yüz nəfər döyüşçü olan Azərbaycan süvari alayları və ayrıca
Qarabağ cəbhəsində əldə etdiyi qələbələrdə Azərbaycan süvariləri xüsusilə
fərqlənirdi. Bu qələbə Krım uğrunda gedən döyüşlərdə vəziyyəti bir qədər
yüngülləşdirdi. Müharibədə üç yüz əllidən çox azərbaycanlı zabit və əsgər təltif
olunmuşdur. Vuruşanların da əksəriyyəti bəy, xan və ağa nəslindən olan oğullar
idi.
Təəssüf ki, burada admiral Aslanbəyov haqqında heç bir sənəd tapılmadı.
Amma muzey işçilərinin göstərdiyi ədəbiyyatdan
öyrənə bildim ki, 1855-ci ildə
Sevastopolda güclü döyüşlər zamanı admiral Naximov ağır yaralanıb.
Mərkəzi kitabxanaya gedib, admiral Naximovla bağlı kitabların hamısını
sifariş verdim. Yazıçı Yuri Davıdovun “Naximov” sənədli povestində belə bir
epizoda rast gəldim: “Konsilium müəyyən etdi ki, Naximovun vəziyyəti
ümidsizdir. Həkimlər onun bundan sonra yaşamasına inanmırdılar. Ölüm yatağında
Naximovun əzabı qırx saat çəkdi. Qırx saat tamam olanda canvermə başladı.
Həmin anlar şahid kapitan-leytenant Aslanbəyovun gündəliyində dəqiq yazılıb:
“İyunun 30-da saat on birə yaxın onun nəfəs alması daha da gücləndi. Otaqda
sakitlik hökm sürürdü. Həkimlər mübahisəni kəsdilər və otaqdakılar çarpayıya
yaxınlaşdılar. Sokolov ucadan və çox aydın şəkildə dedi: “Budur, ölüm
yaxınlaşır...”
Beləliklə, Pavel Stepanoviçin həyatının son dəqiqələri başa çatırdı.Xəstə
birinci dəfə dartındı. Tənəffüsü xeyli zəifləmişdi. Hamının
beynindən ölüm fikri
keçdi. Lakin o, bir neçə dəfə dərindən nəfəs aldıqdan sonra yenidən dartındı və
yavaşdan nəfəs aldı. Bu dəfəki hal o qədər aldadıcı idi ki, hətta həkimlər də səhv
etmişdilər. Onlar qulaqlarını xəstənin ürəyinə yaxınlaşdırır və kədərli halda
başlarını tərpədərək ölümün yaxınlaşdığını təsdiq edirdilər. Ancaq Sinopun
qəhrəmanı hələ də ölümlə mübarizə edir, elə bil ki, həyatla heç cür vidalaşa
bilmirdi; can üstündə olan
yenə də konsilium hərəkət etdi, yenədə üç dəfə dərindən
nəfəs aldı və bir neçə dəfə yanıldıqları üçün otaqdakılardan heç kəs onun son
nəfəsini duya bilmədi. Lakin müəyyən an ötdükdən sonra Voyevodskinin sualına
Sokolov bərkdən “keçindi” cavabını verdi. Hamı saata baxdı, saat on bir on dəqiqə
idi”.
Sonra “Naximov” əsərinin müəllifi Yuri Davıdov izah edir ki, admiralın ən
yaxın adamı kimi kapitan-leytenant Aslanbəyovun qeydlərində heç bir fantaziya
yoxdur. Məhz ona görə də admiral Naximovdan yazan bütün rus tədqiqatçıları
Aslanbəyovun qeydlərinə əsaslanırlar: akademik Y.Tarle,
məşhur hərbi cərrah və
həmin müharibənin iştirakçısı N.Pirotov və başqaları.
Sonralar “Naximovun bioqrafiyası” adlı əsərin müəllifi Aslanbəyov yazır ki,
admiral Kornilovun həlak olmasını eşidən Naximov ona son borcunu verməyə
getdi. Mən içəri girəndə Naximov ağlaya-ağlaya artıq ölmüş dostu Kornilovu
öpürdü.
* * *
Sabahkı günü həyəcanla gözləməyə başladım.
Uzun bir dəhlizdən keçib, həyətə çıxdıq. Dolama pilləkənlərlə aşağı düşüb
qapısına “İnqilaba qədərki mühafizə” sözləri yazılmış otağa daxil olduq. Yelena
hər şeyi təfsilatı ilə ağ saçlı qadına danışdı. Onun üzünə donuq bir ifadə çökdü.
Əlindəki qələmi oynada oynada təəccüb və kinayə ilə məni süzdü. Dodaqaltı nəsə
mızıldanıb yerində qurcalandı. Qadının əhvalının pozulduğunu duyan Yelena öz işi
üçün xahiş edən adamlarsayağı: “Rica edirəm, həm öz adımdan,
həm də uzaq yol
gəlmiş bu yoldaşın xatirinə etiraz etməyəsiniz. Görünür, çox lazımdır...”
Yerindən durmaq istəməyən müdir ağır-ağır başını qaldırıb rişxəndlə:
- Bunun üçün Bakıdan buraya gəlmisiniz? - xeyli duruxdu:- Axı,
Aslanbəyov erməni admiralıdır. Sizin axtarışınız məncə, mənasızdır.
- Ola bilməz, - dedim, - əvvəla ona görə ki, admiralın familiyası
Aslambəyov deyil, Aslanbəyov ola bilər. İkincisi də, əgər erməni olsaydı,
Aslanyan olardı.
- Siz bunları hansı mənbədən və nəyə əsaslanıb deyirsiniz?
- O illərdə heç bir erməni familiyasında “bəy” sözü ola bilməzdi. “Bəy”,
“xan” və “ağa” titulları ancaq müsəlman xalqlarına məxsusdur. Ermənilərin isə
bircə titulu olub: “məlik”, o da sonradan. Fondun müdiri nə Yelenaya, nə də mənə
bir söz demədən
durub sol tərəfə buruldu, sonu görünməyən rəflər arasında yoxa
çıxdı. Yelena əyilib arxasınca baxdı. Əlini dodaqlarının üstunə qoyub astadan
yeniyetmə qızlara məxsus şıltaqlıqla:
- Dənizçilər demişkən, kursu belə də tutun, hələlik biz onu məğlub eləmişik.
Bircə Allah eləsin, familiya məsələsi siz deyən kimi olsun.
Təxminan on-on beş dəqiqədən sonra əlində qədim boz bir qovluq geri
qayıdan mühafizəçi yerində oturub, bizi heç görmürmüş kimi özü vərəqləməyə
başladı. Dərin, sükutlu bu yarım zirzəmi otaqda arabir açılan
vərəqin səsi mənim
intizarımı daha da artırırdı.
Handan-hana:
- Baxaq görək, - dedi, sizin sözlərinizdə həqiqət varmı? Şəxsən mən şübhə
edirəm ki, belə bir görkəmli admiral müsəlman ola...