SəNDƏn payim



Yüklə 0,81 Mb.
səhifə9/18
tarix01.02.2018
ölçüsü0,81 Mb.
#23031
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

Onuncu fəsil


Bayramdan sonra Səməd Həmədana getdi. Bir gün gəlib dedi: “Muştuluq ver, Qədəm, pasdar2 oldum. Demişdim ki, imama əsgər olacağam!”

Dediyinə görə, işi inqilab məhkəməsinə düşmürdü. Şənbə günü səhər tezdən Həmədana gedib cümə günü axşamüstü gəlirdi. Mən etiraz etməzdən öncə deyirdi: “Bilirsən məhkəməyə nə qədər iş tökülüb?! Allah şahiddir ki, sənə və Xədicəyə görə olmasaydı, bu iki günü də gəlməzdim”.

Yenidən hamilə olduğumu öyrənmişdim. Buna hövsələm yox idi. Bu xəbəri digərlərinə necə verəcəyimi bilmirdim. Narahat halda dedim: “Həmədana getməyin lazım deyil. Mənim halım pisdir, bir şey fikirləş. Deyəsən, yenə hamiləyəm”.

Əsla narahat olmadan tez əllərini göyə qaldırıb dedi: “İlahi, şükür! İlahi, Sənə yüz min dəfə şükür! İlahi, bu Qədəmi naşükürlüyünə görə bağışla! İlahi, bizə yaxşı və saleh övlad nəsib et!”

Əlindən bezmişdim. Dedim: “Nə?! “İlahi, şükür! İlahi, şükür!” Mənim nə qədər əziyyət çəkdiyimi görmürsən ki. Bu soyuqda təkbaşına əski yumalıyam, evin işlərini görməliyəm, uşağı yuyub qurutmalıyam. Evin bütün işləri tökülüb üstümə. Yorğunluqdan özümdən gedirəm”.

Gülüb dedi: “Əvvəla, hava istiləşməyə doğru gedir. İkincisi, cənnəti siz analara elə-belə vermirlər, gərək zəhmət çəkəsiniz”.

Dedim: “Mən bilmirəm, bir şey fikirləş. Mənim yenidən ana olmağım üçün çox tezdir”.

Dedi: “Belə danışma, Allaha xoş getməz. Xədicəyə bacı-qardaş lazımdır. Gec, ya tez başqa bir uşaq da gətirməli idin. Bu il olmasaydı, gələn il olacaqdı. Beləsi daha yaxşıdır, bir yerdə böyüyərlər”.

Elə danışırdı ki, adam sakitləşirdi. Bir qədər işindən danışdı, Xədicəyə sataşdı. Sonra da ikinci uşaq üçün o qədər sevindi ki, bir neçə dəqiqə öncə narahat olduğum yadımdan çıxdı.

Səməd yenə bizim yanımızda deyildi. Lakin buna görə rahat idim ki, Həmədandan Qayışa qədər yol Həmədandan Tehrana qədər yoldan yaxındır.

Günü-gündən ağırlaşırdım. Xədicənin bir yaşı olurdu. O, iməkləyir və gördüyü hər bir şeyi götürüb ağzına qoyurdu. O qarınla arxasına düşüb uşağa baxmaq mənə çox çətin idi. Bir tərəfdən də öz evimizə köçəndən bəri anamdan uzaqlaşmışdım. Ürəyim atamı istəyirdi. Xoşbəxtlikdən, bacım Huranın evi yaxında, bizdən iki-üç ev aralıda idi. Mənə çox baş çəkirdi. Xüsusən də hamiləliyimin sonlarında gündəlik işlərinə başlamazdan öncə hər gün əvvəlcə mənə baş çəkir, halımı soruşurdu, arxayın olandan sonra öz işinə-gücünə gedirdi. Bəzən də özüm Xədicəni götürüb atamgilə gedirdim, üç-dörd gün qalırdım. Lakin harada olsaydım, cümə axşamı səhər qayıdırdım, evə əl gəzdirirdim. Səməd bozbaşı çox sevirdi. Axşama heç kim bozbaş yeməsə də, Səməd üçün bozbaş bişirirdim.

Bəzən evə gecənin yarısı çatırdı. Bununla belə, qapını döyürdü. Deyirdim ki, sənin açarın var, niyə qapını döyürsən? Deyirdi: “Bu qədər yol gəlirəm ki, qapını üzümə sən açasan”.

Deyirdim: “Vəziyyətimi görmürsən?!”

Onda yadına düşürdü ki, son aydayam və mənə çox diqqət yetirməlidir. Lakin növbəti həftə yenə hər şey yadından çıxırdı.

Hamiləliyimin son həftələri idi. Şənbə günləri getmək istəyəndə soruşurdu: “Qədəm can, bir xəbər yoxdur?”

Deyirdim ki, hələlik yox.

Arxayın olub növbəti həftəyə qədər gedirdi.

Bir dəfə isə cümə günü axşamüstü geyinib getməyə hazırlaşdı. Fevral ayı idi və güclü qar yağmışdı. Dedi: “Şənbə günü səhər tezdən iş dalınca gedəcəyik. Yaxşısı budur indidən gedim ki, gecikməyim. Qorxuram bu gecə yenə qar yağıb yolları bağlaya”.

Gedəndə soruşdu: “Qədəm can, bir xəbər yoxdur?”

Belim bir az ağrıyırdı. Fikirləşdim ki, bəlkə elə-belə ağrıdır. Öz hesabımla iki həftə qalmışdı. Dedim ki, yox, salamat get, hələ tezdir.

Sübh namazına qalxanda belim çox pis ağrımağa başladı. Bir az sonra qarnım başladı. Özümü o yerə vurmayıb gündəlik işlərimlə məşğul oldum, amma ağrım bir az da artdı. Xədicə hələ yuxuda idi. O ağrı ilə və elə qarda bacımgilə getdim. Soyuqdan titrəyirdim. Hura uşaqlarının birini mamanın, birini də qardaşım yoldaşı Xədicənin dalınca göndərdi. Sonra qoltuğuma girdi və birgə evimizə qayıtdıq. Həmin il hava o qədər soyuq idi ki, kürsü sobası qalamışdıq. Hura məni sobanın yanında uzatdı, özü teşt və qaynar su hazırlamağa getdi. Kiminsə Səmədə xəbər verməsini istəyirdim. Artıq darıxırdım, yanımda olub mənə ürək-dirək verməsini istəyirdim. Bir səs gələn kimi deyirdim ki, yəqin Səməddir. Ağrı bütün vücudumu bürümüşdü. Səmədi səsləmək istəyirdim, amma utanırdım. Uşaq dünyaya gələnə qədər Səmədin üzü bir an da gözlərimin önündən getmədi. Uşağın ağlamaq səsini eşidəndə məni də ağlamaq tutdu: “Səməd, nə olardı ki, bir az gec getsəydin?! Nə olardı ki, yanımda qalsaydın?!”

Cümə axşamı idi. Adətim üzrə səbirsizliklə onu gözləyirdim. Axşamüstü qapı döyüldü. Bilirdim ki, Səməddir. Qardaşım yoldaşı Xədicə həyətdə idi. Qapını açdı. Səməd Xədicəni görən kimi ürəyinə dammışdı. Soruşmuşdu ki, nə xəbər, Qədəm azad oldu?

Xədicə uşağın dünyaya gəldiyini demişdi, amma qız və ya oğlan olduğunu deməmişdi. Hura otaqda idi. Pəncərədən Səmədi gördü, üzünü mənə tutub gülə-gülə dedi: “Qədəm, gözlərin aydın, ərin gəldi”. O, Səməd otağa girmədən çıxıb getdi.

Sobanın yanında uzanmışdım. Səməd içəri girən kimi gülüb dedi: “Bəh-bəh! Salam, Qədəm xanım. Yeni körpənin qədəmi mübarək! Hanı mənim qəşəng qızım?”

Ondan incimişdim. Özü də bilirdi. Bununla belə soruşdum: “Qız olduğunu kim dedi? Xədicə?”

Yanımda oturdu. Uşağı yanımda yatızdırmışdım. Əyilib uşağın alnını öpdü və dedi: “Özüm başa düşdüm. Nə gözəl qızdır! Qədəm, öz canıma and olsun, gözəllikdə sənə çəkib. Gör necə qara göz-qaşları var. Bəlkə məhərrəmlikdə dünyaya gəldiyinə görə belədir?!” Sonra mənə baxıb dedi: “Qardaşın arvadına yaxşı muştuluq vermək istəyirdim. Heyf ki qız olduğunu demədi. Elə bildi mən narahat olaram”.

Ayağa qalxıb sobanın qarşısında yatmış Xədicənin yanına getdi. Dedi: “Mənim Xədicəmin halı necədir?”

Dedim: “Bir az soyuqlayıb. Dərmanını verdim, indicə yatıb”.

Səməd Xədicənin yanında oturdu, düz 15 dəqiqə saçını tumarladı və ona yavaş-yavaş lay-lay çaldı.

Ertəsi gün Səməd səhər tezdən oyanıb dedi ki, bu gün qızım üçün qonaqlıq vermək istəyirəm.

Özü gedib ata-anamı, bacı-qardaşlarımı və yaxın qohumlarımızın bir neçəsini dəvət etdi. Sonra gəlib qollarını çırmadı, həyətin ortasında ocaq qaladı. Anam, bacılarım və qardaşım yoldaşları ona kömək etdilər.

Arabir otağa gəlib mənə baş çəkir və deyirdi: “Qədəm, kaş halın yaxşı olaydı və gəlib yanımda duraydın. Sənsiz aşpazlığın ləzzəti yoxdur”.

Hava soyuq idi. Kiçik həyətimizin hər tərəfi qarla dolmuşdu. Beli götürüb qarları bir küncə topladı. Qar tualetin yanında koma yaratdı.

Üşüdüyünü bəhanə edib otağa gəldi. Sobanın yanında oturdu. Əlini qızdırmaq üçün yorğanın altına saldı. Az sonra danışmağa başladı. İşindən, dostlarından, həftəboyu başına gələnlərdən danışdı. Xədicəni sağ tərəfimdə yatızdırmışdım, körpə də sol tərəfimdə idi. Hərdən buna süd verirdim, hərdən də yaş dəsmalı Xədicənin alnına qoyurdum. Birdən sakit olub fikrə getdi və dedi: “Sənə çox əziyyət verdim. Haqqını halal et. Mənimlə ailə qurandan bəri boğazından rahat su keçməyib. Əgər məni bağışlamasan, o dünyada Allaha cavab verə bilmərəm”.

Gözlərim yaşardı. Dedim: “Bu nə sözdür?!”

Dedi: “Əgər məni bağışlamasan, qiyamət günü çox üzüqara olaram”.

Dedim: “Niyə bağışlamayım?!”

Yorğanın altından əlini uzadıb əlimi tutdu. Əlləri hələ də soyuq idi. Dedi: “Sənin indi mənim köməyimə ehtiyacın var. Amma görürsən ki, yanında qala bilmirəm. İnqilab yenicə qələbə çalıb, ölkənin vəziyyəti tam düzəlməyib. Görülməli işlər çoxdur. Əgər sənin yanında qalsam, işləri bitirəcək adam yoxdur. Gedəndə də ürəyim sənin yanında qalır”.

Dedim: “Məndən narahat olma. Burada bu qədər dost-tanış, bacı-qardaşım var, kömək edirlər. Allah Şirincanı bizdən almasın! O olmasaydı, çox vaxt tab gətirə bilməzdim. Sən istədiyin kimi işlərinlə məşğul ol və xidmət et”.

Əlimi sıxdı. Başını qaldıranda gözlərinin qızardığını gördüm. Həmişə çox narahat olanda belə olurdu. Bu halını sevsəm də, heç vaxt narahatlığını arzulamırdım. Mən də əlini sıxıb dedim: “Daha yaxşı deyil, qalx get. İndi hamı elə bilər ki, dalaşmışıq”.

Bacım pəncərənin qabağında dayanmışdı. Otağın şüşəsinə vurdu. Səməd həyəcanlanıb tez əlimi buraxdı. Utandığından qızardı. Bacım da utanıb başını aşağı saldı və dedi: “Ağa Səməd, Şirincan düyünü dəmə qoymaq istəyir. Gəlirsiniz qazanı götürək?”

Qalxıb getdi. Qapıya çatanda mənə baxdı və dedi: “Sözlərin ürəkdən idi?”

Gülüb dedim: “Hə, arxayın ol”.

Günorta idi. Kiçik otağımız qonaqla dolmuşdu. Biri süfrə sərirdi, biri süfrəyə çörək, qatıq və turşu qoyurdu. Səməd qonaqların önündən stəkanları toplayırdı. İki stəkan bir-birinin içinə keçmişdi və ayrılmırdı. Stəkanları ayırmaq istəyəndə biri sınıb əlini kəsdi. Şirincan qaçıb dəsmal gətirdi və əlini bağladı. Bu hay-küydə bacımın yoldaşı həyəcanla otağa girib dedi: “Gürcünün burnu pis qanayıb. Yarım saatdır qanı dayanmır”.

Səməd bir müddət idi jian avtomobili almışdı. Açarı taxçadan götürüb dedi: “Get hazırla, doktora aparaq”. Sonra üzünü mənə tutub dedi: “Siz naharınızı yeyin”.

Süfrə səriləndə və nahar yeməyi gələndə məni birdən ağlamaq tutdu. Yorğanı başıma çəkib yavaşca ağlamağa başladım. Ürəyim istəyirdi ki, Səmədin özü qonaqlarının yanında olub onlara qulluq edəydi. Öz-özümə fikirləşdim ki, nə üçün hər şey əl-ələ verməli və Səməd qızının qonaqlığından qalmalıdır?!

Xörəkləri çəkdilər. Hamı yeməyə başladı və saxsı boşqablara dəyən qaşıqların səsi otağı bürüdü. Bacım qızı yanımda oturdu və qulağıma dedi: “Xala, ağa Səməd atamla anamı Rəzənə apardı. Dedi sizə deyim ki, nigaran qalmayasınız”.

Qonaqlar xörəklərini yedilər. Çay da gəldi. Bacılarım və qardaşım yoldaşları qabları yudular. Səməd isə gəlib çıxmadı.

Axşamüstü oldu. Qonaqlar meyvə və şirniyyat da yedilər. Səməd yenə də gəlmədi. Atam uşağı qucağına götürdü, qulaqlarına azan və iqamə oxudu. Adını Məsumə qoydu və hər iki qulağına adını söylədi.

Hava yavaş-yavaş qaralırdı. Qonaqlar sağollaşıb getdilər.

Axşam oldu. Şirincandan və Xədicədən başqa hamı getmişdi. Şirincan mənə şam yeməyi hazırladı. Xədicə süfrəni yeni sərmişdi ki, qapı açıldı, bacımla yoldaşı içəri girdilər. Səməd yox idi. Soruşdum ki, bəs Səməd hanı?

Bacım yanımda oturdu. Halı yaxşılaşmışdı. Bacımın yoldaşı dedi: “Günorta buradan Rəzənə getdik. Doktor yox idi. Ağa Səməd çox əziyyət çəkdi. Bizi Həmədan xəstəxanasına apardı. Doktor bir neçə iynə və dərmanla qanı saxladı. Axşamüstü olmuşdu. Qayıtmaq istəyəndə Səməd dedi ki, siz maşını götürüb qayıdın, mən onsuz da sabah səhər buraya gəlməliyəm. Bir də bu qədər yolu gedib-qayıtmayım. Qədəmə deyin ki, cümə axşamı gələcəyəm”.

Bacımın və yoldaşının yanında heç nə demədim, amma qüssədən çatlayırdım. Şam yeməyindən sonra hamı getdi. Şirincan qalmaq istəyirdi, zorla göndərdim. Dedim: “Hacı ağa təkdir, şam da yeməyib. Mənə görə onu tək qoymana razı deyiləm”.

Hamı gedəndən sonra qalxıb işıqları söndürdüm və qaranlıqda zar-zar ağlamağa başladım.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə