Sərbəst iş Ad: Yusif Soyad: Cəfərov İxtisas: Sosiologiya Qrup: 814 Kurs: IV fənn


Mədəniyyət,turizm və idman statistikası



Yüklə 56,03 Kb.
səhifə3/7
tarix11.05.2022
ölçüsü56,03 Kb.
#86773
1   2   3   4   5   6   7
Cəfərov Yusif 814. Sosial statistika

2.Mədəniyyət,turizm və idman statistikası

Mədəniyyət və istirahət xidmətlərinin statistikasının öyrənilməsi zamanı bir sıra göstəricilərdən istifadə edilir. Bu fərdi göstəricilərə aşağıdakılar aiddir:

1. Teatr, kino, konsert, muzey və sirklərə gedənlərin (tamaşaçıların) sayı. Mütləq və nisbi göstəricilərlə hesablanır. Müvafiq tədbirlərdə faktiki iştirak edənlərin cəmini özündə əks etdirir. Nisbi kəmiyyətlər hər 1000 nəfər mövcud əhaliyə görə hesablanır.

2. İctimai (kütləvi) kitabxanalarda mövcud olan kitab və jurnalların sayı.İxtisaslaşdırılmış kitabxanalarla yanaşı, ali və orta ixtisas məktəbləri, ümumi orta məktəblər, elmi, texniki və s. təyinatlı kitabxanaların kitab və jurnal fondu uçota alınır. Mütləq və nisbi kəmiyyətlərlə uçotu aparılır. Nisbi kəmiyyətlər hər 1000 nəfər mövcud əhaliyə görə hesablanır.

3. Kitab, jurnal və digər dövri nəşrlərin çap edilməsi. İl ərzində nəşr edilən kitab, jurnal və digər dövri nəşrlərin tirajının sayını özündə əks etdirir. Mütləq və nisbi kəmiyyətlərlə uçotu aparılır. Nisbi kəmiyyətlər hər 1000 nəfər mövcud əhaliyə görə hesablanır.

4. Uşaq sağlamlıq müəssisələrində uşaqların yay istirahətinə cəlb edilməsi.Yay tətili dövründə uşaq sağlamlıq müəssisələrində istirahəti təmin edilən uşaqların sayının bütün uşaqların sayına nisbəti ilə hesablanır. Adətən 7-15 yaşlarında olan hər 1000 uşağa görə hesablanır.

5. Mehmanxana, sanatoriya – kurort təşkilatları və istirahət ocaqlarının tutumu və qonaqlara xidmətlər göstərilməsi.

Tutum göstəriciləri yerlərin və nömrələrin sayını xarakterizə edir. Xidmət göstərilən qonaqların (turistlərin) sayı isə il üçün hesablanır. Mütləq və nisbi kəmiyyətlərlə xarakterizə edilir. Nisbi kəmiyyətləri hər 1000 yerə düşən qonaqların (turistlərin) sayı; 100 yerin dövretmə əmsalı; hər 1000 nəfər mövcud əhaliyə düşən qonaqların (turistlərin) sayı və s. ilə səciyyələndirilir. Hər 1000 yerə düşən qonaqların sayı il ərzində xidmət göstərilən qonaqların cəmini yerlərin orta illik sayına nisbəti ilə hesablanır. Hər 100 yerin dövretmə əmsalı hər 1000 yerə düşən qonaqların sayını 100-ə bölmək üsulu ilə hesablanır. Hər 1000 nəfər mövcud əhaliyə düşən qonaqların sayı xidmət göstərilməsi üzrə müvafiq göstəricilərin cəmini, mövcud əhalinin sayına bölməklə hesablanır.

Sosial statistikanın mühüm tərkib hissələrindən biri də bədən tərbiyəsi və idman statistikasıdır. Bu statistikanın əsas vəzifəsi bədən tərbiyəsi və idmanla məşğul olanların sayı, tərkibi haqqında məlumat toplamaq, həmçinin müvafiq xidmət göstərən idman klubları, obyektlərin ölkə üzrə sayını, tərkibini, həmin obyektlərə müraciət edənlərin sayı haqqında məlumat toplamaqdır. Bədən tərbiyəsi və idmana sərf olunan vaxt əhalinin asudə vaxtının bir hissəsini təşkil edir. Bədən tərbiyəsi və idman statistikası öz predmetini və obyektini öyrənərkən bir sıra spesifik göstəricilərdən istifadə edir ki, bunlar da aşağıdakılardır:

1. İdman obyektlərinin sayı və tutumu. İdman obyektlərinin sayı ayrı-ayrı idman kompleksləri, idman klubları, növlər üzrə federasiyaların sayını və s. özündə əks etdirir. İdman obyektlərinin tutumu müvafiq idman obyektlərindəki yerlərin sayı ilə səciyyələndirilir.

2. Keçirilən idman tədbirlərinin sayı. Ayrı-ayrı idman növləri üzrə keçirilən tədbirlər: oyunlar, turnirlər, yarışlar, olimpiadalar və s. sayı səciyyələndirilir.

3. İdmançıların sayı. Müxtəlif idman növləri üzrə iştirak edənlərin sayını özündə əks etdirir.

4. Tamaşaçıların sayı. Müxtəlif növ idman oyunları və yarışlarında, habelə olimpiadalarda tamaşaçı kimi iştirak edənlərin sayını xarakterizə edən göstəricidir.

5. İdman oyunlarının nəticələri. Keçirilən idman tədbirlərinin nəticələri qələbə, məğlubiyyət, heç-heçə; vurulan qolların sayı, buraxılan qolların sayı, qazanılan xallar, əldə edilən medallar, prizlər və s. sayı ilə səciyyələndirilir.İdman üzrə yuxarıda verilmiş göstəricilər mütləq və nisbi kəmiyyətlərlə hesablanır. Mütləq kəmiyyətlər müvafiq komandalar, federasiyalar və s. idman təşkilatları tərəfindən hesablanır. Nisbi kəmiyyətlər 1000, 10000 və ya 100000 nəfər mövcud əhaliyə görə hesablanır.

6. Bədən tərbiyəsilə məşğul olanların sayı. Xüsusi statistik müşahidələr vasitəsilə öyrənilir. Hər 10000 nəfər mövcud əhali üzrə nisbi kəmiyyətlə ifadə edilir. Əhalinin sağlamlığını səciyyələndirən əsas göstəricilərdən biri sayılır.

Turizm statistikasısosial statistikasının tərkib hissələrindən biridir. Turizm xidməti elə bir fəaliyyət sahəsidir ki, onun təşkili və həyata keçirilməsi bəzi fəaliyyət sahələrinin inkişafı ilə bilavasitə əlaqədar olur. Belə fəaliyyət sahələrinə daxil edilir: nəqliyyat, mehmanxana təsərrüfatı, iaşə şəbəkələri, mədəniyyət və incəsənət, idman kompleksinin inkişafı, muzey və tarixi abidələrin, müqəddəs yerlərin, istirahət yerlərinin mövcudluğu və s.

Turizm xidmətləri üzrə statistik məcmu turizm xidməti göstərən agentliklərin, turoperatorlar, xidmət göstərilən turistlərin cəmi ilə xarakterizə edilir. Agentlik, turoperator və turistlərin hər biri statistik məcmu vahidi sayılır, yəni onlar turizm xidmətlərinin obyektlərini təşkil edirlər.

Turizm statistikası öz obyektini öyrənərkən aşağıdakı metodlardan istifadə edir: müşahidə, qruplaşdırma, icmallaşdırma, təhlil.

Müşahidə metodu vasitəsilə agentlik və turoperatorlardan turistlərin sayı və göstərilən turizm xidmətlərinin kəmiyyət və keyfiyyətinə dair məlumatlar toplanır.

Müşahidə vasitəsilə toplanmış məlumatlar qruplaşdırma metodundan istifadə edilməklə tərkib hissələrinə ayrılır. Aşağıdakı qruplaşdırma əlamətlərindən istifadə edilir:

a) Coğrafi əlamətlərinə görə: beynəlxalq və ölkədaxili turizm xidmətləri.

b) təşkil formasına görə beynəlxalq turizm göndərilən və qəbul edilən turistlər, qrup halında və fərdi halda qruplara bölünür.

c) turizm xidmətləri göstərən müəssisələr mülkiyyət formalarından asılı olaraq dövlət və qeyri-dövlət müəssisələrinə bölünür.

d) turistlərin daşınmasında istifadə edilən nəqliyyat vasitələrindən asılı olaraq avtomobil, dəmir yolu, hava nəqliyyatı, su nəqliyyatı, minik avtomobilləri və s. qruplar yaradılır.

e) turizm məqsədləri üzrə: istirahət, müalicə, ekskursiya, ekoloji, etnik, işgüzar, macəra, müqəddəs yerləri ziyarət etmək, əyləncə, idman və s.

ə) yerləşdirilmə formaları üzrə aşağıdakı qruplara bölünür: qonaq evləri və mehmanxanalarda, pansionat, istirahət evləri və sanatoriyalarda, turist bazalarında, şəxsi evlərdə və s. yerlərdə.

i) vətəndaşlığına, cinsinə görə, yaşına, təhsil səviyyəsinə, peşəsinə və s.

Bu qruplar üzrə zəruri statistik məlumatların hazırlanması məqsədilə ümumiləşdirmə metodundan istifadə edilir.

Təhlil metodundan istifadə etməklə ümumiləşdirilmiş məlumatlar əsasında turizm xidmətləri üzrə hadisə və proseslərin təhlili aparılır, müqayisələr edilir və nəzərdə tutulan müəyyən nəticələr əldə edilir.

Turizm statistikasında istifadə edilən əsas göstəricilərə daxil edilir:

- turizm xidməti göstərən müəssisələrin sayı

- qəbul edilmiş və göndərilmiş turistlərin sayı

- turist günlərinin sayı

- turizm fəaliyyəti ilə məşğul olan işçilərin sayı

- müəssisələrin turizm xidmətlərindən əldə etdikləri ümumi gəlir

- turizm fəaliyyətinə çəkilən xərclər

- əhaliyə satılmış turizm göndərişi blanklarının sayı

- əhaliyə satılmış turizm yollayışı blanklarının dəyəri

- yerləşdirilmiş turistlərin sayı və s.

Beynəlxalq turizm xidmətləri üzrə istifadə edilən əsas statistik göstəricilər aşağıdakılardır:

- ölkə sərhədlərini keçən vətəndaşların sayı

- ölkəyə gələn vətəndaşların (turistlərin) sayı

- ölkədən gedən turistlərin sayı

- ölkəyə gələn turistlərə göstərilən xidmətlərdən əldə edilən gəlir

- xarici ölkələrə gedən ölkə vətəndaşlarının turizm xidmətləri üçün xərcləri

- beynəlxalq turist daşımaları

- beynəlxalq turist axını

Turizm xidmətləri ilə bilavasitə əlaqəli olan sair xidmət sahələrinin əsas göstəriciləri aşağıdakılardan ibarətdir:

- Mehmanxana və bu tipli müəssisələrin əsas göstəriciləri: müəssisələrin sayı, onlardakı yerlərin sayı, nömrələrin sayı, mehmanxana xidmətlərindən əldə edilən gəlirlər, mehmanxana xidmətlərinə çəkilən xərclər, çarpayı günlərinin sayı və s.

- Turizm xidməti göstərilməsilə məşğul olan agentlik, turoperatorlar, mehmanxanaların iaşə, sərnişindaşıma xidmətləri, habelə muzey, tarixi abidələr, müqəddəs yerlər, istirahət və idman yerləri, mədəniyyət və incəsənət xidmətlərinin faktiki vəziyyətini xarakterizə edən çoxsaylı göstəricilər sistemindən istifadə edilir.




Yüklə 56,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə