Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


VII BAŞLIQ {Sokratın özünü öyənlər üçün dedikləri}



Yüklə 1,62 Mb.
səhifə13/21
tarix23.11.2017
ölçüsü1,62 Mb.
#11861
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

VII BAŞLIQ
{Sokratın özünü öyənlər üçün dedikləri}
Gəlin, baxaq görək, Sokrat öz dinləyicilərini yetkinliyə çağıranda, onları özünü öyməkdən necə çəkindirərdi.

Onun çox sevdiyi belə bir sözü də vardı, deyərdi, ad-san qazanmağa gedən ən düzgün yol, içində özünün də yaxşı adam olmağı bacardığın yaxşılığı eləməkdir. Bu tezisin doğruluğunu belə bilindirərdi.

-Gəlin, belə bir duruma baxaq, yxşı fleyta çala bilməyən birisinin, özünü bu işin bilicisi kimi tanıtması üçün o nə eləyəsidir? Onun ilk olaraq görüb-götürdüyü: adlı-sanlı bir fleytaçının, gözə çarpan öyrəncələrini(vərdişlərini) yamsılamaq olmayacaqmı? Adlı-sanlı fleytaçılar gözəl paltarlar geyinirlər, onların ardınca bir yığın qulluqçuları düşüb gəlirlər, deməli özünü yalandan fleytaçı kimi göstərməyə çalışan da bu işdə özünü onlara oxşatmalıdır. Sonrası, yaxşı fleytaçıların yanında, onların adını göylərə qaldıran bir yığın çığır-bağırçılar olur, deməli bu da, belə hay-küyçülər tapıb, özünü dilə-ağıza salmağa çalışmalıdır. Ancaq bacardıqca fleyta çalmaqdan yayınmalıdır: yoxsa o andaca gülünc bir duruma düşərdi, hamı da onun fleyta çalmağı bacarmadığı bir yana, üstəlik özünü öyən bir gopçu olduğunu da bilərdi. Beləliklə də o, çoxlu axçalar dağıdıb, bu işdən qazanc götürməyəcəksə, üstəlik adını da batıracaqsa, sonucda onun yaşamı ağrı-acılar, korluqlar içində keçib, üstəlik el içində də gülünc olmayacaqmı? Bunun kimi də, tutalım, özünü yaxşı qoşun başçısı, habelə gəmi yönətimçisi kimi tanıdan, ancaq özlüyündə belə olmayan adam, işin üstü açılanda necə acınacaqlı görünərdi. Birdən o, bacarmadağı işi görə biləcəyinə başqalarını inandıra bilməsə, özü hansı acıları yaşayar, yox birdən adamları inandirıb bu işə girişsə, başqalarının başına nə oyunlar açardı? Sözsüz, gəmini yönətməyimi, qoşuna başçılıq eləməyimi boynuna götürüb, ancaq bunu bacarmayan birisi, özü də istəmədən çoxlu adamların ölümündə suçlu olardı, özü birdən necəsə ölümdən qurtulub, sağ qalsa belə, ömrünün sonuna kimi üzü qara gəzər, ağrı-acıların içində yaşayardı.

Sokratın deməsinə görə,–özünün varlı, qorxmaz, güclü olduğunu göstərməyə çalışıb, özlüyündə isə belə olmayanlar, ən çox özlərinə yamanlıq eləyirlər: özünü olduğundan artıq göstərib, buna başqalarını da inandıranda, günlərin birində bu adamlardan boyunlarına götürdükləri, ancaq gücləri çatmayacaq işlər sorulur, bayaqdan döşünə döyüb dediklərini, indi eləyə bilmədiyi üzə çıxandan sonra, bir kimsə də onları adam yerinə saymır.

Sokrat təkcə, kimdənsə axçamı, başqa bir nəsnəmi alıb, sonra qaytarmayanlara fırıldaqçı deməzdi; ən böyük fırıldaqçılıq odur, deyərdi, əlindən nəsə gəlməyən birisi adamların başını aldadıb, dövlətə başçılıq eləməyi ələ keçirsin.

Bax belə danışıqları ilə də o, adamları özünü yersiz şişirtməkdən, öyməkdən çəkindirərdi.



İKİNCİ KİTAB
I BAŞLIQ
{Aristipp ilə ölçü-biçi gözləməklə bağlı danışıq. Prodikin Herakldan danışdıqları}
Məncə, indi sizlərə söyləmək istədiyim bu danışıqları ilə də Sokrat dinləyicilərinə, yeməkdə, içməkdə, qadınlarla yaxınlıqda, yuxuda, isti-soyuğa, ağır əməklərə dözməkdə, ölçü-biçi gözləməyi aşılayır, onların, belə işlərdə özlərini,–yerinə düşən ülgülərə öyrəşdirməsinə çalışırdı.

Onun dinləyicilərindən birinin, belə işlərdə azacıq da olsa ölçü-biçi gözləmədiyini bilincə, Sokrat ona üz tutub dedi:

-Aristipp, mənə de görüm, birdən sənin iki gənc öyrəncin olsaydı, onlardan birinin dövlət qulluğuna yaraya biləcək kimsə, başqasının isə bütünlüklə dövlət qulluğuna yaramayacaq birisi olması üçün, nə edərdin, onlara nəyi, necə öyrədərdin? İstəyirsən, bu konuya birlikdə baxaq, gəl elə yeməkdən başlayaq, demək olar, lap əlifbadan.

Aristipp dedi:

-Düz deyirsən, biz ilk olaraq yeməyi öyrənirik, yemək yemədən yaşamaq olmaz.

-Demək, acanda bu gənclərin ikisi də yemək istəyəcək eləmi?- Sokrat soruşdu.

-Elədir,- Aristipp dedi.

-İndi mənə de görüm, onlardan hansını, əlindəki işi yarımçıq buraxıb, qarnını doyurmağa cummaqdan çəkinməyə öyrədəcəyik?

-Sözsüz, dövlət qulluğuna öyrətdiyimizi, o gərək dövlət işini, yarımçıq-yarıtmaz görməsin.

-Demək, onu sussuzluğa dözümlü olmağa da öyrətməliyik eləmi?

-Başqa necə ola bilər?

-Bəs yatmaqda ölçü gözləməyi, onlardan hansına öyrətməliyik, yəni o, gec yatıb, ertə oyanmağa öyrəncəli olsun, gərək olanda lap yatmasın da?

-Sözsüz, dövlət qulluğuna alışdırmaq istədiyimizə.

-Qadınlarla əylənməkdə ölçü gözləməyi kimə öyrətməliyik, yəni bu, onu boynuna düşən işləri görməkdən yayındıra bilməsin?

-Yenə də birinciyə.

-Kimə, işdən-gücdən qorxmamağı, onlara ürəklə girişib, yorulmaq bilmədən çalışmağı öyrətməli?

-Yenə də ona.

-Kimə, dövlətin yağılarını necə yenmək yollarını öyrətməli?

-Sözsüz, dövlət qulluğu üçün yetirdiyimizə, bunsuz onun bütün başqa öyrəndikləri də bir işə yaramayacaq.

-Deməli, belə bir biliyi olan kimsə, qanmaz heyvanlar sayağı, yaxasının yağı əlinə qolayca keçməsindən qaçına biləcək, deyilmi? Bilirsən də, heyvanların birilərini onların gödənlərinə uymaqlarına görə ələ keçirirlər: baxmayaraq onlar çox qorxaq olurlar, ancaq acgözlükdən yalançı yemə uyub ilişirlər; başqa birilərini isə su içəndə sayıqlığını itirdiyindən, aldadıb tuturlar.

-Elədir.

-Başqa anlaqsız varlıqlar da var, dişilərə uymaqla ilişirlər, sığırçınlar, turaclar dişilərin sevgi çağırışlarını eşitcək, başılovlu onlarla qovuşmağa cumur, sayıqlığnı itirib, ələ keçmirlərmi?

Aristippin deyilən sözlərlə anlaşdığını görən Sokrat dedi:

-Özlərinin alçaq istəklərinə uyub ilişən kimsələr də, anlaqsız varlıqların tayı deyillərmi? Bax, başqalarının qadınlarını yoldan çıxaran pozğunlar, bu işdə ilişərək yasaya görə suçlana biləcəklərindən başqa, tutulan anda başlarına pis oyunlar açıla biləcəyini bilə-bilə, yenə də öz düşkünlüklərindən çəkinmirlər. Belə alçalmaqdansa, yasaya görə də suçlanıb, işgəncələrə düşməkdənsə,–ellik qadınlarının yanına gedib, qolayca, qorxusuz-ürküsüz yolla, qadınla yaxınlıq eləmək istəyini ödəmək olursa,- onda bu adamların elədiklərinə qanmazlıqdan başqa nə ad vermək olar?

-Mən də elə düşünürəm,- Aristipp dedi.

-Baxmayaraq, insanların gününün çoxu,–əkinçilikdəmi, döyüş sınaqlarındamı, habelə bu sayaq başqa işlərdəmi,- açıq göy altında keçir, ancaq onların çoxu nədənsə öz bədənlərini istiyə-soyuğa öyrətmək üçün çalışmırlar, səncə, bu böyük bir yanlışlıq deyilmi?

Aristipp bu sözlərlə də barışdığını bildirdi.

-Deməli, gələcəkdə dövlətə başçılıq eləyəcək kimsə, özünü ən ağır sınaqlara dözməyə, qabaqcadan alışdırmalıdır, eləmi?

-Sözsüz, bu belə də olmalıdır.

-Belə çıxır, özünü yüngül əyləncələrdən çəkindirməyi bacaran kimsəni biz dövlət qulluğuna yarayanların sırasına, bunları bacarmayanı isə bu iş üçün yararsız olanların sırasına yazmalıyıq, eləmi?

Aristipp bu sözlərlə də barışdığını dedi.

-İndi nə deyirsən? Sən artıq adamları dövlət qulluğuna yararlığına görə seçib ayıra bilirsənsə, onda, özünün bunlardan hansına uyğun gəldiyini, bizə deyə bilərsənmi?

-Elədir, - deyə Aristipp dilləndi,- mən, sözsüz, özümü dövlət qulluğunda işləyəcək kimsənin yerində qoymaq istəməzdim. Mənim düşüncəmə görə, öz dolanışığını yetərincə qura bilməyin özü ağır bir işdir; Kimsə durub öz dolanışığını da qurur, üstəlik dövlətdə yaşayan yurddaşlarının dolanışığı üçün də gərəkli olanları tapıb onlara verməyi boynuna götürüsə, bu açıq-aydın dəlilik sayılmalıdır. Belə olanda, bu adam özünü çoxlu istəklərindən çəkindirir, üstəlik dövlətin başında dayandığı üçün, başqalarının istəklərini yerinə yetirməyə çalışır, bu azmış kimi, bütün yurddaşlarının istəklərini ödəyə bilməyəndə, onu suçlayıb tutuqlayırlar da: bu səncə dəlilik deyilmi? Dövlət öz işçilərinə buyuruqlar verir, lap mən öz qulluqçularıma buyuruq verdiyim sayaq: tutalım, mən düşünürəm, qulluqçularım mənim yeyib-içib doymağım üçün bol-bol azuq gətirməli, ancaq özləri ona toxunmamalıdırlar, elə xalq da bunun kimi düşünür, sanasan, dövlət qulluqçuları onlara gərək olan nə varsa, hamısını yerli-yerində, bolluca tapıb verməli, özləri isə, bunlardan yararlanmamalıdırlar. Ona görə, özünə də, başqalarına da başağrısı verməyi istəyən adamları, mən dövlət qulluğuna yaramaq üçün çalışdırar; özüm isə, özgürcə yaşayan, ömrünü dadlı əyləncələrlə keçirənlərin sırasına qoşulardım.

Onda Sokrat dedi:

-İstəyirsən gəl, bu konunu da araşdıraq, görək dövlətə başçılq eləyən böyüklərinmi, yoxsa onların dediyinə boyun əyməli olan kiçiklərinmi günü yaxşı keçir?

-Yaxşı, de görək, qulağım səndədir, - Aristipp dedi.

-Gəl onda öncə, bizə bəlli olan xalqlara baxaq, Asiyaya parslar böyüklük eləyir, suriyalılar, frigiylilər, lidiyalılar onların kiçiyidirlər; Avropaya skiflər böyüklük eləyir, meotlar onların kiçiyidirlər; Afrikaya karfagenlilər böyüklük eləyir, afrikalalılar hamılıqla onların kiçiyidirlər. İndi de görək, onlardan hansıları: böyüklük eləyənlərmi, yoxsa kiçiklik eləməyə dözənlərmi, yaxşı yaşamaqdadır? İstərsən, öz elimizə baxaq: ellinləri götürək, onlardan başqalarına böyüklük eləyənlərmi, yoxsa kiçiklik eləyənlərmi yaxşı yaşayır?

-Yox, deyəsən sən məni düzgün başa düşmədin, - Aristipp dedi,- mən özümü qul kimi yaşayanların sırasına da qatmıram, mənə elə gəlir, ağa olmaqla qul olmağın arasında bir orta yol da var, mən o yolu tutmuşam, bu yolda isə: nə ağalıq eləməyə çalışırsan, nə də səni qul eləməyə yol verirsən, özgürcə, özün üçün yaşayırsan, düşünürəm ağgünlü yaşamaq elə budur da var.

-Elədir,- bunu Sokrat dedi,- dediyin bu, nə ağalıqdan, nə qulluqdan keçməyən yol, adamların da arasından keçməsə, onda sənin dediklərin büsbütün doğru olardı; yox, sən adamların arasında, nə ağalıq eləmədən, nə də kiməsə qul olmadan yaşamaq istəsən, onda çox keçmədən görəcəksən, güclülər bütöv bir toplumu da, ayrı-ayrı kimsələri də, necə bacarıqla özlərinə qulluq eləməyə sürükləyə bilirlər. Yoxsa sən, birinin əkdiyi taxılı onun əlindən alıb başqasının biçdiyini, birinin əkdiyi ağacı başqasını baltaladığını, qolugüclülərin gücsüzləri necə ara vermədən sıxışdırıb, əzib, onları güclüylə savaşmaqdansa, qul kimi yaşamağı üstün tutanacan alçaltıqlarını görməmisən? Öz yaşamında görüb öyrənməmisənmi, qorxmaz, güclü adamlar, gücsüz, qorxaq adamları necə özlərinə qul eləyib, onların sıxıb suyunu çıxarırlar?

-Düzdür, - Aristipp dedi.- Elə buna görə də, mən bir ölkənin də yurddaşlığını üstümə götürmürəm, bütün yaşadığım yerlərdə yadelli sayılaraq qalmağı üstün tuturam.

-Nə yaman zirək imişsən! Demək istəyirsən, Sinis*, Skiron*, Prokrust* aradan götürüləndən sonra, yadellilərə bir kimsə də basqın eləmir? Öz doğma şəhərində yaşayan adamlar, özlərini basqılardan qoruyan yasalar verməkdən başqa, qandaşlarının, arxadaşlarının yardımına da arxalanırlar, buna da ürək qızdırmayıb, şəhərin yörəsində hündür qalalar qururlar, basqıdan qorunmaq üçün yaraq-yasaq alıb yığırlar, bu da azmış kimi, yeri düşəndə yardım ala bilmək üçün, başqa şəhərlərin adamları ilə də birlik üçün anlaşırlar. Bütün bunlar əllərində ola-ola, onlar basqılardan yayına, itkilər verməkdən qaçına bilmirlər. Səndə bu qoruyucu üstünlüklərdən biri də yoxkən, ömrünün çoxu da adamların ən çox basqınlarla üzləşdiyi yollarda keçirkən, istənilən şəhərdə oranın yurddaşı sayılmadığından yasalarla hamıdan az qorunurkən, üstəlik bu sayaq arxasız kimsələrə basqın etməyi sevən “ovçuların” da qaynaşdığı bir toplumda yaşayırkən, sən bircə an da olsa belə, özünü arın-arxayın saya bilərsənmi? Bütün bunlar varkən, sən bir yadelli olaraq, özünü basqınlardan qorunmuşmu sayırsan? Yoxsa sən, dövlətin onun torpaqlarına gələnlərin, ondan gedənlərin toxunulmazlığını boynuna götürdüyünəmi arxayınsan? Yoxsa düşünürsən, səni tutub qul eləsələr, əlindən bir iş gəlmədiyini görüb, açıb buraxacaqlar? Ancaq bir yandan baxanda, kim işləməkdən yayınan, ancaq yeyib-içmək, əylənmək istəyən birisini evində saxlamaq istərdi? Bilmək istəyirsənmi, belə qulluqçularla yiyələri necə davranırlar? Onun yaramaz öyrəncələrini ac-susuz saxlamaqla qanından çıxarmırlarmı? Oğurlamasın deyə, onu qapısı bağlı bir yerdə qapamırlarmı? Qaçmasın deyə, ona qandal vurmurlarmı? Ərincəkliyini döyə-döyə sağaltmırlarmı? Sən özün də, yöndəmsiz qulluqçularınla belə davranmırsanmı?

-Mən belələrini, yaxşı qulluq eləməyi öyrənənə kimi, amansızlıqla döyüb incidirəm,- Aristipp dedi. - Ancaq sənin bu ağgünlülük saydığın, böyüklük eləmək bacarığına yiyələnənlər, gərəkəndə: aclığa, susuzluğa, istiyə, soyuğa, yuxusuzluğa, başqa ağrı-acılara qatlaşanlar, görəsən bunu könüllümü eləyirlər? Mən bircə bunu anlaya bilmirəm, tutalım, kiminsə dərisini, soruşub-eləmədən, qamçılayıb qara-qançır eləyirlər, bu sözsüz, uğursuzluq, işi düz gətirməməkdir; ancaq bir də var, kimsə bədənini öz istəyiylə, başqası isə istəmədən ağrı-acılara tuş eləyir: burada, ağrı-acılarla istəmədən üzləşənə uğursuz kimsə demək olarsa da, ancaq özünü bu üzücü duruma könüllü olaraq tuş eləyənə, uğursuzdan başqa, anlamaz da deməyin yeri var.

-Bu necə ola bilər, Aristipp? - Sokrat dedi.- Sən yəni, bu durumları bir-birindən ayırd eləyib anlamırsanmı, özünü könüllü olaraq bu ağrğ-acılara tuş eləyənlə, özü istəmədən bunlarla üzləşəni nə ayırır?- Könüllü olaraq aclığa qatlaşan, haçan istəsə yeyə bilər, könüllü susuzluğa qatlaşan, istəyəndə su içə bilər, habelə bunun kimi; ancaq bu acılarla özü istəmədən üzləşən, onlardan haçan istəsə qurtula bilərmi? Bundan başqa, kimsə bu ağrı-acılara könüllü dözürsə, bunun sonunda uğur qazanacağını düşünüb özünü toxdadır, deyək lap ovçuların uğurlu ov əldə eləmək üçün bütün ağırlıqlara dözdüyü sayaq. Ovçular sayağı dözümlülük göstərəndə, ola bilsin ələ keçirdiyin ov, çəkdiyin əməyə dəyməsin; ancaq kimsə özünə arxadaş qazanmaq üçünmü, yağıları yenmək üçünmü, öz bədəni ilə öpözünü yenilməz eləmək üçünmü, özünə ev-eşik qurmaq, arxadaşlarının işinə yarımaq, yurduna qulluq eləmək üçünmü, çalışırsa, – onda necə düşünmək olar, onların gördüyü bu işlərdən ürəkləri açılmır, sevinmirlər, bu durumlarda onlar,– özlərinin üstünlüyünü duya bilirlərsə, hamı onları öyürsə, onlara vurğunluqla baxırlarsa, başqa necə ola bilər? Bundan başqa, gününü boşuna keçirmək, bircə anlığına duyğulana bilmək üçün, yüngül əyləncələrə qapılmaq, sağlamlığı bərkitmir, gimnastika öyrətmənlərinin də dediyi kimi, adamın öpözü də bundan nəsə qazanmır; ancaq bu işlərdən yaxşı baş açanların deməsinə görə, sürəkli əmək qoyulan çalışmalar, adamları böyük uğurlara çatdırır. Hesiodun şeirlərinin birində dediyi kimi:

İstəsən mənliyini, gen-bol yamanlıq ilə, qolayca doldurarsan:

Onlara gedən yollar, daşsız-kəsəksiz olur, ikicə addımlıqda.

Yaxşılığa gedən yol, tər tökməklə keçilir, deyib ölməz tanrılar:

Yoxuşlara dirənən, dar cığırlardan keçib, uzaqlara gedirsən,

Bu enişli-yoxuşlu, yollar səni gətirib, ona çatdıran anda,

Anlayırsan, yaxşılıq eləməkdən də qolay, bir iş olmadığını.

Epixarmın da buna uyğun bir şeiri var:

Tanrılar yaxşılığı, axçalara satmazlar, insanın qatlaşdığı əməklərə verərlər.

O, başqa bir şeirindəsə deyir:

İş ağırdır, işsizlik yüngüllükdür deyənin, qanmaz olduğu bəlli!

Böyük bilgə Prodik* Herakldan yazdığı, çoxsaylı toplantılarda oxumağı sevdiyi yazılarında da, yaxşılığa çatmaq yollarını buna oxşar olaraq göstərir; onun yazdıqlarından unutmadığım yerləri, indi yerinə düşdüyü üçün, sizlərə danışmaq istəyirəm.

Onun deməsinə görə, Herakl uşaqlıqdan gəncliyə keçid yaşına çatıbmış, bəlli olduğu kimi, bu çağlarında yeni-yeni özlərini tanımağa başlayan gənclər, özləri üçün özgür bir ömür yolu seçmək istəyirlər - yaxşılığamı, yaramazlığamı sarı getməyi düşünüb daşınırlar,- Herakl da ıssız bir çöllüyə gedib oturdu, hansı yolu seçmək üzərində baş sındırmağa başladı. Birdən Herakl baxıb gördü, iki ucaboylu qadın ona sarı yaxınlaşırlar,- onlardan birinin üzündən gözəllik yağır, sanasan anadangəlmə yaxşılıq eləmək üçün doğulduğu duyulurdu; onun bəzəyi, gözəl boy-buxunu, gözlərindən yağan utancaqlıq, görkəmindəki ağıryanalıq, bir də ağappaq donu idi; o biri qadın dalğın, dolubədənli, gözüdağınıq görünürdü; özünü dartıb elə qurutmuşdu, boyu özlüyündə olduğundan artıq dik görünürdü; gözləri bərələcək kimi geniş açılmışdı; paltarı açıq-saçıq olub, bədəninin gizlin yerlərini gözə çarpdırırdı; O elə hey dönüb bir özünə, bir də o yan bu yanına baxır, kimsənin ona baxıb baxmadığını bilmək istəyiylə döyükür, ən gülməlisi, ara vermədən, dönüb öz kölgəsinə də baxmaqdan qalmırdı.

Onlar Herakla yaxınlaşanda, birinci qadın öz yerişini dəyişmədən addımlayırdı, ikinci qadın isə onu qabaqlayıb, Herakla öncə çatmaq üçün addımlarını yeyinlətdi, çatan kimi də danışmağa başladı:

-Herakl, görürəm, sən özünə necə bir ömür yolu seçmək üstündə baş sındırmaqdasan. Məni özünə könül yoldaşı eləsən, səni ən yüngül, ən dadlı duyğular içində yaşayacağın yola yönəldərəm; ömrün boyu yaşamın bütün sevinclərini dadarsan, onun ağrı-acılarından, ağır yüklərindən uzaq olarsan. Birincisi, sən nə savaşlara qatılmağın, nə də başqa bu sayaq ağır işlərin qayğısını çəkəcəksən, bütün ömrün boyu ancaq onu düşünəcəksən, hansı dadlı yeməyi, içkini dadasan, işin gücün ancaq baxışlarını oxşayan, qulaqlarını toxdadan, yaxşı iylər duyacağın nəsnələri axtarıb tapmaq olacaq; başını qatıb, anlağını yoracaq düşüncələrin isə, ancaq bunlar olacaq: bədəninin istəklərini çılğınlaşdırmaq üçün onu kimə, necə əlləşdirib, oxşadasan, hansı göyçək oğlan uşağına yaxınlıq eləyib, istəyini soyudasan, hansı yollarla yuxunun bal dadına uzun-uzadı dalasan, bir sözlə necə eləyəsən, azacıq çalışmaqla bunları ələ gətirəsən. Birdən bu sayaq istəklərinə çatmağa yollar bağlansa, axçan çatmasa, mən qoymaram, sən buna görə ağır əməklərə qatlaşasan, ürəyini sıxasan, mən sənə başqalarının əlində olanı necə qapıb almağı öyrədəcəyəm, haradan, necə, nə yolla axça qazanmaq olarsa, arına qısılmadan onu ələ keçirəcəksən: mən öz arxadaşlarıma utanıb çəkinmədən, əllərinə keçən nə varsa, hamısından qazanc güdmək özgürlüyü verə bilirəm.

Herakl ona qulaq asıb, soruşdu:

-Ay qadın, de görək sənin adın nədir?

-Arxadaşlarım məni Ağgünlü deyə çağırırlar, ancaq gözü götürməyənlər məni Sapqın adlandırırlar, - deyə qadın dilləndi.

Bu anda o biri qadın Herakla yanaşıb danışmağa başladı:

-Mən də sənin yanına gəlmişəm, Herakl, deyirəm biləsən, sənin ata-ananı da tanıyıram, səndə anadangəlmə olan yaxşı nə varsa bilirəm, sonradan səni nələrə alışdırıblar, onları da dərindən öyrənmişəm. Elə buna görə də, inanıram, sən mən göstərdiyim yolu tutsan, ağır əməklərə qatlaşıb, çox yüksək insanlıq dəyərlərinə çatan, böyük igidliklər göstərən bir kimsə ola bilcəksən, sənin qazancın bunlar, mənimki isə, sənə aşılaya bildiyim yaxşılıqlara görə, insanların gözündə bir az da artıq ad-san, sayğılar qazanmağım olacaq. Sənin başını, yüngül əyləncələrdən doğan düşkün duyğularla tovlamayacağam, tanrıların qurduqları yaşamın gerçəklərini sənə necə varsa, eləcə də anladacağam. Yaşamda insan üçün gərəkli, ona başucalığı gətirən çoxlu işlər yaradan tanrılar, əməyə qatlaşmayan, qayğı çəkməyən insanlara nəyisə boş-boşuna verməzlər: istəyirsən tanrının verimindən yarıyasan, onlara sayğı göstərməlisən; arxadaşlarının istəklisi olmaq istəyirsənsə, onların işinə yarımalısan; hansısa şəhərin adlı-sanlı yurddaşı olmaq istəyirsən, onda bu şəhər üçün gərəkli olan işlər görməlisən; bütün Elladanın sənə vurğunluqla baxmasını istəyirsən, onda Ellada üçün böyük işlər görməlisən; istəyirsən torpaq sənin üçün bol, tükənməz azuqlar yetirsin, ona yaxşıca qulluq eləməlisən; mal-qara yetişdirib yaxşı dolanmaq istəyirsən, onun qayğısını çəkməlisən; savaşlarda başıuca olmaq, arxadaşlarını yağı caynağından qurtarmaq, yağını darmadağın eləmək istəyirsənsə, onda savaş işini yaxşı bilənlərdən öyrənməli, öyrəndiklərinə çalışmaqla dərindən-dərinə yiyələnməlisən; sağlam, güclü olmaq istəyirsənsə, bədənini öpözünə qulaq asmağa öyrətməli, qan-tərə batıb çalışdırmalı, onu dözümlü eləməlisən.

Bu yerdə, Prodikin deməyinə görə, Sapqın deyilən qadın onun sözünü kəsib dedi:

-Herakl, sən başa düşürsənmi, hansı ağrı-acılı, uzun bir yolla, səni ağgünlü olmağa çağırır bu qadın? Mən isə səni çox kəsə, yüngül bir yolla, ağ günə çıxarmaq istəyirəm.

Sapqın belə deyəndə, adı Ərdəmlik olan o biri qadın onun üstünə kükrədi:

-Ay iyrənc, qurd-quş törəməsi! Sənin yaxşılıq adına üzə çıxarılası nəyinsə varmı? Sən əlini ağdan-qaraya vurmadan necə əylənməyimi bilirsən? Sən adamları könlü oldu-olmadı, pozğun istəklərə sürükləməyəmi əyləncə deyirsən?—ürəyin istəmədən, əlinə keçəni gözünə təpirsən: acmamış yeyirsən, susamamış içirsən; yeməyin dadlı olsun deyə, bilmirsən ona nə qatasan, içkin ürəyəyatımlı olsun deyə baş sındırıb, bahalı çaxırlar düzəldirsən, onu soyuq içəsən deyə, yayda da dağa-daşa dırmaşıb qar dilənirsən; dərin yuxuya gedəsən deyə, nəinki yorğan-döşəyini yumşaq eləyirsən, üstəlik yataq taxtının altını qalın eləyirsən, axı sən işləyib, yorğun düşüb, yatmırsan, işsizlikdən yatırsan; qadınla yaxınlıq eləmək istəyini özündə, ürəyin istəməyə-istəməyə, güclə yaradırsan, bunun üçün iyrənc yollar düşünüb tapırsan, kişiləri yatağa sürükləyib, onlarla qadın kimi davranırsan; sən öz arxadaşlarını beləmi öyrədirsən: gecələr onları arsızlığa sürükləyirsən, gündüzlər adamlar işdə-gücdə olanda, onları yuxuya verirsən?! Baxmayaraq sən ölməzlik qazanmısan, ancaq tanrılar səni öz yanlarından biryolluq qovublar, elə yaxşı kimsələr də səni özlərinə yaraşdırmazlar. Bu dünyanın ən gözəl sözü: görülən yaxşı işinə görə öyülməksə, sən onu eşitməmisən; ürəyi qanadlandıran gözəl görünüş: əlinin əməyi ilə görüb qurtardığın işdirsə, onu da görməmisən, əlindən bircə dənə də olsa yaxşı iş gəlmir. Başı işləyən kimsə, sənin sözünə inanarmı? Sənə kim yardım eləmək istəyər? Az-maz qanacağı olan da, sənin dediklərinə uyarmı? Sənə qoşulan, gəncliyində bədənini üzüb əldən salır, qocalığında da başı yaxşı işləmir; onların bütün gəncliyi başqasının əməyindən yarınıb, işsiz-gücsüz yaşamaqla keçir, qocalıqlarında əldən-dildən düşür, yaman günlərə qalırlar: onlar yalnız indi öz keçmişlərindən utanmağa başlayırlar, gənclik illərini boşuna keçirib, qara günləri üçün nəsə qablaşdırmadıqlarından, indiki üzgün qocalıqlarında, yaşam bütün ağırlığı ilə onları basıb əzməyə başlayır.

Mən isə tanrılara sığınıb yaşayıram, yaxşı adamların arasında dolanıram; tanrıca, insanca olan bir yaxşı iş də mənsiz görülmür; tanrıların da, anlayan insanların da yanında məni saya salırlar, mən yaradıcı adamların yardımçısı, evinə yiyəlik eləyənlərin qoruyucusu, yaxşı qulluqçuların əlindən tutan, dinc əməklə yaşayanlara arxa duran, yağıyla savaşda çiyin yoldaşı, arxadaşlıqda ən yaxın kimsəyəm. Mənimlə arxadaşlıq eləyənlər, ağız dadı ilə, qulağıdinc yeyib-içirlər, onlar yeməyi sağlamlıqlarına yaramaq üçün yeyirlər. Onların yuxusu, işsiz adamların uyqusundan dərindir; ancaq işlərini görüb qurtarmağa gərək varsa, onlar yuxuya dalmaqdan qaçına da bilirlər. Mənim yolumda, gənclər qocaların öyünclərindən qanadlanırlar, qocalar gənclərin sayğısından sevinirlər; onlar keçmişlərini yaxşı duyğularla anırlar, mənə inandıqları üçün, tanrıların sevimlisi, arxadaşları üçün dəyərli, yurdlarında sayılan-seçilən kimsələr olurlar. Ömürləri sona yetəndə də, biriləri kimi unudulmuş, adlarını batırmış kimsələr olmurlar, yurddaşları onların adına şərqilər oxuyur, uzun illər boyunca anırlar. Herakl, mən dediyim əməklərə qatlaşsan, ata-ananın adını da ucaldacaqsan, özün də tanrıların sənə göndərəcəyi ağ günlərə çatacaqsan!

Prodikin, Ərdəmliyin Heraklı yaxşılıqlara necə öyrətməsindən danışdıqlarının özəti budur; ancaq Prodik bu danışığını ürəklərə işləyən gözəl sözlərlə bəzəyib danışırdı, mən isə beləcə quru sözlərlə dedim. Sənə isə, Aristipp, bu sözləri qulağında sırğa eləməyi, indidən gələcək ömründə işinə yarayacaq bir yol tutmağı diləyirəm.

II BAŞLIQ
{Lamproklla, ata-anaya sayğı bəsləməyə çağıran danışıq}
Günlərin bir günü, Sokrat böyük oğlu Lamproklun öz anasına qarşı acıqlı olduğunu duyub, ondan soruşdu:

-Oğlum, mənə de görüm, bir çox adamlara yaxşılq itirən deyildiyini bilirsənmi?

-Bilirəm,- gənc dilləndi.

-Bilmirsən, hansı işlərinə görə adamları belə adlandırırlar?

-Bilirəm, - oğlu dedi,- başqasının elədiyi yaxşılığa qarşı yaxşılıq eləməyə gücü çatan, ancaq bunu eləməkdən boyun qaçıranlara belə deyirlər.

-Onda, sənin deməyinə görə, yaxşılıq itirənləri əyri adamların sırasına qatırlar, eləmi?

-Elədir.

-De görüm, haçansa belə bir konunu araşdırdığın olubmu: tutalım, arxadaşını qul eləyib satmaq yamanlıq, ancaq yağılarla belə davranmaq düzgünlük sayıldığı kimi, onda arxadaşların yaxşılığını itirmək yamanlıq, yağıların yaxşılığını itirmək isə düzgünlük sayıla bilərmi?

-Mən bunu düşünmüşəm,- Lamprokl dedi,- ancaq mənə elə gəlir, istər arxadaş, istərsə də yağı olsun, yaxşılıq eləyənə qarşı yaxşı davranmayan əyri adamdır.

-Bu belədirsə, onda yaxşılığı itirmək, sözə necə boyaq versən də, onu hara yozsan da, ancaq əyrilikmi sayılmalıdır?

Lamprokl bu sözlə anlaşdığını bildirdi.

-Elədirsə, onda birisi ona edilən çoxlu yaxşılıqların qarşısında bircə yaxşılıq belə eləməzsə, o, qat-qat artıq əyrilik eləmirmi?

Lamprokl bununla da anlaşdığını bildirdi.

-De görüm,-Sokrat sözünün ardını dedi,- kimsə birisinə onun ata-analarının elədiyindən artıq yaxşılıq eləyə bilərmi? Uşaqlarını bu yaşama ata-anaları gətirmiş, onları, bu yaşamda olan, tanrıların yaratdığı bütün gözəl, yaxşı olan nə varsa hamısından yarındırmağa çalışmışlar; onların bizi gətirdikləri bu yaşamda ömür sürmək necə gözəldirsə, bizim ömrümüzdə ən çox qorxduğumuz da, bizi ondan ayıra biləcək ölümdür; görürsən, dövlət də ən ağır suç işlədənlərə ölüm kəsir, bununla da ölüm qorxusunun suç işlətməyin qarşısını ala biləcək yamanlıq olduğunu gözə çarpdırır. Düşünürəm, ata-anaların uşaq doğurmasının, onların pozğun əyləncələrə uymasına görə olmadığını anlayırsan: belə əyləncələrə dalmaq üçün, bu istəklərini soyutmaq üçün, küçələrdə də, ellik evlərində(fahişəxanalarda) də, ürəyin istəyəni tapa bilərsən. Bunu hamı bilir, biz uşaqlarımızın yoldan keçən birisindən yox, hansı qadından sağlam doğula biləcəyinin belə qayğısına qalırıq; ancaq belə qadınlarla evlənib, uşaqlarımızı dünyaya gətiririk. Bunun üçün də kişi, onun gələcək uşaqlarının anası olacaq qadını öz qanadı altına alıb dolandırır, gələcək uşaqları üçün qabaqcadan, onların yaşamına yarayacaq nə varsa, bacardıqca çoxlu-çoxlu toplamağa çalışır. Qadın isə, boyuna düşən uşağın yükünü bədənində daşıyır, sağlamlığına qorxu yarada bilməsindən çəkinməyib, yediyi yeməyin bir payını uşağına ayırır, sonra doğuşun ağrı-acılarına qatlaşıb, onu bu ışıqlı yer üzünə gətirir, bundan sonra onu əmizdirir, gecə-gündüz qayğısını çəkir, baxmayaraq, öz uşağından hansısa yaxşılıq da görməyib; körpə bu yaxşılqları ona kimin elədiyini anlamasa da, özünə gərək olanı dil ilə deyə bilməsə də, ana onun gərəksələrini duya, onları ödəyə bilir; beləcə uzun illər onu əmizdirirərək, yolunda gecə-gündüz ağrı-acılara qatlaşaraq, bunun qarşılığında gələcəkdə uşağından nəsə bir yaxşılıq görəcəyini düşünmür də. Ancaq iş təkcə uşağı yedirib-içirməklə qurtarmır: ata-ana uşağın söz anladığını bilincə, yaşam üçün gərəkli olan nəyi bilirlərsə, ona öyrədirlər; bundan sonra onun gələcək ömür yolunda gərəyi olacaq bilikləri yaxşı öyrənməsi üçün, axçaya qızırğanmadan bilikli öyrətmənlərin yanına göndərirlər.

Burada Sokratın oğlu dilləndi:

-Anam mənim üçün bunları, başqa işləri artıqlaması ilə eləyibsə də, yer üzündə bir kimsənin onun bu dözülməz qılığına duruş gətirə biləcəyinə mən inanmıram.

Onda Sokrat belə dedi:

-Səncə, hansının acımazlığı(amansızlığı) artıq dözülməz olar: bir yırtıcıninmı, yoxsa ananınmı?

-Məncə, ana necə olsa da, bir yırtıcı kimi acımasız olmaz.

-Yaxşı, o səni incidəndə yırtıcıların elədiyi sayaq: səni qapır, yoxsa sənə şıllaq atır?

-Yox, belə bir iş tutmayıb, ancaq and olsun Zevsə, elə acıdildir, onun dediklərini eşitməkdənsə, mən ömrümü yelə verməyi üstün tutardım.

-Elə bilirsən, sən onu az incitmisən: körpəliyində gecə də, gündüz də qışqırıb ağlamağınla, uşaqlığında saysız şıltaqlarınla, ağrınanda onu günlərlə yuxusuz qoymağınla, ona nələr çəkdirdiyini düşündüyün olurmu?

-Axı, mən indiyəcən onu başıaşağı eləyəcək bir söz deməmişəm, bir iş tutmamışam.

-Bu nə deməkdir? - Sokrat dedi. - Onun sənə dediyi sözlər, teatrda gördüyün aktyorların yeri düşəndə, biri-birini acıladıqları sözlərdən də dözülməzdir, yəni?

-Yox, ancaq mənə elə gəlir, teatrda aktyorlar bilirlər, bu oyundur, yəni qarşısındakı onu yalandan söyür, acılayır, aşağılayır, qorxudur, özlüyündə isə onun sarıdan hansısa yamanlıq baş verməyəcək, ona görə də bu sözləri ürəklərinə almırlar.

-Sən isə gözəlcə bilə-bilə, anan səni söyüb yamanlayanda da, qarğış eləyəndə də, onun ürəyindən sənə qarşı azacıq da olsa pislik eləmək keçmir, onun ürəyində sənin yaxşılığını istəməkdən başqa bir dilək yoxdur, yenə də anana acığın tutur? Yoxsa sən düşünürsən, anan sənin yamanlığını istəyir?

-Yox, mən belə düşünmürəm.

Onda Sokrat dedi:

-Deməli, anan ancaq sənin yaxşılığını istəyir, sən ağrınanda sağalmağın üçün əlindən gələni eləyir, ürəyindən keçənləri bacardıqca yerinə yetirməyə çalışır, bundan başqa, tanrılara yalvarıb, onlardan səni uğura çatdırmağı diləyir, sənin işinin düz gətirməsi üçün qurbanlar boyun alır, bütün bunları bilə-bilə, yenə ananın dözülməz birisi olduğunu deyirsən? Mənə elə gəlir, sənin anana qarşı belə dözümsüzlüyün, bugünkü göydəndüşmə olan ağ günlərinə arxa çevirməyindir elə.

Mənə bir de görüm,- Sokrat sözünün ardını gətirdi,- sən bu yaşamda kiməsə sayğı göstərməyin gərəkliyini duyursanmı, yoxsa düşünürsən, yer üzündə sənin nə bəyənilmək, nə də bəyənmək deyilən bir qayğın olmamalıdır,- elə lap deyək, hansısa bir qoşun başçısını, habelə başqa bir yönətimçini bəyənməyi gərəkli saymırsanmı?

-Mənim sayğı duyduğum belə böyüklər var.

-Deməli, sən qonşunla ona görə yaxşı yola gedirsən, gərək olanda o sənə ocağını alışdırmaq üçün od versin, yeri gələndə işini qabağa salmaq üçün yardım göstərsin, birdən işin düz gətirməsə, yaxşı qonşu kimi əlindən tutsun, eləmi?

-Elədir.

-Yol yoldaşı necə, quruda, dənizdə olsun, yoxsa yaşamda üzləşdiyin başqa birisi olsun,- onların səninlə arxadaşmı, yağımı olmasının önəmi yoxdur,- yoxsa, çalışırsan onlarla aranda bir yaxınlıq olsun?

-Sözsüz, çalışıram aramız yaxşı olsun.

-Belələrinə sayğı göstərməyə gərək duyursan, ancaq səni bu yer üzündə hamıdan çox sevən ananı gözdən salırsan? Sən bilirsənmi, elə dövlət də başqalarının yaxşılığını itirənləri gözardı eləyir, düzdür, buna görə kimisə qaralayıb məhkəməyə göndərmir, eləcə bu yaxşılıq itirənləri saya salmır; ancaq ata-anasına saymazlıq göstərənləri dövlət suçlayıb, tutuqlayır, onları mənliksiz olduqları üçün dövlət qulluğuna götürmür, dövlətə elədiyi yardımları da, birdən bu tanrıların acığına gələr deyə, yaxın qoymurlar, bir də dövlətin başında duranlar, öz doğma ata-anasına sayğı göstərməyən adamın başqalarına ürəkdən yaxşılıq eləyə biləcəyinə də inanmırlar. Afinada, dövlət qulluğuna girmək istəyən kimsənin bu işə yararlığını öyrənmək üçün, ilk olaraq, onun ata-anasının sonevinin(məzarının) baş daşının nə gündə olduğunu yoxlamırlarmı? Beləliklə də, oğlum, sən özünü anlaqlı sayırsansa, onda anana göstərdiyin sayğısızlığa görə, tanrılardan suçundan keçmələrini dilə, qoy onlar səni yaxşılıq itirən kimi tanıyıb, ver əllərini üstündən əsirgəməsinlər, adamların da səni ata-anasına sayğısızlıq göstərən birisi kimi tanımalarından sakın, yoxsa hamı sənə yuxarıdan aşağı baxar, arxadaşsız, yoldaşsız qalarsan. Adamlar səni ata-anasına saymazlıq göstərən birisi kimi tanısalar, yaxşılıqitirən olduğunu düşünüb, sənə yaxşılıq eləməkdən də çəkinəcəklər.



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə