Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


IV BAŞLIQ {Nikomaxidlə, strateqin dirilikçidən(təsərrüfatçıdan) ayırd edilməsi ilə bağlı danışıq}



Yüklə 1,62 Mb.
səhifə16/21
tarix23.11.2017
ölçüsü1,62 Mb.
#11861
1   ...   13   14   15   16   17   18   19   20   21

IV BAŞLIQ
{Nikomaxidlə, strateqin dirilikçidən(təsərrüfatçıdan) ayırd edilməsi ilə bağlı danışıq}
Bir gün Sokrat, seçkidən qayıdan Nikomaxidi görüb soruşdu:

-Sən bilərsən, Nikomaxid, kimi strateq seçdilər?

-Sən bu afinalıları tanımırsanmı, Sokrat? - Nikomaxid söyləndi. - Məni seçmədilər, baxmayaraq mən, ordu qulluğunda bütün gücümü, nəyim varsa qoymuşam, loxaq* da olmuşam, taksiarx* da, yağılarla döyüşdə saysız yaralar almışam.

Burada o, köynəyini qaldırıb, aldığı yaraları göstərdi, sonra sözünün ardını gətirdi:

-Antisfeni seçdilər, o nə yayaq(piyada) qoşunda qulluq eləyib, nə atlı qoşunda sayılıb-seçilən döyüşçü olub, yaxşı bacardığı bir iş varsa, o da axça qazanmaqdır!

-Bunun nəyi pisdir?- Sokrat ona dedi.- Demək, onun döyüşçülər üçün gen-bol azuq toplamaq bacarığı vardır.

-Alverçilər də axça qazanmağı yaxşı bacarırlar, ancaq buna görə onları strateq seçmirlər.

-Bildiyimə görə, Antisfendə bundan başqa da, strateqlik görəvinə çox yarayan, öz ad-sanını yerə vurmamaq, başını uca tutmaq ərdəmliyi də var, bilməmiş olmazsan o, dönə-dönə xoreq* olmuş, hamısında da öz xoru ilə başqalarını üstələmişdir?

-And olsun Zevsə, xoru yönətməklə, qoşuna başçılıq eləmək, biri-biriylə uyğun gəlməyən işlərdir.

-Ancaq burası da var, Antisfenin nə yaxşı oxumaq bacarığı var, nə də xor yönətməklə bağlı biliyi yoxdur, bununla belə o, gözəl oxuyanları tapıb bir yerə yığa bilmişdi.

-Demək istəyirsən, o strateq olaraq da, öz yerinə qoşunu yönətəcək, vuruşacaq adamları tapa biləcək, eləmi?

-O, savaşla bağlı işlərdə də, xoru yönətəndə elədiyi təki, bu işi yaxşı bacaran adamları tapıb yanına toplayacaqsa, burada da onun uğur qazanacağına söz ola bilməz; bir də o, savaşda uğur qazanmağa bir az da artıq önəm verəcək, bu işdə təkcə özündən yox, dövlətin axçasından da yararlana bilməsi onun əlini-qolunu açacaq, necə olsa xorda üstünlük qazananda onun arxasında təkcə öz uruğu(tayfası) dayanırdı, burada isə dövlət boyda arxası-dayağı olacaq.

-Sokrat, yəni sən demək istəyirsən, bir adam xoru da yaxşı yönətə, qoşuna da yaxşı başçılıq eləyə bilər, eləmi?

-Mən ancaq onu deyirəm, bu işləri yönətən kim olur olsun, o yaranan duruma görə nəyi necə eləməyi gərəyincə bilirsə, ondan yaxşı başçı çıxacaq, - istər xor olsun, istər ev, dövlət, istərsə də qoşunu yönətmək!

-And olsun Zevsə, mən düşünməzdim, sən yaxşı dirlikçini(təsərüffatçını), yaxşı strateqlə bir tutasan!

-Elədirsə, onda gəl onların görməli olduqları işlərə baxaq: görək bunlar biri-birinə uyğun gəlir, yoxsa büsbütün ayrı-ayrı işlərdir.

-Sözüm yoxdur, gəl baxaq.

-Bax belə, öz işçilərinə dediklərini eşitməyi, buyuruqlarını sözsüz yerinə yetirməyi aşılamağı, onlar ikisi də bacarmalı deyilmi?

-Elədir.

-Adamları bacarığına görə ayırd edib, sonra iş tapşırmaq necə?

-Bunda da uyğunluq var.

-Pis işçini sıxışdırıb tərpəşdirmək, yaxşı işçinin axça ilə ürəyini alıb, qol-qanad vermək necə, ikisinin də belə bacarığı olmalıdır, yoxsa yox?

-Bu da düzdür.

-Öz işçilərinə ürək yandırmağı, onların qayğısına qalmağı, ikisi də bacarmalı deyilmi?

-Bunu da düz deyirsən.

-Özü ilə iş birliyinə yarayası kimsələrlə anlaşmağı bacarmaq, sonra da çoxlu işəyarayan yardımçılarının olmasına çalışmaq, ikisi üçün də varmı?

-Sözsüz, vardır.

-Əldə olanları qoruyub saxlamaq, ikisinin də işi deyilmi?

-Məncə də elədir.

-Bütün işlərinə ürəyiyananlıqla, əməksevərliklə, çalışqanlıqla girişməyi, ikisi də bacarmalı deyilmi?

-Bunu da düz deyirsən, ancaq yağı ilə savaşa çıxmaq, ikisinin də görəcəyi iş deyildir.

-Ancaq ikisinin də yağısının olduğu düzdür?

-Bu belədir.

-Onları yenmək, ikisinə də gərək deyilmi?

-Bu düzdür, ancaq sən mənim bu sorğumdan yayınırsan: yaraq-yasaqla vuruşmaq gərək olanda, burada dirilikçi olmağın ona nə yararı olacaq?

-Burada olduqca çoxlu yararlardan söz açmaq olar,- Sokrat dilləndi.- Yaxşı dirilikçi gözəl bilir, yağını savaşda yenməkdən də qazanclı bir iş ola bilməz, uduzmaq isə böyük itkilər vermək deməkdir, ona görə də uğur qazanmaq üçün bütün bilik-bacarığını toplayıb, var gücü ilə savaşa atılacaq; onu uduzdura biləcək bütün nəsnələri, dərindən-dərinə götürqoy edib onlardan qaçmağa çalışacaq; görsə, əlinin altında olan güclə yağını yenmək olar, onda var gücünü toplayıb döyüşə girəcək; yağını yenməyə gücünün yetməyəcəyini bilərsə, savaşa qatılmaqdan çəkinib, itkilərə uğramaqdan da qoruna biləcək.

Sən gəl, yaxşı dirilikçilərə belə yuxarıdan aşağı baxma, Nikomaxid! - deyə Sokrat sözünün ardını gətirdi.- Öz evinin diriliyinə bacarıqla böyüklük eləmək, dövlət işlərini yönətməkdən olsa-olsa görülən işin böyük-kiçikliyinə görə ayrılır, ancaq bütün başqa yönlərdən yanaşanda, onlar biri-birinə çox oxşayır; ən başlıcası, onların ikisində də adamlarsız keçinmək olmur, bundan da önəmlisi, bu işləri görəcək adamların hamısının bir toplumun yetişdirmələri olmasıdır, dövlət işində işləyən özüylə haradansa ayrı adamlar gətirmir, dirilikdə işləyən də, elə bu adamlarla işləməli olur. Kim adamlarla yaxşı davranmağı bacarır, o öz diriliyində də, dövlət işində də uğur qazanır, kim bunu bacarmır, ikisində də yarıtmaz işləyir.

V BAŞLIQ
{Oğul Perikllə, afinalıların durumu ilə bağlı danışıq}
Bir gün Sokrat adlı-sanlı Periklin oğlu olan gənc Perikli görüb, onu danışığa tutdu.

-Mənə elə gəlir, Perikl, -Sokrat belə başladı, - sən yaxınlarda strateq olsan, yurdumuz savaşla bağlı işlərində çox güclənər, ad-san qazanar, yağılarının hamısını yenə bilər.

-Elə mən də bunu umuram Sokrat,- Perikl dedi, - ancaq indidən deyə bilmərəm, bunu bacararam, yoxsa yox.

-İstəyirsən, elə bundan da danışaq, baxaq görək, bunu bacarmaq üçün nələrdən yararlana bilərik?

-Çox yaxşı, gəl danışaq.

-Sən bilməmiş olmazsan, afinalıların sayı beotiyalılardan az deyil, eləmi?

-Elədir, çox olar, az olmaz.

-Necə bilirsən, güclü, yaraşıqlı kişilər Afinada çox olar, yoxsa Beotiyada?

-Elə bilirəm Afinada az olmaz, çox olar.

-Adamların biri-biriylə yaxşı yola getməsinə görə, necə?

-Afina bunda da Beotiyadan üstündür, Beotiyada çoxları, onlara sığınmış fivanlılara yuxarıdan aşağı baxırlar, onlarla didişirlər; Afinada belə bayağılıqlar görməzsən.

-Bundan başqa, afinalılar deyərdim, yer üzündə öz adlarını ən uca tutan, özlərinin yerini tanıyan kimsələrdir; belə duyğularla yaşayan adamlar isə, adlarını da, Yurdlarını da qorumaq üçün ölüm-dirim savaşından çəkinməzlər.

-Düz deyirsən, belə işlərdə kimsə afinalıları qınaya bilməz.

-Bundan başqa, ulu babalarımızın göstərdiyi igidliklər elə böyükdür, sayagəlməzdir, bunda da kimsə afinalılardan üstün ola bilməz; bu isə onların ürəklərini qanadlandırır, qorxmazlığa, ərənliyə yönəldir.

-Bütün bunları düz deyirsən, Sokrat; ancaq minbaşı Lebadinin Tolmidada, bundan sonra Hippokratın başçılığı ilə Delidə yenilməyimiz, afinalıların ad-sanını beotiyalıların qarşısında aşağı salmışdır, iş o yerə gəlib çatıb, fivanlılar da bizə yuxarıdan aşağı baxmağa başlayıblar: spartalıların, başqa peleponneslilərin yardımı olmadan, öz ölkələrində belə afinalıların qarşısına savaşla çıxmağa ürək eləməyən bu beotiyalılar, indi Attikaya təkbaşına basqın edəcəkləri ilə bizə qara-qorxu gəlməyə başlayıblar; keçmişlərdə Beotiyanı darmadağın eləyən afinalılar, indi beotiyalıların Attikanı yerlə bir eləməsindən qorxub çəkinirlər.

-Bunun belə olduğunu mən də bilirəm,- Sokrat dilləndi,- ancaq ötən çağların sınaqlarından örnək götürəndə, afinalıların bu gün yaxşı bir başçı taparlarsa, ona qat-qat artıq sayğı göstərəcəklərinə də inanıram. Yersiz mənəm-mənəmlikdən törəyən başıpozuqluq, adamları sıxıntılara salıb sarsıdır, onların arasında çaşqınlıq, ürkəklik, özbaşınalıq yaradır, belə bir qorxunc durumun yaratdığı özünüqoruma duyğusu isə adamları yenidən: gözüaçıq, sözəbaxan olmağa, yasalara uyğun yaşamağa yönəldə bilər. Bunu dənizçilərin gəmidəki davranışları ilə də tutuşdurmaq olar: onların nədənsə qorxusu olmayanda bir arxayınçılıq, düzənsizlik içində yaşayırlar; ancaq fırtına qopanda, yağı basqısı olanda, onlar təkcə başçının verdiyi bütün buyuruqları çaparaq yerinə yetirməklə qalmırlar, bir də gərginlik içində susub, ayıq-sayıq dayanıb, veriləcək sonrakı buyuruğu gözləyirlər, belədə lap, deyiləni bir himdən anlayan xora oxşayırlar.

-Tutalım, afinalılar indi onlara başçılıq eləyəcək bacarıqlı bir kimsənin buyuruğundan çıxmayacaqlar; onda sən gecikdirmədən bizə anlat görək, onların ürəyini necə alovlandıraq da, ötən çağlardakı kimi qorxmaz, adlarını uca tutan kimsələrə çevrilsinlər, birləşməyə, çiyin-çiyinə verməyə çalışsınlar.

-Bax belə, - deyə Sokrat sözə başladı,- tutalım, biz afinalıları başqasının var-yatırını, torpağını əlindən almağa çağırsaydıq, gərək öncə, bütün bunların ata-babadan qalıb onlara çatası nəsnələr olduğunu, ancaq sonradan başqalarının girəvəyə salıb bunları qapıb aldığını, onların başına yeridəydik, bundan sonra bunları geri qaytarmağın gərəkliyini də anladaydıq. Yox, birdən biz istəyiriksə, onlar qorxmazlıqda, igidlikdə üstün olsunlar, onda gərək bu sayaq yetkinliklərin ötədən bəriyə onların ata-babalarından qalma, indi əldən çıxmış dəyərlər olduğunu onlara aşılayaq, bundan sonra, onları da öz uluları təki hamıdan üstün olmaq üçün, unutduqları bu dəyərləri özlərinə qaytarmağa inandıraq.

-Bütün bu dediklərini, onlara necə öyrətmək olar?

-Elə bilirəm, ilk öncə onların ən uzaq ulularından danışmağa başlayıb, bizim bir xalq kimi elə ilkinliyimizdən başlayaraq, qorxmaz döyüşçülər olduğumuzu önə çəkmək gərəkdir, onlar ulularının ad-sanı ilə bağlı olanları öncələr də eşitdiklərindən, bu sözlərimizin kəsəri olacaq.

-Sən yəni, tanrıların arasındakı söz güləşdirməsinin sonucunda onların anlaşıb, üstünlüyü qorxmaz, dönməz olduqlarına görə Kekropla* onun arxadaşlarına vermələrinimi deyirsən?

-Elədir, bundan başqa Erexteyin* doğulması, öyüd alması, onun bütün yörədəki xalqlarla apardığı uğurlu savaşlarını, Heraklidin* bütün Peleponnes elləri ilə savaşlarını, ya da Teseyin* apardığı savaşları da anmağa dəyər, axı onda attikalılar bütün başqa xalqlardan üstün olduqlarını göstərə bilmişdilər. İşimizə yarayarsa, mən onlara ulularının bizə yaxın çağlardakı uğurlarından da danışa bilərəm. Onların bütün Asiyanı, Avropanı, Makedoniyaya kimi, basqıda saxlayan, oçağacan olmuş xalqların hamısından üstün olan, çoxlu ünlü işlər görməyi bacaran güclü bir xalqla, parslarla təkbaşına apardıqları savaşlarından; ulularımızın başqa peloponneslilərlə birgə, quruda, dənizdə baş verən savaşlarda qazandıqları ad-sandan da danışardım: onlar bu döyüşlərdə bütün çağdaş xalqlardan üstün olduqlarını göstərə bilmişdilər.

-Elədir, bunları hamı bilir, - Perikl deyilənlərə ortaq çıxdığını bildirdi.

-Elə buna görə də, Elladada neçə-neçə köçlər olmuşsa da, attikalılar öz torpaqlarında duruş gətirə bilmişlər, çoxları öz didişmələrini onların yardımı ilə çözmüş, bir başqaları da onları sıxışdıran güclü yağılarının əlindən qaçıb, attikalılara sığınmışlar.

-Elədir, - Perikl dedi,- ancaq mən baş aça bilmirəm, Sokrat, indi nədən bizim şəhərimiz belə uçuruma yuvarlanmaqdadır!

-Deyim nədən, - Sokrat ona üz tutdu,- gimnastika yarışlarında görmüş olarsan, bir çox gimnastlar, özlərinin başqalarından qat-qat güclü olduqlarını anlayınca, sayıqlığını itirib arxayınlaşır, buna görə də yarışı uduzurlar, afinalılar da beləcə, başqalarından üstün olmalarına arxayınlaşıb, öz işlərinə qayğı göstərməkdən soyudular, buna görə də, günü-gündən gücsüzləşir, başqa xalqlardan geri qalmağa başlayırlar.

-Görəsən, biz öz keçmiş yenilməzliyimizi, necə qaytara bilərik?- Perikl soruşdu.

-Məncə, burada baş sındırıb tapmaca açmağın yeri deyil, yurddaşlarımıza ulularının hansı törəylə yaşadıqlarını anlatsaq, onları yenidən bu törəylə yaşamağa alışdırsaq, səni inandırıram, onlar ulularından geri qalmayan kimsələrə çevriləcəklər. Bu alınmazsa, onda bizdən üstün olan başqa bir xalqın törələrinə uyğun olaraq yaşamağa çalışmalıyıq: sanıram, afinalıları bunun düzgünlüyünə inandıra bilsək, onlar nəinki bu xalqın üstünlüyünə çatarlar, lap onu ötüb keçməyi də bacararlar.

-Mənim anladığıma görə, sən onu demək istəyirsən, bizim şəhərimiz indi öz yetkinliyindən çox uzaqlaşıb, yəni afinalılar da spartalılar kimi öz böyüklərinə sayğı göstərməlidirlər! Bizdə isə, ağsaqqallardan tutmuş, öz atalarımızacan, bütün böyüklərə yuxardıdan aşağı baxırlar. Yurddaşlarımız gimnastika ilə yetərincə çalışmayınca yetkinləşməyəcəklər, eləmi? Yoxsa, onlar sağlamlıqlarının qayğısına qalmaq bir yana, bunun üçün çalışanları da ələ salıb gülürlər. Onlar dövlətin buyuruqlarını yerinə yetirəndəmi, üstün olacaqlar? Bilirsən, indi çoxları, dövlət buyuruqlarına saymamazlıq göstərməsi ilə öyünür. Ürəkləri, könülləri bir olandamı, onların birliyi sarsılmaz olacaq? Onlar deyilmi, biri-birinə əl tutmaqdansa, biri-birinin işini pozur, yadelliləri qoyub biri-birinə qarşı gözügötürməzlik eləyirlər, öz aralarında da, xalq yığıncaqlarında da didişirlər, gecə-gündüz biri-biriylə dalaşırlar, biri-birinə yardım göstərməkdənsə, başqasının əlində olanı qapıb almağı qazanc sayırlar; xalqın hamısının olan dəyərli nəsnələrə özgə malı kimi baxırlar, kimin qolu güclüdür, hamı üçün olandan böyük əlcə qoparsın deyə, gücsüzləri basıb əzməkdən belə çəkinmir. Bütün bunlara görə də, bizim şəhərimiz büsbütün bir qarmaqarışıqlığa düşüb, yaman güclərin at oynatdığı yerə çevrilib, yurddaşlar arasında yağılıqlar, çəkişmələr, didişmələr baş alıb gedir, ona görə də, indi mənim qorxum ondandır, bunların ardınca da, bizim gözəl yurdumuzu yoxluğa sürükləyəcək çox böyük uğursuzluqlar gələ bilər!

-Yox Perikl,- Sokrat onunla anlaşmadığını dilə gətirdi,- sən çox yersiz olaraq, afinalıları belə yaramazlıqlara yoluxmaqda qınayırsan! Yoxsa, gəmiçilikdə onların necə bir düzənlə işləməyi bacardıqlarını, gimnastika yarışlarında başçıların göstərişlərini necə yaxşı yerinə yetirdiklərini, xorda yönətimçinin tapşırıqlarını necə bir himdəncə anladıqlarını, görmürsənmi?

-Məni çaşdıran da elə budur, bu adamlar toplumdakı işlərdə öz başçılarının buyuruqlarını belə ayıq-sayıq yerinə yetirirlər, ancaq bu qoplitlər*, atlı döyüşçülər bir az da artıq sözəbaxan olmalıykən, sanasan, hamısı öz başçılarını saya salmamaqda yarışa giriblər!

Onda Sokrat dedi:

-Aeropaq* necə, onu sınaqlardan üzüağ çıxmış qurum saymaq olarmı?

-Olar,- Perikl dedi.

-Sən belə hakimlər tanıyırsanmı, məhkəmə işində, elə başqa bütün işlərində də, yaxşılıqsevər, yasanı pozmayan, adını uca tutan, nə olursa olsun öz düzgünlüyündən əl çəkməyən kimsələr olaraq ad çıxarmışlar?

-Sözün düzü, onlardan gileyli deyiləm.

-Onda afinalıların arasında özbaşınalıqdır deyib, özünü belə darıxdırma.

-Ancaq burası da var,- deyə Perikl Sokratla anlaşmadığını dilə gətirdi,- ordu qulluğunda hamısından çox, öz istəminin ipini yığmaq, düzənə, buyuruqlara sözsüz boyun əymək gərəkirsə də, yurddaşlarımız da elə ən çox orduda özbaşınalıq eləyirlər.

-Yoxsa bu, onlara başçılıq eləyən kimsələrin anlamazlığından törəyir? Görmürsənmi, çalğıçıları, oxuyanları yönətməyi, bu işdən baş açmayan adam boynuna götürmür, güləşi, yumruq döyüşünü öyrətmək də bunun kimi. Nəyisə öyrətmək istəyən bunu, harada, necə öyrənibsə, elə də öyrədir; bizim strateqlərin öyrətdiklərinin yanlışlığı isə, onların özlərinin biliklərinin dayazlığından törəyir. Mən səni onların sırasına qatmıram: bilirəm, sən güləşi öyrənməzdən öncə, strateqliyi öyrənməyə başlamısan, öyrəndiklərini yetərincə incələyə biləcəyindən də arxayınam; elə bilirəm, savaşla bağlı çoxlu gərəkli bilgiləri, adı anılası atandan, bütün dərinliyinəcən elə öyrənmisən, ömrün boyu unutmazsan, bundan başqa yaxşı strateq olmağa yarayan nə varsa, arayıb-axtarıb tapıb, öyrənməyə çalışmısan. Düşünürəm, strateq olarkən qarşılaşa biləcəyin ağır durumları adlaya bilmək üçün, çoxlu gərəkli çəmləri də özün düşünüb tapmısan; bunu da bilirəm, nəyisə yaxşı bilmədiyini duyunca, onu sənə öyrədə biləcək adamları axtarmağa da ərinməmisən, onlara çox dəyərli sovqatlar verməkdə, bacardığın yaxşılıqları eləməkdə əlini sıxmamısan, bununla da gərəkəndə, onlardan işinə yaraya biləcək yardımçılar yetirmisən.

Bu yerdə Perikl qımışdı:

-Səni yaxşı anlayıram, Sokrat, belə danışsan da, gözəlcə bilirsən, mən sən dediyin təki, gecəni gündüzə qatıb strateqliyi öyrənmək üçün çalışmıram; sən mənə gələcək strateqin özünü bu iş üçün necə yetirməli olduğunu anladırsan; onu da deyim, bu dediklərinin, özüm üçün çox gərəkli öyüdlər olduğunu sanıram.

-Elə bilirəm, bu sənin baxışlarından yayınmayıb, Perikl, Beotiya ilə bizim sınırlarımız boyu, çox uca sıra dağlar uzanır, bu dağlardan bizim ölkəyə, ancaq çox dar, əyri-üyrü keçidlərlə gəlmək olar, bu keçidlər də çox yerlərdə keçilməz dağlara dirənib qırılır.

-Mən bunu bilirəm.

-Eşitmisənmi, misiylərlə, pisidiylər adlanan xalqlar, Persiya şahının ölkəsində yaşaya-yaşaya, keçilməz yerlərdə özlərinə sığınacaq qurublar, yüngülcə yaraqlanaraq, onun üstünə basqın eləyirlər, ölkəsini çalıb-çapıb talayır, ancaq özləri bağımsız olaraq yaşaya bilirlər?

-Bunu da eşitmişəm.

-Necə bilirsən, afinalıların arasından, qıvraq, çevik yurddaşlarımızdan yığılan bir döyüş bölüyünü, yüngülcə yaraqlandırıb, sınırımızdakı dağlarda yerləşdirsək, onlar da ara verməyən basqıları ilə yağılarımıza göz verib işıq verməsələr, onları yorub əldən salsalar, bu, yurdumuzun barış içində yaşamasına yardım etməzmi?

-Düşünürəm, bu çox gözəl olardı, Sokrat.

-Bu dediyim sözü bəyəndinsə, onda istəkli arxadaşım, özünü bu işdə yoxla: bu işi gərəyincə bacarsan, özün də ad-san qazanarsan, dövlət də barış içində yaşayar; bacarmasan, dövlət də itki verməz, özün də əlindən gələni eləməyə çalışdığın üçün, toxdaqlıq taparsan.



VI BAŞLIQ
{Qlavkonla, dövlət qulluqçusunun yetərincə oxuyub öyrənməli olduğunu anladan danışıq}
Aristonun oğlu Qlavkon, öncə Xalq yığıncağında sözçü(natiq) olmaq, bundan sonra da dövlətə başçılıq eləmək umdusuna düşmüşdü, baxmayaraq, onun iyirmi yaşı belə yox idi. Onu dönə-dönə sözçü kürsüsündən qovmuş, ələ salıb, hoydu-hoyduya götürmüşdülər, ancaq bütün bunlara baxmayaraq, nə doğmaları, nə də arxadaşları onu bu saçmalığından daşındıra bilirdilər; Bu Qlavkon - Sokratın öyrəncilərindən, olan o biri Qlavkonun oğlu Harmidlə, bir də Platonla arxadaşlıq eləyərdi, Sokrat da onu buradan tanıyırdı. Ancaq Sokrat, özünün saçmalığı ilə hamını bezdirmiş, bu ipə-sapa yatmayan gənci yola gətirməyi bacarmışdı.

Bir gün Qlavkonla üz-üzə gələn Sokrat, o, danışıqdan qaçmasın deyə, sözü uzaqdan başlayıb, onu danışığa çəkdi:

-Qlavkon, eşitmişəm sən dövlət başçısı olmaq istəyirsən?

-Elədir, Sokrat.

-And olsun Zevsə, yer üzündə bundan da yaxşı bir iş ola bilməz: bunu bacara bilsən, ürəyindən keçənləri yerinə yetirəcəksən, arxadaşlarına yardım eləyə biləcəksən, ata ocağının adını göylərə qaldıracaqsan, yurda başucalığı gətirəcəksən, qabaqca bizim şəhərimizdə, sonra bütün Elladada, kim bilir, ola bilsin lap Femistokl kimi varvarların içində də ən tanınmış kimsə olacaqsan, bir sözlə, hara getsən, səni barmaqla göstərəcəklər.

Bu sözləri ilə Sokrat Qlavkonun boş damarını tuta bilmişdi, bu danışıq,- özünü çox böyük, adlı-sanlı adamların sırasında görmək istəyən gənci elə tutmuşdu, Sokratın yanından əl çəkmək istəmirdi.

Bundan sonra Sokrat dedi:

-Belə bilirəm, Qlavkon, sənə sayğı bəsləsinlər deyə, dövlət üçün çoxlu yararlı işlər görəcəksən, eləmi?

-Elədir,- Qlavkon bu sözlə anlaşdığını bildirdi.

-Onda, səni and verirəm tanrıların adına, bizdən gizlətmə, danış görək, sən dövləti irəli aparmaq üçün nədən başlayacaqsan?

Qlavkon susub durdu, sanasan o ancaq indi, nədən başlayacağını düşünüb tapmaq istəyirdi, bunu görən Sokrad dilləndi:

-Sən hansısa arxadaşının işini irəli aparmaq üçün, ilk öncə onun varlanmasına çalışardın, deyilmi? Buna uyğun olaraq da, öz işinə, ilk öncə dövləti varlandırmaqdanmı başlayacaqsan?

-Düzdür, bundan başlayacağam.

-Dövlətin qazancı artanda o varlı olacaq, elə deyilmi?

-Məncə, elədir,- Qlavkon dedi.

-Mənə de görüm, bizim dövlətin hansı gəlir qaynaqları var, onlardan gözəyarı(təqribən) hansı qazancı götürür? Sözsüz, sən bunun üstündə çox düşünmüsən, yəni, az qazanc verən qaynaqların gəlirini artırmaq üçün də, indi işlədilməyən yeni qaynaqları işə salmaq üçün də, nə edəcəyini artıq bilirsən.

-Yox, and olsun Zevsə, mən bunu düşünməmişəm.

-Ola bilsin, bu iş sənin baxışlarından yayınıb, onda bizə dövlətin hara, hansı axçaları yatırmasından danış, sözsüz sən indidən, hansı qazanc gətirməyən yatırımların olduğunu araşdırmış, onları qazanclı işlərə yönəltməyi də düşünmüsən.

-Yox, and olsun Zevsə, bunun üstündə düşünməyə macalım olmayıb.

-Elə isə, bir sürə(müddət) üçün, dövləti necə varlandırmaq konusunu da bir qırağa qoyaq, yoxsa dövlətin gəlirini-çıxarını bilmədən onu necə varlandırmaq olar?

-Yox, Sokrat, dövləti varlandırmaq üçün ayrı yollar da var, deyək, onunla yağı olan başqa dövləti yenib, yağmalamaqla da dövləti varlandırmaq olar.

-Çox da düz deyirsən, and olsun Zevsə, - Sokrat dilləndi,- ancaq bu dediyin, dövlət yağısından güclü olanda baş tutur; ondan güclü olmayıb bu işə girişəndə isə, olan-qalanı da əlindən çıxır.

-Bunu düz deyirsən.

-Demək, dövlət başçısı başqa bir dövlətlə savaşa başlamazdan öncə, gərək öz dövlətinin də, yağı dövlətin də gücünü ayırd eləsin: əgər dövlət yağısından güclüdürsə, onda savaşa girsin, yoxsa, savaşdan yayınmağa çalışsın.

-Düzdür.

-Elə isə, ilk öncə bizə de görək, dövlətimizin quru, dəniz qoşunlarının gücü yetərlidirmi, sonra da bizim yağılarımızın gücündən danış.

-Yox, and olsun Zevsə, mən bunu bilcəyimə(yaddaşıma) arxalanıb deyə bilmərəm.

-Çox da yaxşı, sən bunu yazmısansa, onu oxu, mənim üçün onları eşitmək çox önəmlidir.

-Yox, and olsun Zevsə, bunları indiyəcən çatdırıb yazmamaşam da.

-Deməli, sənin savaşda verəcəyin buyuruqları eşitməyi də, bir az gözləməli olacağıq: ola bilsin bu olduqca geniş bir konu olduğundan, bunu araşdırmağa macal tapmamısan, necə olsa, sən dövlətə başçılıq eləməyi indi-indi başlamaq istəyirsən. Ancaq ölkənin sınırlarını necə qorumağı, sözsüz, araşdırmısan, artıq bilirsən, harada neçə keşikçi bölükləri qoyulub, haralara da qoyulmalıdır, yan-yörədəki yaşayış yerlərini qorumağa yetərli olan neçə qaytaqlar(qarnizonlar) qoyulmalıdır; gərəkən yerlərdə qurulmuş pusquları(postları) gücləndirməyi, gərəksiz olanları yığışdırmağı da artıq götür-qoy eləmisən.

-Yox, and olsun Zevsə, bunun üstündə də düşünməmişəm, ancaq mənə elə gəlir, bu pusquların hamısını yığışdırıb atmaq gərəkdir, bizdə bu qoruqçuluq işi elə yaman gündədir, taxılı tarladan oğurlayıb aparırlar.

-Pusquları yığışdırsan, onda oğruların əl-qolunu açmazsanmı, onlar əllərinə keçəni açıq-aydın daşıyıb aparmazlarmı? Ancaq səndən bunu da öyrənmək istərdim, sən bu pusquları gedib özün gəzib, yoxlayıb, sonra da onların yararsız olduğunu bilmisən, yoxsa bunu ağızdan eşitmisən?

-Düzü, belə danışırlar, ona görə də mənə elə gəlir, burada işlər çox pisdir.

-Yaxşı bu işi yoluna qoymağı da, sənin düşüncələrinin: “mənə elə gəlirdən” adlayıb, “mən bunu belə bilirəmə” çatacağı çağlaracan, qatlayıb qoyaq qırağa.

-Məncə də, belə eləsək yaxşı olar, - Qlavkon dedi.

-Bizim bu gümüş çıxarılan qaynaqların durumunu səndən soruşmuram, bilirəm, onları gəzib dolanıb, öyrənməmisən, onların indi nədən belə az gəlir verdiyini də bilmirsən.

-Düzdür, ora da gedib baxmamışam.

-Düz də eləmisən, and olsun Zevsə, deyirlər oranın dözülməz iqlimi var; ona görə dövlət başçısı olanda, səndən oranı necə işlətməyi soruşsalar, deyərsən, ora yaşamalı yer deyil, yaxandan əl çəkərlər.

-Sən deyəsən, məni ələ salmağa başlamısan a, - Qlavkon incik-incik dilləndi.

Sokrat özünü eşitməzliyə vurub, sözünün ardını gətirdi:

-Mən bircə bundan arxayınam, sən xalqın çörəkdən korluğu olmasın deyə, bununla bağlı işləri, artıq yerli-yataqlı öyrənmisən, özümüzün əkib-biçdiyimiz taxıl neçə aya çatır, ili başa vurmaq üçün qıraqdan, hansı ölçüdə taxıl gətirməliyik; bu çox gərəkli konunu, sən artıq düşünüb-daşınmısan, yoxsa birdən bunu unutsan, yurddaşlarımız çörəksiz qalar, ona görə də, məncə, sən bunu elə dərindən öyrənib, götür-qoy eləmisən, çörəklə bağlı ağır bir durum yaranarsa, yurddaşlarımızı da, dövləti də belə gözlənilməz darlıqlardan qurtara bilərsən.

-Elədir, bu çox böyük, geniş bir konudur, gərək bunun üstündə də düşünəm!

-Ancaq, öz ev diriliyini yaxşı qurmaq üçün belə, gərək ilk öncə bu işə yarayacaq bütün nə varsa biləsən, sonra da onların hamısını tapıb yığasan. Bizim dövlət isə, bu gün on mindən artıq evə başçılıq eləyir, belə çox sayda diriliklərin(təsərrüfatların) işini yoluna qoyacaq adam, ən azından, öncə, bir diriliyin işini yoluna qoymağı bacarmalıdır, deyək, elə sənin dayınınkı kimi,- başlı-başına qalmış birinin diriliyini. Get, yoxla gör, onun işini yoluna qoya bilirsənsə, onda çoxlu diriliklərlə də işləməyi bacaracaqsan; sənin bir diriliyi yönətməyə yarayacaq bacarığın yoxsa, çoxunu necə yarıdacaqsan? Kimsə bir talant ağırlığında yükü daşıya bilmirsə, onun bir neçə talantlıq yükü daşımağa girişməsi saçmalıq sayılmazmı?

-Dayım mənim dediyimə qulaq assaydı, mən onun diriliyinin işlərini çoxdan yoluna qoyardım, - Qlavkon dilləndi.

-Sən tək bir dayını dilə tutub yola gətirə bilmirsən, ancaq istəyirsən bütün afinalılar, içi dayın qarışıq, sənə qulaq assınlar! Özünü gözlə, Qlavkon, ad-san qazanmaq istəyirsən, ancaq çalış olan-qalan adını da batırmayasan! Sən yəni, doğrudanmı görmürsən, bilmədiyi sözü danışmaq, bacarmadığı işə girişmək, necə qorxuludur? Bu sayaq adamlardan tanıdıqlarını yadına sal, bilmədiklərini danışan, bacarmadıqlarını eləyən bu adamlar səncə, öyüncmü qazanırlar, yoxsa qınaqlara tuş olurlar, adlarını ucaldırlar, yoxsa alçaldırlar? Bir də dön, bildiyini danışan, bacardığını eləyən adamlara bax, onda sənə bir yolluq, onların kimliyi bəlli olacaq: bu, ad-san qazanmış, sayqılı adamların, öz işlərini çox dərindən öyrənib bildiklərini anlayacaqsan, saya salınmayan, alçaldılan adamlara baxsan, onların hamısının biliksiz, anlamaz, bacarmadığı işlərə girişən kimsələr olduğunu görəcəksən. Ona görə də, bizim şəhərdə ad-san qazanmaq istəyirsənsə, görmək istədiyin işləri dərindən-dərinə öyrən: gördüyün işdə hamıdan üstün olmağı bacarsan, onda dövlət başçılığına çatmağa da əl atarsan,–sənin istəklərinə çatmaq üçün əməklərə qatlaşan birisi olduğunu görsəm, onda mən də sənin belə bir umduna çata biləcəyinə inanaram.


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə