Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


VII BAŞLIQ {Harmidlə, dövlət işlərinə qatılmağın gərəkliyi ilə bağlı danışıq}



Yüklə 1,62 Mb.
səhifə17/21
tarix23.11.2017
ölçüsü1,62 Mb.
#11861
1   ...   13   14   15   16   17   18   19   20   21

VII BAŞLIQ
{Harmidlə, dövlət işlərinə qatılmağın gərəkliyi ilə bağlı danışıq}
Qlavkonun oğlu Harmidin çox yetkin, öz bilginliyi ilə o çağın yüksək dövlət çinlərindən qat-qat üstün bir kimsə olmasına baxmayaraq, Xalq yığıncağının sözçüsü olmaqdan, dövlətin işlərinə yardım eləməkdən yaxasını qırağa çəkdiyini görən Sokrat, ona üz tutub dedi:

-Harmid, mənə de görüm, birisinin Olimpiya yarışlarında birincilik qazanmaq üçün yetərincə gücü olsaydı, orada veriliən ödülü almaqla yanaşı, özü də ad-san qazana, doğma şəhərinin adinı da bütün Elladada ucalda bilsəydi, ancaq buna baxmayaraq, bu yarışlara qatılmaqdan boyun qaçırsaydı, sən beləsinə nə deyərdin?

-Mən onun qanmaz, qorxaq bir kimsə olduğunu düşünərdim, - Harmid dedi.

-Birdən kimsə, dövlət işlərinə qatılmaqla yurdunun adını ucalda, özü də sayğı qazana bilərsə, ancaq bunu eləməkdən çəkinərsə, odamı qorxaq sayılmalıdır?

-Sözsüz, - dedi Harmid,- ancaq bunları nədən soruşduğunu anlamadım!

-Deyim nəyə görə, mən düşünürəm, sənin dövlət işlərinə qatılıb, yararlı işlər görmək bacarığın var, ancaq nədənsə bundan çəkinirsən, baxmayaraq, bir yurddaş olaraq sən bunu boynundan atmalı deyilsən.

-Sokrat, sən mənim belə bir bacarığım olduğunu haradan bilirsən, mən düzü anlaya bilmirəm, nədən belə yanlış düşüncələrə qapılmısan?

-Mən gördüyümü deyirəm, sən yüksək dövlət çinlərinin də olduğu yığıncaqlara qatılanda, onlar səndən nəyisə soruşarlarsa, çox gözəl yollar göstərə bilirsən, birdən onlar yanlış bir iş görmək istəsələr, sən onları çox kəsərli sözlərlə qınayıb, bundan çəkindirə də bilirsən.

-Bunlar ayrı-ayrı işlər deyimi, Sokrat?- bir var, dar bir çevrədə, beş-on adamla, nəyisə götür-qoy edəsən, bir də var, bir yığın adamın qarşısında kiminləsə söz güləşdirəsən?

-Ancaq birisi saymağı yaxşı bacarırsa, təklikdə də, kütlənin qarşısında da çaşmadan sayır, kim kifarada yaxşı çala bilirsə, o kütlənin qarşısında bir az da gözəl çalır.

-Sokrat, sən bilməmiş deyilsən, utancaqlıq, çəkingənlik, anadangəlmə olan duyğulardır, kiçik çevrələrdə ondan qaçınmaq olursa, kütlənin qarşısında adam özünü itirir.

-Gör sənə nə deyirəm, sən–anlaqlı, güclü adamların qarşısında utancaqlıq, çəkingənlik eləmirsən, ancaq onlardan qat-qat gücsüz, anlaqsız adamların qarşısında tutulursan. Sən doğrudanmı bu, keçəçilərdən, ayaqqabı tikənlərdən, doğramaçılardan(dülgərlərdən), dəmirçilərdən, əkinçilərdən, alverçilərdən, aralıq satıcılarından, işləri-gücləri ancaq necə ucuz alıb, necə dəyərindən artıq satmaq olan bu kütlədən utanıb çəkinirsən? Elə Xalq yığıncağı deyilən də, bu adamların toparlanmasından yaranmırmı? Sənin bu sayaq davranışın, yetkin atletləri yenməyi bacaran, ancaq onların çəpikçilərinin(fanatlarının) hay-küyündən qorxub, yarışmağa qatılmayan atletin işinə oxşamırmı? Yeri düşəndə, sənə yuxarıdan aşağı baxan yüksək çinli dövlət adamları ilə qolayca dilləşə bilirsən, illərlə çalışıb Xalq yığıncağının sözçüləri olmuş kimsələri yerində oturda bilirsən, ancaq sənə yuxarıdan aşağı baxmayan, dövlət işlərindən baş açmayan adamların qarşısına çıxsan, birdən özünü itirib, gülünc görünəcəyindən qorxursan.

-Sən yaxşı bilirsən, bu Xalq yığıncaqlarında ən yetkin sözçüləri də ələ salıb gülürlər!

-Bu dediyin, elə başqa yerlərdə də olur. Ancaq sən başqa durumda bunu eləyənləri qolayca yerində oturda bilirsən, onlar çoxalıb topayla bunu eləyəndə özünü itirirsən. Yox, ağrın alım, özünü, özünə qarşı belə korluğa vurma; bir çoxlarının da düşdüyü bu yanlışlığa qapılma; adamların çoxunda başqalarının işinə baş qoşmağa, onların gizlinlərini öyrənməyə yönəlik, bir ucuz istək olur, ancaq ən yaxşı işin,- özünə baş qoşmaq, özündən baş açmağa çalışmaq olduğunu anlamırlar. Sən bu işdə ərincəklik eləmə, bütün gücünlə özündən baş açmağa çalış. Dövlətin işlərini yaxşılaşdıra biləcək bacarığın varsa, onda buna baş qoşmaqdan çəkinmə: bu işlər öz axarına düşüb, yaxşı gedərsə, bundan ancaq toplum qazanmır, sənin arxadaşların da, elə özün də qazanırsan.



VIII BAŞLIQ
{“Yaxşılıq” ilə “gözəllik” anlayışları üzrə, Aristipplə olmuş danışıq}
Günlərin bir günü, sofist Aristipp yenə də Sokrata ilişib, onu yanıltmaq istədi, axı bundan öncə Sokrat dönə-dönə onun yanlışlarını açıb-ağartmış, yersiz davranışlarının gülünclüyünü üzünə vurmuşdu. Ancaq bu dönə Sokrat, bu danışığa qulaq asan dinləyicilərin də yararlana bilməsi üçün, onun sorğularını,- sözlərinin düzgün anlaşılmayacağından çəkinməyərək, dolayısı ilə yanıtlamağa başladı. Bu danışıq belə olmuşdu: öncə, Aristipp Sokratdan nəyi yaxşı saydığını soruşmuşdu. Sokrat birdən, yeməkmi, içkimi, axçamı, sağlamlıqmı, gücmü, qorxmazlıqmı, habelə bunun kimi başqa nələrinsə adlarını çəksəydi, Aristipp də, qabaqcadan düşündüyü kimi, sadalananların yerinə görə, yamanlıq da törədə biləcəyini deməklə, Sokratı çaşdırmaq istəyəcəkdi. Yaxşılığın, insan öpözünə ağırlıq gətirən nədənsə qurtulmaq, özü də bunun yerinə, ona yüngüllük gətirən nəyisə tapmaq demək olduğunu anaraq, Sokrat burada, çox tutarlı bir söz dedi:

-Sən məndən nəyin, qızdırıb-titrətmədən yaxşı olduğunumu soruşursan?

-Yox, onu soruşmuram.

-Yoxsa göz ağrısından yaxşı olanı?

-Onu da yox.

-Yoxsa aclıqdan yaxşısını?

-O da deyil.

-Sən məndən, nədən yaxşı olduğu bəlli olmayan bir nəsnə soruşursansa, mən eləsini bilmirəm, bilmək də istəmirəm.

Atmacası boşa çıxan Aristipp, bir başqa gün Sokratdan nələri gözəl saydığını soruşdu.

-Olduqca çoxlu, gözəl sayıla biləcək nəsnələr saya bilərəm,- Sokrat dilləndi.

-Onlar hamısı biri-birinə oxşayırmı?

-Yox, ancaq ola bilsin, azacıq oxşar olanları da var.

-Elə isə de görək, bu necə olur, hansısa nəsnə, gözəl sayılan başqa bir nəsnəyə oxşamır, ancaq buna baxmayaraq gözəl sayılır?

-Deyim necə, birisinin gözəl qaçmağı, o birinin gözəl güləşməyinə oxşamır; döyüşçünü ölümdən qorumaqla gözəl olan qalxan, çox iti uçub, yağını yenməklə gözəl olan süngüyə oxşamır.

-Sənin bu sözün də elə, mənim bundan qabaq soruşduğum, sənin isə, nəyin yaxşı oladuğunu deməkdən yayındığın, danışığına oxşadı.

-Yoxsa sən, yaxşılıqla gözəlliyin ayrı-ayrı nəsnələr olduğunu düşünürsən? Bunudamı bilmirsən, nəsnələri biri-biri ilə tutuşduranda, yaxşı olana elə gözəl də deyirlər? Götürək elə, könülə bağlı duyğularımızı, onların yaxşı bilib bağlandığı nəsə varsa, o elə gözəl də sayılır; adamları da hansısa bir duruma görə dəyərləndirəndə, onların ürəyəyatan işlərindən söz açanda, yaxşı deyilənə dönüb gözəl də, gözəl deyilənə durub yaxşı da deyirlər; insan bədənini dəyərləndirəndə də, yaxşı olana gözəl, gözəl olana yaxşı deyirlər; bir sözlə, adamların işinə yarayan nə varsa, gərəkli olduğu iş üzrə yaxşı da, gözəl də adlana bilər.

-Peyin daşımaq üçün işlədilən səbəti, gözəl saymaq olarmı?

-And olsun Zevsə, onu gözəl saymaq olar, eləcə də qızıldan düzəlmiş qalxanı gözəl saymamalıyıq, - birincisi, görməli olduğu işə gözəl yarayır, ikincisi isə görməli olduğu iş üçün yararsızdır.

-Sən demək istəyirsən, bir nəsnə yerinə görə gözəl də, syuymsuz da ola bilər?

-And olsun Zevsə, elədir, eləcə də bunun kimi, yerinə görə, yaxşı da, yaman da ola bilir: aclığı yatırmağa yaxşı olan, qızdırma üçün yararsız sayılır, tərsinə, qızma üçün yaxşı olan, aclıq üçün yararsız olur; qaçış üçün yaxşı sayılan öyrəncələr, güləş üçün yararsız olur, güləş üçün yaxşı olanların qaçış üçün yararsız olması da olur: ona görə də, gərək olduğu işə yarayan nə varsa, yaxşıdır da, gözəldir də, yaramayan isə, yamandır da, suyumsuzdur da.

Sonradan bu danışığının ardı kimi, Sokrat öz dinləyicilərinə, bir evin gözəl də, yaxşı da olması üçün, onu necə tikmək gərəkliyini öyrətmişdi. Onun bu dediklərinin özəti belə idi:

-Kimsə, ev adına bütünlüklə yarayacaq nəsə tikmək istəyirsə, onda çalışıb onu elə tikməlidir, bu evdə yaşamaq gözəl olduğu kimi, yaxşı da olsun.

Dinləyicilərin deyilən sözlərlə anlaşdığını görən, Sokrat soruşdu:

-Evlərin ən yaxşısı, yayda sərin, qışda isti olanı deyilmi?

Bu sözlərinin də dinləyicilərinin ürəyincə olduğunu görən Sokrat, ardınca dedi:

-Hamınız bilirsiniz də, üzü güneyə tikilmiş evlərdə, qışda günəş birbaşa eyvana düşüb, onu ışıqlı da eləyir, qızdırır da, yayda günəş ucadan ötüb keçdiyinə görə, onun işığı evin damına düşüb, evi kölgəlik eləyir. Demək, evi bu quruluşda tikmək gözəl sayılmalıdır, bir də onun güneyə baxan bölümünü hündür eləsək, qış günəşi onu yaxşı tutacaq, quzey bölümünü, soyuq küləklər evə dolmasın deyə, alçaq eləmək yaxşıdır. Sözün qısası, ev yiyəsinin ilin bütün çağlarında oturub-durması, ev avadanlığını yaxşı saxlaya bilməsi üçün yarayan ev, düzgün olaraq, ən gözəl, ən yaxşı yaşayış yeri sayılmalıdır. Evi şəkillərlə, başqa bu sayaq nəsnələrlə bəzəmək isə, onu yararlı eləməkdən çox, ev adamının dincliyini pozur.

-Tanrı evləri(məbədlər) də, Tanrıya qurban veriləsi üçün tikililər də, uzaqdan yaxşı görünən, ancaq adamların yolunun üstünə düşüb ayaqaltı olmayan təpəlikdə tikilsə yaxşıdır,- Tanrı evininin, yolüstündə olub, kirli-pasaqlı kimsələrin ayaqaltısı olmasındansa, ona uzaqdan baxıb dua eləmək gözəl sanılmalıdır, ona görə də Tanrı evinin, başdan ayağa arınıb-durulan adamların sayğı ilə yollandığı bir yer olması düzgün sayılmalıdır.

IX BAŞLIQ
{“İgidlik”, “bilgəlik”(müdriklik), habelə başqa bir çox anlayışlara aydınlıq gətirilməsi}
Bir gün Sokratdan: igidlik nədir, igidliyi insana sonradan öyrətmək olarmı, yoxsa bu anadangəlmə olur?- deyə soruşdular. Sokrat bunları dedi:

-Birinin bədəni başqasına baxanda, öz doğuluşundan,- güclü, əməyə qatlaşmağa dözümlü olduğu kimi, düşünürəm, birinin öpözü(ruhu) də başqasına baxanda, doğuluşdan, güclü, qorxmaz olur: bunu ondan deyirəm, baxıb görürsən, yasaların, törələrin(adət-ənənələrin) bir olduğu toplumda böyüyüb boya-başa çatan adamlar, ürəkli omalarına görə biri-birindən seçilirlər. Ancaq mən belə də düşünürəm, anadan necə doğulmasından asılı olmayaraq, insan öyrənməklə, çalışmaqla da özünü igidliyə alışdıra bilər: belə olmasaydı, skiflərlə frakiyalılar böyük qalxanlarla, uzun nizələrlə yaraqlanmış spartalılarla döyüşməyə ürək eləməzdilər, eləcə də spartalılar, nə kiçik qalxanlarla, mızraqlarla yaraqlanmış frakiyalılarla, nə də ox-yayla yaraqlanmış skiflərlə vuruşmağa ürək eləyərdilər. Buna oxşar olaraq, mən bildiyimə görə, insanlar anadan doğulanda bir-birindən ayırd olunurlar, ancaq çalışıb-vuruşmaqla öz istədikləri yetkinliyə çata da bilirlər. Bu da onu göstərir, insanlar anadan necə doğulmaqlarına baxmayıb, ürəkləri istəyən işi yaxşı bacarmaq üçün, öyrənməli, çalışmalıdırlar.

Sokrat, bigəliklə, ərdəmlik(mənəvilik) arasında ayrı-seçkilik aparmırdı, “bilgəlik”, “ərdəmlik” anlayışlarının ikisinin də bir anlamı verdiyini deyirdi: insana anlaqlı deyilirsə, doğrudan da o belədirsə, deməli o elə ərdəmlidir də, insan,- gözəlliyin, yaxşılığın nə olduğunu anlayırsa, gördüyü işləri bu biliyinə uyğun tutursa, habelə o, arsızlığın nə demək olduğunu bilib ondan qaçınırsa, deməli ona bilgə də, ərdəmli də demək olar. Ondan soruşanda: nəyin yaxşı olduğunu bilən, ancaq öz işində bunu yürütməyən adamlarda ərdəmlik, bilgəlik olurmu? - Sokrat dedi:

-Az-maz olur, ancaq anlaqsız, yaramaz adamlarda olan ölçüdə: özünü insan sayan kimsə, ona verilən girəvələrdən ən yararlısını ceçib götürməlidir. Ona görə də, yaxşını yamandan ayıra bilib, ancaq buna baxmayaraq, düzgün yol tutmayan adamı mən nə bilgə, nə də ərdəmli sayıram.

Sokrat bunu da deyirdi: düzgünlük, habelə bunun kimi başqa yüksək insanlıq dəyərləri də, bilgəlik sayılmalıdır. Düzgün addım atmaq, yüksək dəyərlərə uyğun işlər görmək,- gözəldir də, yaxşıdır da. Ona görə də, bu işlərin yüksək dəyərini anlayan insanlar, başqa sayaq iş tutmazlar, bunu anlamayanlar isə, yaxşı iş tutmağı bacarmazlar, lap görmək istəsələr belə, yanlışlıqları ucbatından onu korlayarlar. Düzgünlük, habelə bütün başqa, ərdəmliyə uyğun işlər, gözəl də, yaxşı da, olduqlarından, onda düzgünlüyü də, onu doğuran ərdəmliyi də, elə bilgəlik saymaq olar.

Dəlilik,- Sokrat deyirdi,- büsbütün ərdəmliyin tərsinədir; ancaq anlamazlığı dəlilik saymaq olmaz; Sokrat–özünün kimliyini gərəyincə dəyərləndirə bilməməyin, habelə özünü bilmədiklərinin bilicisi kimi göstərməyin, dəliliyə çox yaxın olduğunu deyirdi. Loru dillə danışsaq, Sokratın dediklərindən bu çıxırdı: kütlə kiminsə ömrünü yanlış yaşamasından baş açmırsa, o adamlara dəli demir; yanlışı üzdə olan, onu çoxluqdan gizlətməyi bacarmayan adamları isə dəli sayır. Tutalım, birisi özünü elə azman sayır, qala qapısından keçəndə başı yarılmasın deyə əyilirsə, yoxsa özünü elə güclü sayır, evi təkbaşına yerindən qaldırıb apara biləcəyini düşünürsə, habelə bunun kimi gülünc görünən işlər tutursa, ona dəli deyirlər. Ancaq kimsə kiçik yanlışlıqlar eləyirsə, ona dəli demirlər, çılğın istəyə sevgi deyildiyi kimi, eləcə də böyük yanlışlığa da dəlilik deyirlər.

Gözügötürməzliyin(paxıllığın) nə olduğunu araşdıranda, Sokrat onun necəsə bir qüssə ilə bağlı olduğunu tapmışdı, ancaq bu qüssə, nə arxadaşların uğursuzluğundan, nə də yağının uğurundan törəyir: gözügötürməzlər,- arxadaşlarının uğurundan da yanıb yaxılanlardır. Dinləyiciləri, birinin başqası ilə arxadaşlıq eləyib, sonra da onun uğurlarına necə qüssələnə biləcəyini soruşanda, Sokrat örnək gətirərək, anladırdı: çoxlu elə admlar var, başqasının uğursuzluğuna acıyır, ona yardım eləməyə də çalışır, ancaq birisi uğur qazandımı, baxıb qüssələnir. Onu da deyərdi, anlağı olan adamda belə duyğular ola bilməz, anlaqsızların isə hamısında bu duyğu var.

Boşuna yaşamağı(asudəçiliyi) araşdırarkən, Sokrat bunu tapıb üzə çıxarmışdı: adamlar boşuna yaşayanda da nəsə eləyirlər, zər atıb qumar oynayanlar da, təlxəklər də nəsə eləyirlər; ancaq bu özlüyündə işləməmək deməkdir, onlar istəsəydilər, boş-boşuna gəzməkdənsə, gərəkli bir iş görə bilərdilər. Ancaq, öz işinə ürəkdən bağlı olan kimsənin, belə boşuna gəzməyə vaxtı olmur; beləsi tapılarsa da, bunu onun saçmalığı saymalı,–yaxşı, gərəkli işi olanın boş vaxtı nə gəzir!

Sokratın deməsinə görə, xaqanlar, dövlət başçıları, əlində ağalıq çomağı gəzdirənlər,- yanlış olaraq bu görəvə seçilənlər, habelə çöp atmaqla, güclə, yalanla ağalığı ələ keçirənlər yox,- dövləti düzgün yönətənlər sayılmalıdır. Dövlət başçısının ən böyük üstünlüyünü, onun düzgün buyuruqlar vermək bacarığında görən Sokrat, bunun ardınca deyərdi: baxın, gəmini bu işi dərindən bilən adam yönətir, gəmi yiyəsindən tutmuş, gəmidə olan bütün kimsələr də onun buyuruqlarına boyun əyirlər. Bunun kimi də, torpaq yiyəsi əkin-biçin işində, ağrınanlar sağalmaq üçün, gimnastika yarışına qatılanlar, gimnastika çalışmalarında, özlərindən üstün saydıqları adamların sözünə qulaq asırlar,–bir sözlə, kiməsə hansısa işini görmək üçün yardım gərəkirsə,–bu işi özləri bacarırlarsa, onda qollarını çırmayıb ona girişirlər, bilmirlərsə, bilənlərdən soruşur, bununla da qalmayıb, bu işi bacaran adamları işə götürüb, onların yönətiminə arxalanırlar. Əyiricilik işində, Sokrat deyirdi, qadınlar kişiləri yönətirlər, ona görə, kişilərin bu işdən yaxşı başı çıxmır, qadınlar isə bu işi incəliklərinəcən bilirlər.

Birdən kimsə, Sokratın sözləri ilə anlaşmayıb desəydi, tiranlar bilgin kimsələrin öyüdlərinə qulaq asmırlar, onda Sokrat deyərdi:

-Bilgin insanların yaxşı öyüdlərinə qulaq asmayan adam, sonucda bununla uduzursa, korluqlar çəkirsə, onda niyə belə eləməlidir? Bilgin adamların öyüdlərini qulaq ardına vuranlar, yanılırlar, anında-sonunda bu yanlışlarının altını çəkməkdən də qaçıb qurtula bilmirlər.

Birisi, tiranın bilgələri öldürtməkdən belə çəkinmədiyini göstərəndə, Sokrat deyərdi:

-Kiminsə, özünün gərəkli öyüdlər ala biləcəyi yardımçılarını öldürüb, bundan sonra sudan quru çıxa biləcəyini düşünürsünüzsə, bərk yanılırsınız, belələri anında-sonunda çox böyük itkilərlə üzləşirlər, sonucda, öz başlarını da çiyinləri üstündə saxlaya bilmirlər! Necə düşünürsünüz, özünü gərəkən öyüdlərdən aralı tutan kimsənin: qulağı dinc yaşaması, yoxsa başının qovğalarda olması, çox gözləniləndir?

Kimsə, Sokratdan necə yaşamağı, insan üçün ən yaxşı saydığını soruşanda, o demişdi:

-Yaxşı yaşamağı!

Onda bu adam qayıdıb Sokratdan, onun “yaxşı yaşamaq” ilə “günə çıxmaq” sözlərini birmi tutduğunu soruşdu. Sokrat dedi:

-Yox, mənim baxışıma görə, uğuru gətirməklə, əməksevərlik - büsbütün ayrı-ayrı anlayışlardır: insan gözlənilmədən uğura çatırsa, bunu, günə çıxmaq sayıram; ancaq kimsə öyrənməklə, çalışmaqla, bir sözlə əməksevərliklə özünə gərək olanı əldə eləyirsə, bu sayaq dolanan adamın yaxşı yaşadığını düşünürəm.

Ən yaxşı, o sıradan tanrıların da bəyəndiyi adamlar,- Sokrat deyərdi,- öz işini yaxşı görməyi bacaranlardır: əkinçidirsə- öz əkin-biçin işini, dövlət işindədirsə- öz dövlət qulluğunu, gərəyincə yoluna qoya bilən kimsələrdir; kiminsə əlindən yaxşı bir iş gəlmirsə, o, insanların yanında yarıtmaz, tanrıların qulluğunda yaramaz olan birisi sayılır.




X BAŞLIQ
{Parrasiy, Kliton, Pistiy ilə, onların əl işlərinə bağlı danışıqlar}
Sokrat hansısa yaradıcı adamla, özü də yaradıcılığı ilə çörəkpulunu çıxaran birisi ilə görüşərdisə, onların işinə yarayan çox yaxşı sözlər danışardı.

Bir gün o, rəssam Parrasiyin yanına gəlib, onunla danışmağa başladı:

-Parrasiy, bu rəsm deyilən–bizim gördüklərimizin üzünün çıxarılmasıdır, eləmi? Sizin rəsmlər boyalardan yararlanmaqla: insan bədəninin türlü görüntülərini, yəni onun bükük, qabarıq, tutqun, işıqlı, düz, donqar, gənc, qoca durumlarını göstərir,- məncə siz gerçəklikdə bu sayaq görünən bədənlərə baxıb, çəkdiklərinizi onlara oxşatmağa çalışırsınız, deyilmi?

-Elədir,- Parrasiy dedi.

-Mən bilən ancaq bir adamda bədənin bütün üyələri(üzvləri) bitkin olmur, ona görə də, siz gözəl görkəm yaratmaq üçün ayrı-ayrı adamlardan, kimdə nə gözəldirsə, götürüb, onları bir kimlikdə birləşdirirsiniz, beləliklə də gözəl boy-buxunlu bir insan rəsmi yaradırsınız.

-Düz deyirsən, biz belə eləyirik.

-Siz insanın rəsmini çəkəndə, onun özlüyünü açıb göstərən,- baxanlarda gözəl duyğular oyadan, onlarda sevgi, çılğın istəklər yaradan, tutuqlayan(sehrləyən) nəsnələri, yəni insan könlünün gizlinlərini də göstərə bilirsinizmi? Yoxsa, bunları çəkmək olmaz?

-Sokrat, mən düzü bilmirəm necə deyim, ölçüsü, boyası, bu sayaq ayırdedici görüntüləri olmayan nələrisə, necə çəkmək olar, sənin bu dediklərinin demək olar hamısı gözəgörünməz deyillərmi?

-Biz insanın baxışlarından, onun kiməsə istiqanlımı, acıqlımı baxdığını duya bilirikmi?

-Düzdür, mən də bunu bilirəm.

-Yaxşı, insanın gözünü çəkəndə, bunu göstərmək olmazmı?

-Olar.


-Arxadaşların yaxşı günündə, yaman günündə, onun yaxınlarının üzlərinin görünüşü ayırd olunmurmu?

-And olsun Zevsə, elədir, yaxşı gündə üzləri sevinc içində, yaman gündə qüssəli olur.

-Bunu, rəsm çəkəndə göstərmək olmazmı?

-Olar.


-Sonra, tutalım: ağayanalıq, yaxşılıqsevərlik, alçaqlıq, yaramazlıq, ağırtaxtalıq, götür-qoyluluq, sırtıqlıq, kobudluq, insanın üzündə də, bütün görkəmində də iz qoyur, bunu onun duruşundan da, tərpənişindən də duymaq olur.

-Düzdür.


-Bunu rəsmdə göstərmək olmazmı?

-Düşünürəm, olar.

-Sən yaxşı bilərsən, hansı adamlara baxmaq insanda yaxşı duyğular oyadır, -Sokrat soruşdu,- gözəl, yaxşılıqsevər, üzügülər, yoxsa suyumsuz, alçaq, iyrənc görünüşlülərə?

-And olsun Zevsə, Sokrat, bunlar doğrudan da biri-birindən kəskin ayırd olunan kimsələrdir.

Bir gün Sokrat hekəlyonan Klitonun yanına gəlib, onunla danışmağa başladı:

-Çox gözəl yaradırsan, Kliton,- qaçışçılar, güləşçilər, yumruq döyüşdürənlər, tutaqlaşanlar; sən heykəllərindəki bu özümlüyü: onların ürəyindən keçənlərin baxışlarından oxunmasını, bir sözlə, onları belə diri göstərməyi, necə bacarırsan?

Kliton, Sokratın dediklərindən yaxşı baş açmadığından, bir anlıq nə deyəcəyini kəsdirə bilməyib, susdu. Onda Sokrat sözünün ardını gətirdi:

-Yoxsa, yonduğun heykəllərin belə diri görünməsi, sənin onları yaşayışda gördüyün adamlara oxşatmağına görədir?

-Elədir, ondandır.

-Bax belə, insan əyilib düzələndə, onun bədən üyələri yığılıb açılır, gərginləşib boşalır, sən də bu gerçək görüntüləri olduğu kimi verməyi bacardığından, yaratdığın heykəllər belə ürəkçəkicidir.

-Düz deyirsən, - Kliton dilləndi.

-Adamların ayrı-ayrı durumlarda yaşadıqları duyğuları da göstərə bilsən, bu, sənin yonduğun heykəllərə baxanların könüllərini oxşamazdımı?

-Mən də belə düşünürəm.

-Belədirsə, onda yonulan heykəldə: döyüşən kimsənin baxışında kiməsə yönələn acıq, qara-qorxu, oxunmalı, başqasını yenən adamın üzü sevinc içində olmalı deyilmi?

-Çox da düz deyirsən.

-Heykəl yonanın bacarığı, onun heykəlini yonduğu kimsənin öpözünün(ruhunun) durumunu göstərə bilməsindədir məncə,- deyə Sokrat sözünü bitirdi.

Başqa bir gün Sokrat afşinçi(afşin-türkcə dəmirdən hörülmə zirehə deyirrlər) Pistiyin iş yerinə gəldi. Pistiy də ona öz əl işlərini göstərməyə başaldı.

-And olsun Heraya, - Sokrat dedi, - bu afşin çox gözəl tapıntıdır: bir yandan adamın bədənini yaralanmaqdan qoruyur, o biri yandan da əlini qolunu tutub saxlamır, onları ürəyin istəyən kimi tərpədə bilirsən!

Ancaq mənə de görüm, Pistiy, sən öz afşinlərini başqalarının düzəltdiyindən bərk düzəltmirsənsə, elə onların işlətdiyi dəmirdən toxuyursansa, necə olur, sənin əl işlərin onlarınkından qat-qat artıq axçaya satılır?

-Ona görə, mənim düzəltdiyim bu afşinlər, onu geyəcək döyüşçülərin əyninə yaxşı oturur, uyğunsuzluq yaratmır.

-Sən düzəltdiyin afşinlərin alıcılarının əyninə uyğunluğunu onlara necə anladırsan, ölçü iləmi, çəki iləmi, sonra buna görə də artıq axçamı istəyirsən? Bax, mənə görə, sən onların hamısını oxşar düzəldirsən, yoxsa, onlar adamların əyin ölçülərinə görə seçilirlər?

-And olsun Zevsə, düz deyirsən, başqa sayaq düzəldəndə, bu afşinlər alıcıların işinə yaramır.

-Axı adamların əyni biri-birinindən ayırd olunur, birinin boy-buxunu düz, o birininki kələkötür olur?

-Elədir.


-Onda necə eləyirsən, onların ölçüləri, boy-buxunu düz olana da, kələkötür olana da uyuşur?

-Mən bu afşinləri, biri-birindən seçilib-ayrılan, başqa-başqa əyinlərin ortalama ölçülərinə uyğun olaraq biçirəm, düzgün biçilən afşinlər isə uyğun gələn əyinlərə yatımlı olurlar.

-Sən görünür, uyğunluğu necə gəldi yox, qabaqcadan düşünüb daşınıb, ayrı-ayrı əyin quruluşlarına görə götürüsən, necə deyərlər, qalxan kimin boy-buxununu qoruya bilirsə, deməli, onun da ölçüsünə uyğundur; sənin uyğunluğu bu sayaq gözləməyini düzgün saysaq, onda bu bütün döyüş yaraqlarında da olmalı idi, yəni döyüşçülərin bütün yaraq-yasağında, bürüncəklərinə kimi, bu uyğunluğu gözləmək gərək deyilmi? Yoxsa, burada duruma başqa sayaq yanaşmalıyıq, yəni afşinin əyin ölçüsünə uyğunluğu başqa nəsnələrdən artıqmı olmalıdır?

-Düzü mən bunu bilmirəm, sən bilirsənsə, de görək.

-Ölçüyə uyğun düzəldilmiş afşin, əyinə yaxşı oturduğundan, onu geyinən adama, ölçüyə uyğun olmayanından yüngül gəlir, baxmayaraq ikisinin də çəkisi birdir. Ölçüyə uyğun olmayan afşinin bütün ağırlığı duyulur, o əyini bir neçə yerdən bərk sıxır, buna görə də onu geyinən adam, əynində ağırlıq duyur, tərpənişlərində sıxıntı çəkir. Ölçüyə uyğun afşin əyinə yatımlı olduğundan, o az qala bədənin bir üyəsinə(üzvünə) çevrilir, ona görə də ağırlığı duyulmur.

-Sokrat, sən mənim əl işlərimin üstünlüyünü olduqca gözəl açıqlaya bilirsən, ancaq görürsənmi, çoxusu gedib ölçüyə uyğun olmayan, bir başqaları da bər-bəzəkli, parlaq boyaqlı, qızıla tutulmuş, afşinlər alırlar.

-Onlar ölçülərinə uyğun olmayan belə afşinləri almaqla, məncə, özlərinə bəzəkli, qızıla tutulmuş, ağır yük alırlar.

Pistiy, səndən bir söz də soruşum, insanın bədəni bir anlıq da olsa tərpənməz qalmır, o, əyilir, düzəlir, ara vermədən hey tərpəşir: adamın ayaqdan-başa bütün əynini tutan ölçüdə afşin düzəltmək olarmı, yəni, tərpənəndə onun əlinə-ayağına dolaşmasın?

-Yox, beləsini düzəltmək baş tutan iş deyil.

-Sən demək istəyirsən, ölçüyə uyğun düzəldilən afşin, insanın bütün əynini tutmaq üçün deyil, əl-ayağına dolaşmayıb da işinə ən çox yarayanıdır, eləmi?

-Bu bilməcəni nə yaxşı açdın, Sokrat, sən mənim işimi bütün incəliklərinə kimi anlayırsanmış!


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə