Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


XI BAŞLIQ {Feodota ilə, kişi-qadın arxadaşlığı ilə bağlı danışıq}



Yüklə 1,62 Mb.
səhifə18/21
tarix23.11.2017
ölçüsü1,62 Mb.
#11861
1   ...   13   14   15   16   17   18   19   20   21

XI BAŞLIQ
{Feodota ilə, kişi-qadın arxadaşlığı ilə bağlı danışıq}
Ötən çağlarda Afinada, Feodota adında çox gözəl bir qadın yaşayardı, kişilərdən kim ona vurulduğunu dilə gətirsəydi, götür-qoy eləmədən onu öz yatağına buraxardı. Bir gün dinləyicilərindən biri, Sokratın yanında bu qadından söz açıb, onun dillə deyiləsi olmayan sonsuz gözəlliyindən, çoxlu rəssamların gəlib, onun özünün yolverilən ölçüdə göstərdiyi bədən gözəlliklərini çəkdiklərindən danışdı.

-Gərək biz də gedib ona baxaq, - Sokrat dilləndi,- belə bitkin gözəlliyi eşitməklə yox, görməklə duymaq yaxşıdır.

-Gəlin elə indicə, mən sizi onun yanına aparım,- danışan adam Sokrata üz tutdu.

Sokratgil, Feodotanın evinə gəlib, onun geyim-gecimli dayandığını, bir rəssamın isə ona baxıb, şəkil çəkdiyini gördülər. Onlar da dayanıb, vurğun baxışları ilə, uzun uzadı bu gözəl qadını süzdülər.

Rəssam işini qurtarandan sonra Sokrat dilləndi:

-Arxadaşlarım! İndi görəsən, burada kim kimə sağ ol deməlidir,–öz gözəlliyini açıb göstərdiyinə görə, bizmi Feodotaya, yoxsa ona belə vurğunluqla baxdığımıza görə, omu bizə? Onun gözəlliyini açıb göstərməkdən qazancı varsa,- o bizə sağol deməlidir, onun gözəlliyinə baxmaq bizim qazancımızdırsa,- biz ona, deyilmi?

Oradakılardan kimsə, Sokratın bu sözlərinin çox tutarlı olduğunu dedi.

-Bax belə,- Sokrat dilləndi,- Feodota elə indidən istədiyini alıb: biz bayaqdan vurğunluqla ona baxırıq, gözəlliyini öyürük, sonra biz gedib bunu başqalarına danışanda, onun qazancı bir az da artacaq; bizi isə gördüyümüz bu gözəlliyə toxunmaq, onu oxşamaq istəyi çulğayıb, görünür, hamımız buradan çılğınlaşıb gedəcək, sonradan bu gözəlliyin əlçatmazlığını anıb da qüssələnəcəyik. Bu isə o deməkdir, artıq biz onun vurğunlarına çevrilmişik, o da bizim vurğunluğumuzun qaynağı olmuş.

-And olsun Zevsə, - Feodota dilləndi,- dediyiniz düzdürsə, onda mənə vurğunluğunuza görə, sizə sağol demək, mənim boynuma düşür.

Sokrat yan yörəyə göz gəzdirib, Feodotanın yaraşıqlı, gözəl paltarlarla çox yaxşı geyinib gecindiyini də, başında çoxlu yaxşı geyinmiş gözəl qulluqçuların olduğunu da, evinin çox varlı gözə dəydiyini də, ayırd edə bildi. Sonra Sokrat ona üz tutub soruşdu:

-Feodota, mənə de görüm, sənin çoxlu torpağınmı var?

-Bir azı da yoxumdur.

-Bu evin sənə qazanc gətirirmi?

-Yox, bundan qazancım yoxdur.

-Onda sözsüz, sənin nəsə bir əlyerin(emalatxanan) var?

-Sözün düzü, yoxumdur.

-Onda sən necə dolanırsan?

-Mənimlə arxadaşlıq eləyənlər əl tuturlar, onunla dolanıram.

-And olsun Heraya, Feodota, - Sokrat dedi,- nə gözəl işin var sənin: arxadaşlar sürüsü saxlamaq, qoyun-keçi sürüsü, inək naxırı saxlamaqdan çox qazanclı imiş! Yaxşı, onda de görək, sən oturub hansısa arxadaşının, çibin bala uçub qonan kimi, gəlməsini gözləyirsən, yoxsa onları bura dadandırmaq üçün bir yol da bilirsən?

-Yəni, arxadaşlarını özünə bağlamaq üçün bir yolmu da olur?

-And olsun Zevsə, belə bir yol var, lap desən, hörümçəyin elədiyindən də yaxşısı, sən bilirsən də, onlar yaşamaq üçün öz ovlarını necə ələ keçirirlər?—çox incə bir tor toxuyub qururlar, tora düşənlər də onların yemi olur.

-Demək istəyirsən, mən də tor toxuyub, qurmalıyam?

-Yox, sən arxadaş ələ keçirmək kimi uğurlu ovu belə qolay sanma. Sən bilmirsənmi, çox da elə dəyərli olmayan dovşanı ovlamaq üçün, adamlar neçə-neçə qurğular düşünürlər? Dovşanlar yemlənmək üçün gecə gəzirlər, bunu bilən ovçular gecə ovuna çıxmağı bacaran itlər yetişdirirlər, onlarla da dovşanları yaxalayıb tuturlar. Gündüzlər isə dovşanlar yuvalarına çəkilib gizlənirlər, onda ovçular başqa itləri, iyinə görə dovşanın izinə düşüb onu axtaran, gəlib onu yuvasında yaxalamağı bacaran itləri ova qoşurlar. Dovşanın bərk qaçdığını, bir anda aradan çıxıb gözdən itdiyini bildiklərindən, bu ovçuların bir də çox bərk qaçan itləri də olur, yeri gələndə onları qısqırıb, dovşanı tuturlar. Ancaq olur, dovşanlar bu itlərdən də qaçıb, qurtula bilirlər, onda ovçular dovşanın yolunun üstündə tor qururlar, bərk qaçan dovşan tora ilişib qalır.

-Yaxşı, desənə bir, mən öz arxadaşlarımı necə tutum?

-And olsun Zevsə, bax belə,- it yerinə sən elə bir adam tapırsan, o, gözəllik vurğunu olan varlı kişiləri axtarıb tapır, tapanda da elə bir qurğu qurur, onlar özləri gəlib sənin toruna düşürlər.

-Mənim torum nə gəzir, ay Sokrat!

-Bir torun var sənin, insana dolaşıb onu saran, bir yana çıxmağa qoymayan tor, sənin gözəl bədənin, onda yer alan gözəl könlün ola bilər: o könül sənə, insanların ürəyinə od salmaq üçün onlara necə baxmağı, bununla da onlara, çox dadlı duyğular yaşatmağı öyrədə bilər; könlün, sənə ürəkdən vurğun olanları istiqanlılıqla, sevgi ilə qarşılamağı, yalançı “vurğunlardan” uzaq gəzməyi anladacaq; öz könlündən yaxşı baş aça bilsən, arxadaşın ağrınırsa, onu yoluxub qayğısını çəkməyi də, onun işində böyük bir uğuru varsa, sevincinə ortaq olmağı da, sənə ürəkdən bağlanıb, yanından əl çəkmirsə, ona ürəkdən bağlanmağı da, habelə bunun kimi çoxlu incəlikləri də bacaracaqsan. Qaldı yataqda oynaqlaşıb, arxadaşlarını yetərincə əyləndirməyinə, sənin bu işdə, incə olduğun kimi, öyrəncəli də olduğuna inanıram; elə bilirəm, arxadaşlarının sənin üçün necə dəyərli olduğunu, təkcə sözdə yox, işdə də onlara göstərə bilirsən.

-Yox, and olsun Zevsə,- Feodota dedi,- mənim bu işdə azacıq da olsa öyrəncəm yoxdur.

-Ancaq ən yaxşısı, adamların qılığına girməyi bacarmaqdır: kimisə güclə tutub özünə arxadaş eləmək olmaz; bu “yırtıcını” elə oxşamaq, əyləndirmək gərəkdir, o öz istəyiylə ilişsin, ələ öyrəşsin, sonra da qaçmaq istəməsin.

-Sən düz deyirsən, - Feodota Sokratla anlaşdığını bildirdi.

-Sən gərək öz işinə belə başlayasan, sənə yaxınlaşan kişilərdən elə qulluq göstərməyi umasan, bu onlara çox da başağrısı verib bezdirməsin, sonra da özün onlara göstərdikləri qulluğun qarşılığını qaytarmalısan: belə qarşılıqlı anlaşma ilə adamlar arxadaş ola bilirlər, biri-birini sevə, yaxşılıq eləyə bilirlər. Onların ən çox bəyəndiyi isə, sözsüz, səndən yana-yana istədiklərini, onlara verməyin olacaq: bilirsən, ən dadlı yeməyi belə, aclığın olmadan yeyəndə ağıza dadsız gəlir; adam tox olanda, ən dadlı yeməkdən belə iyrənə bilər; ancaq adam ac olanda, yemək dadlı olmasa belə, ona yapışır.

-Düzünə qalsa, mən bilmirəm, adamlarda necə özümə qarşı aclıq duyğusu yarada bilərəm?

-And olsun Zevsə, bax belə. Öncə, onlar tox olduqca, sən özündə olanları, yəni onların səndən almaq istədiklərini sezdirməyəcəksən, onların bir az da bərk acmağını, səndə olanlara qarşı istəklərinin coşmasını gözləyəcəksən; onlarda bu istək yarandımı, onda sən özündə olanları gözə soxmadan, ağıryanalıqla andıracaqsan,- yəni, sən özünü onlara sırımırsan, sənin üçün bu iş elə də önəmli deyil,- beləliklə də onların bu istəklərinin çılğınlaşmasını gözləyəcəksən: bu anda sənin, onların çılğın istəklərinə görə verdiklərinin dəyəri, onların istəkləri yetərincə olmayanda verə biləcəyindən qat-qat artıq olacaq.

Bu yerdə Feodota dedi:

-Sokrat, gəlsənə bu arxadaş ovunda mənim yardımçım olasan?

-Məni dilə tuta bilsən, bu da olan işdir.

-Səni yola gətirmək üçün, mən nə etməliyəm?

-Mənim bu işdə sənə yardımçı ola biləcəyimi düşünürsənsə, məni bu işə qoşmağın yolunu da özün tapmalısan.

-Onda sən bacardıqca, mənim yanıma tez-tez gəlsənə.

Burada Sokrat, günlərini boş-boşuna keçirən dövlət qulluqçularına sataşmaq üçün, sözü gülməyə salıb, sanasan başının bərk qarışdıq olduğundan söz saldı.

-Yox, Feodota, mənim boş vaxtım nə gəzir: öz işlərim, üstəlik dövlətin işləri, bütün günümü əlimdən alır. Bundan başqa, mənim çoxlu arxadaşlarım var, onlar məni gecə-gündüz öz yanlarından qırağa buraxmırlar: onlar məndən tovlayıcı (ovsunlayıcı) sevgi içkiləri düzəltməyi, istədiklərini ələ keçirmək üçün qapqanlar qurmağı öyrənirlər.

Sokratın sözü gülməyə saldığını anlamayan Feodota soruşdu:

-Doğrudanmı, sən belə işlərdən baş açırsan, Sokrat?

-Sən nə bilmişdin, - Sokrat sözünün ardını gətirdi,- nədən bu Apollodorla, Antisfen məndən uzaqlaşa bilmirlər? Nədən Kebetlə, Simmiy durub Fivadan mənim yanıma gəlirlər? Tovlayıcı içkilər, gizlin qurğular, dönərgə(bəxt) diyircəkləri olmadan bunu necə eləmək olar?

-Nə olar, Sokrat, o dönərgə diyircəyinin birini də mənə versənə, mən onunla, birinci elə səni özümə bağlamaq istərdim!

-Yox, and olsun Zevsə, istəmirəm sən məni özünə sarı çəkəsən; sənin mənim yanıma gəlməyinə isə sözüm yoxdur.

-Yaxşı gələrəm, - Feodota dedi, - ancaq söz ver, məni evinə buraxacaqsan!

-Niyə də olmasın, ancaq burada bir iş də var, qabaqcadan deyim biləsən: sən bizə gələndə, mənim yanımda səndən də qat-qat sevimli olan bir qadın olmasa, onda səni evimə buraxaram!



XII BAŞLIQ
{Epigenlə, bədənin sağlamlığı ilə bağlı danışıq}
Bir gün Sokrat, gənc olsa da, çox cılız bədən quruluşu olan, arxadaşı Epigenə üz tutub dedi:

-Sən necə də gücsüz görünürsən, ay Epigen!

-Sözün düzü, mən güclü olmağı ummuram da, Sokrat, - Epigen dedi.

-Düz eləmirsən, sənə ən azından Olimpiya yarışlarına qatılanlar kimi güclü olmaq gərəkdir. Yoxsa birdən, indi afinalıların yeri gəldi, gəlmədi tutaşdıqları ölüm-dirim savaşlarına düşsən, neynərsən? İndi çoxları, gücsüz olduqlarından yağı ilə savaşlarda ölüb gedirlər, gücsüz olduğuna görə döyüşdən qaçıb, öz adlarını batıranlar da az deyil; eləsi də var, gücsüz olsa da, ölümdən qurtulur, ancaq tutuqlanıb, qalan bütün ömrünü qul olaraq yaşayır, sonra da görürsən, özünü qul olmaqdan qurtarmaq üçün elə axça ödəməli olur, varı-yoxu əlindən çıxır, qalan ömrünü yoxsuluqla, ağrı-acılarla yaşamalı olur; bir çoxları da öz gücsüzlüyünə görə gözüqıpıq olur, qorxaq olduqları üçün, yurddaşları da onları saya salmırlar.

Sən yəni doğrudanmı, gücsüz olduğuna görə üzləşə biləcəyin bu qara günləri qulaq ardına vurub, düşə biləcəyin belə yamanlıqlara dözə biləcəyini düşünürsən? Məncə, belə alçalmağı boynuna götürməkdənsə, yaxşısı, bədənini sağlam, güclü edəcək əməklərə qatlaşmaqdır.

Yoxsa elə düşünürsən, gücsüz olmaq sağlam olmaq deməkdir, olmaya elə sanırsan, bədənini çalışdırmadan da sağlam olmaq olar? Bunu da deyim, güclü adamla gücsüz adamların ömürləri də biri-birinə oxşamaz. Bədənləri sağlam, güclü olanlar yağılarla savaşdan sağ çıxırlar, savaşın bütün ağrı-acılarına dözə bilirlər; belələri arxadaşlarına da yardımçı olurlar, yurdu üçün də yararlı işlər görüb, ad-san qazanır, hamının gözündə ucalırlar, ömürlərinin yaşlı çağlarını da dinc yaşayırlar, desən, öz uşaqlarının dolanışıqları üçün də nəsə qoyub gedirlər.

Afina dövləti xalqa, savaşda işə yarayacaq döyüş bacarıqlarını öyrətməyin qayğısına qalmır, ancaq bu o demək deyil, hamı bu işə barmaqarası baxmalıdır: yox, tərsinə, hamı da bu döyüş bacarıqlarına yiyələnməyə çalışmalıdır. Buna da arxayın ola bilərsən, bədənini ağırlıqlara dözməyə alışdıranda, nə Olimpiya yarışlarında, nə də ayrı durumlarda başıaşağı olarsan. İnsan bütün gördüyü işlərdə, bədənindən yararlanmadan keçinə bilmir; eləcə də ağır əməklərə qatlaşmaqla başa gələn işlərdə bədənin sağlamlığı bir az da artıq işə yarayır. Birbaşa əl əməyinə bağlı olmayan işlərdə, elə götürək yaradıcılığı, bədənin sağlamlığından çox nəsnələr asılı olur, -bunu kim bilmir?- yaradıcı adamların böyük yanlışları, çox vaxt sağlamlıqlarının pozulmasına görə olur. Bundan başqa, unutqanlıq, sarsıntılar, qanı qaralıq, dəlilik kimi düşkünlüklər, çoxunda, bədənin sağlam omamasından törəyir, belələri isə, bildiyin kimi, az-çox bildiklərini də unudurlar. Ancaq kimin bədəni sağlamdırsa, belə çatışmazlıqlardan qorxusu yoxdur; yaşamda qazanılan uğurların bir ucu da sağlamlığa, güclü bədənə bağlıdır. Sağlam, güclü olub, belə üstünlüklər qazanmaq olursa, bunu eləməmək saçmalıq sayılmazmı?

Sonuncu sözüm: yan-yörənin sənin gücsüz, cılız bədəninə baxıb irişməsi yaxşıdır, yoxsa bədənini çalışdırmaqla gücləndirmək, gözəlləşdirmək, sonra da, vurğunluqla sənə dikilən baxışları görmək? Sağlamlığına başısoyuq yanaşmaqla bunu ömründə görə bilməzsən: bu öz-özünə yaranan üstünlük deyildir.




XIII BAŞLIQ
{Sokratın, çoxlu başqa konularla bağlı dedikləri}
Bir gün kimsə, bir tanışına alqış(salam) desə də, ancaq onun,–alqışını saya salmadan ötüb keçdiyini danışıb, incik-incik söyüb-söylənirdi.

-Çox gülməlidir, - Sokrat ona üz tutub dedi,- birdən sənin yoluna salxaq(şikəst), yəni bədənində çatışmazlığı olan birisi çıxardısa, sən özündə də bu çatışmazlığın olmadığına görə, ondan inciməzdin; indi qanacağı yerində olan sənin kimisinin qarşısına, qanacağı çatışmayan birisi çıxıbsa, sən nədən, buna görə yanıb yaxılırsan?

Başqa birisi, aclığı oldu-olmadı, özünü saxlaya bilməiyib, elə hey yediyindən, gileylənirdi.

- Bunun qabağını, ancaq qanacaqla almaq olar,- Sokrat ona dedi.

-Necə yəni?

-Yeməyini azaltmaqla. Bunu elədinmi, yaşayışın gözəl olacaq, ucuz başa gələcək, özün də sağlam olacaqsan.

Başqa birisi, vasvasılıq eləyib, qapısındakı içməli suyun isti olduğu üçün, içməyə yaramadığından gileylənirdi.

-Belədirsə,- Sokrat ona dedi,- onda sən isti suyla yuyunmaq istəyəndə, bu su sənin işinə çox yarayar.

-Yox ey, bu su yuyunmaq üçün soyuqdur.

-Qulluqçuların üçün necə, bu su içməyə, yuynmağa yarayırmı?

-And olsun Zevsə, mən düzü baş aça bilmirəm, necə olursa, onlar bu suyu içirlər də, onunla yuyunurlar da.

-Səncə, hansı su isti olar, sənin qapındakı, yoxsa Askelepin* ocağındakı(məbədindəki)?

-Askelepin ocağındakı isti olar.

-Çimmək üçün, sənin qapındakı, yoxsa Amfiray* ocağındakı su soyuq olar?

-Amfiray ocağındakı soyuqdur.

-Onda belə çıxır, sən burada boş-boşuna hay-küy salırsan, özünü: qulluqçularından da, ağrınan kimsələrdən də, dözümsüz aparırsansa, belə çıxır, sən vasvasılıq eləyirsən, bunun başqa adı yoxdur!

Birisi öz qulluqçusunu, amansızcasına döymüşdü. Sokrat ondan, qulluqçusunu nədən belə döydüyünu soruşdu.

-Bu yaramaz, sucuqqarın(şirniyeyən), iş yarıtmayan, əliəyri, çox da ərincəkdir, ona görə.

Sokrat başını bulayıb dedi:

-Sən bir dərindən düşün, belə bir qulluqçun olduğuna görə, sənimi döymək gərəkdir, yoxsa onumu?

Birisi yolun uzunluğundan ərinib, Olimpə qalxmaqdan çəkinirdi.

-Sən bu yola çıxmağa, niyə belə ərinirsən? - Sokrat ondan soruşdu.- Bütün günü evdə o baş bu başa var-gəl eləmirsənmi? Orayacan keçib gedəcəyin yolun da belə olmayacaqmı?- bir az gedib, obaşdanlığını yeyəcəksən, sonra bir az da gedib, günortanı yeyib, dincələksən, habelə bunun kimi. Sən elə evdə beş-altı günə addımladığın yolu uc-uca düzsən, Afinadan Olimpəcən çatar! Bundan başqa, bir gün tez yola çıxsan, gecikməzsən də: gündüzlər, istidə çox yol getmək adamı yorur, bir gün tez çıxsan: arxayınca, özünü yormadan gedərsən; ona görə də yolu yeyin getməkdənsə, evdən bir gün qabaq çıxmaq yaxşıdır.

Başqası, keçib gəldiyi uzaq yolda, çox yorğun düşdüyündən gileylənirdi. Sokrat ondan yolda yük daşıyıb daşımadığını soruşdu.

-Yox, and olsun Zevsə,- o, dedi,- çiynimdə bürüncəkdən başqa nəsə olmayıb.

-Yola tək çıxmışdın, yoxsa qulluqçun da vardı?

-Qulluqçu ilə çıxmışdım.

-O da yüksüz idi?

-Yox, and olsun Zevsə, yorğan-döşək, yeyəcək, bir az da başqa yükümüz vardı, hamısını da o daşıyırdı.

-Yolda təntiyib eləmədi, qulluqçun?

-Yox, məndən də yaxşı yeriyib gəlirdi.

-Birdən bu yol boyu, onun daşıdığı yükü sən daşısaydın, necə olardı?

-Yaman günə qalardım, and olsun Zevsə, doğrusu bu yüklə o yolu keçib gəlməyə gücüm də çatmazdı.

-Öz qulundan az dözümlü olmaq, sənin kimi özgür bir kimsəyə yaraşarmı, özün də gimnastika çalışmalırına qatıldığını deyirsən?

XIV BAŞLIQ
{Yeməkdə ölçü gözləmək}
Bir gün, bir neçə adamın düzəltdiyi ellik günorta yeməyində, Sokrat yemək gətirən adamların birilərinin az, o birilərinin çox yemək gətirdiklərini, özü də çox yeməklə gələnlərin gətirdiklərini masanın özlərinə yaxın yerlərinə düzdüklərini görəndə, qulluqçuları çağırıb buyurdu: çalışın, bütün yeməkləri bir yerə toplayıb, ortaya qoyun, bu da olmasa, onları qıraqda bir yerə yığıb, oturanların arasında tən bölün, qoy çox yemək gətirənlərin, hamı üçün olan yeməkdən özünə çox götürməyə qanacaqları yol verməsin. Ellik günortasında, öncə çox yemək gətirməklərini gözə soxub, sonradan öz yeməkləri ilə qarınqululuq eləyənlər, bundan sonra, özlərini başqalarına göstərmək üçün elədikləri belə yersiz davranışlarından çəkindilər.

Başqa bir gün, qonaqlıqda, bir acgöz gəncin çörək yeməyib, qarnını ancaq ətlə doyurmağa çalışdığı Sokratın gözünə sataşdı. Bu anda qonaqlıqdakı adamlar arasında, qrammatikadan: sözlərin biri-birinə necə qoşula biməsi konusunda, danışıq qızşmışdı. Sokrat da sanasan, bu danışığa qoşulurmuş kimi dilləndi:

-Biz adama hansı işinə görə “ətyeyən” adını veririk? Çörək qurtarmayana kimi, hamı əti çörəyə yavanlıq eləyib yeyir; ancaq məncə buna görə adama “ətyeyən” demək düz olmazdı.

-Düzdür, buna görə adama “ətyeyən” deyilməz,- oradakılardan biri dilləndi.

-Onda biri əti çörəksiz yeyirsə, özü də bunu bədənini atletika yarışlarına uyarlı etmək üçün yox, qarınqululuqdan eləyirsə, ona “ətyeyən” demək olarmı?

-Buna da deməyib, kimə deyəsən,- yenə bayaqkı adam dilləndi.

-Kimsə azacıq çörəklə çoxlu ət yeyirsə necə?- bir başqası soruşdu.

-Mənə elə gəlir, - Sokrat dilləndi,- elə onu da “ətyeyən” adlandırmaq düzgün olardı; görünür bütün adamlar tanrılardan çörək bolluğu diləyəndə, bunlar tanrılardan ancaq ət bolluğunu diləyirlər.

Sokratın bu sözlərindən sonra, acgözlük eləyən gənc suçunu anlayaraq, ət yeməkdən çəkilməyib, ancaq bir az şörək də götürdü. Bunu görən Sokrat dözməyib, yanındakılara onu göstərdi:

-Ona göz qoyun, görün o çörəyi ət kimi yeyəcək, yoxsa əti çörək kimi.

Ayrı bir qonaqlıqda, Sokrat birinin ağzına bir tikə çörək atıb, sonra acgözlüklə masanın üstündəki bütün yeməklərdən üst-üstə, bacardıqca ağzına doldurduğunu gördü.

-Belə bir durumu göz önünə gətirə bilərsinizmi, - Sokrat dedi,- bir neçə, ayrı-ayrı yeyilən yeməkləri, ağzında biri-birinə qatıb, beləliklə də qızlı(bahalı) yemək yediyini düşünən birisiylə, bütün acı-ucuların (ədviyyatların) hamısını birdən ağzına töküb yaxşı dad duyacağını düşünən adamı yanaşı qoymaq? Birincilər, aşçıların biri-birinə qatmağı düzgün saymadıqlarını qarışdırıb, sanasan özlərinə, qızlı(bahalı) yemək düzəldir; o birilər isə biri-birinə qatışmayan nəsnələri qatışdırıb, aşçıların “bacarmadığını” eləyir, onların yanlışını “düzəldirlər”. Aşçıların öz işlərini dərindən bilən kimsələr olduğu hamıya bəllidirsə, onda başı çıxmayanların onların işlərinə düzəliş verməsi, gülünc deyilmi? Bundan başqa, bir neçə yeməyi biri-birinə qatıb birdən yeyənin, bir çatışmazlığı da olur: birdən onun qabağına ancaq bir yemək qoysalar, bu yemək ona doyumlu görünmür, qarnı doyur, ancaq gözü doymur. Ancaq kimsə bir yeməyi, çörəyinə yavanlıq eləyib yeməyə alışıbsa, qabağına gələni yeyib, gözütox durub gedir.




DÖRDÜNCÜ KİTAB

I BAŞLIQ
{Oxuyub öyrənməyin gərəkliyi ilə bağlı danışıq}
Sokrat harada olur olsun, nə eləyir eləsin, hamısında oracan işə yarayan adam idi, onunla oturub durmağın, yanında olub dediklərinə qulaq asmağın gərəkliyini, oxuyub-yazması olmayanlar belə duya bilirdilər. Özü olmayanda belə, Sokratla keçən günləri anmağın özü, onunla danışmağa, onu eşitməyə alışmış adamların işinə yarayırdı. Onun gülməyə salıb dediyi sözlər də, çox dərin konularda olan danışdıqları kimi, dinləyicilərinin ürəyinə yatır, onlara nəyisə öyrədir, hansısa bir yaxşılığa sarı yönəldirdi.

Birdən Sokrat durub desəydi, kiməsə vurulub, hamı onun bədəncə gözəl olan birinə yox, könülcə yetkin olan kimsəyə bağlandığını anlayırdı. Sokrat kiminsə yaxşı oxuyub-öyrənmək bacarığı olduğunu deyəndə, onun öyrənmək istədiyi biliklərin incəliklərini tez qavraya bilməsini, öyrəndiklərini unutmamasını; bir də onun, ev-eşik qurmaqdan, dövləti yönətməkdən tutmuş, adamların bütün qalan işlərinəcən yararlı olan bilikləri öyrənməkdə çalışqan olmasını anladırdı. Kim belə biliklər qazana bilirsə, Sokratın deməsinə görə, o təkcə öz işlərini yaxşı aparmaqla, ancaq özünü ağ günə çıxarmaqla qalmır, çoxlu adamları, o sıradan dövləti də uğura çatdırmağı bacarır.

Ancaq Sokrat adamlara yanaşanda, onların hamısına bir gözlə baxmağı da sevməzdi: kimsə anadangəlmə vergili olduğunu deyib, oxuyub-öyrənmək üçün çalışmazdısa, onlara üz tutub, anadangəlmə vergisi olanların başqalarından artıq oxuyub öyrənməli olduğunu deyərdi. Sözünü doğrultmaq üçün belə bir örnək gətirərdi: yaxşı qandan olan atlar, doğuluşlarından çox qızğın, diribaş olurlar, onları erkən yaşından öyrətməyə başlayanda, başqa atlardan qat-qat üstün olurlar, ancaq onları doğuluşundan başlı-başına buraxanda, sonradan ipə-sapa yatmayan, miniyə yaramayan olurlar, onları sonradan öyrətmək də olmur. Bunun kimi, yaxşı qanlı sayılan itlər də, onları erkən yaşlarından alışdıranda, yorulmaq bilməyən, yırtıcılarla boğuşda basılmayan, ovda çox zirək olurlar, alışdırmayanda isə sümsük, quduz, azğın olub, bir işə də yaramırlar. Eləcə də, yüksək vergili kimsələrin anadangəlmə güclü öpözləri olduğundan, başladıqları işə ürəklə girişdiklərindən, onlar yaxşı oxuyarlarsa, insanı yaxşı işlərə alışdıran gərəkli biliklərə yiyələnərlərsə, çox yetkin, hamının işinə yarayan adamlar olurlar, bir sözlə böyük işlər görməyi bacarırlar. Ancaq oxumayanda, anlamaz olaraq qalanda, onlar olduqca saçma, yaramaz adamlara çevrilirlər: insanca yaşamağın nə demək olduğunu bilməzlikdən, oğurluğa, quldurluğa qurşanırlar; onlar öz qılıqlarına görə, ötkəm, yekəbaş, tərs olurlar, onları başlarına batan hansısa yanlış düşüncədən qoparıb ayırmaq olmur, buna görə də, belələrinin yamanlıq eləməkdə də böyük “bacarıqları” olur.

Kimsə özünün varlı olmasına güvənib, oxuyub-öyrənməyə soyuq yanaşardısa, axçasına güvənib bütün işlərini yoluna qoyacağını, üstəlik toplumda sayğı yiyəsi ola biləcəyini düşünərdisə, Sokrat onlara yanıldıqlarını anladar, bilik qazanmadan, yaxşını yamandan ayıra biləcəyini düşünməyin, qanmazlıq olduğunu başa salardı; ancaq axça gücünə, yaxşı yaşayış qura biləcəyini düşünməyi o, qanacaqsızlıq sayırdı. Onun deməyinə görə, ancaq başı düzgün işləməyən adamlar, əllərindən bir iş gəlməsə də, öz işlərini yoluna qoya bilməsələr də, bütün işlərinin yerli-yerində olduğunu düşünərlər; yenə də, ancaq qanmaz adamın ürəyindən keçə bilər, o ancaq elə varlı olduğu üçün də istədiyi yetkinliyə çata bilər, habelə gərəkli bir iş görməsə belə, ad-san yiyəsi ola bilər.



II BAŞLIQ
{Evtidemlə, oxumağın yararları ilə bağlı danışıq}
İndi isə sizə, Sokratın özünü yalandan oxumuş kimi göstərib öyünənləri, necə yerində oturtduğundan danışmaq istəyirəm. “Gözəl” ayamalı Evtidem, görkəmli şairlərin, filosofların kitablarını toplayıb evində saxlayırdı, onları oxuyub-öyrənməyə çalışmır, ancaq çoxlu kitab toplaya bildiyinə görə də, yaşıdları arasında özünü dartıb, çox bilikli birisi kimi aparır, yan-yörəsinə özünün sözçülükdə(oratorluqda), dövlət yönətimçiliyində, dərin biliyi olduğunu aşılamağa çalışırdı, Sokrat da bunu bilirdi. Sokrat onu da bilirdi, Evtidem gəncliyindən buçağacan, Xalq yığıncaqlarına getmir, oralara gedib çıxanda da, uzaqbaşı yaxınlıqdakı yəhər-yüyən düzəldilən əlyerində(emalatxanada) oturub laqqırtı vurmaqla gününü keçirir. Sokrat da bir gün, öz arxadaşları ilə bura gəlib çıxdı.

Sokratın arxadaşlarından biri, Femistoklun nədən belə ad-san qazandığını, dövlətin ağır günlərində, niyə bütün yurddaşlarının ona güvəndiklərini soruşdu: görəsən, o anadangəlmə vergili olduğuna görəmi, bu işləri yaxşı bacarırdı, yoxsa hansısa bilici adamın yanında olub, bunları ondan öyrənmişdi? Sokrat Evtidemi danışığa çəkmək üçün, ortaya söz atdı: ən yüngül əl işini öyrənmək üçün də, hansısa əlişçinin(ustanın) yanında öyrənçi olmaq gərəkirsə, onda dövləti yönətmək təki ağır bir işi, kiminsə öz-özünə öyrənə biləcəyini düşünmək anlamazlıq olardı.

Başqa bir gün, Sokrat Evtidemin yenə də bu əlyerində olduğunu gördü, Evtidem isə özünü elə aparırdı, sanasan Sokratın danışdıqlarını dinləmək onu ilgiləndirmir, o, yaxınlaşanda durub getmək istədi. Sokrat onu dayandırıb dedi:

-Arxadaşlar, buna inanın, bir az da keçsə, dövlətin ən ağır işlərinin yoluna qoyulmasında başlıca sözü Evtidem deyəcək: bu onun oturuşundan-duruşundan da açıq görünməkdədir. Mənə elə gəlir, o, Xalq yığıncağında eləyəcəyi çıxışını da yazıb bitirib, indi də bizim yanımızda dayanmaq istəmir, birdən deyərlər, dediklərini kimdənsə öyrənib. Mənə elə gəlir, o, Xalq yığıncağındakı çıxışını belə başlayacaq: “Mən haçansa, kimsədənsə, nəyisə öyrənməmişəm, ay afinalılar, baxmayaraq, eşitdiyimə görə adamlar, uzun illər çalışandan sonra bilikli sözçülər, yetkin dövlət qulluqçuları kimi yetişirlər, ancaq mən onlarla görüşüb, nəsə öyrənməyi özümə yaraşdırmadım; mən ona da çalışmadım, hansısa işin bilicisi, mənim öyrətmənim olsun; mən kimdənsə nəsə öyrənmək bir yana qalsın, kiminsə mənim başqasından bilik ala biləcəyimi düşünməsindən belə qorxuram. Buna baxmayaraq, mənim sizə verəcəiyim dəyərli öyüdlər, öz-özünə gəlib mənim başıma dolur, mən də indi onları sizə deyəcəyəm”. Belə bir çıxış məncə, dövlət qulluğuna girmək istəyən həkimin də işinə yarayardı, o bir az dəyişikliklə belə deyərdi: “ Mən bir gün də olsa belə, həkimliyi öyrənməyə çalışmamışam, ay afinalılar, nə də yol verməmişəm, hansısa bilikli bir həkim mənə bu işi öyrətsin, qorxum təkcə ondan olub, birdən mənim həkimliyi kimdənsə öyrəndiyimi düşünən olar. Buna baxmayaraq, siz məni dövlət həkimi qulluğuna işə götürün, mən də qolumu çərmayıb, sizlərin sağlamlığınızı qoruyum”.

Toplaşanlar Sokratın bu sözlərinə uğundular.

Evtidemin də artıq, Sokratın sözlərinə qulaq kəsildiyi duyulurdu, ancaq yenə özünü o yerə qoymur, ağıryana görünmək istəyirdi. Sokrat onu yerindən tərpətmək üçün, sözünün ardını gətirdi:

-Doğrudan da bu, mənə çox anlaşılmaz görünür, kimsə kifara çalmağı, fleyta çalmağı, habelə at sürməyi öyrənibsə, çalışır, yetkinləşmək üçün bir az da artıq çalışsın, özü də bunu təklikdə yox, bu işin bilicilərinin yanında eləməyə çalışır; bu yolda ən ağır əməklərə qatlaşır, bütün gücü ilə çalışır, yalnız bircə istəyi olur: nə ola, bilicilərin ona verdiyi öyüdləri yerinə yetirə biləydi, o, öz işində başqa sayaq ad-san qazana bilməyəcəyini anlayır. Ancaq Xalq yığıncağının sözçüsü olmaq, yüksək dövlət qulluğunda işləmək istəyən biriləri düşünürlər, bunun üçün nə çalışıb-vuruşub bu işi öyrənmək, nə də özünü bu işə öyrəşdirmək gərək deyil, bu bacarıq onlarda öz-özünə yaranacaq. Öz aramızdır, dövlət qulluğu yuxarıda sadaladığım işlərdən qat-qat ağırdır,- oracan ağırdır, burada işləməyə başlayanların çox azı uğur qazana bilirlər, buradan aydın deyilmi, dövlət qulluğunda işləməyi öyrənmək istəyən, bu işin incəliklərinə yiyələnmək üçün, gərək başqa işləri öyrənmək istəyənlərdən də qat-qat artıq çalışsın?

Evtidemin yanında Sokrat qabaqca belə sözlər danışmaqdan başladı; Evtidemin onun sözlərinə getdikcə artıq qulaq kəsildiyini, danışıqdan yayınmadığını duyan Sokrat, bir gün yəhər-yüyən əlyerisinə təkcə gəldi.

Evtidem gəlib onunla yanaşı oturanda, Sokrat soruşdu:

-Evtidem, de görüm, mən düzmü eşitmişəm, deyirlər, sən ünlü bilgələrin çoxlu sayda kitablarını toplaya bilmisən?

-And olsun Zevsə, elədir Sokrat,- çalışıram bundan sonra da çoxluca toplayam.

-And olsun Heraya, -Sokrat dedi, - mən sənin bu işini alqışlayıram, sən qızıl-gümüş yığmaqdansa, özünə bilik saxlancı düzəldirsən: görünür sən artıq bilirsən, qızıl-gümüş adamı yetkinləşdirə bilməz, ancaq kim bilgələrin öyüdlərini eşidərsə, oxuyub öyrənərsə, o da özünü yaxşı insan kimi yetişdirə bilər.

Evtidem Sokratın bu sözlərinə çox sevindi, ona elə gəldi, Sokrat onun oxuyub-öyrənmək işində düzgün yolda olduğunu düşünür.

Evtidemin sevincdən üzünün güldüyünü görən Sokrat soruşdu:

-Sən bu kitabları toplamaqla hansı işin yiyəsi olmaq istəyirsən?

Evtidem nə deyəcəyini kəsdirə bilmədiyindən susdu.

Onda Sokrat yenə də soruşdu:

-Yoxsa, həkimmi olmaq istəyirsən? Həkimliklə bağlı kitablardan da çox toplamış olarsan?

-Yox, and olsun Zevsə, həkim olmaq istəmirəm, - Evtidem dilləndi.

-Yoxsa tikinti uzmanı(memar) olmaq istəyirsən, axı bunun üçün də çoxlu kitab oxumaq gərəkdir?

-Yox!

-Yoxsa, sən də Feodora kimi yerölçmədə(həndəsədə) ad-san qazanmaq istəyirsən?



-Yox, yerölçmə mənlik deyil.

-Yoxsa, göybilim(astronomiya) səni özünə çəkir?

Evtidem yenə yox dedi.

-Yoxsa, yanşaq olmaq istəyirsən? - Sokrat soruşdu.- Deyirlər səndə Homerin bütün poemaları var.

-Yox, and olsun Zevsə,- Evtidem söyləndi,- yanşaqlar bütöv poemaları bilcəklərində(yaddaşlarında) saxlaya bilirlər, ancaq özləri, mən bildiyimə görə, başdan ayağa biliksiz, anlamaz adamlar olurlar.

Onda Sokrat dedi:

-Evtidem, olmaya sənin istəyin yaxşı dirilikçi(təsərrüfatçı) olmaqdır, yoxsa dövlət qulluğunda işləmək, dövləti yönətib, özünün də, başqlarının da işinə yaramaqmı istəyirsən?

-Bax indi tapdın, Sokrat, mənim istədiyim elə budur, - Evtidem dilləndi.

-And olsun Zevsə, sən düz yol tutmusan, ən gərəklisi elə sən görmək istədiyin işdir: ağalıq eləməyi öyrənmək, elə ağayanalıq deyilmi? Sən dövlətə başçılıq edəcəyini götür-qoy eləyəndə, özün düzgün adam olmadan bu işdə uğur qazana bilməyəcəyini necə, düşünmüsənmi?

-Düşünmüsən də sözdür, məncə, düzgünlüyü gözləməyəndən yaxşı yurddaş belə olası deyil.

-Demək, sən artıq bütün işlərində düzgün olmağı bacarırsan?

-Elə bilirəm, mənim düzgünlüyüm başqalarından az olmaz.

-Düzgünlük də, səncə, deyək, elə bu doğramaçılıq(dülgərlik) kimi bir işmi sayılır?

-Elədir, bu özü də bir işdir.

-Düzgün adam da, bu doğramaçılar sayaq, soruşulanda, nə iş gördüyünü deyə bilərmi?

-Düzgünlükdən danışmaq, mənim əlimdə su içmək kimi yüngül bir iş deyilmi? Qaldı əyriliyin nə olduğu, onları indiyiəcən başımın tükü sanı görmüşəm, günlərlə danışsam qurtarmaz.

-İstəyirsən, belə bir iş görək, gəl burada delta, burada isə alfa yazaq. Düzgünlük saydıqlarımızı deltanın altından, əyrilik saydıqlarımızı alfanın altında sıralayıb yazaq.

-Bunun nəyəsə yararı olacaqsa, yaz getsin.

Sokrat hərfləri dediyi kim yazaraq, soruşdu:

-Bu yer üzündə, yalan deyilən bir nəsnə varmı?

-Vardır, sözsüz.

-Onu hansı sıradan yazaq?

-Düşünmədən, alfa(əyrilik) sırasına.

-Aldatmaq deyilən bir nəsnə də olurmu?

-Olur.

-Onu hara yazmalı?



-Onu da, əyrilik olan sıraya.

-Yamanlığı necə?

-O da alfalıqdır.

-Adamları zorla tutub, qul kimi satmaq necə?

-O da alfanın sırasındadır.

-Demək, indiyə kimi sadaladıqlarımızdan birini də delta(düzgünlük) deyə ayırd elədiyimiz sıradan yaza bilmərik?

-Bunları oradan yazmaq anlamazlıq olrardı.

-Birdən, strateq seçilmiş birisi, onun şəhərinə uzun illər quldur basqınları eləmiş yağıları yenəndən sonra, onları tutub qul kimi satarsa, budamı əyrilik sayılır?

-Yox, bu əyrilik sayılmaz.

-Onun bu işini, düzgünlükmü saymalıyıq?

-Sözsüz.

-Strateq yağılarla döyüşündə, onları aldadaraq yenibsə, bunu nə saymalıyıq?

-Bunu, düzgün iş saymalıyıq.

-Onların var-yatırını çapıb talasa, budamı düzgünlük sayılmalıdır?

-Sözsüz, düzgünlük sayılmalıdır,- Evtidem dilləndi,- ancaq sən məndən bayaq söz soruşanda elə bildim, ancaq arxadaşlarla bağlı işləri soruşursan!

-Deməli, indi biz bu baxdığımız duruma görə, əyrilik sırasında yazdıqlarımızı götürüb, düzgünlük sırasında yaza bilərik, deyilmi?

-Belə çıxır, oradan yazmalıyıq.

-Onda istəyirsən, gəl belə eləyək, biz bundan sonra, bayaqdan dediklərimizi yerinə görə anlamağa çalışaq, bunları yağıya qarşı düzgünlük, arxadaşlara qarşı əyrilik sanaq, onda belə çıxır, arxadaşlarla ancaq düzgünlüklə davranmalıyıq, deyilmi?

-Ancaq düzgünlüklə, başqa sayaq yox.

-Yaxşı, birdən savaşın gedişində strateq döyüşçülərinin sarsıldığını görüb, onları ürəkləndirmək üçün yalandan, yandaşlarının(müttəfiqlərinin) tezliklə yardıma yetəcəyini deyirsə, bununla da onları döyüşü atıb qaçmaqdan çəkindirirsə, bu yalanı hansı sıradan yazmalıyıq?

-Mənə elə gəlir, düzgünlük sırasında yazmalıyıq.

-Birdən uşaq dərmanı yemək istəmir, atası da yalan danışıb, bu dərmanı yemək adı ilə ona yedirirsə, bu yalanı haradan yazaq?

-Bunu da düzgünlüyə.

-Birisi, dostunun qüssədən başını itirib çılğınlaşdığını görürsə, özünü öldürə biləcəyindən qorxub, onun qılıncını, başqa yaraqlarını oğurlayıb gizlədirsə, onun bu oğurluğunu haradan yazmalıyıq?

-And olsun Zevsə, bunu da düzgünlük sırasından yazmalıyıq.

-Sən demək istəyirsən, yeri gələndə arxadaşları aldatmaq da olar?

-Yox, and olsun Zevsə, olmaz, mən sözümü geri götürə bilərəmmi?

-Olar, niyə olmur, yoxsa arxadaşlıq adına yaraşmayan söz danışmaqdansa, yaxşısı sözünü geri götürməkdir. Onda gəl, belə bir durumu da gözdən keçirək, arxadaşının işlərini korlayan adamın elədiyi, hansı halda düzgünlükdür, hansı halda əyrilikdir: bunu bilərəkdən eləyəndə, yoxsa bilməyərəkdən?

-Ah, Sokrat, mən artıq özüm öz dediklərimə inanmıram, bir az bundan qabaq mənə bir sayaq görünənlər, indi büsbütün başqa sayaq görsənir, ancaq yenə deyirəm, bunu bilərəkdən eləyən əyri, bilməyərəkdən eləyən düzgün adamdır.

-Necə düşünürsən, düzgünlüyü də bilim(elm) kimi öyrənmək, yəni düzgünlüyün bilicisi olmaq, olarmı?

-Məncə, olar.

-Sən kimi bilikli sayırsan, bilərəkdən yanlış yazıb, yanlış oxuyanı, yoxsa bilməyərəkdən?

-Bunu bilərəkdən eləyən biliklidir, o istəsə, düzgün yazıb-oxuya bilər.

-Demək, səncə, kim bilərəkdən düzgün yazıb-oxumur, o, bilikli, kim bilməyərəkdən bunu eləyirsə, o, biliksizdir, eləmi?

-Başqa necə ola bilər?

-Səncə düzgünlüyün bilicisi bunlardan hansı sayılmalıdır: onu bilə-bilə, yalan danışan, aldadan birisi, yoxsa onu bilməzlikdən düz danışmayan, yanılan başqası?

-Sözsüz, onu bilən kimsə,- bilici sayılmalıdır.

-Demək, sənin sözünə görə, oxuyub yazmağı bilən, onu bilməyəndən biliklidir?

-Elədir.

-Eləcə də düzgünlüyün nə olduğunu bilən, onu bilməyəndən düzgündür?

-Bunun belə olduğu gün kimi aydındır; ancaq sözün düzünə qalsa, mən indi danışıram, özüm də öz dediyimi yaxşı anlamıram.

-Bax, birdən birisi sözün düzünü demək istəyir, ancaq bir olayı dönə-dönə danışanda sözü üst-üstə düşmür, belə də deyir, elə də? Tutalım, o hansısa şəhərə gedən yolu birdən doğuya sarı, birdən də batıya sarı göstərir? Durub, o şəhərə gedən yolun uzunluğunu birdən az, birdən də qat-qat çox deyir? Belə adam üçün nə deyə bilərsən?

-And olsun Zevsə, sözsüz, o nəyisə bidiyini düşünür, özlüyündə isə bunu bilmir.

-Eşitmisənmi, bir çox adamların anadangəlmə qul olmaq üçün doğulduqlarını deyirlər?

-Eşitmişəm.

-Səncə, onların qul doğulmuşlar deyə çağırılmasının nədəni, bu kimsələrin biərəkdən, yoxsa bilməyərəkdən, belə olduqlarına görədir?

-Sözsüz, bilməyərəkdən belə olduqları üçün.

-Dəmirçiliyi bilmədiklərinə görəmi, onları belə çağırırlar?

-Yox.

-Yoxsa, doğramaçılığı(dülgərliyi) bilməməkdən?



-Yox, bundan deyil.

-Çəkməçiliyi bilməməkdənmi?

-Buna görə də deyil; anadangəlmə qul olmaq üçün doğulanların çoxu, bu dediyimiz işlərin gözəl biliciləri olurlar.

-Yoxsa bu adı, gözəlliyin, yaxşılığın, düzgünlüyün nə olduğunu bilməyən adamlara qoşurlar?

-Məncə belədir.

-Bunu biliriksə, onda bizə bircə o qalır, qul olmayaq deyə, gecə-gündüz əlləşib-vuruşaq!

-And olsun tanrılara, Sokrat, - Evtidem dilləndi,- mən elə bilirdim, özümün, anadangəlmə olan, filosofluq bacarığım vardır, belə gülünc düşüncələrimə arxalanıb, bilici bir kimsə olduğumu sanırdım, buna görə də mənə elə gəlirdi, yaxşı insan olmağa yarayan bilikləri də büsbütün öyrənmişəm. İndi özün yaxşı görürsən, mən çaş-baş qalmışam, artıq bütün aydınlığı ilə görürəm, indiyə kimi öyrəndiklərim, mənim özlüyündə bilməli olduğum ən qolay sorğuları yanıtlamağa belə yetərli deyilmiş, sözün düzü, bundan sonra hansı yolla gedəcəyimi də kəsdirə bilmirəm!

Onda Sokrat soruşdu:

-Evtidem, mənə de görüm, haçansa Delfdə* olmusanmı?

-And olsun Zevsə, iki dönə olmuşam.

-Oradakı ocağın(məbədin) üstündəki: ”Özü özünü tanı” yazısı necə, gözünə sataşıbmı?

-Görmüşəm o yazını.

-Bu yazının gəlişigözəl bir söz olaraq yazıldığını düşündün, yoxsa onu oxuyandan sonra, özünü öyrənməyə, kim olduğunu araşdırmağa başladın?

-And olsun Zevsə, yox, mən elə düşünürdüm, özümü yetərincə tanıyıram; elə sanırdım, başqa nəsnələri tanımağım, bilməyim də, özümü tanıyıb bilməyimə görədir.

-Sən özünü tanımaq deyəndə nəyi başa düşürsən: öz adının kim olduğunu bilən kimsəni, yoxsa özünün bacarıqlarından baş açan, öpözünü araşdırıb, hansı insanlıq dəyərləri ilə seçildiyini öyrənən kimsənimi? - tutalım, at alan birisi özünü at bilicisi sayırsa, onda almaq istədiyi ata baxanda, onun toxdaqmı, qızğınmı, güclümü, gücsüzmü, dəlisoymu, yorğamı olduğunu,- bir sözlə onun bütün yaxşısını-pisini sonacan araşdırmalı deyilmi? Ona görə də, mənə elə gəlir, kim özünün çatışmazlıqlarını bilmirsə, demək özünü tanımır. Bu, açıq-aydın görünmürmü yəni, - Sokrat sözünün ardını gətirdi,- özünü tanımaq adamlara uğur qazanmaqda yardımçı olur, özündən baş açmamaq isə onları qaragünlü eləyir. Kim özünü tanıyır, o özünə nələrin yararlı olduğunu da bilir, bütün aydınlığı ilə anlayır: nəyi eləyə bilər, necə eləyə bilər. Ona görə də bacardığı işlərə baş qoşub, öz yaşamını düzgün qura bilir, ağ günlərə çıxır, bacarmadığı işlərə girişib yanlışa qapılmır, uğursuzluqlardan yayına bilir. Bu bildikləri, ona başqa adamları tanımaqda da yardımçı olur, bundan yararlanıb, onlarla ilişgilərini də düzgün qurub, özünü baş verə biləcək itkilərdən qoruya bilir. Özünü tanımayan kimsə, öz bacarıqlarını dəyərləndirməkdə yanlışlara uyur, bu özünü,- onun başqaları ilə ilişgilərində də, insan yaşamına bağlı bütün işlərində də göstərir: o özünə nələrin yararlı olduğunu bilmir, nə elədiyini anlamır, işbirliyində olduğu adamları tanımır, bütün bu yanlış düşüncələri ilə ağır itkilərlə üzləşib, qaragünlü bir kimsə olur. Nə elədiyini bilən kimsə, işlərində qazandığı uğurlara görə ad-san da qazanır; öz işini bilən adamlar da, onunla işbirliyinə qatılmağa çalışır, işi düz gətirməyənlər isə onun ətəyindən yapışıb yardım diləyir, bir sözlə ağ günə çıxmaq umdularını onun göstərişlərinə bağlayıb, onu özləri üçün ən dəyərli bir kimsə sayırlar. Nə elədiyini bilməyən kimsə, özünə gərəkən işi tapmağı belə bacarmır, hansı işdən yapışırsa batırır, ara vermədən itkilər verir, sonunda özünü də işə də salır, adını batırıb hamının gözündən də düşür, özünü gülünc günlərə qoyub, pis adla, üzüqara yaşayır. Sən özün də bunu bilməmiş deyilsən, öz gücünü düzgün ölçə bilməyən dövlət, özündən güclü dövlətlə savaşa başlayanda başına nələr gəlir: birində, torpaqlarında baş verən dağıntılardan bir də özünə gələ bilmir, o birində, bağımsızlığını itirib, yenildiyi dövlətin əlaltısına - quluna çevrilir.

Bu yerdə Evtidem dedi:

-Sokrat, mən sənin dediklərindən bunu başa düşdüm: özünü tanımaq, insanın ən başlıca işi imiş, bunu anladığımdan arxayın ola bilərsən; Ancaq özünü öyrənməyi nədən başlamalı? Sənin bu işdə də mənə yardımçı olacağına güvənirəm.

-Bax belə,- Sokrat dilləndi,- düşünürəm, yaxşılıqla yamanlığın nə olduğunu sən bütün incəliklərinə kimi artıq bilirsən, deyilmi?

-And olsun Zevsə bilirəm, bunu da bilməsəm onda ən alçaq quldan da əskik olaram.

-Onda bunların nə demək olduğunu mənə anlat, görüm.

-Burada nəsə baş çatladası bir tapmaca yoxdur. Öncə mən sağlamlığı yaxşılıq, ağrınmağı(xəstəliyi) yamanlıq sayıram; sonra da bunlara yol açan nəsnələri, deyək, içkiləri, yeməkləri, dolanışıq yolunu, bir sözlə sağlamlığa yarayan nə varsa bunları yaxşılığa sayıram, ağrınmağa gətirib çıxaran nə varsa yamanlığa.

-Deməli, sağlamlıqla, ağrınmaq işə yarayırsa, onlara - yaxşılıq, uğursuzluq törədirsə, onlara - yamanlıq deyə bilərik, eləmi?

-Bu necə ola bilər, sağlamlıqdan yamanlıq törənsin, ağrınmaqdan yaxşılıq?

-Deyim biləsən, sağlam olduğuna güvənib, yaramaz işlər dalınca gedənlər, dəniz quldurluğuna, ya da bunun kimi alçaq işlərə qurşananlar, sonucda ölüm-itimlə üzləşirlər, ancaq sağlam olmadığından bu işlərə qoşula bilməyənlər sağ qalırlar.

-Bunu düz deyirsən, ancaq gərəkli işləri görəndə də, biriləri sağlam olduqları üçün ona qoşulurlar, başqaları ağrındıqlarından evdə otururlar.

-Bu belədirsə, onda yeri düşdükcə dəyişən: bir yerdə dəyərli, başqa yerdə dəyərsiz ola bilən nəsnəni, biz hansı anlaqla yamanlıq yox, yaxşılıq saymalıyıq? And olsun Zevsə, burada arın-arxayın gediləsi bir doğru yol görünmür, bir az dərindən düşünsən, bunun belə olduğunu görərsən.

-Yaxşı, götürək bilgəliyi(müdrikliyi), Sokrat, bu sözsüz yaxşılq deməkdir: elə bir iş olarmı, anlamaz onu bilgədən yaxşı bacarsın?

-Necə yəni ola bilməz? - Sokrat dilləndi.- Dedalın* başına gələnləri eşitmədinmi, Minosun onu bilgə olduğuna görə ilişdirib, özündən asılı eləməsi, onu yurdundan ayırıb, öz sarayında qul kimi sxlaması, sonra Dedalın öz bilgəliyinə arxalanıb qaçmaq istəməsi, burada oğlunu itirməsi, bu harasıdır, qaçıb varvarların əlinə keçməsi, yenidən qul olması, bunların hamısı onun başına bilgələyindən gəlmədimi?

-And olsun Zevsə, mən də bu olayı eşitmişəm.

-Palamedin* başına gələnləri necə, eşitmisənmi? Hamı deyir, Odissey onu bilgəliyini gözü götürmədiyindən, qurğu qurub öldürtmüşdü.

-Bu olayı da eşitmişəm.

-Neçələrini ancaq çox bilikli olduqlarına görə, pars şahının güclə tutuqlayıb, özünə qul eləmək üçün apardığını da eşitmiş olarsan?

-Buna nə sözün, Sokrat, ağgünlülük yaxşılıq sayılmazmı?

-Elədir Evtidem, ancaq o qarışıq-dolaşıq yaxşılıqlardan törəməyibsə.

-Başa düşmürəm, insanı ağ günə çıxaran bir yol, necə qarışıq-dolaşıq ola bilər?

-Başqa birilərini demirəm, ancaq bura: gözəlliyi, gücü, varlılığı, ad-sanı qatmasaq, ola bilsin qalan yaxşılıqlar qarışıq-dolaşıq olmasın da.

-Yox, and olsun Zevsə, bunlarsız keçinmək olmaz! Bunlar olmadan hansı ağgünlükdən danışmaq olar?

-Sənin deməyindən belə çıxır, biz ağgünlüyün, insanlara başağrısı gətirən çoxlu nəsnələrdən doğulduğunu sanmalıyıq: çoxları öz gözəlliyinə görə, alçaq adamların əlinə düşüb pozğunlaşırlar, sən özün də neçələrini tanıyırsan, göyçək oğlan uşaqları ilə yatmaq üçün nə oyunlardan çıxırlar; habelə güclü olduğuna güvənən adamların çoxu, gücüm çoxdur deyə baştutmaz işlərə girişib, özlərini qaragünlü eləyirlər; çoxları varlı olduğundan ərköyünləşir, kimlə gəldi tutaqlaşır, çəkişir, günlərin birində kiminsə əlində də ölürlər; bir çoxları da dövlətdə böyük ad-san qazandığına, onun işlərini yönətməyə əli çatdığına görə, ağrı-acılara tuş gəlirlər.

-Mənim ağgünlüyü bəyənməyim də yanlış olacaqmışsa, onda boynuma alıram, bundan sonra tanrılara nəyə görə dua eləyəcəyimi də bilmirəm,- bunu Evtidem dedi.

-Ola bilsin, sən dərindən düşünüb-daşınmadığından, bu konuları yaxşı bildiyinə özünü inandırmısan. Ancaq sən demokratik bir dövlətə başçılıq eləmək istərkən, sözsüz, götür-qoy eləyib, demokratiyanın nə demək olduğunu özün üçün aydınlaşdırmısan, deyilmi?

-Bunu bilməyə nə varmış!

-Səncə, demosun nə olduğunu bilmədən, demokratiyanın nə olduğunu bilmək olurmu?

-And olsun Zevsə, bilmək olmaz.

-Yaxşı, sən demosun nə demək olduğunu bilirsən?

-Məncə, bunu bilirəm.

-Onda de görək, demos nə deməkdir?

-Məncə bu, yoxsul yurddaşların toplusudur.

-Yoxsulların kim olduğunu bilirsən?

-Necə yəni bilmirəm?

-Varlıların da kim olduğunu bilirsən?

-Yoxsulları bilirəmsə, demək onları da bilməmiş deyiləm.

-Onda de görək, hansı adamları yoxsul, hansılarını varlı sayırsan?

-Kimin dolanışığına yetəcək axçası yoxsa, o yoxsuldur, kimin axçası onun dolanışığını gen-bol görür, bundan başqa artıq da qalır, o varlıdır.

-Bunu necə, görmüsənmi: kimsə az-azacıq qazancı ilə dolanışığını keçindirə bilir, üstəlik qara günü üçün də nəsə yığır, ancaq eləsi də olur, çoxlu varı ilə də dolana bilməyib, onu tükədir?

-And olsun Zevsə elədir, yaxşı elədin bunları dedin, yoxsa unutmuşdum, mən tiran tanıyıram, özünü elə günə salıb, axça çatışmazlığından ən yolverilməz, alçaq işlərə əl atmalı olub.

-Bu belədirsə, onda dediyin tiranı demos, azacıq qazancla keçinməyi bacaran evyığan kimsəni isə varlı saymalı deyilikmi?

Burada Evtidem dedi:

-Mənim bu sözlə barışmaqdan başqa yolum qalmır, görünür, məndə anlaq çatışmazlığı varmış; düşünürəm, ən yaxşısı mənim susmağım olardı: açığını desəm, bu işlərdən mənim baş açdığım nəsə yox imiş.

Bu danışıqdan sonra, Evtidem bütünlüklə sarsılmış, özü-özünü görməyə gözü olmayan bir durumda çıxıb getdi, o artıq özünün anadangəlmə qul olmaq üçün doğulduğunu belə düşünməyə başlamışdı.

Sokratın bu günə saldığı yekəbaşların çoxu, sonradan ondan gen gəzirdilər; Sokrat da buna görə, onları qanmaz adamlar sayırdı. Ancaq Evtidemlə belə olmadı, o, Sokratla oturub-durmağın, onun danışıqlarına qulaq asmağın, özünün insan kimi yetkinləşməyinə yararını anlamışdı. Ona görə də, bundan sonra o, başqa bir işi yoxsa, Sokratın yanından əl çəkməzdi, iş o yerə çatmışdı, Evtidem Sokratın yaşamını bütünlüklə yamsılamağa da keçmişdi. Bunları görən Sokrat, onu sorğuları ilə çaşdırmaqdan əl çəkdi, ancaq Sokrat bundan sonra da, ona da, başqa dinləyicilərinə də, insanın yetkinliyinin özünü tanımaqdan, özünü yönətməkdən başladığını dönə-dönə deməkdən yorulmazdı.



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə