266
Napoleon
Bəşəriyyətin taleyinə ən müdhiş hadisələr gətirən, insan təbiətinə isə yad bir
şey olan müharibələr özünün eybəcərlik, dağıdıcılıq, qaniçicilik mahiyyətinə
baxmayaraq, dünya tarixinin ən cəzbedici və maraqlı anlarını təşkil edir.
Müharibələr sonralar yer üzündən silinmiş xalqları belə ümumdünya salnaməsində
qoruyub saxlamışdır, onların qələbələrini, hərbi qüdrətini min illər keçdikdən sonra
başqa nəsillərə çatdırmışdır. Şəxsiyyətlərə gəldikdə, tarix hərbi istedadı olanları
digər daha böyük istedad sahiblərindən də artıq böyük məhəbbətlə əzizləyib,
saxlayır. Böyük zəka qüdrətinə malik olan adamlardan fərqli olaraq hansısa döyüş
səhnəsində öz hərbi qüdrətini və bacarığını göstərmiş şəxslər tarixin sıradan
çıxmayan “yol yoldaşlarına” çevrilmiş, böyük zaman məsafəsi keçdikdən sonra
belə, onlara maraq və heyranlıq azalmamışdır. Sərkərdələrin fərasəti daha geniş
ərazi zəbt etmək, şəhərlər tutmaq, ölkələr fəth etmək, nəhayət daha çox qan
tökməklə qiymətlənsə də, insanlar bu bəlaları öz mahiyyətində ayırıb, onu
törədənləri bir sehrlilik haləsinə bürüyür, belə fəaliyyəti tarixin görünməmiş
nailiyyəti və bütünlükdə ümumbəşəri zəfər kimi qəbul edir. Onlara aludə nəzərlər
dikildikdə, elə təsəvvür yaranır ki, guya bəşəriyyət nəsə qazanmışdır, yer üzünün
sahəsi bu qələbələr hesabına genişlənmişdir və itkilərin miqdarında aşkara çıxan
qələbə insan varlığını şərəfləndirmişdir. Müasir insan müharibəyə, qan
tökülməsinə nifrət bəslədiyi halda, keçmiş müharibələri, böyük tarixi döyüşləri
həvəslə öyrənir, onların hər bir detalına nüfuz edir, çalınmış qələbəyə, əslində isə
elə bil ki, axıdılan qan çayına sevinir. Zəfərlərin müəllifi az qala müqəddəslik, ən
azı isə pərəstiş və məhəbbət obyektinə çevrilir. İnsanlar bu qalibiyyətli sərkərdələr
qarşısında çətin müharibələrdə təslim olmuş ordular və döyüşçülər kimi baş əyir,
diz çökür, elə bil ki, həmin bədbəxtlərin qul aqibətini, itaət etmək xislətini yenidən
yaşayırlar.
Müharibənin yaratdığı qeyri-adi, bəlkə də fantastik təsir gücü, cazibə
qüvvəsi də bu paradoksallıqdadır, ümumən ona olan nifrətin unudulub, onun ayrı-
267
ayrı nümunələrinə hansısa, bəzən hətta saxta meyarları əsas götürməklə heyran
nəzərləri dikməkdədir, anlaşılmayan məftunluqdadır. Lakin müharibənin,
döyüşlərin cazibə qüvvəsini təkcə aldadıcı rəydə, qiymətdə axtarmaq da düzgün
olmazdı. Bu insan əməlləri və vəziyyətləri içərisində elə nadiri və heç nə ilə
müqayisə edilməyənidir ki, qanlı döyüşdə bəşər övladının bütün ruhi və fiziki
qüvvələri sınağa çəkilir, insan ağlının qüdrəti, onun ruhi və mənəvi qüvvələri ilə
birlikdə səfərbər edilir, bu anda həm yüksək ağıl, həm də hiyləgərlik, cəsarət,
igidlik, hansısa gözlənilməz bir hərəkət və ya fəndlə vəziyyəti iti sürətlə
dəyişdirmək bacarığı işə düşür. İnsan təbiətin ona bəxş etdiyi bütün imkanlarını,
resurslarını işə salır, bu anda onun qüvvəsi, iti ağlı, biliyi, düşünmə və qərar vermə
qabiliyyəti görünməmiş qaydada ona və hadisələrin inkişafına xidmət göstərir,
döyüşçünün, xüsusən döyüşə başçılıq edən sərkərdənin təbii potensialının dəyərini
dəfələrlə artırır, böyüdür və sınaq anında onun görünməmiş qəflətiliklə üzə
çıxmasına şərait yaradır. Sərkərdə təkcə böyük qələbə çalmır, həm də insan
ağlının, insan cəsarətinin, bütünlükdə ruhunun ağlasığmaz miqyasını nümayiş
etdirir, insanın malik olduğu böyük əqli, mənəvi, psixiki qüvvənin zəfərinə çatır.
Ağır döyüşlərdə qələbə hərbi bacarıq, taktika məharəti hədlərini aşıb keçməkdən
xəbər verir, çətin vəziyyətdə, böhran anında insanın görünməmiş zəkaya və heç bir
risqlə müqayisə olunmayan, qeyri-bəşəri cəsarətə malik olduğunu göstərir. Bəlkə
də buna görədir ki, insanlar böyük sərkərdələrə məhəbbət, ən azı pərəstişlə
yanaşırlar, dövrlər və zövqlər dəyişsə də onlara sitayiş azalmır. Ona görə də tarix
onları əziz övladları kimi qoruyub saxlayır, qədim insanın iftixarla baxdığı
şəxsiyyətlər bu gün də öz qiymətlərini itirmir.
İri qələbələri hesabına hərb tarixindən bəşər tarixinin səhifələrinə keçənlər
bir an da olsun unudulmurlar, cəsədlərindən bir atom qalmasa belə, onların adını
və ruhunu insanlar əzizləyir, bəşəriyyətin ağuşunun hərarəti zaman zülmətində itib
batmamaq üçün, onların üzərinə düşən işıq selinin azalmasına imkan vermir.
Heyranlıq, aludəçilik nöqteyi-nəzərindən biz heç də Böyük Aleksandra əfsanələr
yaradan müasirlərindən və onun ardınca gələnlərdən, Qay Yuli Sezarı ölümə
gedərkən də fərəhlə salamlayan köhnə legionerlərindən o qədər fərqlənmirik.
268
Hannibal bir neçə il ərzində qədim romalıları qorxu və təşviş içərisində saxladığı,
Böyük və Kiçik Stsipionlar müvafiq olaraq əvvəlcə Karfageni alçaldığı sülhə
məcbur edib, sonra onu yer üzündən sildikləri halda, biz onların hər üçünə heç də
nifrətdən xəbər verməyən canlı maraq göstərir, qəhrəmanlıqlarını öyrənməklə
onların şəxsiyyətlərini vəsf edirik. Monteskyenin səmimi tərifindən sonra biz
Böyük Karlın insani xüsusiyyətlərinə də həsəd aparırıq. Qərbin ifşaedici təbliğatına
baxmayaraq heç kəs Çingiz xanın və ya Tamerlanın hərb qüdrətini, böyük əraziləri
öz hakimiyyətinə tabe etməsini inkar edə bilmir. Əgər XVIII əsrin əvvəllərində
sərkərdə Con Çörçill Malboro Avropada bir sıra qələbələri ilə ingilis silahının
şöhrətini artırdısa, onun nəslindən olan Uinston Çörçill XX əsrdə faşizmə qarşı
mübarizənin təşkilatçılarından biri olmaqla, İkinci dünya müharibəsinin
qəhrəmanları sırasında özünə yer tapdı. Bu sərkərdələrin hamısı hərbi uduş
uğrunda vuruşsa da, onların zəfərləri və ya məğlubiyyəti müxtəlif dövrlərdə
dünyanın sifətinin dəyişilməsində az rol oynamamışdır. Onların qələbələrindən bu
sifətdə müəyyən eybəcərlik nişanələri yaransa da, bir çox hallarda onlar ümumi
proqressə yol açmışlar. İkinci dünya müharibəsi dövründə anti-Hitler koalisiyası və
onun aparıcı qüvvələri olan SSRİ, ABŞ və İngiltərə Hitler Almaniyası və militarist
Yaponiyası üzərində qələbə çalmaqla dünyanı faşizm taunundan xilas etmiş, bir
çox xalqları fiziki məhv olmaqdan və köləlikdən qoruyub saxlaya bilmişdilər. Ona
görə də İkinci dünya müharibəsindəki qələbə bəşəriyyətin zülm və istismardan
azad olan gələcəyi üçün əldə edilən zəfər idi.
Tarixin ən böyük sərkərdələri içərisində Napoleon ayrıca yer tutur. Onun
həyatını möhtəşəm qələbələr və acı məğlubiyyət bəzəyir. O, Sezara daim qibtə ilə
baxırdı, onun pərəstiş etdiyi bir sərkərdə kimi Makedoniyalı Aleksandrın çox
cavan vaxtı dünyanı fəth etməsinə açıq qısqanclıq göstərirdi. Napoleon da öz
sərkərdə qabiliyyətini öz sələfi Böyük Aleksandr kimi, onunla müqayisə bir qədər
bütünlüklə ədalətli olmasa da, gənc yaşlarından göstərməyə başlamış, 31 yaşında
Marenqodakı, bundan dörd il sonra isə Austerlitsdəki daha parlaq qələbəsini
qazanmışdı. Napoleon elə bir şəxsiyyətdir ki, hətta məğlubiyyəti da ona əlavə
şöhrət bəxş etmişdir. Çünki o, faciə anında da özünü faciə qəhrəmanı kimi
Dostları ilə paylaş: |