Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   23   24   25   26   27   28   29   30   ...   171

54 
 
burada xəsislik əks-effekt verib, səhhəti daha da korlaya bilər. Axı iri problemdən 
xilas olmağın yolu hökmən əliaçıqlıqdan keçir və belə qanunauyğunluq heç kəsdən 
yan  ötmür.  Axı  Bakının  sıxlaşması  və  “modernləşdirilməsi”  bəlalarını  azacıq 
yüngülləşdirməyin  özü  də  xırda  məbləğlərə  başa  gəlməyəcəkdir.  Xəstəliyin 
dərinləşməsi isə xərcləri görünməmiş qaydada çoxalda bilər. 
Digər  kontr  arqument  kimi  xalqın  başqa,  daha  mühüm  problemləri  – 
Qarabağ  dərdi,  işsizlik,  ağır  sosial  çətinliklərin  mövcudluğu  göstərilə  bilər. 
Hamının ümumi bir istək və arzusuna uyğun olaraq həmin dərdlərə əncam çəkilsə 
belə, Bakını taqətdən salan problemlər öz neqativ və acı rolunu oynamaqda davam 
edəcəkdir. Ona görə də, münasibət bildirənlərin hər biri, xüsusən dövlət siyasətini 
hazırlayanlar  və  həyata  keçirənlər  bunun  taleyüklü  məsələ  olduğunu  nəzərə 
almaqla yanaşı, həm də uzaq perspektivi və inkişaf yolundakı çətinlikləri indidən 
görməyi  və  düzgün  qiymətləndirməyi  bacarmalıdırlar.  Dövlətin  aqibəti  üçün 
məsuliyyət  daşıyanlar  qarşıdakı  illərin  dumanla  örtülmüş  tutqunluğunda  optimal 
yolu  seçib,  ölkə  və  xalq  üçün  yaxşı  olanı  vəd  edən  qərarı  verməkdə  qətiyyətlilik 
nümayiş  etdirməlidirlər.  Cari  dövrün  çətinliyi  xoşbəxt  gələcək  perspektivini 
gerçəkləşdirmək  və  yaxınlaşdırmaq  iradəsinə  xələl  gətirməməlidir.  Siyasi  iradə 
olan  yerdə  böyük  layihə,  iri  miqyaslı  iş  həm  də  böyük  enerji  və  coşğun  ehtiras 
yaradar,  qüvvələri  səfərbərliyə  almaqda  və  vəzifəni  ümummilli  səviyyəyə 
qaldırmaqda hər cür maneələri dəf edə bilər. 
Digər  tərəfdən,  ümumilikdə  paytaxtın  köçürülməsi  ideyası  heç  də  elə  bir 
yenilik deyildir və müxtəlif dövlətlər özlərinin vacib saydığı siyasi, iqtisadi, sosial 
və  geopolitik  səbəbləri  əsas  götürərək  belə  bir  addım  atmaqda  tərəddüd 
göstərməmişlər.  Belə  bir  ideyanın  gerçəkləşməsi  üçün  ölkənin  iqtisadi  qüdrətinin 
möhkəmlənməsini  gözləməyin  özü,  problemə  iti  düşüncə  tərzi  ilə  yanaşmamağın 
əlaməti sayılmalıdır. Axı öz paytaxtlarını dəyişən dövlətlər hətta iqtisadi cəhətdən 
zəif  olanda  belə,  həmin  qərarı  verməkdən  və  onu  həyata  keçirməkdən 
çəkinməmişlər. Nümunələr göstərir ki, varlı və ya kasıblığından asılı olmayaraq bu 
işi ortaya atan dövlətlər yeni paytaxt yaratmaq istəyini onun real təsvirdə görməklə 
gerçəkləşdirmişlər.  
Avropada  şəhər  ənənəsi  qədim  olduğundan,  iri  və  kiçik  şəhərlər  şəbəkəsi 
ölkə  ərazisini  bürüdüyündən  və  onların  sıxlığı  üzündən  bu  qitənin  ölkələrindəki 
paytaxtlar Yer kürəsinin digər regionlarındakı kimi cəlbedicilik nöqteyi-nəzərindən 
elə  böyük  əhəmiyyət  daşımırlar,  adamlar  heç  də  onlarda  məskunlaşmağa  can 
atmırlar.  Həm  də  əhali  mərkəzi  şəhərlərə  bizdə  olduğu  kimi  “çörək  qazanmaq”, 
“bəxtini  sınamaq”  yeri  kimi  baxmır.  Dövlət  qulluğuna  keçmək  sahəsində  bizdə 
olan  aludəçilik  hissi  onlara  yaddır.  Dövlət  işi  də  adamların  özünü  reallaşdırması, 
təsdiq etməsi üçün ən ümdə və daha çox qəbul edilən imkan rolunu oynamır. Ona 
görə  də  Avropa  ölkələrində  paytaxta  yönələn  “mərkəzəqaçma”  qüvvəsi  olduqca 
zəifdir və ya bu, o qədər də ciddi hiss olunmur. 
Paytaxtın  köçürülməsinin  konkret  misallarına  gəldikdə,  müxtəlif  səbəblər 
məcmusu dövlətləri bu tədbirə əl atmağa sövq etmişdir. Müəyyən təsəvvürə malik 
olmaq  üçün  tarixə  müraciət  etmək  olar.  İspaniyada  XV  əsrin  ikinci  yarısında 
mərkəzləşmiş  dövlətin  özəyi  yaradıldıqdan  sonra  ilk  paytaxt  Toledo  şəhəri  oldu, 


55 
 
bir qədər sonra paytaxt Valyadolidə, oradan isə 1561-ci ildə Madridə köçürüldü və 
dörd  əsr  yarımdır  ki,  müxtəlif  faciələrlə  üzləşməsinə  baxmayaraq,  şəhər  paytaxt 
rolunu uğurla oynayır. 
Başqa bir misal. 1871-ci ildə birləşmiş Almaniya və ya II Reyx yaradıldıqda, 
Bismarkın  başçılığı  altında  Prussiya  aparıcı  alman  dövləti  kimi  Avstriyanı  əvəz 
etdi, onun paytaxtı Berlin isə yeni yaranan ümumalman dövlətinin paytaxtı oldu. II 
Dünya  müharibəsi  məğlub  olan  Almaniyanın  parçalanması  ilə  nəticələndi  və 
qərbdəki  işğal  zonaları  1949-cu  ildə  birləşdikdən  sonra  Almaniya  Federativ 
Respublikasının  paytaxtı  Bonn  şəhəri  oldu.  Müharibənin  başa  çatmasından  45  il 
sonra Qərbi və Şərqi Almaniya 1990-cı ildə yenidən birləşdikdə bu vaxtadək ADR-
in  paytaxtı  olan  Berlin  yenidən  vahid  Almaniyanın  paytaxtına  çevrildi.  Rus  çarı 
Böyük  Pyotr  Şimal  müharibəsində  isveçlərə qalib gəlib,  Baltikdə dənizçilik üçün 
imkan  əldə  etdikdə  Fin körfəzində  1703-cü  ildə  Sankt-Peterburq  şəhərini  saldı və 
bu  gənc  şəhər  doqquz  il  sonra  Moskvanı  əvəz  edərək  Rusiya  dövlətinin  paytaxtı 
oldu. Lakin 1918-ci ildə Leninin başçılıq etdiyi Xalq Komissarları Soveti vətəndaş 
müharibəsinin gedişində yaranan təhlükəni, həmçinin xarici müdaxilə üçün şəhərin 
müdafiəsinin  kövrək  olduğunu  əsas  götürərək  paytaxtı  yenidən  Petroqraddan 
(Sankt-Peterburq  1914-cü  ildən,  I  Dünya  müharibəsinin  başlanğıcından  bu  adı 
qəbul  etmişdi)  Moskvaya  köçürdü  və  II  Dünya  müharibəsinin  gedişi  bu  qərarın 
düzgün  olduğunu  bir  daha  sübut  etdi.  Napoleonun  1812-ci  ildə  Moskvanı  işğal 
etməsindən  fərqli  olaraq,  Hitler  ordusu  şəhəri  ələ  keçirə  bilmədi  və  burada  ilk 
məğlubiyyətə uğradı. 
Avropada  paytaxt  dəyişmə  praktikası  əsasən  belə  az  sayda  misallardan 
ibarətdir.  Amerika  Birləşmiş  Ştatlarında  ilk  prezident  seçilən  Corc  Vaşinqton 
özünün ilk inauqurasiyasını 1789-cu ildə cəmisi bir illiyə müvəqqəti paytaxt olan 
Nyu-Yorkda  keçirdi. Sonra paytaxt  istiqlaliyyətin beşiyi  olan  Filadelfiyaya  köçdü 
və on il müddətində bu şəhərdə qaldı. Lakin onun da paytaxt missiyası müvəqqəti 
idi.  Potomak  çayının  sahilində  salınan  yeni  şəhər  ölkənin  birinci  prezidentinin 
adını  daşımaqla  məhz  paytaxt  məskəni  olmaq  üçün tikilirdi, bu  məqsədlə də  ona 
Merilend  ştatının  torpaqlarının  bir  hissəsi  ayrılmışdı.  Çünki  bu  şəhər  heç  bir  ştat 
ərazisinə  daxil  olmadan  müstəqil  dairə  səlahiyyəti  daşıyacaqdı.  1801-ci  ildə 
prezident Tomas Cefferson ilk inauqurasiya nitqini bu şəhərdə etdi. Hökumət bura 
köçəndə yalnız prezidentin iqamətgahı olacaq Ağ ev tikilib qurtarmışdı, Konqress 
binası olan Kapitolinin isə yalnız bir qanadının inşası başa çatmışdı. Bura açıq çöl 
idi.  Şəhərdə  qalmaq  üçün  yer  olmadığından  konqressmenlər  gündə  bir  neçə  mil 
məsafə  qət  edirdilər.  Burada  Filadelfiyanın  sosial  rahatlığından  və  dəbdəbə 
parlaqlığından əsər-əlamət yox idi. Atmosferin belə kəskin qaydada dəyişməsi yeni 
paytaxta  daha  çox  uyğun  gəlirdi.  Vaşinqton  sonralar  gözəl  bir  şəhərə  çevrildi. 
Lakin  paytaxt  ciddiliyini  və  sadə  möhtəşəmliyini  qoruyub  saxlaya  bildi.  İşgüzar 
mərkəz  olan  Nyu-Yorkun dəbdəbəsinə  və hay-küyünə burada  indi də  rast  gəlmək 
mümkün deyildir. Bu şəhərdə məmur intizamı, səliqə-səhmanı və ciddiyyəti hökm 
sürür.  Şəhər  elə  bil  ki,  fövqəldövlətin  ali  idarələrinin  rahat  işləməsi  prinsiplərinə 
uyğun  olaraq  tikilmişdir.  Şəhərin  arxitekturasında  da  klassik  irsə  böyük  ehtiram 
bəslənildiyi hiss olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə