TəRTİBÇİLƏRDƏN


Filologiya üzrə fəlsəfə doktoru Sadıq Ba­ğırzadəyə (Padeqana) məktub



Yüklə 0,72 Mb.
səhifə8/11
tarix25.06.2018
ölçüsü0,72 Mb.
#51553
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

Filologiya üzrə fəlsəfə doktoru Sadıq Ba­ğırzadəyə (Padeqana) məktub

Salam, hörmətli Sadıq müəllim!

Mən”Mirzə Əli Möcüzün yaradıcılıq yolu” mövzusunda namizədlik dissertasiyası üzərində işləyirəm.

Möcüz haqqında ilk məqalələr müəllifi olan filologiya elmləri doktoru Mübariz Əlizadə ilə görüşərkən mənə belə bir məlumat verdi ki, 1928-ci ildə Möcüzün bir şeir dəftərini o vaxt Naxçıvan şəhərində yaşayan iranlı Rza Paşazadə adlı bir nəfərdə görmüşdür. (Rza Paşazadəni dostları arasında Şücai-ləşkər də çağırarmışlar).

Mən Rza Paşazadə haqqında məlumat topla­maq üçün Naxçıvanda bir neçə qocaman yoldaşla görüşüb söhbət etdim və bu haqda onlardan ətraflı məlumat ala bilmədim.

1978-ci il dekabr ayının 6-da Bakıda olarkən mənə dedilər ki, Siz Rza Paşazadə haqqında ət­raflı məlumata malik ola bilərsiniz. Həmin gün oğlunuz Azər müəllimlə görüşdüm. O, iş yerindən Sizə zəng vurdu, lakin Siz evdə yox idiniz. Təcili olaraq Naxçıvana qayıtmalı olduğum üçün Sizinlə görüşə bilmədim.

Çox xahiş edirəm ki, Rza Paşazadə haqqında mənə ətraflı məlumat verəsiniz.

Rza Paşazadənin Möcüz Şəbüstəri ilə əlaqəsi olubmu və Siz, ümumiyyətlə, Möcüz Şəbüstəri haqqında mətbuatda getməyən hər hansı bir məlumata maliksinizmi?

Bu suallarıma cavab verməyinizi çox-çox xahiş edirəm. Suallara yazılı cavab versəniz yaxşı olar. Əgər yazılı cavab vermək Sizə əziyyətdirsə, onda mən Bakıda olarkən görüşərik.

Fərman Xəlilov.

Naxçıvan, 8.XII.1978.
Filologiya üzrə fəlsəfə doktoru Mirəli Mənafiyə məktublar

Salam, Mirəli müəllim!

Məqalə üzərində (“Mirzə Əli Möcüzün avtoq­rafları” məqaləsi–F.X.) bir qədər işlədim. Sizə göndərirəm. Xahiş edirəm, oxuyub rəy yazasınız.

Mirəli müəllim, Racinin Təbrizdə fars dilində çap edilən “Həmleyi-Heydəri” kitabının bir nüs­xəsi bu yaxınlarda əlimə düşmüşdü. Kitabın müx­təlif vərəqlərinin haşiyəsində bir sıra qeydlərə və iki variantı olan iki bayatıya rast gəldim. Həmin bayatıları köçürüb Sizə göndərirəm. Bəlkə, “An­tologiya”(“Cənubi Azərbaycan ədəbiyyatı antolo­giyası”-F.X.) üçün yaradı.

Bütün tanışlara salamım vardır:

Mən aşiq yaddan səni,

Aşnadan, yaddan səni,

Qəsəm Əli həqqinə

Çıxatmam yaddan səni
Mən aşiq daş ayrılır,

Gözlərdən yaş ayrılır,

Yar yardan ayrılanda

Dağ titrər, daş ayrılır.
yaddan səni,

Aşnadan, yaddan səni,

Ruh candan çıxanadin

Çıxatmam yaddan səni.
Mən aşiq daş ayrılır,

Gözlərdən yaş ayrılır,

Molla fəzlin dananda

Dağ titrər, daş ayrılır.
Fərman Xəlilov.

Naxçıvan, 17 aprel 1979.
Salam Mirəli müəllim!...

Azərbaycan” jurnalında (1983, № 5) “Anto­logiya”dan (“Cənubi Azərbaycan ədəbiyyatı an­tologiyası” nəzərdə tutulur –F.X.) verilən hissə­ləri oxudum. Yəqin ki, kitab bu yaxınlarda çap olunar. Bəlkə çap olunubdur?



Mirəli müəllim, bu yaxınlarda prof. Ə.Şərifin “Atam və mən” (Bakı: Yazıçı, 1983) kitabında Mirzə Əbdürrəhim Talıbova aid bir qeydə rast gəldim. Kitabın 30-31-ci səhifələrində M.Ə.Talı­bova aid olan cümlələri olduğu kimi buraya köçürürəm, bəlkə Sizə lazım olar:

Atamın köməyi ilə oxuduğum ilk kitablardan yadımda qalan Əbdürrəhim Nəccar Təbrizinin 1901-ci ildə İstanbulda farsca çap etdirdiyi “Sə­fineyi-Talibi. Kitabi-Əhməd” adlı əsəridir. Kitabı atama müəllifin özü göndərmişdi. Atam onunla şəxsən tanış deyildisə də, yazışırdı. Atamın kağız­ları arasında Əbdürrəhim Təbriziyə yazdığı iki məktubun qarası qalmışdır ki, məktubların birin­də atam öz kitabı ilə birlikdə fotoşəklini də ona göndərmiş olan müəllifə öz təşəkkürünü bildirir:



Təsəddüqat şəvəm! Xətti-şərif, əksi mübarək və kitabi-müstətabi- həzrəti-ali ra ziyarət nəmu­dəm, sərbülənd şodəm, məsrur kərdidən əz təvəc­cöhati-ədibaneyi-on cənab təşəkkür minəmayəm”.

Bu məktubun tarixi olmasa da, onun təxminən 1902-ci ildə yazıldığını güman etmək olar.

Əbdürrəhim Təbrizinin əksini atam öz masası üstündə şüşə çərçivədə saxlardı. Çox təəssüf ki, 1918-ci ildə Naxçıvanda evimiz talan edilən za­man bir çox qiymətli şeylərlə bərabər həmin şəkil də yox olmuşdu, lakin kitab qalmışdır.

Farsca dərslərimi mən ilk dəfə həmin “Kita­bi-Əhməd”dən keçmişəm. Mənə dərs verən za­man atam kitabın məzmunundan nəql edər və beləliklə, məni maraqlandırmağa çalışardı”...

Mirəli müəllim, bu günlərdə mağazada Ə.Ta­lıbovun Sizin tərcümənizdə “Kitab yüklü eşşək” kitabına rast gəldim. Bir neçəsini aldım və Sizə göndərirəm. Lazım olsa, yazın, yenə tapım.

Hələlik, sağ olun. Məndən Mirzə müəllim başda olmaqla şöbənin bütün əməkdaşlarına salam söyləyin.

Fərman.

Naxçıvan, 16 iyul 1983.

Tədqiqatçı Samir Tağızadəyə məktub

Hörmətli Samir müəllim!

Salam. Sizə lazım olan A.N.Lermanın “M.F. Axundov v russkoy peçati” biblioqrafiyasını bö­yük məmnuniyyətlə ünvanınıza göndərirəm.

Başladığınız dəyərli tədqiqat işində Sizə mü­vəffəqiyyətlər diləyirəm.

Hörmətlə Fərman Xəlilov. Naxçıvan, 02 aprel 1984.
Naxçıvan MR əməkdar incəsənət xadimi Şamil Qazıyevə məktublar

Salam, Şəmil əmi!

Necəsiniz? Mən keçən dəfə Bakıda olarkən Si­zin nişan verdiyiniz Rüxsarə xanım və Əliheydər müəllimi(Azərbaycan Gənc Tamaşaçılar teatrının əməkdaşları –F.X.) tapdım. Rüxsarə xanım məni evlərinə dəvət etdi. Mən onların evində oldum. Məni maraqlandıran məsələlər haqqında söhbət etdik... Onlardan həmin gün teatr haqqında xatirə ala bilmədim. Mənə uşaqlarının hansınınsa toyu olacağını və başları qarışıq olduğunu bildirdilər. Ünvanımı onlara verdim. Söz verdilər ki, xatirə­lərini yazıb mənə göndərəcəklər (öz şəkilləri ilə bərabər). Hələlik onlardan bir məktub almamı­şam. İyun ayına qədər teatr haqqında olan bütün işləri qurtarmalıyam. Naxçıvanda yerli teatr işçi­lərinə və institutda verəcəyim imtahanlara başım qarışdığı üçün iyul ayına qədər Bakıya gələ bil­məyəcəyəm. Ona görə Sizdən xahiş edirəm ki, mənə xatirə və şəkillərini göndərmələrini Rüxsarə xanımın yadına salasınız və bu işdə onları tələs­dirəsiniz.

Bakıda olarkən mənə dediniz ki, hansı arxiv­dənsə Sizin sənədləri də istəyirlər. Sənədlərinizin fond nömrəsi müəyyən edilibsə, xahiş edirəm, yazıb mənə göndərəsiniz.

Naxçıvanda qocaman aktyorların dediyinə görə, Naxçıvan teatrı haqqında bir nəfər C.Cab­barlı adına Azərbaycan İncəsənət Muzeyinə şəkil və başqa sənədlər toplayır. Sizdən də Naxçıvan teatrı haqqında sənəd istəyən olubmu?

Şəmil əmi, xahiş edirəm, cavabı tez yazın.

Fərman.

Naxçıvan, 13 may 1972.
Salam, Şəmil əmi!

Necəsiniz? Göndərdiyim qəzetdə Sizin haqqı­nızda məqaləm dərc olunub. Lakin onu qeyd edim ki, redaksiyaya təqdim etdiyim əlyazmasında olan bir sıra faktlar dərc edilən məqalədə göstərilməyib.

Şəmil əmi, Naxçıvanda yaşayan bütün qohum­lar adından Sizi və ailənizi yeni il münasibəti ilə təbrik edirəm...

Fərman.

Naxçıvan, 5 yanvar 1973.
Salam, Şəmil əmi!

Necəsiniz? Sizin dediyiniz məsələlərlə maraq­landım. Ədəbiyyat muzeyinin direktoru ilə hələlik görüşə bilməmişəm. O, burada yoxdur. Gələn kimi hökmən danışacağam. Lakin dediyiniz ikinci mə­sələ haqqında (Əqil əmi haqqında) bir qədər material toplaya bilmişəm.

Əqil əminin üç məktubunu əldə etmişəm. On­lardan ikisi bacısı Şölə müəlliməyə, biri isə (bu, onun son məktubudur) qardaşı Cavad Qazıyevədir.

Məktubların hər üçü latın hərfləri ilə Azər­baycan dilində yazılıbdır. Onlardan biri 1940-cı ildə əsgərlikdən, ikisi isə cəbhədən (biri 1942-ci ildə, digərinin isə tarixi yoxdur) yazılmışdır.

Cəbhədən yazdığı hər iki məktubun üzünü köçürüb xatirə üçün Sizə göndərirəm. Məktubla­rın üzünü köçürərkən müəllifin dilini olduğu kimi saxlamışam.

İndi isə Sizi Əqil əmi haqqında qohumların mənə verdiyi şifahi məlumatlarla tanış etmək istəyirəm:

Əqil əminin ölümü haqqında vaxtilə onun ailəsinə məktub göndərilibdir (təəssüf ki, həmin məktubu çox axtarsam da, tapa bilmədim). Mək­tubda məlumat verilib ki, Əqil əmi əsgərlər qarşı­sında hansı bir əmrisə oxuyurmuş. Bu vaxt yaxın­lıqda bomba partlayır və onun bir qəlpəsi Əqil əminin gicgahına dəyir. Beləliklə də o həlak olur.

Deyilənə görə, onun qəbri Kalininqraddadır. Kalininqradda iki qəbiristanlıq vardır. Onlardan biri “Qardaşlıq qəbiristanlığı” adlanır. Elə Əqil əminin qəbri də həmin qəbiristanlıqdadır.

Bir neçə il bundan əvvəl Möhtərəm xala Kali­ninqradda olarkən Əqil əminin məzarını ziyarət etməyə gedibmiş. Lakin həddindən artıq qar yağ­dığından qəbri tapa bilməmişdir.Möhtərəm xalanın dediyinə görə, Qazax zonasında yaşayan bir starşina Əqil əmi haqqında maraqlı məlumatlar bilir.

Əqil əmi haqqında öyrəndiklərim bu qədərdir.

Şəmil əmi, teatr haqqında xatirələrinizi yazıb tamamlamısınızsa, xahiş edirəm, göndərin.

Sağ olun. Qohumların hamısından Sizə salam vardır.

Fərman.

Naxçıvan,5.IV.1975.
Salam, Şəmil əmi!

Necəsiniz?... Məktubunuzu və xatirələrinizi aldım. Çox sağ olun.

Şəmil əmi, mənə Bakıda dediyiniz məsələ ya­dımdan çıxmayıb. Həmin məsələ haqqında ədə­biyyat muzeyinin direktoru ilə danışdım. O dedi ki, biz həmin əsərləri bir şərtlə ala bilərik. O şərt də budur ki, biz gərək hər hansı bir təşkilata pul keçirək və həmin təşkilatdan dediyiniz əsərləri götürək... İndi gərək Siz Bakıda hər hansı bir təşkilatla danışasınız... Naxçıvan ədəbiyyat mu­zeyi isə o təşkilata pul keçirib Sizin əsərləri on­lardan alsın. Həmin məsələni ancaq bu yolla həll etmək olar. Çünki muzey şəxsi adamlara nəqd pul verib heç bir əsəri almır.

İndi orada hər şey Sizdən asılıdır. Hər hansı bir təşkilatla bu məsələni həll etsəniz, Naxçıvan ədə­biyyat muzeyi əsərlərinizi almağa heç bir etiraz etmir.

Hələlik, sağ olun.

Fərman.

Naxçıvan, 4.VI.1975.
Yazıçı Nağı Nağıyevə məktub

Hörmətli Nağı müəllim!

Yaxın gələcəkdə Naxçıvan teatrının 90 illik yubileyi keçiriləcəkdir. Bu münasibətlə mən Nax­çıvan teatrı haqqında Tələbə Elmi Cəmiyyətinə (Naxçıvan Pedaqoji İnstitutunun – F.X.) iş yaz­maq, eyni zamanda xatirə albomu tərtib etmək fikrindəyəm. Bu iş üçün mən vaxtilə Naxçıvan teatrında fəaliyyət göstərmiş aktyor, rejissor və rəssamlardan, əsərləri həmin teatrda tamaşaya qoyulmuş müəlliflərdən teatr haqqında xatirələr toplamaqla məşğulam.

Nağı müəllim, Siz də vaxtilə Naxçıvan teatrın­da rəssam işləmisiniz. Əsərlərinizdən həmin teatrda tamaşaya qoyulanı olmuşdur.

Sizdən xahiş edirəm ki, Naxçıvan teatrında olan xidmətləriniz barəsində xatirələrinizi yazıb mənə göndərəsiniz.

Fərman Xəlilov.

Naxçıvan, 24.II.1972.

Cənubi azərbaycanlı möcüzşünas Məm­mədəli Niqabiyə məktublar

Salam, hörmətli dostum və qardaşım, ağayi-Niqabi!

Möcüzə aid materialları sağ-salamat bu tərə­fə keçirə bildim. İndi həmin materialları araşdır­maqla məşğulam.

Möcüzlə bağlı 68 mənbənin siyahısını Sizə göndərirəm. Bu mənbələrin 95 faizi Sizin üçün yenidir. 50-60 mənbənin siyahısını isə səliqəyə salıb sıralayandan sonra Sizə göndərəcəyəm.

Xahiş edirəm, imkanınız varsa, bu tərəfə gə­lənlərlə Möcüzə aid fotoşəkilləri göndərin.

Nehrəmli həmyerlimizlə mənə göndərdiyiniz fotoşəklinizi aldım və çox şad oldum.

Dostlara salamım vardır.

Fərman Xəlilov.

Naxçıvan, 12 sentyabr 1990.
Hörmətli qardaşım ağayi-Niqabi!

Göndərdiyiniz məktubu aldım, çox sevindim. Məktubda toxunduğunuz üç mətləb haqqında bun­ları deyə bilərəm:

1. Sizi Naxçıvana dəvət etməyin imkanlarını götür-qoy edirəm. Hələlik öyrəndiyimə görə İran­dan kimisə buraya dəvət etmək çox çətindir. Qo­hum olmayan adamları isə çağırmaq mümkün deyil. Ancaq hər halda mən çalışacağam ki, Sizi Naxçıvana dəvət edim.

2. Möcüz haqqında mənə verdiyiniz material­ları diqqətlə öyrənmişəm. Şairin ədəbi irsinin top­lanılmasında göstərdiyiniz fədakarlığı alqışlayı­ram. Materialları arxivə verəcəyəm.

3. Xahişinizlə Azərbaycan Sovet Ensiklope­diyasının yeddinci, Azərbaycan dilinin izahlı lü­ğətinin dördüncü cildini məmnuniyyətlə Sizə hə­diyyə göndərirəm.

Bunlardan başqa, Möcüzlə bağlı olan bəzi məqalələrimi də qəbul etməyinizi xahiş edirəm.

Ağayi-Niqabi, çox xahiş edirəm ki, Möcüzlə əlaqədar keyfiyyətli fotoşəkilləri mənə göndərə­siniz. Onlardan və mənə verdiyiniz digər mate­riallardan istifadə edərkən hökmən Sizin adınızı xatırladacağam. Bir də, əgər mümkündürsə, Sizin çap etdirdiyiniz “Mirzə Əli Möcüz Şəbüstəri. Ta­zə tapılan şeirlər” kitabından bir nüsxə mənə göndərin...

Hörmətlə Fərman Xəlilov.

Naxçıvan, 21 dekabr 1990.
Salam, əziz dostum ağayi-Niqabi!

Məktubunuzu çox gec – yazdığınızdan üç ay sonra 02 iyul 2002-ci ildə Naxçıvan Dövlət Universitetindən mənə çatdırdılar.

Validəxan haqqında göndərdiyiniz fotosurət üçün Sizə təşəkkür edirəm.

Avqust ayında İrana gəlmək fikrim vardır. Təbriz Milli Kitabxanasında Möcüzün şeirlərinə baxmaq istəyirəm.

Sizin Möcüz haqqında çıxışınız 04 aprel 2002-ci ildə Naxçıvan televiziyası ilə göstərildi. Çıxışın video- kasetini Sizə gətirəcəyəm.

Mirzə Əli Möcüzün şəxsiyyəti və doğma di­li” adlı məqaləniz Naxçıvan Dövlət Universite­tinin “Elmi əsərləri”ndə (2002, № 9) dərc olun­du. Məqalənin surətini Sizə göndərirəm. Jurnalı özümlə gətirəcəyəm.



Tehranda Sizə həsr edilən tədbirin video-ka­setinə baxdım. Zəhmətinizə yaxşı qiymət veriblər, sağ olsunlar. “Şəhriyari-şəbi-manda” misrası haqqında Sizinlə görüşəndə söhbət edərik.

Sizə, ailənizə, nəvələrinizə, bütün dost və qohumlarınıza cansağlığı arzu edirəm.
Fərman Xəlilov.

Naxçıvan, 15 iyul 2002.
Hörmətli dostum ağayi-Niqabi!

İranda olarkən məni böyük ehtiramla qarşıla­dığınız üçün minnətdaram. Sizə, xanımınıza bütün dostlara təşəkkürlərimi bildirirəm.

Sizin mənə verdiyiniz qəzetləri və digər mate­rialları oxudum və bəzi maraqlı məsələlərlə rast­laşdım:

1. İsmayıl Mitaq Sizə yazır ki, Möcüz 1339-cu ildə Kərbəlayi Əsgərin qızı Fatimə xanımla ev­lənib. Bu, doğrudurmu?

2. Məqaləniz dərc olunan “Ədəbiyyat qəzeti”n­dəki (1993, 3 sentyabr) Möcüzün şəklini kim çəkib?

İndi gələk “Şəhriyari-şəbi- manda” cümləsin­dəki “manda” sözünün izahına:

Mən Dizəcxəlildə Sizə demişdim ki, “manda” sözünün Siz farsca bildiyiniz (mandən - qalmaq) mənasından başqa, ayrı mənası da vardır. Şəm­səddin Saminin lüğətində bu söz belə izah olunur:

Manda”- həqiqi mənada: su sığırı, camuş südü, yoğurdu, qaymağı - məcazi mənada: iri və qaba cüssəli şəxs.



Hinduşah Naxçıvaninin lüğətində isə “man­da” sözü belə izah olunur: “Manda”- yorğun.

Adını çəkdiyim kitablardan “manda” sözünün izahı olan hissənin fotosurətini Sizə göndərirəm.

Ağayi-Niqabi, Möcüzün Sizdə olmayan 1948, 1954 və 1955-ci illərdəki nəşrlərini tapıb bir yerə yığan kimi Sizə göndərəcəyəm. Digər xahişləri­nizi də yerinə yetirməyə çalışacağam.

Şəbüstərdə çəkdiyim dörd fotoşəkli də Sizə göndərirəm.

Xahiş edirəm, aşağıda adlarını göstərdiyim mətnləri Azərbaycan dilinə tərcümə edib mənə göndərəsiniz:

1. “Həblülmətin” qəzetindəki məqalə.

2. Möcüzün “Külliyyat”ı məhkəmələrdə.

Ağayi-Səlimiyə məxsusi salamlarımı yetirmə­yinizi xahiş edirəm.

Hörmətlə Fərman Xəlilov.

Naxçıvan, 20.08.2002.
Əziz dostum, qardaşım, ağayi-Niqabi!

Məktubunuzu aldım, çox şad oldum. Göndər­diyiniz fotoşəkillərə və Rəhim Qavyanın şeir kitabına görə Sizə minnətdarlığımı bildirirəm.

Sorğularınıza məmnuniyyətlə cavab verirəm:

1. Mirzə Qafar Siyəhpuş nə zaman ölmüşdür?

Mirzə Qafar Siyəhpuş haqqında məndə olan məlumat belədir:

Mərənd mahalının Zunuz qəsəbəsində doğu­lub. Səttarxan hərəkatının iştirakçısıdır. Atəşin nitqlərinə görə Mirzə Qafar Natiq adı ilə məşhur olub. “Siyəhpuş” ləqəbini Rza şah diktatorluğu illərində götürüb. Pəhləvi hakimiyyətini tənqid et­diyi üçün İranın isti cənub əyalətlərinə sürgün edilib. Mübarizədən əl çəkmədiyinə görə 1933-cü ildə Tehrana gətirilib və xörəyinə zəhər qatılaraq öldürülüb.

2. Şəbüstər haqqında məqalə “Həblülmətin” qəzetinin hansı ilində və hansı şümarəsində çap olunub?

Məktub əz İstanbul” sərlövhəsi ilə yazılan və surətini Sizə təqdim etdiyim həmin məqalə “Həb­lülmətin” qəzetinin hicri 1319-cu il 8 və 9-cu nömrələrində çap olunmuşdur. Məqalənin ardı qəzetin 10 və 11-ci nömrələrində də getmişdir. Bu hissələrin surəti məndə yoxdur. Həmin hissələrə Bakıda Əlyazmalar İnstitutunda baxmışam. Bu ilin avqust ayında Təbriz Milli Kitabxanasında öyrəndim ki, “Həblülmətin” qəzetinin nömrələri bu kitabxanada da saxlanılır. 10-11-ci nömrələri bəlkə orda tapa bilərsiniz. Əgər tapsanız, xahiş edirəm surətini mənə də göndərin.



3. C.Xəndan və Mir Cəlal Möcüz haqqında neçə məqalə yazmış və o məqalələr harada çap olunmuşdur?

Hörmətli professorlar C.Xəndan və Mir Cəlal doktorluq dissertasiyalarında Möcüz haqqında ətraflı şəkildə bəhs etmişlər. Bundan başqa hər iki müəllifin Möcüz haqqında ayrıca məqalələri də vardır. Mir Cəlalın şair haqqında yeganə mə­qaləsi (oçerki) müxtəlif illərdə çap olunan “XX əsr Azərbaycan ədəbiyyatı” adlı dərsliyə daxil edilmişdir. Bu yazı onun doktorluq dissertasiya­sından ixtisar edilmiş bir variantdır.

C.Xəndanın isə Möcüzə aid 4-5 məqaləsi var­dır. 12 sentyabr 1990-cı ildə Sizə yazdığım mək­tuba “Möcüz haqqında dərc olunan məqalələrin siyahısı”nı əlavə etmişdim. Həmin siyahıda və Sizə göndərdiyim digər mənbələrdə C.Xəndanın məqalələrinin də adı göstərilmişdir. Siyahıları itirmisinizsə, yenidən göndərə bilərəm. Bu mək­tubla C.Xəndanın “Ədəbiyyatımızın dünəni və bu günü” adlı kitabına daxil edilən “Mirzə Əli Mö­cüz” məqaləsinin surətini də göndərirəm. Avtore­feratımın Azərbaycan dilində olan variantını da göndərəcəyəm.

Ailənizə, bütün dostlara salamım vardır.

Dostunuz Fərman Xəlilov.

Naxçıvan, 05 oktyabr 2003.
Salam, əziz dostum ağayi-Niqabi!

Göndərdiyiniz məktub, 4 ədəd fotoşəkil, mə­qalələriniz dərc olunan 12 ədəd qəzet kəsiyi, 2 kitabça mənə çatdı. Çox sağ olun, təşəkkür edirəm.

Sizə göndərdiyim məktub və Möcüzə aid ma­teriallar, nəhayət ki, əlinizə çatdığı üçün sevindim. Sizə lazım olan bütün materialları göndərməyə hazıram.

Bakı və İstanbul səfərlərinizə aid yazdığınız kitab çap olunubmu? Çap olunubsa, bir nüsxə mənə göndərməyinizi xahiş edirəm.

Məqaləniz dərc olunan qəzet hissələrinin foto­surətini çıxardım və 12 ədəd həmin qəzet kəsik­lərini Sizə qaytarıram.

Ağayi-Niqabi, Sakibə xanımın Sizə təqdim et­diyim Möcüz haqqındakı kitabını oxudunuzmu? Fikrinizi mənə yazın.

Sakibə xanımın avtoreferatının surətini də Sizə göndərirəm.

Ailənizə, ağayi-Səlimi və digər dostlara salamım vardır.

Fərman Xəlilov.

Naxçıvan, 22 sentyabr 2004.
Salam, əziz dostum ağayi-Niqabi!

Bir neçə ay bundan əvvəl oğlunuzla Naxçı­vanda görüşdük. Mənə verdiyiniz üç ədəd foto­şəklin surətini çıxara bilmədiyim üçün onları Sizə göndərmək mümkün olmadı. İndi həmin şəkilləri göndərirəm. Fotoşəkilləri yubatdığım üçün üzr­xahlıq edirəm. Ağayi-Niqabi, Sərraf Təbrizinin bu yaxınlarda Təbrizdə çap olunan “Divan”ını mənə göndərdiyiniz üçün Sizə dərin təşəkkürümü bildi­rirəm. Bir vaxt məndən “O olmasın, bu ol­sun”(xalq arasında “Məşədi İbad” adı ilə məş­hurdur) filmində hambal rolunun ifaçısının adını soruşmuşdunuz. Məmnuniyyətlə həmin filmin bü­tün yaradıcı heyəti haqqında məlumat verirəm:

Ssenari müəllifi – Sabit Rəhman, quruluşçu – Hüseyn Seyidzadə, baş operator – Əlisəttar Atakişiyev, rejissor - Ş.Şeyxov, operator – Mirzə Mustafayev, rəssam – Cəbrayıl Əzimov və Nadir Zeynalov, səs operatoru – Əziz Şeyxov.

Rollarda:

Məşədi İbad – Əliağa Ağayev, Sərvər – Arif Mirzəquluyev, Gülnaz – Tamilla Adıgözəlova, Rüstəm bəy – Ağasadıq Gəraybəyli, Sənəm – Barat Şəkinskaya, Həsənqulu bəy – İsmayıl Əfəndiyev, Həsən bəy – Mustafa Mərdanov, Qoçu Əsgər – Möhsün Sənani, Baloğlan – Lütfəli Abdullayev, Hambal – Əhməd Əhmədov.

Ağayi-Niqabi, Möcüz haqqında nə yeniliklər vardır? Lətifə xanımın (Möcüzün baldızı- F.X.) ailəsi ilə çəkdirdiyi fotoşəkli mənə göndərməyinizi xahiş edirəm.

Sizə nə lazım olsa mənə yazın...

Bütün dostlara salamım vardır.

Sizin Fərman Xəlilov.

Naxçıvan, 17 iyun 2005.

Salam, əziz dostum ağayi-Niqabi!

Şəbüstərdən qayıtdıqdan sonra iki gecə Təb­rizdə ağayi-Rəzinin evində qaldım. O da Möcüzün şeirlərindən bir qismini gözəl xətlə yazdırıb və kitab şəklində çap etdirmək fikrindədir. Əgər belə bir iş görə bilsə, çox yaxşı olar. Təbriz Mərkəzi Kitabxanasında Möcüzlə bağlı bəzi mənbələrə baxdım. Məşhur ədəbiyyatşünas Əziz Dövlətəba­di, ustad Yəhya Şeyda və Əbdülhüseyn Nahidi Azərlə görüşlərim maraqlı oldu. Kitabınızı Bakı­da Əzizə xanım Cəfərzadənin qızı Kəmalə xanıma verdim. Anasının iki kitabını öz xətti ilə yazıb Sizə çatdırmağımı xahiş etdi (kitabları bu məktubla göndərdim). Məktubunuzu Kamil Vəli Nəriman­oğluna verə bilmədim. Çünki Bakıda deyildi. Am­ma narahat olmayın, çatdıracağam.

Ağayi-Niqabi, bilirsiniz ki, mən də Sizin kimi uzun illərdən bəridir Möcüzlə bağlı mənbələri toplamaqla məşğulam. İran mənbələrini əldə et­məkdə Sizin özünüz də mənə köməkliyinizi əsirgə­məmisiniz. Buna görə Sizə bir daha öz minnət­darlığımı bildirirəm.

Son illər mən İranda olarkən Möcüzün biblioq­rafiyasını hazırlamağın ağır və zəhmətli bir iş olması haqqında söhbətlərimiz olmuşdu. Mən ilk təşəbbüs kimi çoxdan başladığım bu işi yerinə yetirdim və “Biblioqrafiya”nı avqust ayında (2007) Bakıda “Nurlan” nəşriyyatında çap etdirdim. Əl­bəttə, “Biblioqrafiya”nı daha da təkmil şəklə salmaq olar. Çünki oxuculara müraciətimdə yaz­dığım kimi “Möcüz haqqında mənə məlum olan, lakin dəqiqləşdirmədiyim və hələlik əldə edə bilmədiyim mənbələr də vardır”. Bundan başqa, elə mənbə də ola bilər ki, mənim heç ondan xə­bərim yoxdur. Bütün bunlara görə “Biblioqra­fiya”nın ikinci, təkmilləşdirilmiş nəşrini hazır­lamaq fikrindəyəm. Çap olunan “Biblioqrafiya”­dan birini Sizə göndərirəm. Xahiş edirəm, kitab haqqında mülahizələrinizi və tənqidi fikirlərinizi mənə yazın. Sizdən ikinci xahişim isə budur ki, Dizəcxəlildə yaddaş kimi qeyd etdiyiniz mənbə­lərin siyahısını da mümkün olsa, mənə göndərin.

Sizin üçün yeni olacaq iki məlumatı da diq­qətinizə çatdırmaq istəyirəm:

1. Q.Məmmədlinin 1982-ci ildə buraxılan Mö­cüzün “Əsərləri”ni 2006-cı ildə Bakıda “Avra­siya-Press” nəşriyyatı 25.000 tirajla (216 səhifə), latın qrafikasında təkrarən çap etmişdir.

2. Bakıda bir şərqşünas Möcüzün kimin tərə­findənsə üzü köçürülən bir şeir dəftərini əldə etmiş və onu çapa hazırlayır (bu məlumatı hələlik tam dəqiqləşdirə bilməmişəm).

Və nəhayət, onu da nəzərinizə çatdırım ki, Möcüzlə bağlı yeni bir kitabımın çapa hazırlığını qurtarmaq üzrəyəm.

Sizdə nə yeniliklər var?

Ailə üzvlərinizə, bütün dostlara, xüsusilə ağa­yi-Əziz Əmcədi və ağayi-Səlimiyə salamımı çat­dırmağınızı xahiş edirəm.

Cavabınızı gözləyirəm.

Hörmətlə Fərman Xəlilov.

Naxçıvan, 04. 09. 2007
Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə