Toplayıb tərtib edən: Zümrüd Mənsimova filologiya üzrə fəlsəfə doktoru Redaktor



Yüklə 3,01 Mb.
səhifə8/23
tarix14.06.2018
ölçüsü3,01 Mb.
#49094
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

41. Əhməd pəhləvan

Biri varıydı, biri yoxuydu, Allahın gözəl bəndələri ço­xuydu. Günlərin bir günü keşmiş zamanələrdə şah oğlu Şah Abbas öz vəziri Allahverdi xannan təğyiri-libas oluf seyrə çıx­mışdılar. Buna dərvişi-libas olmax da diyirlər. Ho vaxı şah­lar atdan qıfıllanıf üstdən ge­yi­­­­nir­dilər, üstdən qıfıllanıf atdan geyi­nirdilər, çıxırdılar əyalətə, görsünlər əhali arasında vəziyyət necədi. Şah Abbasla vəziri bu minvalla birgə sübh çağı çay kənarına gəlif çatdılar. Bu yerdə şah vəzirinə didi ki, vəzir, bir ulduzlara bax karvanqıranmı doğuf, ülkərmi, yoxsa dan uldu­zumu. Beləcə çay kənarında namazdarını qılıf yollarına düzəl­məh istiyəndə gördülər ki, geyimli-keşimli, əlində sivri qılınc, başında çərkəzi papax, əynində məndurə, çuxa, yarlı-yaraşıxlı oğlan gəldi. Durdu çayın bu üzündə. İyidin şah Abbas və honun vəzirindən xəvəri olmur. Çox keşmir görüylər ki, çayın o üzündən də nazənin bir gözəl çıxdı, günə diyərsən sən çıxma, mən çıxım, aya diyərsən sən çıxma, mən çıxım. Bular havurda bir-biriləriynən söhbətləş­məhdə olsunlar, Şah Abbasla vəziri də holara qulax asmax­da. Qız oğlana umu-küsü edif diyir ki, ay etibarsız, neçə gündü hardasan? Səsin-səmirin çıxmır. Mən nə qədər intizar çəhməliyəm. Niyə belə biganəsən? Oğlan da buna diyir ki, yox, etibarsız mən deyiləm, etibarsız sənsən. Mən səni çağı­rı­ram, amma sən vaxtı-vaxtında gəlmirsən.

Qız diyir:

– Sən niyə başa düşmürsən ki, mən ərli bir qadınam. Hər dəyqə çıxa bilmirəm. Hələ mən ərimdən siğəmi geri götürmə­mişəm.

Oğlan diyir:

– Məni çox sevirsən, ərini?

Qız diyir:

– Əşi, nə danışırsan sən, səhərin bu vaxtında mən isti yorğan-döşəhdən, ərimin ağuşundan çıxıf sənin görüşünə gəl­mi­­şəm­sə, bunu anlamağa nə var ki. Əlbətdə, səni çox istiyirəm.

Diyir, honu sübut etmax lazımdı. Qadınların məkiri bö­yüh olur. Mən arvad məkirinə aldanan kişi deyiləm. Sən sübut et ki, məni ərindən çox istəyirsən.

Qız soruşuy:

– Necə sübut edim?

Diyir ərinlə başara bilmirsən? Diyir ki, yox.

– Ho zaman öldür, canın qurtarsın, gəl mənimlə evlənəh.

Qadın didi:

– Öldürmax asandı elə bilirsən?!

Oğlan didi:

– Dimirsən ərim tənbəldi. Ho necə kişidi ki, arvadı gecə sübhün bu vaxı qoltuğundan sıyrılıf gəlir, onun xəvəri olmur. O nə kişidi saxlıyırsan sən.

Didi, yaxşı.

Oğlan didi:

– Get ba­şını kəs gətir, bilim öldürüfsən.

Qadın diyir:

– Burda gözlə, gedif öldürüf gəlirəm.

Qadın ge­dir, aradan bir neçə vaxt keşməmiş əlində kəl­lə gəlir. Diyir, bu da sənə olan sevgimin sübutu.

Oğlan diyir:

– Tulla başı çaya, mən ayağımı onun üstə qoyum ke­çim sən tərəfə.

Oğlan başı tutur, ay işığına baxır, görür Allah, nə gözəl çöhrəsi var. Xudavəndi-aləm elə bil öz qüdrətindən xəlq eli­yifdi. Oğlan düşünüy ki, bu gün bu gözəl bir məxluqa qıyan bu arvad sabah məni bundan betər edəcaxdı. Oğlan kəlləyə baxa-baxa diyir, ay vay, vay, mən heş bunun əlinə su tökməyə də yaramıram. Gör nə günə qoydu bunu. Savaxları da məndən yaxşısına vurulacax, mənim başıma da bu oyunu gətirəcaxdı.

Oğlan qızı nəlayıx sözlərnən təhqir edif qaytardı ki, ay biqey­rət, ay vəfasız, ay çəpəl, sən belə bir oğlanın başına bu oyunu aşdınsa, savax bu oyunu mənim də başıma aça bilərsən. Tfu sənə, get. Sənnən mənə yar olmaz.

Qız qayıtdı, çıxdı getdi. Şah Abbas bu səhnəni görüf o qədər qəzəfləndi ki, qayıdıf taxtına çıxdı. Vəzirə didi ki, get di­van­xanaya. Əyanlarına didi ki, 40 gün vaxt verirəm, beşih­dəki körpə qız uşağından tutmuş cənazəynən yola salınana kimi hamısı qırılmalıdı. Qadın qalmamalıdı. Vəzir Allah­verdi xan baxdı gördü şah bütün insanlığın məhvinə səvəb olur bununla. Qadın yoxsa, insan da yox dimaxdı. Vəzir-vəkil yığılıf nə qə­dər şahı dilə tutdularsa, didilərsə belə şey olmaz, bir axmaxdan ötəri bütün və­falı qadınların ölümünə səvəb olursan.

Şah Abbas didi:

– Yox, mən səhər gördüyümü görmüşəm. Qadın cinsi yer üzündən silinməlidi. Birinci mənim hərəmxanamdan baş­­dı­­yır­san. İkinci öz arvadlarınız­dan.

Vəzir baxdı gördü ki, neyniyim, necə edim. Bu bütöv bəşəriy­yətin kökünü kəsmax dimaxdı. Fikirli gəldi öyə. Vəzirin atası çox qocalıf əldən düş­müş­dü. Ayaxları da yer tutmurdu. Vəzir atasına hörmət əlaməti olarax öyə gələndə heş vaxt ata­sından yuxarı başa keşməmişdi. Bu dəfə o qədər fikirli, o qədər pəjmürdə gəldi ki, ata­sına salam verməyi də unutdu. Elə fikirli-fikirli gəzdi. Qoca baxdı ki, oğlu çox fi­kir­lidi. Di­di, ay oğul, bu gün sən nəsə böyük problemlə üz­ləşifsən. Məndən niyə gizdə­dirsən? Dərdini di.

Bu vaxı vəzirin yadına düşdü ki, atasına salam verməyi unudufdu. Allahverdi vəzir gəlif atasından üzr istədi. Didi:

– Ateyi-mehriban, sən Allah, məni bağışla, bu gün şah elə bir əmr verif ki, o əmr məni çaşdırıf.

Diyirlər, axı noluf. Diyir, vəziyyət belədi. Vəzirin atası didi ki, sən get şaha di ki, atam diyir, gəlsin, məndən bir az söh­bət edax. Ürəyim onu istiyir, çox qocalmışam. Darıx­mışam onunçün.

Allahverdi xan Şah Abbasın yanına gedif atasının sö­zünü ona çatdırdı. Didi:

– Şah sağ olsun, gedif atamnan bir az söhbət elədim. Düz­­dür, bu olanları ona dimədim. Amma gördüm atam çox fikir­lidi. Didim, ay ata, noluf, dərdin nədi? Didi, ay oğul, mən səni istədiyim qədər Şah Abbası da istəyirəm. Axı onun ata­sının mən vəziri və pəhləvanı olmuşam.

Allahverdi vəzi­rin atasının adı Əhməd pəhlivan idi.

Şah kövrəldi didi:

– Mən də çox darıxmışam. Yaxşı gedax bu kişiynən də məs­ləhət edim, görəh o bizə nə məsləhət veriy.

Şah Allahverdi vəzirlə gəldi Əhməd pəhlivanın yanı­na.

Əhməd pəhləvan didi:

– Ay oğul, adam da atasını unudarmı? Atan rəhmətə ge­dif, amma mən onu əvəz edirəm. Niyə gəlif məni ziyarət etmir­sən?

Əhməd pəhlivan bir az bunu qılıxlıyır, səvrini basır ki, əsəbləri sakitləşsin. Diyir, atayi-mehriban, oğlun sənə bir söz dimiyifdi? Didi, yox. Şah Abbas diyir ki, mən təzə əmr ver­mişəm. Honu sənə dimiyif? Diyir yox. Nə əmr vermisən? Sən helə bir di görüm. Şah Abbas olanları Əhməd pəhlivana da­nışdı. Qadın tayfasına nifrət oyanıf. Əhməd pəhlivan didi:

– Şah sağ olsun, sən bu hərəkətinlə təkcə qadınların kö­kü­nü kəsmirsən, bəşəriyyətə yox diyirsən birdəfəlik. Dün­yanı boş qoyursan. Bir ildən soram insanların kökü kəsi­ləcəh. Sən bunu fikirləşifsənmi?

Şah Abbas soruşdu:

– Bəs mən qadınlardan qisasımı necə alım?

Əhməd pəhlivan didi, qulax as, sənə bir söhbət eliyim, gör qadınların kökünü kəsməh nə diməhdi. Əhməd pəhlivan üzü­nü şaha tutuf didi:

– Ho ocağın sol tərəfində büzüşüf oturan qarını görürsən?

Diyir, bəli.

Əhməd pəhlivan diyir:

– Sən bilirsən də o mənim 1-ci arvadımdı. Sağ tərəfdə otu­ransa 2-ci arvadımdı.

Diyir, bəli, bilirəm.

– Sənin vəzirin də honun oğludu.

Diyir, onu da bilirəm.

Əhməd pəhlivan diyir:

– Honda mən sənə danışım. Sən yüzlərin içində bir sar­saxdan ötəri bəşər övladını qırmax istəyirsən. Qulax as gör sə­nin vəzirinin anası kim olufdu. Əhməd pəhlivan sözə baş­dadı. Didi:

– Şah sağ olsun, mən sənin atanın vəziriydim. Atan Şeyx Abbasın əyalətini mən qoruyurdum. Öz pəhlivan dost­larımnan. Mənim də 40 köməhçim var idi. Hamısı da say-seşmə. Gün­lə­rin bir günündə dəstəmdəki pəhlivanlardan biri gecəynən yoxa çıxdı. Nə qədər axtardıxsa da tapılmadı. Ara­dan bir neçə gün də keşdi, biri də itdi. Belə-belə mənim pəh­livanlarımın 40-ı da yoxa çıxdı. Nə ölüləri, nə də diriləri tapılmadı. Axır sənin atan məni çağırıf didi ki, sən necə pəh­livansan, eşik ağasısan, öz pəhlivanlarını qoruya bilmir­sən, ölkəni necə qoruyassan.

Mən didim ki, şah sağ olsun, düz diyirsiz. Hal-qaziyə belədi.

Beləcə günlər keşdi. Bir gecə qapım döyüldü. Durdum tez-tələsih baxım kimdi qapını döyən. Mənim birinci arva­dım qarşıma keçif didi, a kişi, sən vəzirsən, qapıya niyə tumancax qaçırsan? Belə də kişilıx olar. Get əynini geyin, qılıncını qurşa, xəncərini tax, əmudunu götür. Kişinin qava­ğına kişi kimi çıx. Sənin gözünün qavağında pəhlivanların yoxa çıxır, sən çılpax qapı döyənin qarşısına çıxırsan.

Gördüm, nə diyirsə, arvad düz diyir. İçərdən səs elədim ki, hər kimsənsə gözlə əynimi geyinif gəlirəm. Üstən qıfıl­lanıf, altdan geyindim, altdan qıfıllanıf üstdən geyindim. Mü­barizə meydanına gedən bir pəhlivan kimi əlim qılıncın qəb­zəsində qapını açanda gördüm qapının ağzında bədheybət biri duruf səhmi-səlabətindən dünya titriyir. Diyir, göy başı­ma fırlandı. Bildim ki, pəhli­vanlarımı kamına çəkən elə bu­dur. Didi, Əh­məd pəhlivan sənsənmi? Didim, bəli, mənəm. Didi, əgər kişi­sən­sə, get atını da gətir, mənimlə gedax.

Gedif tez atımı mindim. İmarətimdən kənara çıxanda gör­­düm ki, bir atlı dayanıf, atı özündən də bədheybətdi. Pəh­livan atına minəndə elə bildim ki, iki dağı bir-birinin üstünə qoyuflar. Məni bunun vahiməsi basdı. Artıx mən bildim ki, mən ölümə gedirəm. Bu qavaxda, mən də bunun arxasınca gedirəm. Bir qədir gedəndən soram düşündüm ki, mən Əhməd pəhlivanam. Bu qədir ölkəni müdafiə edirəm. Mən niyə bunun böyrünə düşüf gedirəm ki? Yavaşca arxadan qılıncı çıxartdım, honu arxadan vurmax istədim. Elə qılıncı qəbzədən çıxardanda qavaxdakı bəd­heybət didi ki, Əhməd pəhlivan, yolunu azma. Qılıncı qınına qoy, arxamca gəl. Yoxsa peşman olarsan. Beləcə xeyli yol gedəndən soram yenə istədim bunu öldürüm. Qılıncı rast çıxartdıf onun kəllə­sinə endirmax istiyəndə bədheybət heş arxaya çönmədən biləyimdən elə tutdu ki, qılınc yerə düşdü. Didi ki, pəhlivan­san, kişisən, iyid iyidi arxadan vurmaz. Onsuz da mənə heş nə edə bilməzsən. Əvvəlcədən kişi kimi çıxıfsan qarşıma, axıra qədər kişiliyini göstər. Düş qılıncını götür. Düşüf qılıncımı götürdüm. Bu minvalla az getdıx, düz aşdıx, iynə qarış yolla getdıx. Ölkədən çıxdıx. Bir meşəyə çatdıx. Düşündüm ki, yəqin bu meşədə hamını aparıf qırır. Məni də havırda öldürəcaxdı. Üçüncü dəfə də qılıncı götürüf ona arxa­dan nətəri şığıdımsa diyir, inan ki, mən qılıncı endirmə­miş at 4 qıçının dördünü də qatdıyıf uzandı yerə. Qılıncım boşa keşdi. Atlı düşüf aşağı biləyimdən yapışıf qılıncı əlim­dən aldı. Ata da işarə verdi ki, dur. At durdu. Qaldırdı məni uzunnamasına, qoydu məni yəhərin üstünə, özü də aşırılıf üstümdən mindi. Kişiliyimə sığışdırıf buna bir söz diyə bilmirəm. Amma baxı­ram ki, az qala nəfəsim kəsilə. Elə ki, meşəyə çatdıx. Düşdux atdan, atlı mənə didi, sənə bir də diyirəm ki, qarşıma çıxanda kişi kimi çıxıfsan, mən səni öldürən deyiləm, amma bir də səhf etsən boğazından tutuf cücə kimi üzüf atacam qırağa. Mən səni öldürmax istəsəm, elə qapınızdaca öldürər­dim. Diyir: Mən gedirəm. Mənim səsim sənə çatacax. Birinci Allahu-əkbər na­lə­mi eşidəndə atları yüyənin əlində hazır saxla. İkinci Allahu-əkbər nərəmi eşidəndə atın belində hazır ol. Üçüncü Allahu-əkbər nərəmi eşidəndə isə mənim atımı yüyənindən tut, səsim gələn tərəfə gəl. Yox, gördün birinci nərəm də gəldi, ikinci nərəm də gəl­di, üçüncü gəlmədi, onda atı götür uzaxlaş burdan. Kişiliyini axıra qədər göstər mənə.

Didığı kimi də etdim. Atı ağacı bağ­la­dım. Yavaş-yavaş bu sirr məni yaman narahat etdi. Əhməd pəhlivan düşündü ki, mən nə qədər yol­daşlarımı itirmişəm. İllərcə uğurlarım oluf. Mən bundan bir şey anlamıyıf necə qayıdım dala. Gəldim gördüm ki, bir taladı. Horda bir div yatır. Məni öydən çağırıf gətirən oğlan divə bir təpih vuruf didi: dur, artıx kişilih meyda­nıdı. Dur ayağa. Nərildədi. Didi, dur, mən səni yatdığın yerdə vurmax istə­mirəm. Qılıncı simirdi qoydu qınına. Bu vaxtı elə bir yerin­dən bir dağ qalxdı. Güləşdilər, dalaşdılar. Güləşdihcə diz­lərinə qədər torpağa batdılar. Məni gətirən pəhlivan honu qurşağından yapışıf, bir dənə Allahu-əkbər nərəsi çəkif honu çəkdi dizinə. Div nə qədər partdadı yerində, ayağını yerindən tərpədə bilmədi. İkinci Allahu-əkbər bunu qurşa­ğına kimi yerə batırdı. Üçüncü Allahu-əkbər nərəsini çə­kəndə boğazına kimi torpağa batdı. Qılıncı simirif divin başını üzdü. Qan göyə fəvvarə vurdu. Pəhlivan üş dəfə dol­duruf qanından işdi. Didi ki, ey namərd, mən söygilimin qisasını aldım səndən. Hin­di­dən soram ölsəm də daha dərdim yoxdur.

Pəhlivan divin başını götürüf, torvaya büküf, qoltuğuna alıf atdara doğru gəlmağa başdadı. Əhməd pəhli­van hondan qavax kəsə yollarnan gəlif atdara çatdı. Pəhlivan soruşdu:

– Əhməd pəhlivan, burdasanmı?

Diyir: Burda­yam.

Pəhlivan didi:

– Üzün ağ olsun, axıra kimi kişiliyini göstərdin. Hələ işi­miz qutarmıyıf. Hindi gedirıx başqa yerə.

Səssizcə hər kəs öz atına mindi. Az getdıx, üz getdıx, dərə-təpə düz getdıx, axırı gəlif bir talaya çatdıx. Hava yavaş-yavaş işıxlanmağa başdadı.

Pəhlivan didi:

– Əhməd pəhlivan, burda məni gözlə, qayıdıf gəlsəm, apa­­rıf səni öyünə ötürəcəm, gəlməsəm bax, atın üstündəki xur­cunda çoxlu cəvahirət var. Atın yəhəri qızıldandı. Hər nə var ha­mısı qızıldandı. Bir padşahın xəzinəsinə bərabərdi. Halal, halal xoşun olsun. Götür, çıx get.

Bu hadisədən soram pəhlivanın səsi incəlif nazihləş­mişdi. Əhməd pəhlivan gördü ki, pəhlivan öz-özünə layla diyə-diyə gedir. Əhməd pəhlivan didi ki, yox, bu işin içində bir iş var. Axıra kimi izliyəcəm. Görüm, bu nə olan işdi. Əhməd pəhlivan düşündüyü kimi də etdi. Pəhlivanın dalınca getdim diyir, gördüm bir taladı. Talada bir qəvirdi. Pəhlivan qəvrin üstündə oturuf o ki var ağladı. Didi ki, ey mənim əziz söygili cananım, mənim bu dünyada arzum, niyətim bircə sənin qisasını almax idi. Onu da aldım. Qisas qiyamətə qalmadı. Hindi aç ağuşunu gəlirəm. Xəncəri çıxardıf qarnına soxmax istiyəndə diyir giz­lən­dığım yerdən çıxıf arxadan yapışdım. Sinəbəndi dağıldı, töküldü. Bunu çəkif arxası üstə yıxdım, saçı-başı açıldı diyir. Dəbilqəsi düşdü yerə, gördüm bu cəngavər paltarının içində bir gözəl qız duruf, gözəllığın­dan utanıf göydə günəş də buludların arxasında gizlənir. Məhəttəl qaldım ki, qadına bax, qadın da belə bir qəhrə­manlıx edərmi? Qız qayıdıf üzümə baxdı didi ki, Əhməd pəhlivan, axıra kimi kişilığını göstərə bilmədin. Niyə qoy­madın mən yarıma qovuşam. Hindi mənim sinəm də açıldı, üzümü də gördün. Artıx mən naməhrəməm. Hindi mən daha üzüqara­yam, söygülümün yanına da gedə bilmə­rəm. Niyə mənə bu namərdliyi etdin – diyif elə hey ağlıyır, diyir. Didim ki, ay nazənin, mən bilirəm, hindi mən sənnən əlbəyaxa ol­sam sənə gücüm çatmıyacax. Amma bu bir gecədə mənə o qədər zülüm, işgəncə verifsən ki, amma nolar bu sirdən məni agah elə. Qız didi:

– Əhməd pəhlivan, bu qəvirdəki mənim nişanlımdı. Mə­nim toy gecəmdə anam ölmüşdü. Mən nişannıma didim, əgər məni sevirsənsə, anamın qırxınacan gözlə. Mənim anam dünən ölüf, mən bu gün necə eyş-işrətlə məşğul olum. Mənim nişan­nım çox igid, vəfalı biri idi. Nişannım didi ki, mən sənin ya­nında sənin həsrətini necə çəkim. Honda icazə ver, mən 40 günlux səyahətə çıxım. Vaxtımı keçirim, soram qayıdıf gəlim. Razılaşdıx. Nişannım 40 nəfər pəhlivanla yaraxlanıf tədarük görüf çıxdı. Beləcə 40 gün tamam oldu. 40 nəfərdən bircəciyi qayıtdı. Nişannımın da qara xəvərini gətirdi. Didi ki, üş qardaş div varıymış, holar mənim nişan­lımın dəstəsinə hücum çəkif hamısını qırıflar. Nişannım divlərlə döyüşüf ikisini öldürüf haldan düşüf, üçüncü div də nişannımı vuruf öldürüf. Mən də o gün söz verdim nişan­nımın qanını alana qədər başıma yaylıx bağlamıyacağam, dəbilqə qoyacam. Honun qisasını alan kimi də gedif hona qovuşasıyam. Hondan soram ayrı bir kişi cinsi istəmirəm mən. Və mənə də yoldaş lazım idi. Əgər mən ölsəy­dim, məni dəfn edərdi. Mənim xurcunumdakı nişannımın ama­nat­larına, toy paltar­larına, qızıla yiyə durardı. Bax sənin pəhli­vanların mənə hona görə lazım idi. Hər gecə gəldim birini çağırdım, hamısı tuman-köynəhlə çıxdı qavağıma. Boğa­zından tutuf apardım bir yerdə öldürüf tulladım. Bir dənə sən kişi kimi çıxdın qarşıma. Qız didi, hindi Əhməd pəhlivan, sənin əlin mənə dəydi. Mənim də sirrim açıldı. Hindi biz neyniyəh? Mən sənin əlindəyəm, məni öldür, nişannımın yanında basdır. Əgər hona da əlin gəlmirsə, mən ancax sənə məxsusam.

Bu yerdə Əhməd pəhlivan Şah Abbasa didi:

– Bax o vaxı məni bu atlının qarşısına kişi kimi çıx­ma­ğı məsləhət görən o ocağın qırağında oturan qarı oldu. İgid­liyin­dən danışdığım da ocağın sağında oturan qarıdı. Şah sağ olsun, hindi di görüm sən belə analara necə qıyarsan bir axmağın axmaxlığına görə. Holardan törənən qızlar da holar kimi mərd olacaxdı. Bir axmağa görə bütün bəşəriy­yətin kö­künü kəsməh olarmı?

Şah Abbas başını aşağı saldı. Və bu minvalla Əhməd pəh­livanın müdrüklüyü şərəfinə 40 gün, 40 gecə toy elədilər. Siz də yiyin, için, dövrə keçin. Göydən üç alma düşdü, biri mə­nim, biri sənin, biri də nağıl söyləyənin.

Ey xocəstabani, mən tuti sənə danışıram bunu, get dost görərgəsinə, amma qorxu­ram şah oğlu şah Abbas kimi peşi­man olasan.


42. Balıqçı oğlu

Hamam, hamam içində,

Xəlbir saman içində.

Dəvə dəlləhlih eylər,

Köhnə hamam içində.

Hamamçının nəyi var,

Arvadının donunun ortası yox,

Tulasının boynunun xaltası yox.

Nağıl-mağıl bilmirəm,

Xandan qalmış nökərəm.

Nağıl istiyənlərin qavırğasından sökərəm.

Biri varıydı, biri yoxuydu. Allahın yaxşı bəndələri ço­xuydu. Günlərin bir günündə alakeçinin hinində keşmiş zamə­nələrdə balıxçı var idi. Allah-tala insanı yaradanda hərəyə bir tale, hərəyə bir ruzi yazır. Bu balıxçı da anadan olandan Allah-tala bunun rizasına iki balıx yazmışdı. Bunun sənəti balıxçılıx edif pul qazanmaxdı. Hər gün gedirdi dəniz kənarına, bir toru vardı. Atırdı dənizə, 10 dəfə də atsa ikicə balıx düşürdü honun toruna. Bu minvalnan balıxçı yarı yaşını keşmişdi. Və övlad sarıdan heş vaxı üzü gülməmişdi. Bir qarısıynan özüydü.

Günlərin bir günündə balıxçı yenə də torunu götürüf getdi dəryaya. Səhər namazını qıldı. Allaha yalvardı, ey Xu­daya, sən bu iki balıxdan savayı mənə ruzi vermiyəs­sənmi? Mənim yarı yaşım keçif bu gün-savaxlığam. Bəs mənə öylad vermədin, vermədin, heş olmaya bir ruzi ver, xoş gün görüm dünyada.

Balıxçı bir dəfə torunu atdı dəryaya, tor boş gəldi. Bir neçə dəfə atdı, tor boş gəldi. Bir də atanda tora uşax gəldi. Didi Xudaya, çox şükür sənin dərgahına, maa qeybdən bir uşax yetirdin. Diməli, mənim qismətim bu imiş.

Balıxçı Allaha yalvardı ki, yarəb, elə et ki, habı uşax mən görən günü görməsin. Honun ruzisini özündən ver. Düşündü ki, bir də atım, uşağı verən honun rizasını da verər. Gördü ki, bu dəfə üç balıx gəldi. Diyir, şükr Xudaya, kəra­mətinə. Uşağı götürüf gətirdi öyə. Arvad görüf çox sevindi. Balıxçının arvadı uşağı köynəyindən keçirdi. Oldu halal hümmət. Molla gətirif siğə elədilər. Üş balığı aparıf bazarda satıf lazım olan ərzaxları alıf gəldi. Bu minvalnan uşax 7 yaşına çatana kimi balıxçı gün­də üş balıx tutdu. Bir günləri balıxçıynan arvadı söhbətdəşdilər necə eliyax bu uşağı bir məktəbə qoyax. Səhər durdu namazını qıldı, Allaha yalvardı, bir imkan yarat bu uşax bir elm öyrən­sin. Durdu getdi, dəryaya torunu atdı. Gördü ki, bu dəfə tora beş balıx gəldi. Fikirləşdi, yarəbbi, çox sağol. Mən daha dər­yaya torumu atmıyacağam. Sən mənim ruzimi verdin. İki balıx da bu uşağın ruzisidir. Gəldi öyə, arvadına didi ki, Allah-tala bu gün mənə 2 balıx artıx verdi. Biz uşağı mollaxanaya qoya bilərıx. Beləcə gündə beş balıx tutuf uşağın məktəf xərcini ödədi. Uşağı mollaya tapşırıf balıxçı öz işinin dalınca getdi. Uşax təhsilini alana qədər hər gün bu beş balıx tutdu. Gün keşdi, ay dolandı. Oğlan gəldi çatdı 15 yaşına. Oturdular danışdılar. Səhərsi kişi dəryaya torunu atanda gördü ki, bu dəfə tora 6 balıx düşdü. Gəldi arvada didi ki, ay arvad, bu dəfə altı balıx düşdü. Altıncı balıx nə üçünmüş görəsən? Arvadı didi ki, a kişi, ho da uşağın öz ruzisidi. Beləcə dolanmağa başdadılar. Balıxçı oğlu olduğuna görə Hüseynə heş yerdə iş vermirlər, heş kəs gətirif uşağını buna tapşırmır. Bir gün Hüseyn dərdini ana­sına aşdı didi:

– Ay ana, atama yazığım gəlir bütün günü balıx tutuf ailə­mizi dolandırır. Mən də bir iş tapa bilmirəm ki, hona kömax edim. Sən atama di ki, məni də özüylə aparsın, hona kömax edim. Kasıf kişinin oğluyam diyə məni məclislərə, tay-tuşlarım arasına qoymurlar. Atam məni aparsın, öyrənim bu sənəti, bəlkə bu sənətlə özümə çörax qazanaram.

Balıx­çının arvadı axşam kişi işdən gələndə bu söhbəti hona aşdı. Balıxçı əvvəlcə razı olmadı. Didi ki, Allahdan gələn paydı bu oğlan, mən necə honu aparıf çətinlıxlara salım.

Uşax özü xahiş edifdi. Hüseynin ürəyini sındırma.

Balıxçı uşağı yanına çağırıf bu fikrə düşməyinin səvəvini soruşuy.

Hüseyn didi:

– Ateyi-mehriban, axı sən işdiyirsən, mən də yiyirəm. Bu mənim üçün xəcalətdi. Artıx mənim sənə kömax etmə məqa­mımdı. Həm də bu bir sənətdi. Mən də sənət öyrənmiş olaram. Nə qədər öydə oturum.

Balıxçı razılaşdı. Səhərsi bunu özüynən götürdü getdi­lər dəryanın qırağına. Balıxçı torunu bir atdı dəryanın dibinə çəkif çıxarda bilmədi. Ata-bala köməhləşif çıxartdılar. Balıx­çı ta­mahlandı, bir də atdı. Beləcə neçə dəfə atdısa tor dolu gəldi. Hüseyn gördü ki, atası nəfsinə sahif çıxa bilmir. Didi, ata, nə üçün bu canlını qırırsan? Axı bunu da yaradan Allahdı. Allahın gözəl məxluqudu. Heş biz bunu şəhərə də çatdıra bilmiyəsiyıx. İylənəcaxdı. Məgər bunu sən yaratmı­san, səndə qırırsan?

Kişi baxdı-baxdı. Didi oğul, düz diyir­sən. Allah-tala özü bilir kimə nə verdiyini. Allah mənə hər gün bu qədər balıx bəxş etsəydi, bu dəryada bircə balıx qoy­maz­dım, hamısını məhv edərdim. Buların hamısı sənin əmə­linə, sənin rizana görədi. Balıxçı tutduğu əməlinə görə həmən peşman oldu. Lazım olan qədər balığı götürdü. Kişi gedəndə oğlan gördü hələ çox balıx qalıfdı yerdə. Didi: ateyi-mehriban, gələndə bir meşox da gətir, mən də sənə kömax edim.

Kişi şələsini götürüf getdi bazara satdı. Gedif öydən bir meşox da götürüf gəldi oğlanın yanına. Bir yerdə balığı yığış­dırıf öyə gəlmağa başladı. Kişi gördü Hüseyn yolda nə görsə honun dalınca qaçır, bunun belini şələ sındırıy. Didi, oğlum, sən yavaş-yavaş gəl, mən gedim şələmi qoyum, sənin qavağına gəlim. Balıxçı şələsini qoyuf oğlunun qavağına gələnə kimi Hüseyn şəhərdə öz küçələrini azdı. Çünkü o heç vaxt şəhəri gəzməmişdi. Az getdi, üz getdi, iynə qarış yol getdi, gəlif bir bağa düşdü. Gedif bir imarətin yanında dayandı. Gördü ki, imarət nə imarət, dörd göz istiyir tamaşasına dura. Gölgədə şələsini yerə qoydu. Başdadı dincəlmağa. Sən dimə, bu imarət ölkənin padşahının qızının imarətidi. Şahın qızı sən dimə bu vaxdı küləfrəngə çıxıfmış. Gördü ki, bir üstü-başı cır-cındır için­də bir gözəl oğlan meşoxunu da kəna­ra qoyuf özüyçün kül­lənir. Qız gördü ki, oğlan elə bir gözəl oğlandı ki, xudavəndi-aləm öz qüdrətindən xəlq eliyif, səhmi-salavatında dünya işıxlanır. Qaravaşdarının birini göndərdi ki, görəh bu oğlan kimdi, burda nə axtarır. Qaravaş gəlif Hüseyndən soruşdu: Ay oğlan, sən kimsən, havırda niyə oturufsan? Didi, mən filan balıx­çının oğluyam, küçə­mizi azmışam, gəlif havra çıxmışam. Qaravaş qayıtdı xanı­ma məlumat verdi ki, məsələ belədi. Sən dimə o balıxçını da şəhərdə hamı tanıyırmış. Didi gedin ho oğlanı mənim yanı­ma gətirin. Meşoxunu götürüf şahın qızının yanına gətirdilər. Şah qızı baxdı meşoxdakı balıxdı. Elə ki, Hüseyni yaxından görəndə şah qızı bir könül­dən min könülə vuruldu. Didi, xudavəndi-aləm, belə bir gözəl­liyi yarada bilirsənsə honda niyə bu gözəlliyə gözəl həyat vermirsən. Sən bunu mənim üçünmü yaratmısan, yoxsa... Şah qızı düşünüy ki, atam məni buna vermiyəcaxdı.

Ho vaxdı hamı dindar idi. Qız da bir namaz qıldı Allaha yalvardı ki, İlahi, sən məni buna qismət elə. Qaravaşlara əmr etdi ki, oğlanı aparın hamama, onu süd vannasına salın. Elə etdilər. Hüseyni geyin­dirif-keçindirif gətirdilər şahın qızının yanına. Şah qızı Hüseynə baxıf gördü ki, pəh, oğlan nə oğlan, beləsi dünyaya heş gəlmiyifdi. Şah qızı sevgisini oğlana aça bilmədi. Amma qaravaşdara əmr etdi ki, oğlanın meşoxunu da götürün aparın çatdırın balıx­çıya. Şah qızı fürsət tapıf bir mək­tuf yazıf meşo­xun içinə saldı.

Bular Hüseyni balıxçının öyünə apar­maxda olsunlar, sizə kimdən xəvər diyim, balıxçıdan. Elə ki, balıxçı oğlunu tap­madı, başdadı ağlamağa. Allaha üz tutuf didi ki, ey Xudaya, sən verdiyini məndən niyə aldın? Balıxçı başı lovlu Hüseyni axtarırdı ki, qəfildən yolda bulara rast gəldi. Baxdı gördü ki, şahın kənizləri bir şahzədə oğlanla gəlirlər. İstədi oğlunu holardan xəvər alsın, kəniz soruşuy:

– Kimi axtarırsan, balıxçı qardaş?

Balıxçı didi:

– Oğlumu.

Kəniz didi:

– Oğlun, budu ha yanımdadı.

Balıxçı üzünü Allaha tutdu, əllərini göyə qaldırdı didi:

– İlahi, çox şükür sənin dərgahına, oğlumu tapdım.

Balıxçı oğlunu da götürüf gəldi öyə. Meşoxun ağzını açan­da məhətəl qaldı. Gördü ki, bu bir padşahın xəzinəsidi, balıx əvəzi qoyulufdu. Hüseyndən soruşdu.

Hüseyn didi:

– Ay ata, biz oğurlamamışıx ki, xanım özü verifdi. Əlbət­də, halal maldı.

Balıxçı ləl-cəvahiratı seçıf ayırmax istədıxda gördü ki, bir məktuf var. Balıxçı oğluna didi:

– Ay oğul, mən oxumax bilmirəm, bax gör bura nə yazı­lıfdı?

Hüseyn məhtufu oxuyan kimi rəngi saraldı. Atası didi, oğul, nə oldu? Didi, ata, havırda sənin ölümünün fərmanı yazı­lıfdı. Didi xanım yazıf ki, əgər savax gəlif məni oğluna şahdan istəməsən dar ağacından asdıracam. İstəsən də şah səni asdıra­cax. Şah öz qızını balıxçının oğluna verərmi? Qarı da qarışdı bu işə. Diyirlər qadın ağlı kişi ağlından ötkəm olur. Balıxçının arvadı didi ki, ay kişi, Allah nə yazıfsa honu görəsiyıx. Madam ki, xanım belə bir fikrə düşüfdü, sən get istə. Verər, nə yaxşı, verməz, öldürər səni, aləm biləcax ki, cəsarətinin qurvanı ol­dun. Bu bir şərəfli ölümdür. Əgər şahın qızı öldürtsə səni heş vaxt açıxlama verif öldürə bilmiyəcax. Ho üzdən də səni şərə salacaxdı. Bir qadının məkrinə düşüf ölmaxdansa şahın qəzə­vinə gəlif ölmax daha şərəfli ölüm­dür.

Balıxçı gördü ki, arvadı doğru diyir. Səhərsi duruf üzünü-gözünü qaydaya salıf yola düzəldi. Gəlif şahın elçi daşının üstündə oturdu. Şaha xəvər çatdı ki, belə bir qoca elçi daşının üstündə oturufdu. Şah didi ki, qoca kişidi, gedin soruşun, bəlkə səhf oturufdu. Gəlif soruşdular nə istiyirsən, bəlkə səhf otur­musan. Didi yox, mən elə bu elçi daşının üstündə oturmalı­yammış. Mən şahın qızına oğlum üçün elçi gəlmişəm. Şah didi, gedin gətirin qocanı, elçiyə zaval yoxdu. Balıxçı gəlif şahın qarşısında baş endirdi. Şah didi, eşidirəm. Şah sağ olsun, sənin qızına elçi gəlmişəm. Şahın qəzəvi tutdu. Bığları titrədi, tükü biz-biz oldu. Düşündü ki, bu kimdi belə mənim qızımı istiyir. Amma qəzəvini boğdu. Baxdı vəzir-vəkilin üzünə, gördü hamının qəzəvi tutufdu kişiyə. Kişiyə didi:

– Get, əgər Allah yazıfsa olacax. Biz də bir fikirləşəh gö­rəh nə qərara gəlirıx. Üş gündən soram gələrsən sənə cavaf ve­rərıx.

Kişi Allahına şükür oxuya-oxuya getdi ki, helə üş gün də bir ömürdü. Gəldi öyə, olanları danışdı. Oğlu didi ki, ata, qorx­ma, hər şeyi düzüf-qoşan Allahdı.

Üş günün tamamında balıxçı gəlif oturdu yenə həmin elçi daşının üstündə. Şah qərar vermişdi, balıxçının qarşısına elə bir şərt qoya ki, hona əməl edə bilməsin. Ho da bu söydadan əl çəkə. Balıxçı gəlif şahın hüzuna baş endirdi. Didi ki, mən razı­yam. Öyrənmişəm ki, çox ağıllı oğlun var. Amma elin adə­tinə uyğun toy edə biləssənmi? Didi, şah buyursun öz istəhlərini disin, biz də sonrasına baxarıx. Şah didi, əvvəla, mənim qızıma layıx öy tikilməlidi. Get o şəraiti yarat, soram gəl söhbət edə­rıx.

Balıxçı gəldi yenə öyünə, olanları mən sizə nəql etdi­yim kimi nəql etdi. Qızın qasidi tez-tez Hüseynlə əlaqə saxlı­yırdı. Bu dəfə gələndə Hüseyn yazdı qızın üstünə məktuf gön­dərdi. Atan bizdən imarət tələb ediy. Hindi biz neyniyək?

Qız oxudu məktufu, cavaf yazdı ki, sən narahat olma. Get şəhərdən ən dəyərli memarları tap gətir, qalanı mənim işimdi. Oğlan getdi, memarları tapdı gətirdi, şaha göstərdiyi yerdə bir imarət tikildi. Çarhovuzlar hazırlandı. Çıl-çıraxları alışdırdılar. Tez bitən, tez tutan çiçəhlərdən saldılar. Həmin imarətdən şa­hın qapısına kimi xalçalar döşəndi.

Bir gün yenə balıxçı gedif şahın hüzuruna didi ki, şah sağ olsun, siz diyən imarət hazırdı. Şah öz əhli-əyalıyla gəlif yox­ladı ki, bəs öz istədiyindən də artıx imarət ucalıfdı. Qayıtdı gəldi öz taxtına, vəzir-vəkilinə didi ki, sizin məsləhətiniznən iş gördüm, bu da belə. Vəzir-vəkil didi ki, şah sağ olsun, hindi elə bir başlıx parası istə ki, əməl edə bilməsin. Balıxçı bu dəfə şa­hın yanı­na gələndə şah didi ki, qoca, gördüm ki, bacarıxlı adam­san, dünyagörmüş kişi­sən. Mən diyəni etdin. Hindi qaldı ikinci şərtim. Diyir, buyu­run.

Şah didi:

– Mənə qızımın 7 ağırlığı qızıl gətir.

Balıxçı gəlif oğlana didi, oğlan da qıza xəvər göndərdi ki, atan bu şeyləri istiyir. Didi, narahat olma, 3 günə hər şey hazır olasıdı. Şah qızı 3 günə hər şeyi hazırladı. Dəvə kar­van­­larıyla diyilən şeylər hamısı şahın hüzuruna gəldi. Ağamət* gəldi. Şah gördü kü, kişi nə disə hamısına əməl edir. Vəzir-vəkilinə didi ki, Allah sizin öyünüzü yıxsın. Kişi nə disəm hamısına əməl edir. Vəzir-vəkil didi ki, ver qızını getsin. Şah qızını çağırıf xəvər aldı. Ağzını aradı. Qız qara­vaşdarın vasitəsi ilə didi ki, ho oğlan elə mənim istədığım oğlandı. Allah mənim qızıma da belə toy qismət etsin. Amma məkirnən, hiyləynən yox.

Toy eliyif qızı gətirdilər. Bəy-gəlin otağı bəzəndi. Soltan döşəyi salındı. Gəlini qoydular gərdəyin dalına. Başdadı oğlanı gözləmağa. Oğlan gəldi güzgünü götürdü, darağı qoydu. Da­rağı götürdü, güzgünü qoydu. Başdadı özünü nizama salmağa. Gəlin tərə­fə heş fikir vermədi. Qız gözdədi, xoruzun birinci banı oldu, oğlan buna fikir vermədi, ikinci banı oldu, oğlan buna yaxın gəlmədi. Qız axırda didi ki, ay oğlan, sən çoxmu özünün bəzəyinnən məşğul olassan? Sən bəs gərdəyin dalına nə vaxt gələssən? Hüseyn didi, xanım, narahat olma, hindi gəli­rəm. Hüseyn yenə gəlmədi. Qız axırı cana doyuf didi ki, sən nə özündən çıxıfsan, balıxçının oğlu deyilsənmi, divarın divin­də bürüşüf küllənən sən deyildin? Səni bu dərəcəyə çatdıran mən oldum. Sənin kişiliyin bu idimi?

Hüseyn didi:

– Xanım, bağışla, neynək görməmiş adamam da. Mən ba­lıxçı oğluyam, mən hardan bilirəm mədəniyyət nədir. İstiyi­rəm, gedim bir hamama girəm, gəlim.

Oğlan duruf bəylıx paltarını dəyişif, öz balıxçı paltarını da giyinif, altdan giyinif, üstdən qıfıllanıf səssizcə getdi. Oğlan getdi. Qız nə qədər gözlədi, oğlan gəlmədi. Duruf ax­tardı da, xeyri olmadı. Gəlif gərdəyin dalında oturdu. Balıx­çıynan ar­vadı çox gözlədilər, gördülər bulardan səs çıxmıy. Didilər, bu­lar nə qədər yatacaxlar gərdəh dalında. Balıxçının arvadı ya­vaşca gəlif gördü ki, gəlin oturuf gərdəyin dalında qəm dərya­sına qərq olufdu. Xəvər aldı ki, nolufdu. Qız ba­şına gələni da­nışdı. Nə qədər axtardılar, tapmadılar ki, tap­madılar.

Hindi bular burda axtarmaxda olsunlar, mən sizə danı­şım oğlandan. Oğlan ölkədən çıxdı. Az getdi, çox getdi. Gə­lif bir imarətin yanında durdu. Pulu yox. Gələnin qavağına, gedənin dalınca baxır. Axşam oldu, buna göz qoyan tacir nökərlərini göndərdi ki, görün bu oğlan nə istiyir. Oğlan özünü lallığa qoydu. Qayıdıf tacirə didilər ki, ho oğlan laldı. Tacir didi ki, gedin honu mənim yanıma gətirin. Tacir də bunu başa düşə bilmədi. Lal dilini bilən biri gəlif oğlanın didıxlarını tacirə didi ki, kimsəsiz oğlandı. Tacir Hüseynin gözəllığına aşiq oldu. Oğlanı başa saldı ki, mənim yanım­da qalıf işliyərsənmi? Oğlan başından razılıx verdi. Didi ki, sən ancax və ancax stollardan qavları yığışdırassan. Beləcə oğlan qalıf burda işləmağa baş­ladı. Tacir Hüseynin bacarığına aşiq oluf onu xörək paylıyan təyin etdi. Hüseyn ho qədər yaxşı xidmət göstərdi ki, buranın müştəriləri birə-beş artdı. Oğla­nın gözəlliğını, yaraşığını görən bir də gəlir, gələndə özün­dən dartıf digərini gətiriydi. Bu söhbət gəldi ölkənin şahına çatdı. Şah vəziriylə gəldi oğlanı görməğa. Şah vəziriylə təğyiri-libas oldu ki hoları tanıyan olmasın. Gəldilər bura. Bulara lal Hüseyn bir qullux göstərdi ki, şah baxdı gördü ki, pəh-pəh oğlan bir gözəldi, bir yara­şıxlıdı ki, dörd göz istiyir tamaşasına dura. Şah düşünüy ki, İlahi, bu gözəl insanı hayıf lal yaradıfsan. Məclis qutardı. Şah bir namə yazıf oğlanı başa saldı ki, xazeynini göndər mənim yanıma. Xazeyn gəl­di. Şah Hüseyni xəvər aldı ki, bu oğlanı hardan tapıfsan. Çox xoşuma gəldi. Və şah çıxdı getdi. Şah taxtına çıxdı, dərhal bir namə yazdırıf tacirin üstünə göndərdi. Dünən sənin qonağın mən idim. Nə xərcin var ödiyirəm. Amma lal oğlanı mənə ver. Şah gəldi Hüseyni ho qədər sorğu-suala tutdu, axırı oğlan hona yazıf bildirdi ki, məndən nə istiyirsən, görürsən lal oğlanam. Məndən əl çək. Axırı Şah gör­dü ki, lal yazı-pozunu da bilir. Şah yazıf Hüseyndən soruş­du ki, oğlum, di görüm sənin dilin anadangəlmə lal oluf, yoxsa sora­dan? Oğlan o dəyqə başa düşdü əgər mən anadan lal olduğumu desəm yalanımın üstü açılacaxdı. Çünkü ho vaxları anadan­gəlmə lallar üçün məktəflər yox idi. Honda şah məndən soruşa­cax ki, əgər belədisə yazı-pozunu hardan öyrənifsən? Yazıf verdi soradan lal olmuşam. Şah loğman­ları tökdü kü, Hüseynin dilini aşdıra, xeyri olmadı ki, olmadı.

Bular burda qalsınlar, sizə deyəh Hüseynin gərdəyin da­lında qalan arvadından. Qız atasına qorxusundan heş nə di­mədi. Didi ki, Hüseyn səfərə çıxıfdı. Amma səhərsi bir rəs­sam gətirdif honun böyük bir şəklini çəkdirif şəhərin dörd qala divarı qapısının üstündən asdırdı. Keşihçilər qoyuf tapşırdı ki, şəhərə daxil oluf şəklə baxıf bir kəlmə diyən olsa tutun yanıma gətirin. Günlərin bir günündə iş elə gətirdi, Allah-tala işi düzüf-qoşanda hər şeyi qaydasına sala bilir. Oğlan lal oluf yaşadığı şahın ölkəsindən bu ölkəyə iki nəfər cavan iş axtarmağa gə­ləndə qala darvazasındakı şəklə baxıf ah çəkdilər. Keşihçilər hoları xanımın yanına gətirdilər. Ho vaxdı niqab altında yaşı­yır­­dılar. Üzlərini göstər­mirdilər, pərdə arxasında dururdular. Xa­nım arxadan soruşdu. Siz ho şəklə baxıf nə didiniz? Cavan­lar ağlaşdılar ki, bizim bir günahımız yoxdu, buraxın gedax. Ho bizim şahımızın oğludu, dili laldı, bir kəlmə didıx ki, ho gözəl oğlanın dilini niyə lal edifsən,Xudaya? Xanım didi ki, qorx­mayın, sizə heş bir cəza veril­miyəcaxdı. Xanım didi ki, sizə bir ildə qazanacağınızı artıx­laması ilə versəm, gəldiyiniz, getdiyi­niz yolun xərcini də versəm, sizə bir həkim də versəm, o lalın dilini aşmax üçün geri qayıdarsınızmı? Cavanlar gördülər ki, bəxtləri yamanca gətirifdi. Razılaşdılar. Şahın qızı gedif bazar­dan bir həkim paltarı aldırdı, altdan giyinif üstdən qıfıllandı, üstdən giyinif altdan qıfıllandı, yola düzəldilər. Şahın qızı hə­kim libasında didi ki, mən havırda bir şey qazansam yarısını sizə verəcəm. Hona şahın iqamətgahını göstərdilər. Gəlif elçi daşının üstə oturdu. Keşihçılər gəlif xəvər aldılar ki, nə istiyir­sən. Qız didi ki, şahın oğlunu sağaltmağa gəlmişəm.Gətirdilər şahın yanına. Şah gördü ki, bir gözəl oğlandı, soruşdu niyə gəlmi­sən. Didi ki, şah sağ olsun, oğlunun dilini aşmağa gəlmi­şəm. Əvvəlcə xəstəni görməliyəm didi. Gətirdilər qızı Hü­seynin yanına. Qız buna bir neçə sorğu-sual etdi. Xeyri olmadı ki, olmadı. Axırı qız niqabını üzündən götürdü, oğlan gördüki, öz arvadıdı. Qız didi ki, ay etibarsız, ay bivəfa, səndən ötəri mən dəridən-qavıxdan çıxmışam. Atama ağ oldum. Bir sözü­mə görə sən məni qara yaylıxlı qoydun. Mən adam içinə çıxa bil­mirəm. Niyə belə insafsızlıx elədin?

Oğlan yenə danış­madı. Qız nə qədər dil töhdü, yalvardısa da xeyri olmadı. Qız şahın ya­nına gedəndə Hüseyn şaha kağız yazıf göndərdi ki, ateyi-mehriban, bu sən göndərən həkimlər məni o qədər cana doydu­ruflar ki, artıx suda içə bilmirəm. Bundan soram həkimlərə şərt qoy ki, mənim dilimi aça bilsələr istədıxlarını ver, bilməsələr boyun­larını vur. Şah oğulluğa gö­tür­duğu Hüseynin hər şərtinə razı oldu. Qıza didi, hindi şərtim var mənim. Əgər oğlumun dilini aça biləcəhsənsə şərtimiz şərt­di, nə istəsən verəcəm. Yox əgər bacarmasan boynun vuru­lacaxdı. Qız fikirləşdi, kişidi də, qılığına girəcəm, danışacaxdı. Hər halda ho qədər də insafsız olmaz ki, məni dar ağacından asdıra. Qız 40 gün möhlət istədi. Qız 40 gün Hüseynə yalvardı-yaxardı, daha əməl qalmadı, oğla­nın başına açmı­yan. Qadın məkirliklərinin nə qədər usta­lıxları var idisə hamısını işə saldı, yenə də xeyri olmadı. Vədə tamam oldu. Şah gördü ki, Hü­seynin dili açılmadı. Şah qıza didi ki, hindi sən edam olun­malısan. Oğlumun da istəyi budur. Hüseyn bir namədə yazdı şaha ki, ateyi-mehriban, bu həkim o biri həkimlərdən çox inci­dif məni, ho qədər işgəncələr verif ki, o qədər acı dərmanlar, o qədər mənə azar verif ki, hona görə də honun dar ağacı mənim küləfringimin qavağından asılmalıdı. Ho­nun ölümünü öz gö­züm­nən görməsəm, rahatlıx tapa bil­mə­rəm.

Şah belə də etdi. Cəlladlar gəldi, kəndirlər sabun­landı, il­gəh­lər düzəldi, mollalar gəldi, bunun halallığını aldı­lar, kəndir qızın boğazından keçirildi, ayağının altından stol vurulanda oğ­lan dilləndi ki, durun. Bu ölkənin şahlığının qanunu var idi ki, dar ağacından asılan adamın pulunu kim ödəsə honu ho adama bağışlıyardılar. Bu vaxı Hüseyn bir kisə qızılı səpdi ki, ateyi-mehriban, honun qan pulunu mən verirəm. Honu mənə bağışla. Kəndiri vurdular, tez qız yerə düşdü, başının dəbilqəsi düşdü saçları üzünə töküldü. Gör­dülər ki, bir ay parçasıdı. Baxdılar ki, bu həkim qızıymış ki, şah düşündü haburda nəsə bir sir var. Qızı özünə gətirdilər, qaydaya saldılar. Şah didi ki, xanım, burda bir sir var, sən mənə danış görüm.Didi ki, oğlunun dili açıldı, mənim qan pulumu verdi, bağışdadı. Şah sağ olsun, oğ­lu­nun dilini mən aşdım. Hindi qalanını oğlundan soruş.

Şah Hüseyni çağırıf soruşdu:

– Ay oğlum, sənin dilin açıximiş ki.

Didi bəli, açıx idi. Didi, bəs bu nə sirdi? Oğlan didi ki, mən yalnız bu sirri qızın və öz valideynlərimin işti­rakı ilə aça bilərəm. Şah tədarük gördürdü, qızın və oğlanın valideynlərini gətirdi. Yığıldılar bir məclisə, mən sizə necə danışmışdımsa da, Hüseyn də məclis əhlinə eləcə danışdı. Sir açıldı. Hüseyn didi ki, bu şah qızıydı. Birinci gecə mən bunun didixlarınnan, bu­nun nazınnan duruf-otur­saydım ola­caxdım bunun nökəri, bu öz puluynan, şahlıx iddiya­sınnan məni ələ keçirmişdi. Mən istiyir­dim ki, mənim arvadım mənim qazancımnan, mənim istəyim­nən mənim arvadım olsun. Mənim tabeçiliyimdə olsun. Mən honun yox. Yoxsa bu ailədən ailə olmazdı.

Bu yerdə Hüseyn üzünü qıza tutuf didi, mən səni dar ağacından satın almışam, səni istəsəm bazarda qul əvəzi sata­ram, istəsəm kəniz verərəm, istəsəm kiməsə bağışdayaram, nə istəsəm edə bilərəm, düzdümü? Qız didi, bəli, düzdü. Didi hin­di mən səni sənin məni sevdiyindən çox sevirəm. Amma sənin qədər iddiyalı deyi­ləm. Sən mənim xanımım, mən də sənin başı­nın tacı olma­lıyam. Razısansa, toyumuzu edax. Qız da elə bunu istəyirdi. Tezədən valideyn­lərin şahidliyi ilə kəbin etdilər. 3 gün toy etdilər və oğlannan qızı ötürdülər gərdəyə. Holar hor­da yidilər, işdilər, yerə keşdilər, siz də burda yiyin, için, mətdi muradınıza yetişin. Göydən üç alma düşdü. Biri qızımın, biri mənim, biri də dinləyicilərin olsun.


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə