Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə26/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   ...   22   23   24   25   26   27   28   29   ...   43
ümumi psixologiyaTSP

Təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yük­sək pilləsi olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə əks etdirir. Ona görə də təfəkkürü cisim və hadisələr arasındakı qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesi adlandırırlar.
İnsanın biliyi və keçmiş təcrübəsi hissi idrakla və hafizə ilə qarşılıqlı əlaqəyə girərək onları dəyişdirir. L.S.Vıqotski bu prosesi hafizə və qavrayışın intellektuallaşması prosesi adlandırırdı. Qavrayış idraki nöqteyi-nəzərdən kateqoriya və düşünmə xüsusiyyəti, hafizə isə sözlü – məntiqi xarakteri daşıyır.
Təfəkkür prosesində insan özündə olan bilikləri praktik təcrübə yolu ilə uyğunlaşdırır və bu insana imkan verir ki, o mahiyyətin daha dərin qatlarına varid ola bilsin.

Praktik fəaliyyət gerçəkliyin dərk edilməsinin həqiqət ölçüsü kimi çıxış edir. Təfəkkür vasitəsi ilə insan dünyanı dərk edir, ona təsir edərək dəyişdirir. Təfəkkür insanın əmək fəaliyyətindən doğmuşdur və məqsədə çatmaq yolunda, müvəffəqiyyət qazanmada qarşıya çıxan maneələri aradan qaldırmağın yollarını arayır.
Psixologiya təfəkkürü konkret subyektin real psixi fəaliyyəti kimi, təfəkkürün necə inkişaf etməsini, necə yaranmasını, onun strukturunu, digər fəaliyyət növləri ilə qarşılıqlı əlaqələrini öyrənir. Təfəkkürün təbiətini açan A.N.Leon­tyev qeyd edirdi ki, təfəkkürün quruluşu praktik fəaliyyətin quruluşuna yaxınlığı ilə prinsipial xarakter daşıyır. Təfəkkürün motivi tez-tez fəaliyyətin motivi ilə üst-üstə düşür. Fikri fəaliyyət praktik fəaliyyətdən fərqli olaraq özünün spesifik xüsusiyyətinə malikdir. O daxilidir, qısaldılmışdır və avtomatlaşmışdır.

Təfəkkür insanın təlim, əmək,oyun fəaliyyətində və tinkişafında, şəxsiyyətə çevrilməsində xüsusi rol oynayır. Peşə fəaliyyətində əsas məzmun komponentini təfəkkür təşkil edir və o Bu iş tamamilə pedaqoji fəaliyyətə də aid edilir. Müəllimin peşəkarlığı alınan biliklərin kəmiyyəti ilə deyil, həmçinin biliklərin pedaqoji situasiyalarda tətbiqinə və təhlilinə yönəlib.

Təfəkkür xüsusi psixi proses kimi bir sıra spesifik xarakter və əlamətlərə malikdir. İlk belə əlamət gerçəkliyin ümumiləşmiş inikasıdır, təfəkkür real dünyanın əşya və hadisələrinin ümumiləşmiş inikasıdır. İkinci az əhəmiyyətli olmayan təfəkkür əlaməti real aləmin vasitəli inikasıdır. Vasitəli inikasın mahiyyəti odur ki, şeylərin və hadisələrin xüsusiyyətləri haqqında hökm vermək üçün vasitəli informasiyanın təhlil yolu ilə əldə edilməsidir.
Təfəkkürün xarakterik xüsusiyyətlərindən biri də onun nitqlə əlaqədə, vəhdətdə olmasıdır. İnsan daima sözlər əsasında fikirləşir. Həm nitqin, həm də təfəkkürün əsasını ikinci siqnal sistemi təşkil edir.
Nəhayət, təfəkkürün mühüm xarakterik xüsusiyyətlərindən biri də geniş əhatəyə malik olmasıdır. Duyğu, qavrayış və təsəvvürlərin əhatə edə bilmədiyini təfəkkür əhatə edə bilir.



  1. Təxəyyülün ümumi xarakteriatikası

İnsan nəinki duyğu üzvlərinə bilavasitə təsir edən cisim və hadisələri qavrayaraq, yaxud keçmişdə qavradıqlarını yada salaraq onların surətlərini beyin­də yaradır, həm də heç zaman bilavasitə qavramadığı, hətta heç mövcud olması mümkün olmayan cisimlərin, hadisələrin surətlərini də beyində yarada bilir. İnsanın psixikası ilə bağlı olan bu proses təxəyyül, yaxud fantaziya adlanır.


Təxəyyül insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılma­sından ibarət olan psixi prosesə deyilir.
Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada birləşdirir, yeni surətlər yaradır və fəaliyyət göstərir. Yeninin yaradılması ilk əvvəl ideal şəkildə, fikirdə həyata keçirilir və sonra maddi, əməli şəkildə reallaşdırılır. İnsanın öz təsəvvürlərinin ideal şəkildə fikirdə birləşdirilməsi, dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması təxəyyül prosesidir.
Təxəyyül bir sıra özünəməxsus xüsusiyyətləri ilə digər psixi proseslərdən fərqlənir. Bildiyimiz kimi duyğu, qavrayış, hafizə, hətta təfəkkür kimi psixi proseslərin elementləri hey­­vanlarda da bu və ya başqa şəkildə özünü göstərir. Təxəyyül isə bir psixi proses kimi ancaq insana məxsusdur.
Təxəyyülün köməyi ilə insan nəyi isə yaradır, özünün fəaliyyətini planlaşdırır və onu idarə edir. Demək olar ki, bəşəriyyətin yaratdığı maddi və mənəvi dəyərlər insan təxəyyülünün məhsuludur. Təxəyyül insanı hal-hazırdakı vəziy­yətdən kənara çıxarır, ona keçmişi daha əyani şəkildə görməyə kömək edir, onu gələcəyə aparır. İnsan öz təxəyyül fəaliyyətinin vasitəsilə ayrı — ayrı orqan­larının fəaliyyətinə təsir edə bilir. Bunu autotreninq təcrübələrində aydın şəkildə görmək mümkündür. Təxəyyül fəaliyyətindən istifadə edərək xəstəliyin müali­­cəsinə təsir göstərmək, başqa sözlə, psixoterapiyada təxəyyül obrazlarının yaradıl­masından geniş istifadə edilir.
Təxəyyül bir psixi proses kimi qavrayış, hafizə və təfəkkür prosesləri ara­sında aralıq mövqe tutur.
Təxəyyül fəaliyyəti zamanı bizim yaratdığımız surətlər, hətta onlar fantastik mahiyyətə malik olduqda belə, onun ayrı-ayrı elementləri həyatdan, keçmiş qavra­yışlarımızdan, yaddaşı­mızdan götürülmüş olur.
Təxəyyülün təfəkkürlə əlaqəsi onda ifadə edilir ki, təxəyyül də varlığın özünəməxsus şəkildə inikasıdır. Lakin təfəkkür bir psixi proses kimi varlığı, aləmi anlayışlarla əməliyyat aparmaq vasitəsi ilə əks etdirirsə, təxəyyül varlığı konkret obrazlı formada əks etdirir. Biz bu cəhəti alimin və yazıçının fəaliyyətində aydın şəkildə görə bilərik. Alim də, yazıçı da varlığı əks etdirir, lakin biri məntiqi dəlillərlə, sübutlarla, digəri isə təxəyyülün köməyi ilə, yaratdığı obrazlarla.
Təxəyyül bir psixi proses kimi, təbii ki, müəyyən fizioloji proseslərlə, beyinin fəaliyyəti ilə bağlıdır. Burada ilk növbədə insanbeyninin analitik-sintetik fəaliyyəti mü­hüm əhəmiyyət daşıyır.
Belə ki, insan öz praktik, əməli fəaliyyətində varlığın cisim və hadisələrini tərkib elementlərinə ayırır.
Məhz bu elementlər sonradan başqa bir, yeni qaydada birləşdirilir, yeni surətlər yaradılır. Varlıq, aləm bu surətlərdə əks etdirilir.
Təxəyyül surətlərinin yaranmasının fizioloji mexanizmində əvvəllər beyində yaranmış müvəqqəti sinir rabitələrinin yenidən, yeni qaydada birləşməsi və canlanması dayanır.
Əlbəttə yeni birləşmələrin, assosiasiyaların yaranması üçün mövcud, əvvəlki rabitələrin dissosiasiyası zəruridir.
Nəzərə alsaq ki, təxəyyül ali psixi funksiyadır, demək, təxəyyülün fizi­oloji mexanizmində baş beyin yarımkürələri qabağında gedən proseslər dayan­malıdır. Lakin psixoloqlardan R.S.Nemovun dediyi kimi, baş-beyin qabığının təxəyyüllə bağlı olan fəaliyyəti lazımi dərəcədə öyrənilməmişdir. Son zamanlarda təxəyyül fəaliyyətinin beynin aşağı şöbəsinin fəaliyyəti ilə bağlılığı barədə fərziyələr irəli sürülmüşdür. Bu sahədə aparılan tədqiqatlar da bu fərziyyənin doğruluğunu sübut edir. Belə ki, beynin aşağı şöbəsində yerləşən hipotalimik- limbik sistemdə zədələnmə əmələ gəldikdə psixikada xarakterik pozğunluqlar özünü göstərir. Bu pozğunluqlar onda ifadə edilir ki, xəstə özünün davranışını planlaşdıra bilmir. Nəzərə alsaq ki, insanın öz davranışını planlaşdırması və onu idarə etməsi təxəyyül fəaliyyəti ilə bağlıdır, onda hipotalamik-limbik sistemin təxəyyül fəaliyyətində oynadığı rol aydın olur.
Təxəyyül fenomen xüsusiyyətlərə malik psixi prosesdir. Burada qeyri-adi olan odur ki, təxəyyül obrazları beyində gedən fizioloji proseslərin nəticəsində yaranırsa da, bu obrazlar yarandıqdan sonra orqanizmdə gedən digər fizioloji proseslərə təsir edə bilir.
Bu fikri təsdiq etmək üçün psixoloji ədəbiyyatda belə misallardan isti­fadə edilir. Məşhur yazıçı Floberin özünün yazdığı kimi o, «Xanım Bavari» ro­ma­­nının qəhrəmanı Bavarinin zəhəri içməsi səhnəsini təsvir edərkən ağzında zəhər tamı duyğusu əmələ gəlib. Yaxud, deyilənə görə, Volter hər ili Varfolomey gecəsinin il dönümündə xəstələnirmiş. Dini fanatizmin qurbanı olmuş minlərlə günahsız adamın öldürül­düyü həmin gün haqqında düşüncələr, bununla bağlı onda yaranan təxəyyül obrazları onun bədənində titrəmənin əmələ gəlməsinə, daha sonra, temperaturun qalxmasına, nəbzinin döyüntülərinin çoxalmasına səbəb olarmış.
Bəzən, həkimin ehtiyatsızlıqla xəstəyə dediyi sözün nəticəsində xəstə təxəyyülündə özünü ağır xəstəliyə tutulmuş insanın obrazı kimi canlandırır ki, bu da bu xəstəliklə bağlı simptomların həqiqətən həmin xəstədə təzahür etməsinə səbəb ola bilir.
Nəhayət, təxəyyül obrazlarının fizioloji proseslərə təsiri ilə bağlı ideomotor aktlar haqqında da danışmaq olar.
Volf Messinqin, Tofiq Dadaşovun məlum təcrübələrini yadımıza salaq. Onlar gizlədilmiş cismi tapa bilirlər. Ona görə tapa bilmirlər ki, həmin cismi gizlədən adam təxəyyülündə öz işinin obrazını yaradır. Təxəyyül obrazları da öz növbəsində həmin şəxsin ayrı-ayrı üzvlərinə, onların fəaliyyətinə təsir edir və hərəkət aktları törədir. Bunlara idiomotor aktlar deyilir. Fövqəladə dərəcədə həs­sas­­lığa malik olan ekstrasens idiomotor aktların çox incə siqnallarını tutur və nəticədə gizlədilmiş cismi tapa bilir.
Təxəyyüldən psixoterapiyada da geniş istifadə olunur və müəyyən psixoloji gərginliyin aradan qaldırılmasına imkan verir.
Təxəyyül çox mürəkkəb psixi prosesdir. Heç şübhəsiz ki, onun fizioloji əsası ilə bağlı hələ öyrənilməmiş xeyli məsələlər mövcuddur.



  1. Hisslər haqqında anlayış

İnsan ətraf aləmdə baş verən hadisələri yalnız duyub qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. Deməli, hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır. Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir.
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.
İnsanın hissləri idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter daşıyır və o, şəxsin bilik və təcrübəsindən, cins, yaş, fərdi xüsusiyyətlərindən, eləcə də düşdüyü konkret vəziyyətdən asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar, onun subyekti isə şəxsiyyətin özüdür. Başqa sözlə, insanın praktik və nəzəri fəaliyyətinin yönəldiyi və onda müvafiq şəkildə ifadə olunmuş emosional təəssürat əmələ gətirən cisim və hadisələr hisslərin obyekti hesab olunur.
Dilimizdə «hiss» termini müxtəlif mənalarda işlədilir. Adətən, «hiss» dedikdə, duyma, qavramaq, hiss etmək, dərk etmək anlamı başa düşülür. Cəmiyyət və təbiət hadisələrinə münasibət bildirmək istədikdə də bir elmi termin kimi «hiss» terminindən istifadə edirik. Ona görə də adi həyatda dərk etmə mənasında istifadə etdiyimiz «hiss» anlayışı ilə münasibətləri ifadə edən «hiss» anlayışını bir-birindən fərqləndirmək lazımdır.
«Hiss» termini ilə «emosiya» termini arasında da həm oxşar, həm də fərqli cəhətlər var.
Emosiya (latınca «emoverre» həyəcan keçirmək deməkdir) insanın üzvü tələbatının təmin olub-olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək təlabatı ilə bağlıdır. Hiss və emosiyalar həm də insan davranışını tənzim edən psixi fəaliyyət formasıdır. Emosiyalar tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir. Emosiya həm insana, həm də heyvana xasdır. Hisslər isə yalnız insana xas olan psixi keyfiyyətdir. Hisslər insan cəmiyyətinin inkişafı prosesində formalaşmışdır. Ona görə də hisslər ictimai səciyyə daşıyır. Hisslər insanın cisim və hadisələrə, insanlara bəslədiyi münasibətin mahiyyətini, emosiyalar isə bu münasibətlərin təzahür formalarını ifadə edir. Ona görə də emosiyaları, hisslərin təzahür formaları kimi başa düşmək lazımdır. Emosiyaların inkişafının ali səviyyəsi davamlı hissləridir. İnsanlar öz hisslərini emosiyalar formasında yaşayırlar.
Emosiyalar – insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir. İnsan hiss və emosiyaların köməyilə gündəlik həyatında rastlaşdığı bioloji, psixoloji, sosial gərginliklərdən azad olur. Bu psixoterapevtik funksiya kimi orqanizmin relaksasiyasına kömək edir.
Təsəvvür edin ki, siz yalnız düşünən, hərəkət edən, lakin hiss etməyən varlıq olsaydınız nə baş verərdi?
Hiss və emosiya əslində bədənlə şüurun birgə fəaliyyətinin son məhsulu və ya təzahür formasıdır. Hiss və emosiya diqqət, hafizə, duyğu, qavrayış, təfəkkür, təxəyyül və orqanizmin mürəkkəb kombinasiyasıdır.
İnsanın idrak fəaliyyətində hisslərin rolu.İnsanın psixi həyatı çoxcəhətli, rəngarəng olsa da o vəhdətdədir. İdrak prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül, nitq) emosiya və hisslərlə dialektik vəhdət təşkil edir. Bu köklü qanunauyğunluq müasir təlim nəzəriyyəsi üçün fundamental əhəmiyyətə malikdir. Belə ki, hissələrin qeyri adi qüvvəsindən istifadə etməklə şagirdin və ya tələbənin idrak fəaliyyətini fəallaşdırmaq yolu ilə, təlim prosesinin məhsuldarlığını yüksəltmək olar.
Təlim prosesində öyrəncilərin emosional cəhətdən fəallaşdırılması nəinki elmi, həm də köklü praktik məsələ kimi meydana çıxır.
İnsan hafizəsi adətən seçici xarakter daşıyır. Hafizənin bu önəmli xüsusiyyəti onun hər bir növündə öz təsdiqini tapır. Belə bir önəmli qanunauyğunluq ilk növbədə insanın cisim və hadisələrə münasibəti ilə müəyyən olunur. Başqa sözlə desək insanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı (söz, hərəkət, hadisə, cism, və s.) yaddaşda daha yaxşı saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovşağında önəmli bir fenomen – emosional hafizə fenomeni əmələ gəlmişdir.
«Kinli adamın yaddaşı uzun olar», «İlan vuran ala çatıdan qorxar» tipli atalar sözləri empirik surətdə hisslərin ha­fizə və qavrayışa göstərdiyi təsiri təsdiq edir.
Qavrayış sahəsində tədqiqat aparan klinist-psixoloqlar psixologiyada təsbit olunan faktı təsdiq edirlər. Sübut olunmuşdur ki, insan onun üçün təhlükə törədən, həyatı üçün qorxulu olan cisim və hadisələri bir qayda olaraq düzgün qavramır. Yaxud da əksinə insan sevinc hissini yaşayanda, sevəndə kiməsə vurulanda ətrafda baş verən hadisələrin, insanların yal­nız yaxşı cəhətini görür, onları dəyişdirmək istəmir, olduğu kimi qavrayır, tənqidi münasibət bəsləyə bilmir. «Sevən adamın gözü kor olar» dedikdə məhz sevgi hissinin qavrayışa göstərdiyi təsir ön plana çəkilir.
Hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayış və hafizə prosesləri ilə məhdudlaşmır. Təfəkkür, təxəyyül və nitq kimi idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir.
Təfəkkür və hiss, ət və dırnaq kimi bir-birindən ayrılmazdır (Ə.Ə.Əlizadə). Onların vəhdətdə inkişaf etdirilməsi müasir Azərbaycan məktəbi üçün prioritet olmalıdır. Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin bu istiqamətdə qurulması daha da ahəngdar, kamil şagird şəxsiyyətinin formalaşdırılması deməkdir. Ali psixi funksiya kimi təfəkkürlə hiss arasında funksional – genetik əlaqə mövcuddur. Yeni təhsil konsepsiyası şagirdin, tələbənin təfəkkürünü inkişaf etdirməyi əsas məqsəd kimi qarşıya qoyur. Bu yolda hafizə artıq köməkçi vasitəyə çevrilir. Mütəxəssislərin fikrincə son dövrdə bir çox yerlərdə, təhsil son dərəcədə rasionallaşdırılıb və verballaşdırılıb. Belə olan şəraitdə uşaqların affektiv – emosional duyumu öləziyir. Nəticədə insanlar arasında laqeidlik, etinatsızlıq, biganəlik, soyuqluq əmələ gəlir. Odur ki, şagird təfəkkürünün fəallaşdırılması, onun inkişafı hiss və emosiyalardan təcrid olunmuş halda yox, onunla vəhdətdə, onun köməyi ilə həyata keçirilməlidir. Eksperimental şəkildə sübut olunmuşdur ki, emosional fəallıq olmadan hər hansı mürəkkəb fikri və praktik məsələnin həlli subyektiv surətdə mümkün deyildir. Odur ki, hər hansı mürəkkəb məsələ iki planda həll edilir: 1) emosional, 2) intellektual.
Emosional həll dedikdə, şəxsdə məsələnin həlli prinsipinin tapılmasına olan inam hissinin əmələ gəlməsidir. Bundan sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq da artır. Məsələnin emosional planda həlli, onun intellektual planda həllini surətləndirir. Belə ki, emosiyalar idrak proseslərini nəinki fəallaşdırır, həm də problemlə bağlı qavrayışın, hafizənin, təfəkkürün məzmununa seçici təsir göstərir.
Müasir təlim nəzəriyyəsinin mühüm tələbi - şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi problemini yalnız hiss və emosiyaların fəallaşdırılması zəminində, təfəkkürlə hissin vəhdətinin təmin edilməsi əsasında uğurla həll etmək olar.
Təxəyyül ali psixi funksiya kimi idrak fəaliyyətində mühüm rol oynayır. O, ilk növbədə hissləri fəallaşdırmağın başlıca vasitəsidir. Təxəyyül gücündən itsifadə etməklə gələcək peşəsi qanadında səyahət edən gənc tələbə öz hisslərini daha da rövqləndirir. Bununla da özünün təlim fəaliyyətinə münasibəti dəyişir və tələbə daha səylə oxumağa başlayır. Təxəyyülün aktivləşdirilməsi tələbənin emosional cəhətdən fəallaşdırılmasının önəmli şərtlərindən biridir.
Beləliklə, idrak poseslərinin motivasiya əsası bilavasitə hisslərlə bağlıdır. Hiss və emosiyaların köməyi ilə şagirdlərin idrak fəallığının artırılması müasir dərsə verilən psixoloji tələblərdəndir.



  1. Ali hisslər

Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir. İnsanı əhatə edən sosial gerçəkliyə münasibəti, eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb (ali) hissləri ilə təzahür edir. Deməli, insanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir. İnsanların davranışı, qruplar arasındakı qarşılıqlı münasibətlər, insan mədəniyyətinin məhsulları, incəsənət əsərləri, cəmiyyətin idarə olunması və birgəyaşayış qayda-qanunları, dərk olunması vacib olan problemlər və s. həmişə insanlarda müəyyən hisslər doğurur. Belə hisslər ali hisslər kimi səciyyələndirilir. Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsin­dən, dünya­gö­rü­şündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır.


Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intellektual, estetik və praksis hisslər.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə