Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə41/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   ...   35   36   37   38   39   40   41   42   43
ümumi psixologiyaTSP

2. Didaktik qabiliyyətlər müəllimin zəruri məlumatları şagirdlərə çatdıra bilmək, öyrədə bilmək, materialı uşaqların səviyyələrinə uyğunlaşdırmaqla onlara çatdırmaq, material və ya problemi aydın və anlaşıqlı şəkildə şagirdlərə təqdim etmək, fənnə qarşı maraq oyatmaq şagirdlərdə fəal müstəqil fikir yarada bilmək qabiliyyətlərindən ibarətdir. Buraya aşağıdakılar daxildir:
Müəllimin izah edə bilmək qabiliyyəti. Bu cür qabiliyyətə malik olan müəllimin fikri şagirdlər üçün aydın olur. Onlar çətin, anlaşılmaz materialı şagirdlər üçün anlaşıqlı edə bilərlər. Təlim materialının məzmununun şagirdlərin səviyyəsinə uyğun, aydın və anlaşıqlı, sadə şəkildə izah edə, çatdıra bilərlər. Nəticədə onlar şagirdlərdə tədris etdikləri fənnə qarşı maraq oyadır, onların fikrinin fəal, müstəqil işləməsinə şərait yaradırlar.
Ekspressiv- nitq (natiqlik) qabiliyyətləri. Pedaqoji fəaliyyətin müvəffəqiyyətli icrasında nitq qabiliyyətləri də həlledici rol oynayır. Bu cür qabiliyyətlərə malik olan müəllim öz fikir və hisslərini nitqin, eləcə də mimika və pantomimika vasitəsilə aydın və dəqiq ifadə edə, nitqin köməyi ilə şagirdlərin fikir və diqqətini maksimum dərəcədə fəallaşdıra bilər. Bu cür qabiliyyətə malik olan müəllimlər dolaşıq, mürəkkəb danışıq tərzindən qaçır, öz fikirlərini şagirdlərin başa düşəcəyi sadə, aydın dildə ifadə edirlər.
Nəzəri qabiliyyətlər. Bu ad altında müəllimin müvafiq fənn, daha doğrusu elm sahəsinə aid qabiliyyətləri nəzərdə tutulur. Müəllimin tədris etdiyi fənni dərindən bilməsində ifadə olunur. Bu cür qabiliyyətlərə malik olan müəllim öz fənnini təkcə tədris kursunun həcmində deyil, daha geniş, dərindən bilir, tədris etdiyi elm sahəsində olan kəşfləri daim izləyir, materiala tam sərbəst yiyələnir, ona böyük maraq göstərir, kiçicik də olsa öz ixtisası sahəsində tədqiqat işi aparır.
3. Təşkilati-kommunikativ qabiliyyətlər. Bu cür pedaqoji qabiliyyətlər müəllimin təşkilatçılıq funksiyası və ünsiyyəti ilə bağlıdır. Bu cür pedaqoji qabiliyyətlərə konkret olaraq aşağıdakıları aid etmək olar: təşkilatçılıq qabiliyyəti, avtoritar qabiliyyət, kommunikativ qabiliyyət, perseptiv qabiliyyət, suqqestik qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya bilmək qabiliyyəti, pedaqoji refleksiya.
Təşkilatçılıq qabiliyyətləri. Təlim və tərbiyənin səmərəliliyi müəllimin təşkilatçılıq qabiliyyətindən çox asılıdır. Bu cür qabiliyyətlər 2 formada təzahür edir. Birincisi, şagird kollektivini təşkil etmək, möhkəmləndirmək, mühüm vəzifələrin həyata keçirilməsinə ruhlandırmaq, ona düşünülmüş səviyyədə təşəbbüs və müstəqillik verə bilmək qabiliyyəti. İkincisi, öz fəaliyyətini düzgün təşkil etmək qabiliyyətləri: səliqəlilik, işgüzarlıq, dəqiqlik, öz işini düzgün planlaşdırmaq və özünənəzarəti təşkil etmək bacarığı.
Avtoritar qabiliyyətlər. Müəllim daima bu və ya digər cəhətdən bir-birindən fərqlənən şagirdlərlə, onların təlim tərbiyəsi ilə məşğul olur. Bu işdə müvəffəqiyyət qazanmaq onun şagirdlər arasındakı hörmətindən çox asılıdır. Belə qabiliyyətə malik olan müəllim şagirdlərə bilavasitə emosional-iradi təsir göstərə bilir və bunun əsasında onların hörmətini qazanmağı bacarır. Bu cür qabiliyyətlərin əsasını müəllimin öz fənnini mükəmməl bilməsi, onun incəliklərini şagirdlərə çatdıra bilməsi, müsbət iradi keyfiyyətləri, öz yetişdirmələrini hədsiz sevməsi, gördüyü işin doğruluğuna inam, öz əqidəsini şagirdlərinə aşılaya bilməsi bacarığı və s.-dən asılıdır.
Kommunikativ qabiliyyətlər. Kommunikativ qabiliyyətlər uşaqlarla düzgün qarşılıqlı əlaqə yaratmağa imkan verir. Kommunikativ qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabillik, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, şagirdlərlə pedaqoji nöqteyi-nəzərdən məqsədə müvafiq qarşılıqlı əlaqə yarada bilmək bacarığı aiddir.
Perseptiv qabiliyyətlər şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir. Bu cur qabiliyyətə malik olan müəllim indiki anda şagirdin psixologiyasını, onun psixi vəziyyətini qavrayır və eləcə də anlayır, ötəri bir əlamətə, kiçicik zahiri ifadəyə əsasən şagirdin daxili aləmindəki ən cüzi dəyişiklikdən baş çıxara bilir.
Suqqestik qabiliyyət (latın dilindən tərcümədə ,,təlqinə əsaslanan"). Bu, şagirdlərə iradi təsir göstərmək qabiliyyəti, müəyyən tələbi irəli sürmək və onun yerinə yetirilməsinə mütləq nail olmaq qabiliyyətindən ibarətdir. Burada söhbət müəllimin sakit, şagirdləri kobudcasına sıxışdırmadan, məcbur etmədən və hədələmədən öz tələbini irəli sürməsi və ona nail olmasından gedir.
Pedaqoji mərifət. Bu cür qabiliyyət müəllimin öz şagirdlərinin yaş və fərdi xüsusiyyətlərini və konkret şəraiti nəzərə alaraq daha məqsədəuyğun təsir üslubundan istifadəni müəyyənləşdirə bilməsində təzahür edir.
Pedaqoji təxəyyül. Pedaqoji təxəyyülə malik olan müəllim öz əməllərinin nəticəsini qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi bacarır, onda hansı keyfiyyətləri inkişaf etdirməyin mümkün olduğunu görür.
Diqqəti paylaya bilmək qabiliyyəti. Bu cür qabiliyyətə malik olan müəllim öz diqqətini iki və daha artıq fəaliyyət və ya obyekt üzərinə paylaya bilir. Bu cür müəllim materialı necə şərh etdiyini, şagirdlərin cavabını necə dinlədiyini izləməklə nəzər diqqətini bütün şagirdlərin üzərinə yönəldə bilir, yorğunluq, diqqətsizlik, anlamamaq, intizamın pozulması hallarına öz münasibətini bildirmək və nəhayət, öz davranış tərzini (poza, jest, yeriş və s.) izləyir
Pedaqoji refleksiya. Bu cür qabiliyyətə malik olan müəllim öz vəziyyətini dərk etməyi bacarır, müəyyən pedaqoji şəraitdə nəzarət, qiymətləndirmə, tənzim və təkmilləşdirmə məqsədilə özünün pedaqoji fəaliyyət və pedaqoji ünsiyyətinin məqsəd və vəzifələri ilə əldə olunmuş nəticəni qarşılaşdıra, müqayisə edə bilir.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə