32
problem və qayğıları ilə yanaşı, milli teatrın mövcud vəziyyəti də narahat edir. Bu əsərlərdə
Azərbaycan ədəbiyyatında faciə janrı, faciənin bir janr kimi yaranması və formalaşmasında ictimai,
fəlsəfi və ədəbi amillərin rolu haqqında dolğun təsəvvür ortaya qoyulmuşdu.
Azərbaycan realizminin tipologiyası, Qərb realizmi ilə əlaqələri və fərqli cəhətləri, faciə və
onun Azərbaycan dramaturgiyasında yeri, C.Cabbarlı dramaturgiyasının janr, üslub tipologiyası
yüksək elmi-nəzəri səviyyədə təhlil olunurdu. Hiss olunur ki, tənqidçi ancaq yazıçı ideyasının
arxasınca getmir, daha çox öz tənqidçi idealına əsaslanır, yüksək milli dəyərlərdən çıxış edir. Elmi,
publisistik üslubla fəlsəfi düşüncənin vəhdəti, folklor hikməti ilə akademizmin, yumor, sarkazm
ruhu ilə təmkinli, obrazlı ifadə tərzinin eyni üslubda birləşməsi onun elmi-ədəbi fəaliyyətinin
fundamentallığından xəbər verirdi. O, “Dədə Qorqud” dastanını da, Dədə Şəmşir hikmətini də,
Füzuli sufizmini də, M.F.Axundovnin müasirlik konsepsiyasını da, Zəlimxan Yaqubun müasir
ənənəvi poeziyanın varisi olmaq iddiasını da müxtəlif aspektlərdən izah edirdi: “Yaşar Qarayev
müasir ədəbi prosesi diqqətlə izləyən, bədii düşüncənin nəzəri problemləri ilə müntəzəm məşğul
olan, çoxəsrli bədii sərvətimizin də ən yaxşı ənənələrini tədqiq və təbliğ edən istedadlı tənqidçi və
ədəbiyyatşünas kimi tanınmışdır… Yaşar vətandaşlıq vəzifəsi kimi professional tənqidçiliyi özünə
əsas ixtisas seçmişdir. Əsl ideyalı tənqid odur ki, orada yazıçı şəxsiyyəti, yazıçının gerçəkliyə
münasibəti ilə yanaşı, tənqidçi şəxsiyyəti, onun tənqidçi idealı həyat həqiqətlərinə və bədii həqiqətə
münasibəti də aydın ifadəsini tapmış olsun. Bu keyfiyyət Yaşarın tənqidində güclüdür” [1].
Yaşar Qarayevin “Faciə və qəhrəman” (1965), “Mirzə Fətəli Axundov” (1982), “Meyar
şəxsiyyətdir” (1989), “Tarix: yaxından və uzaqdan” (1996), “Ədəbi üfiqlər” (1985), “Azərbaycan
ədəbiyyatı XIX-XX yüzilliklərdə” əsərləri onun keçdiyi elmi fəaliyyət yolunun ümumi mənzərəsini
göz önünə gətirir. “Meyar şəxsiyyətdir” kitabının sərlövhəsi tənqidçinin estetik mövqeyinin
müəyyənləşməsi kimi qiymətləndirildi. O sübut etdi ki, bədii yaradacılıqda şəxsiyyət amili nə qədər
öndədirsə, tənqidçi mövqeyində də yazıçının, bədii obrazın şəxsiyyəti həmin səviyyədə diqqət
mərkəzindədir. Bu əsərlərin tədqiqat ünvanı müəyyən bir dövr və ədəbi mərhələ ilə məhdudlaşmır.
Ədəbiyyat tariximizin keçmiş və müasir dövrləri, ədəbi şəxsiyyətlərin ədəbiyyat tariximizdəki
mövqeyi həmin əsərlərdə təhlil olunub.
Dövlət mükafatına layiq görülən “Realizm: sənət və həqiqət” (1980) əsərində dünya və
Avropa maarifçiliyinə, Azərbaycan maarifçiliyinin tipologiyasına, milli məfkurəyə və Qərbi Avropa
maarifçiliyinə verdiyi qiymət, apardığı tipoloji müqayisələr 1980-ci illər Azərbaycan tənqid və
ədəbiyyatşünaslığında yeni bir hadisə idi. O dövrün tənqid və ədəbiyyatşünaslığında bu həqiqət
dəfələrlə etiraf olunub: “Yaşar Qarayev əsərdən-əsərə inkişaf edən istedadlı alimdir. Onun keçən
ilin sonunda nəşr edilən “Realizm: sənət və həqiqət” monoqrafiyası buna ən yaxşı sübutdur…
Monoqrafiyanı oxuyarkən müasir nəzəri-estetik və elmi-metodoloji nailiyyətlərə dərindən vaqif bir
tədqiqatçı ilə üz-üzə gəlir, onun güclü məntiqinə, tənqidçi-alim düşüncəsinə inanırıq” [2].
“Realizm: sənət və həqiqət” kitabı, ümumiyyətlə, 1970–80-ci illər ədəbi-nəzəri fikrimizin
ümumi vəziyyətini aydınlaşdırmaq baxımından maraqlıdır. Təsadüfi deyil ki, əsər 1980-ci illərdə
dövlət mükafatına layiq görülmüşdü. Bu, sözün həqiqi mənasında, fundamental monoqrafiyadır.
Klassik romantik poeziyamızın inkişaf mərhələləri, Avropa maarifçiliyinin mahiyyəti, milli
maarifçiliyin Avropa maarifçiliyi ilə əlaqələri, Azərbaycan realizminin mərhələləri əsərdə konkret
ədəbi faktlar və elmi-nəzəri materiallar əsasında tədqiqat predmetinə çevrilmişdi. İlk dəfə idi ki,
ədəbiyyatşünaslığımızda novruzəlilik, usta zeynallıq fəlsəfi ümumiləşdirmələrlə izah olunurdu.
Milli psixologiyanın alt qatlarına enən tədqiqatçı bütöv bir elmi konsepsiyaya əsaslanaraq XX əsr
nəsrimizin, dramaturgiyamızın mahiyyətinə nüfuz edirdi. Yaşar Qarayev ancaq ədəbiyyat
mütəxəssisi olmaqla kifayətlənmirdi. O həm də ictimai-fəlsəfi fikrimizin zənginləşməsinə,
yeniləşməsinə əvəzsiz xidmət göstərir, ədəbi materiallara dövlətçilik mövqeyindən yanaşır, milli
ideologiyanın əsaslarını üzə çıxarmağa can atırdı.
Onu da qeyd edək ki, 1960-cı illərdə tənqid və ədəbiyyatşünaslığımıza bütöv bir yeni nəsil
gəlmişdi. Onların əksəriyyəti irihəcmli monoqrafiyalar yazmağa üstünlük verirdi. Belə
tənqidçilərdən biri də Şamil Salmanov idi. 1960-cı illərdə tənqidə gələn Şamil Salmanov
Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının ən tanınmış və nüfuzlu simalarından biridir.
O, təxminən yarım əsr davam edən elmi-ədəbi fəaliyyəti ilə tənqid və ədəbiyyatşünaslığımızda öz
Ədəbiyyatşünaslığımızda monoqrafik tədqiqatlara meylin güclənməsi
33
imzasını qoyub, klassik və müasir Azərbaycan ədəbiyyatının fundamental problemlərinin təhlilində
elmi-nəzəri səviyyəsinin yüksək olduğunu sübut edib.
Çoxillik fəaliyyəti dövründə o, milli ədəbiyyat tarixçiliyinin, ədəbi tənqidin metodoloji
istiqamətlərinin müəyyənləşdirilməsi, elmi-nəzəri səviyyənin yüksəldilməsi işinə xidmət göstərib.
Tənqidçi həmişə tədqiqat predmeti kimi götürdüyü ədəbiyyat tarixi materiallarına yüksək estetik
prizmadan, dünya ədəbiyyatşünaslığının müasir standartları baxımından yanaşmağı bacarıb. Filoloji
fikrimizin müxtəlif məsələləri, ədəbiyyatşünaslığın nəzəri problemləri, yaradıcılıqda bədii üslub,
ənənə və novatorluq, bədii metod və janr, tənqid və ədəbi proses, tənqidin ədəbi prosesdə rolu
haqqında Şamil Salmanovun sistemli tədqiqatları müasir ədəbiyyatşünaslıq və ədəbi tənqid
məktəbimizin nəzəri bazasının möhkəmləndirilməsi işində xeyli rol oynayıb.
İkicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” (1967) kitabının hazırlanması, ədəbi
ictimaiyyətə çatdırılmasında Şamil Salmanovun əməyi böyükdür. “Azərbaycan sovet şeirinin ənənə
və novatorluq problemi” (1980) “Poeziyanın kamilliyi” (1985) (Y.Qarayevlə birlikdə), “Müasirlik
mövqeyindən” (1982), “Poeziya və tənqid” (1987), “Akademik Kamal Talıbzadə” (1998),
“Tənqidçi və ədəbi proses” (akademik B.Nəbiyevin ədəbi-elmi fəaliyyəti və tənqidi görüşləri)
monoqrafiyaları və 100-dən artıq elmi məqalələri göstərdi ki, o, daim ədəbiyyatşünaslığın aktual
məsələlərininə meyil göstərib, ədəbi prosesin izahında həssaslıq və qayğıkeşlik nümayiş etdirib.
Ş.Salmanovun adı və imzası professional ədəbiyyat tənqidçisi statusuna uyğundur. Keçən
əsrin 20-ci illərindən üzü bəri Azərbaycan poeziyasının novatorluq tendensiyasının, yeni yaradıcılıq
istiqamətlərinin elə bir sahəsi yoxdur ki, o buna reaksiya verməsin və yaxud bu mövzuda çıxış
etməsin. O, institutun 70-80-ci illərdə nəşr etdirdiyi “Ədəbi proses” məcmuələrində konkret zaman
kəsiyində milli poeziyamızın ədəbi-tarixi prosesdə rolu, onun ayrı-ayrı simalarının poetik
yaradıcılıq manerası barəsində ətraflı və məzmunlu təhlillər aparıb. Həmin illərdə Azərbaycan
poeziyasında yeni canlanma, novatorluq meyilləri, şeirin dövrün sosial-mənəvi həyatına fəal
müdaxiləsi diqqəti daha çox cəlb edirdi.
Problemi daha ardıcıl, sistemli izləmək üçün ən əvvəl alimin “Azərbaycan sovet şeirinin
ənənə və novatorluq problemi” monoqrafiyasına diqqət yetirək. Əsərdə 1920-30-cu illər
Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığında ənənə və novatorluq probleminin həlli əsas
tədqiqat predmeti kimi götürülüb. Müəllif yeni Azərbaycan şeirində novatorluq meyillərini dövrün,
zamanın diktəsi kimi qəbul etməklə yanaşı, ədəbi ənənələrin qarşılıqlı əlaqəsinə və ədəbi-tarixi
varisliyə də eyni qayğı və həssaslıqla yanaşıb.
Keçən əsrin 20-30-cu illəri milli ədəbiyyatşünaslığın və ədəbi tənqidin yaranma, təşəkkül və
ədəbi-tarixi prosesdə özünütəsdiq mərhələsidir. Son dərəcədə maraqlı, ədəbi mübarizələrlə müşayiət
olunan bu dövrün tənqid və ədəbiyyatşünaslığında yeni şeirin ideya-poetik təcrübələrinin
ümumiləşdirilməsi, inqilabi estetikanın prinsipləri və bunun ədəbi prosesə tətbiqi, tənqidin klassik
irsə münasibətdə nihilist mövqeyi “Azərbaycan sovet şeirinin ənənə və novatorluq problemi”
kitabında diqqəti cəlb edən cəhətlərdəndir.
“Azərbaycan sovet şeirinin ənənə və novatorluq problemi” əsəri əslində milli ədəbiyyatın
tarixi inkişafının nəticələrinin ümumiləşdirilməsi ilə əlaqədardır. Burada ədəbi ənənədən gələn
müsbət tendensiyalar izlənilməklə yanaşı, ədəbiyyatda yaranan novator məzmun və ideyalar da
diqqətdə saxlanılır. 1960-80-ci illər poeziyasında ənənəvi şeirlə sərbəst şeirin paralel şəkildə davam
etməsi, birinin digərini izləməsi, qarşılıqlı faydalanması ön plana keçir. Daha çox R.Rza, Ə.Kərim,
Ə.Salahzadə, F.Qoca, F.Sadıq və sair şairlərin yaradıcılığındakı yeni məzmun və forma diqqət
mərkəzinə gətirilir. Şamil Salmanov ənənə və novatorluğun vəhdətini, bu prosesdə ictimai mühitin
rolunu belə qiymətləndirirdi: “Aydın məsələdir və sübut etməyə ehtiyac yoxdur ki, hər bir bundan
əvvəlki dövrün incəsənəti onu doğuran, onu öz təcrübəsi ilə qidalandıran tarixi dövrün fikri-mənəvi
mündərəcəsini, insanların ictimai əlaqə və münasibətlərini əhatə etməsi ilə özündən sonrakı bədii
inkişaf üçün təsir və əhəmiyyətini, estetik ləyaqətini qoruyub saxlayır. İctimai şüurun digər
formaları ilə müqayisədə incəsənət bu üstünlüyü yalnız bir şeylə-həyat həqiqətini, insanı konkret
hissi formada qavramaqla, obrazlı idrakla nail olmuşdur” [3, 8].
Şamil Salmanovun “Müasir Azərbaycan ədəbi tənqidinin təşəkkülü və inkişaf meyilləri”
tədqiqat əsərində milli filoloji fikrimizin böyük bir mərhələsi tədqiqat predmeti kimi götürülür.
Rəfiyeva A.İ.