4
UOT 81-11
MÜXTƏLİFSİSTEMLİ İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ
TAMAMLIQ BUDAQ CÜMLƏLƏRİ VƏ ONLARIN MÜQAYİSƏLİ TƏHLİLİ
YUNUSOVA ŞÖLƏ ƏSƏD qızı
Sumqayıt Dövlət Universiteti, dosent
e-mail: yunusovashole@gmail.com
Açar sözlər: müqayisəli-tipoloji araşdırma, tamamlıq budaq cümləsi, bağlayıcılar, bağlayıcı sözlər,
vasitəli tamamlıq budaq cümləsi, vasitəsiz tamamlıq budaq cümləsi.
Son dövrlərdə dilçilikdə müxtəlifsistemli dillərin qrammatik quruluşunun müqayisəli –
tipoloji tədqiqinə maraq xeyli artmış və bu sahədə müəyyən uğurlar əldə edilmişdir.
Müxtəlifsistemli dillərin müqayisəli – tipoloji araşdırılması, qarşılaşdırma yolu ilə öyrənilməsi
qarşılaşdırılan dillərin ümumi və spesifik dil faktlarını daha dərindən öyrənməyə kömək edir,
tipoloji araşdırmalar üçün baza rolunu oynayır və bu baxımdan böyük aktuallıq kəsb edir.
Bildiyimiz kimi, ingilis və Azərbaycan dilləri öz qrammatik quruluşlarına görə fərqli dillərdir.
Dillərin geneoloji təsnifinə əsasən ingilis dili qrammatik quruluşuna görə analitik dil olub, mənşə
etibarı ilə Hind-Avropa dilləri ailəsinin German dilləri qrupuna, Azərbaycan dili isə aqlütinativ
quruluşa malik olub, türk dilləri ailəsinə daxildir.
Məqalədə iki müxtəlifsistemli dil materialları əsasında ingilis və Azərbaycan dillərində
tamamlıq budaq cümlələri müqayisəli araşdırılmış, oxşar və fərqli xüsusiyyətləri
müəyyənləşdirilmişdir.
Tamamlıq budaq cümlələri obyekt münasibətlərini (hərəkət, iş, hal-obyekt) ifadə edən dil
vasitələrindən biri kimi rəngarəng struktur xüsusiyyətlərinə malikdir və tabeli mürəkkəb cümlələri
təşkil edən baş və budaq cümlələr arasında sıx əlaqə var.
Tamamlıq budaq cümləsi baş cümlədəki xəbər funksiyasında işlənən feilin şəxsli formasının,
bəzən də xəbərin bir hissəsi kimi işlənən feilin şəxssiz formalarının mənasını tamamlamağa xidmət
edir və tamamlığın suallarına cavab verir:
He knew that he could not live without her. – O bilirdi ki, o, onsuz yaşaya bilməyəcək.
Göstərilən nümunədə ingilis variantı Azərbaycan variantı ilə struktur, məna və bağlayıcı ilə
işlənməsi baxımından tam oxşardır.
İngilis və Azərbaycan dillərinin müqayisəli təhlili göstərir ki, hər iki dildə tabeli mürəkkəb
cümlələrdə nitq, görmə-eşitmə, təfəkkür, yaddaş, qərar, razılaşma, arzu, istək, hərəkətə sövq etmə,
inandırma, müsahibə, təsir etmə, hiss və psixoloji hal, iş və vəziyyət bildirən feillər işlənir.
Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrdə tamamlıq budaq cümlələrinin
aydınlaşdırdığı feillər şəxsli və şəxssiz forma ilə ifadə olunur. Bu feilləri nəzərdən keçirdikdə
məlum olur ki, ingilis dilində tamamlıq budaq cümlələri baş cümlənin məsdərlə ifadə olunan
mübtədasını, sadə feili xəbəri, mürəkkəb feili xəbərin məsdərlə ifadə olunan hissəsini, cerundla
ifadə olunan mürəkkəb ismi xəbərin tərkib hissəsini, məsdərlə, cerundla, feili sifətlə ifadə olunan
təyini, cerundla ifadə olunan tamamlığı izah edir.
Azərbaycan dilində isə tamamlıq budaq cümləsi məsdər, məsdər tərkibi, feili sifətlə ifadə
olunan mübtədanı, tərkibində məsdər və lazımdır, gərəkdir, olar, olmaz birləşmələri olan şəxssiz
cümlələrdə mürəkkəb feili xəbəri, o, bu əvəzlikləri ilə ifadə olunan vasitəsiz və vasitəli tamamlığı,
baş cümlədə işlənməyən vasitəli və vasitəsiz tamamlığı, feili bağlama və ya feili bağlama tərkibi ilə
ifadə olunan zaman, tərzi-hərəkət zərfliyini aydınlaşdıra və tamamlaya bilir.
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017
5
Azərbaycan dilinin materialları əsasında aparılan araşdırmalar göstərir ki, tamamlıq budaq
cümlələri baş cümlənin xəbərini, məsdər, feili sifət, feili bağlama və onların tərkibləri ilə ifadə
olunan mübtəda, tamamlıq və zərfliyini tamamlayır. Lakin Q.Ş.Kazımov qeyd edir ki, tamamlıq
budaq cümləsi baş cümlənin məsdər, feili bağlama və feili sifətlə ifadə olunan mübtədasına,
tamamlığına, zərfliyinə və təyininə də aid ola bilər [1,350].
Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlədəki xəbərlərdə
ifadə olunan zaman forması danışıq vaxtının nisbiliyinə əsaslanır: “Nisbi danışıq vaxtı dedikdə isə
zaman əlaqələrinin əsas kimi qəbul edilmiş hər hansı başqa bir danışıq vaxtı əsas götürülür” [2].
İngilis dilində tamamlıq budaq cümlələrinin zaman formalarının işlənməsinin spesifikliyi
özünü zamanların uzlaşması qaydasında təzahür etdirir. Müasir ingilis dilində tamamlıq budaq
cümlələrinin baş cümləsində feil keçmiş zamanda olduqda budaq cümlədəki feil də keçmiş zaman
formalarından birində işlənir. Bu baxımdan ingilis dilində zamanların uzlaşmasında aşağıdakı
qaydaları nəzərə almaq lazımdır:
1.Baş və budaq cümlələrdəki hərəkətlər keçmişdə eyni vaxtda icra edildikdə baş cümlənin
xəbəri keçmiş zamanın qeyri-müəyyən formasında (The Past İndifinite Tense), budaq cümlənin
xəbəri isə keçmiş zamanın qeyri-müəyyən (The Past İndifinite Tense) və ya keçmiş davamedici
zaman (The Past Continuous Tense) formasında işlənir. Məsələn: I heard that he was ill. I saw that
he was writing a letter.
2. Budaq cümlədəki hərəkət baş cümlədəki hərəkətdən əvvəl icra edildikdə budaq cümlədə
keçmiş zamanın bitmiş (The Past Perfect Tense) və ya keçmiş zamanın davamedici bitmiş forması
(The Past Perfect Continuous Tense) işlənir: She said that she had seen her. He asked me what I
had been doing during my summer holidays.
Əgər budaq cümlədəki hərəkət baş cümlədəki hərəkətdən əvvəl, dəqiq vaxtda baş verdikdə,
budaq cümlədəki feil keçmiş qeyri-müəyyən zaman formasında işlənir: He said that his father was
born in 1960.
3.Budaq cümlədəki hərəkət baş cümlədəkindən sonra icra edildikdə, budaq cümlədəki feil
keçmişə nəzərən gələcək zaman formalarından birində (The Future in the Past Tense və ya The
Future Continuous Perfect in the Past Tense) işlənir: I felt that she would be happy. He said that he
would have come by the time I came back.
Zamanların uzlaşması qaydalarının ingilis dilində əhəmiyyət kəsb etməsindən fərqli olaraq,
Azərbaycan dilində baş cümlənin xəbəri keçmiş zamanda işlənsə də, baş cümlədəki hərəkətlə budaq
cümlədəki hərəkətin eyni vaxtda və ya sonra icra edildiyi hallarda tamamlıq budaq cümlələrinin
xəbəri indiki və gələcək zamanlarda işlənə bilir (məsələn: Mən əmin idim ki,siz onun ünvanını
bilirsiniz.– I was sure you knew her address.) [3,36-37].
İngilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələrinin komponentləri arasında
sintaktik əlaqənin ifadə vasitələrinin araşdırılması əhəmiyyət kəsb edir.
Tədqiqatlardan məlum olur ki, ingilis dilində tamamlıq budaq cümləsi baş cümləyə aşağıdakı
ifadə vasitələri ilə bağlana bilər:
-bağlayıcılarla (that, if, whether, lest): I suddenly remembered that, I had any money.
-bağlayıcı sözlərlə. Bağlayıcı sözlər bağlayıcı əvəzliklər (who, whom, whose, what, which,
whoever, whatever, whichever və s.) və bağlayıcı zərflərdən (where, wherever, when, whenever,
why, how və s.) ibarətdir. She had forgotten where they were.
-sözönüləri ilə. Sözönüləri ingilis dilində tamamlıq budaq cümlələrini baş cümləyə bağlayan
vasitələrdir və bunlara misal olaraq about, for, after, before, to, except, of və s. göstərmək olar: I
was astonished at what they had told me.
-tabelilik intonasiyası ilə. Tabeli mürəkkəb cümlənin komponentləri arasında sintaktik
əlaqənin başqa ifadə vasitələri (bağlayıcılar, bağlayıcı sözlər) olmadıqda, əsas yük intonasiyanın
üzərinə düşür. Belə vəziyyətdə tabeli mürəkkəb cümlənin komponentləri ardıcıl sıralanır ki, bu da
Yunusova Ş.Ə.