20
söylədiyimiz fikirlərin davamı kimi qeyd edə bilərik ki, Türküstan baxşılarından Qul Əlbənd, Qul
Məşrəb, Qul Mahmud; Azərbaycan aşıqlarından Miskin Abdal, Qul Abbas, Xəstə Qasım, Şikəstə
Abdulla; Anadolu aşıqlarından Qul Hümmət, Qul Dəvəçi, Quloğlu, Pir Sultan Abdal, Səfil Şenlik,
Öksüz Dədə və Aşıq Dərdli adları ilə sənət aləminə gəlmələri sufi düşüncəsinin olduqca böyük bir
coğrfiyaya yayıldığından xəbər verir.
XIII əsrdə monqol ordusunun təsiri ilə qaçaraq Anadoluya sığınan təsəvvüfçülər şeirlərini
əsasən təkkələrdə yaratmış və yaymışlar. Türk sufiləri, xüsusilə, səlcuqlar dövründə əxlaqı, sadəliyi,
ruh təmizliyini qayə saymış, onu qədim türk “alp”lıq və “fütuhat” düşüncəsi ilə birləşdirmiş və bir
dünyagörüşə çevirmişlər. Anadoluda əxlaq və ruh təmizliyi ilə bərabər, yurdunu, vətənini qoruması
üçün cəngavərlik və qəhrəmanlığı təlqin etmişlər. Bir çox halda fikirlərini sazla da ifadə etmişlər.
Orta Asiyada, xüsusilə, XIII əsrdə daha çox Anadoluda yerləşən Xorasan ərənləri, Rum abdalları
təşkilatları belə yaranmış və Səlcuqluların davamı olan Osmanlı dövlətinin mənəvi-ideoloji
dayağına çevrilmişlər.
Anadolu Səlcuqlarının dövründə yaşamış ən böyük təsəvvüf şairləri Mövlanə Cəlaləddin
Rumi və Yunis Əmrə olmuşlar. Yeniçəri ocağının piri Hacı Bəktaş da bu dövrdə yaşamışdır. Yunis
Əmrə təsəvvüf dünyagörüşünü formalaşdıran 4 mərhələni (şəriət, təriqət, mərifət və həqiqət)
müqayisə edərək bir-biri ilə ayrılmaz üzvi əlaqədə olduğunu belə təsvir edir.
Şəriət, təriqət yoldur varana,
Həqiqət, mərifət ondan içəri [13, 90].
Mövlanəyə görə, insan həqiqətə çatmaq, Allaha qovuşmaq üçün nəfs və ehtiras ordusunu
məğlub etməlidir. Duyğularını və düşündüklərini söyləməyi bacarmalıdır. Söyləməyə gücü çatmasa,
ruhunun qovuşduğu sözləri sazlara söyləyərək səmalara ucaltmalıdır. Səma rəqsi isə ruhun Allaha
doğru qanadlanması mənasını daşıyır. Səma rəqsləri durna quşunun uçuşunu təqlid edən
hərəkətlərdir. Bu ibadətin – səma rəqsinin təməlinin Həzrəti Məhəmməd və Həzrəti Əli zamanında
yarandığı və “40-lar məclisinə” söykəndiyi qeyd edilir. Bununla bağlı olaraq, Qul Hümmətdən bir
örnək də vermək mümkündür:
Qırxlar ilə belə ayini-cəmdə,
Bu eşqin sirrinə özəndi Əli [2, 203].
Sonralar bu inanc sistemi Orta Asiya türklərinin inanc və ənənələri ilə qovuşaraq mifoloji
düşüncəyə çevrilmişdir. Bir çox ozan və aşıqların şeirlərində “40-lar məclisi” yetərincə xatırlanır.
Türk ozanı Nöqsani babanın şeirində bu daha aydın şəkildə ifadə olunmuşdur:
Bu dünyada gerçək ərənlər çoxdur,
Vəsfini etməyə qüdrətim yoxdur.
Üçlər, Beşlər, Yeddilər, Qırxlar haqdır,
Dörd qapıdan Haqqı gəl edən mədət [2, 274].
Əlinə, belinə, dilinə sahib olmaq şəklində yaranan güclü əxlaq sistemi təsəvvüflə bağlı olan
bütün təriqətlərdə (qızılbaş, nəqsibəndi, hənəfi, ələvi və s.) vardır. Əlinə bağlı olmaq odur ki, əlinlə
qoymadığını alma, dilinə bağlı olmaq gözünlə görmədiyini söyləmə, belinə bağlı olmaq isə haram
olan cinsi yaxınlıqdan uzaq durmaqdır [2, 201]. Bu yol qılıncdan kəskindir. XIV əsrin sonunda
varlığını Rum abdalları adı altında Osmanlı dövlətinin qurtuluş və fatehçilik dönəmində abdal,
baba, dədə, ləqəbləri daşıyan gəzərgi (kolonirator) dərvişlər Anadoludan Balkanlara qədər yayılmış
və Osmanlı sultanlarından sayğı və sevgi görmüşlər [2, 79]. Bunlar arasında Abdal Musa, Keyikli
Baba, Hacı Bəktaş Vəli, Sarı Saltük, Balım Sultan kimi ərənlər olmuşdur. Onlardan biri olan Balım
Sultan Urun Abdullaların nəyə qadir olduqlarını şeirlərinin birində belə təqdim edir:
Biz Urum abdallarıyıq,
Məqsədimiz yardır bizim,
Keçdik zinət əbasından,
Zənginliyimiz ərdir bizim [6, 131].
Ozan-aşıq şeirində təsəvvüf
21
Abdallar İslam dini ilə türklərin islamdan əvvəl olan şamanizmini birləşdirmişlər. Əskidən
göy tanrı ilə bağlantı qura bilən qam-şaman islamlaşmaqla bərabər, həm də abdal kişilərə dini-
fəlsəfi görüşləri buraxmışlar. Abdal statusu, ləqəbi qazanan şəxs Allahdan baqşa hər şeydən vaz
keçmiş dünya ilə əlaqəsini kəsib tanrıya bağlanmış bir dərviş idi - təsəvvüf sahibi idi. Bu inanc
köçəbə türkmənlər arasında daha çox yayılmışdı [4, 21]. Cənubi Qafqazda azərbaycanlılar yaşayan
ərazilərdə abdal həm də etnonim kimi formalaşaraq Abdal Gülablı, Boz Abdal, Abdallı, Abdallar
kənd adlarında əks olunmuşdur.
Təsəvvüfə görə, kamil insan olmaq üçün dörd əsas mərhələdən – şəriət, təriqət, mərifət və
həqiqət qapılarından keçməlisən. Hər qapının 10 məqamı vardır. Hacı Bəktaş Vəliyə görə də, qul
tanrıya 40 məqamda yetişər, çatar və dost olar. Bu məqamların 10-u şəriət, 10-u təriqət, 10-u
mərifət, 10-u isə həqiqətindir [9, 106]. Bunlara ayrılıqda nəzər salaq:
Şəriət. Təsəvvüfdə insanı Allaha yaxınlaşdıran dörd qapıdan birincisi şəriətdir. Şəriət elmini
öyrənmədən təriqətə keçilə bilməz. Şəriətin aşağıda qeyd olunan məqamları vardır: iman etmək,
elm öyrənmək, ibadət etmək, haramdan uzaqlaşmaq, ailəsinə fayda vermək, təbiətə zərər
verməmək, peyğəmbərin əmirlərini yerinə yetirmək, şəfqətli olmaq, təmiz olmaq və pis işlərdən
uzaq olmaq [2, 199].
Bir dini kitabda göstərilir ki, şəriət bir ağacdır, təriqət onun budaqları, mərifət onun
yarpaqları, həqiqət isə onun meyvələridir [2, 230]. Ona görə də hər bir insan təriqətdən həqiqətə
yetməyincə ona insan deməzlər. Şah Xətai də təsadüfi deməyib ki:
Şəriət yolunu Məhəmməd açdı,
Təriqət yolunu şah Əli seçdi.
XIX əsrdə Qeysəriyyədə yaşamış əsl adı Məhəmməd olan ulu türk ozanı aşıq Seyrani Bəktaşi
təriqətinə bağlanaraq öz yaradıcılığında şəriət, mərifət və təriqət bağlantılarını belə təsvir etmişdir:
Şəriət gəldi dikildi,
Mərifət yoluna dürlər töküldü
Hayır, hümmət ol dəm gülbənk çəkildi.
Təriqət kəməndin ərkandan aldım. [7,178]
Daha sonra o, sufizmin təməl prinsipləri olan bu dörd mərhələni öz şeirində bu cür
əlaqələndirmişdir:
Şəriət şərtinə əməl etməyən,
Təriqətdə bir gerçəyə yetməyən,
Mərifət şəhrindən yükün tutmayan
Həqiqətə çata bilməz surəsi. [7, 207].
Təriqət. Lüğəvi mənası əvvəlcə “yol” bildirən təriqət anlayışı Allaha yaxınlaşmaq üçün
gedilən yolun görünən tərəfidir. Təsəvvüfdə yer alan hər bir təriqətin yolu, ədəb və ərkanı vardır.
Təriqət şəriətdən həqiqətə gedən yoldur. [4, 271]
Elmi ədəbiyyatda Allaha yetişmək üçün təriqətin aşağıda qeyd olunan 10 məqamı, 10 yolu
göstərilir. O məqamlar bunlardır: tövbə etmək, mürşidin öyüdlərinə əməl etmək, təmiz geyinmək,
yaxşı əməllər uğrunda mübarizə aparmaq; xidmət etməyi sevmək, haqsızlıqdan qorxmaq,
ümüdsizliyə düşməmək, ibrət almaq, ehsan vermək və özünü sadə aparmaq.
Gölpınarlıya görə, təriqət qulu, Tanrıya çatdıran zövq, nəşə, irfan, eşq və cazibə yoludur. Sufi
bu yolu tutaraq varlığını Tanrıya verir [2, 199].
Böyük türk sufi ozanı Yunis Əmrə şəriətdən həqiqətə gedən yolu çox sadə dildə belə
açıqlayır.
Şəriət xəbərini,
Şərh ilə yaxşı eşit.
Şəriət bir gəmidir,
Həqiqət dəryasıdır.
O, gəminin taxtası,
Hər necə möhkəm isə,
Dəniz dalğalı olsa,
Taxta qırılasıdır [13, 59].
Bayramov A.Ə., İsgəndərov B.A.