Vilayət bağçası üçüncü cİld


Rəhbərlə Tələbə sual-cavabı38



Yüklə 314,7 Kb.
səhifə10/13
tarix30.10.2018
ölçüsü314,7 Kb.
#76106
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   13

Rəhbərlə Tələbə sual-cavabı38

Bismillahir-Rəhmanir-Rəhim.


Əziz qardaş və bacılar! Çox xoş gəlmisiniz. Son görüşdən indiyə qədər ötən 2-3 ay ömrün digər hissələri kimi çox tez və sürətlə ötdü. Allaha şükür olsun ki, bir daha sizinlə oturub söhbət etmək bizə nəsib oldu.
Sual: Batinlərdən xəbərdar olan Allahın adı ilə. Mən bütün insanlara və digər ölkələrin hökumətlərinə deyirəm ki, bilsinlər: Bu dünyanın heç bir yerində belə bir məmləkət tapılmaz ki, onun xalqı bu asanlıq və səmimiyyətlə öz rəhbərləri, prezidentləri və yüksək rütbəli şəxslərilə vasitəsiz oturub söhbət etsin. Bilsinlər ki, bu, İslam Respublikası quruluşunda icra olunan Quran dərslərinə görədir.

Çəkinmədən sözümün girişinə başlayıram. Bu qısa müddətdə sizi sevindirə bilməyəcəyəm. Lakin istəyirəm bir ata kimi sözlərimi eşitməklə daxilimdəki alova su səpmiş olasınız. Sözümü haradan başlayım? Ürəyimdən fantan vurub püskürən vulkanın alovu kimi sözlərimin deyilməsi üçün bir hərəkət kifayətdir. Yaxşı bilirsiniz ki, vulkan ətrafı xaraba qoyur. Axı möhkəm daş tapılmayanda vəziyyət bundan yaxşı olmur. İndi ki möhkəm və dözümlü daş tapmışam və dərdləşmək üçün fürsət yaranıb, icazə verin müqəddiməni qısaldıb ürəyimi açım.

Xatırladığım zamandan məni yalandan çəkindirib düzgünlüyə və doğruluğa sövq ediblər. Lakin çox keçmədən görmüşəm ki, məni yalandan çəkindirənlər həyatımın ən yalançı insanları imişlər. Məni hiyləgərlikdən və arxadan xəncər vurmaqdan çəkindirənlər indi bunsuz yaşaya bilmirlər: rüşvət vermədən, sizə məktub yazmadan. Bilmirəm bizim vəzifəli şəxslərimizin, tələbələrimizin arasında və cəmiyyətimizdə fərdpərəstlik niyə bu qədər yayılıb: hər bir qrup oturub baxır ki, filankəs nə danışacaq ki, bütün proqramlarını onunla uyğunlaşdırsınlar. Bu arada haqqın yeri məlum deyil. Varlığın dahisi olan Böyük Əli (ə) deyir: "Haqqı və batili insanların qüdrəti həddində tanıma. Haqqı tanı, sonra tərəfdarlarını təyin et; batili tanı, sonra tərəfdarlarını təyin et".39

Haqq və batil, tərəfdarlarının qüdrəti ilə tanınmır. Haqqı tanı, haqq əhlini tanıyacaqsan. Batili tanı, batil əhlini tanıyacaqsan. Biri deyir ki, ey prezidentimiz, səni müdafiə edirik, başqası deyir: “Rəhbəri müdafiə etmək imamı müdafiə etməkdir”. Deyirəm ümmət imamını ki, dərk etmisən. O deyir: "Hünər odur ki, siyasi hay-küy və şeytani özünügöstərmələr olmadan Allah yolunda cihada qalx və özünü məqsədə fəda elə, nəfsə yox". Və bu, Allah adamlarının hünəridir. Sonra başqa birisi deyir: "Filankəs, filankəs! Yolun davam edir!" Başqaları filan qətlin günahını bir-birinin boynuna atırlar. Bilirsiniz ki, İmam Xomeyni bu cümləni nə zaman buyurdu. Bu müraciət Doktor Çəmranın şəhadəti münasibəti ilə idi: "Kaş Çəmran kimi bir neçə Allah adamı mənim kimisinin ürəklənməsinə bais olaydı!” Kaş bizim vəzifəli şəxslərimiz Şəhid Rəcai kimi əldə mal sataydılar, avtobusun qapıları arasında sıxılaydılar və ağrının nə olduğunu həqiqətən, başa düşəydilər! Doğrusu, sizdən acizanə şəkildə istəyirəm ki, bəzi xiyabanlarda iki gündən bir cüt və tək nömrəli maşınların get-gəlişi layihəsinin icra olunmamasına kömək edəsiniz. Çünki xalqa xidmət etmək istəyənlər bu zaman yəqin ki iki maşın almalı olacaqlar. Kaş bir qrup geriqalmış insan dini öz ləyaqətisizliklərinin çomağı etməyəydilər! Kaş xalq və onların problemləri bitəydi ki, görək bir qrup insan özlərinə alət etmək üçün kimisə tapacaq, yoxsa yox. Kaş gənclik yalnız bir dövr olmayaydı! Kaş bir qrup insan həmişə gənc qalaydılar ki, görək gələn hər bir kəs özünə ayaq yeri düzəltmək üçün gəncdən istifadə edəcək, yoxsa yox. Kaş həmişə gecə olaydı ki, ləyaqətsizlər yuxuda olaydılar və ləyaqətlilər oyaq! Kaş həmişə gecə olaydı ki, qüssələrimi onun ətəyinə tökəydim və bu ətək çox böyük olaydı: qüssə, dərd və arzu dolu ətək; öz mədəniyyəti ilə yaşayan və hamının qibtə edəcəyi bir məmləkət arzusu!

Ey böyük seyid! Sizə sevgi bildirən insanları görəndə ürəyim döyünür ki, vay bu dastanın sonuna! Və bilmirəm Seyid Əli bunları nəsihət etməkdən yorulub, yaxud təzyiqlər məsləhət qapısının açılmasına səbəb olub. Kaş kimsə bizim siyasi savaşlarda maddi və mənəvi enerjilərmizin hədər getməsinə cavabdeh olaydı! Çünki mənim kimilər çoxdurlar və onlar bu söhbətlərdən təngə gəliblər.

Bəli, əgər qəzetləri vərəqləsək, görəcəyik ki, onların böyük bir hissəsi digər mətbu orqanlarına cavabdır, ümmət imamının "mətbuat səyyar məktəb olmalıdır" sözünə əməl edərək elmi, mədəni və siyasi cəhətdən xalqı maarifləndirmək məqsədinə xidmət göstərmək əvəzinə belə davalarla məşğuldurlar. Siyasi işlə məşğul olmamaları qərara alınan ən siyasi şəxslər şura üzvlüyünə namizəd olmuşlar; gözəllik, həyat və gənclik şüarları ilə. Və nə gözəl deyib o dost: "Hər bir insanın dəyəri onun istəyi qədərdir". Vay olsun o insana ki, onun istəyi nəfs divarından yuxarıya getmir! Kaş bizim cəmiyyətdə qərarlar şüar və söz həddində qalmayaydı: iqtisadi qənaət, işdə vicdan, gənclərin ailə qurması və başqa min söz və hədis.

Ürəyimin nalələrini fəryad çəkmək üçün buradan yaxşı bir yer tapmadım. Lakin toplantının vaxtı bundan artığına imkan vermir. Biz nəşriyyat kimi başqalarına tribuna olmalıyıq. Və digərləri də bu imkandan istifadə etmək istədiklərindən, sözümü bitirir və sizin tövsiyələrinizi dinləmək istəyirəm.

Cavab: Sizin sözlərinizdə sual olmadığından, təbii ki, cavab da yoxdur. Lakin Əmirəlmöminindən nəql etdiyiniz sözdə çox yaxşı bir ifadə var. Bu “əqdar ər-rical” sözü qüdrətin miqdarı yox, "kişilərin qədərincə" deməkdir. Siz bir insan təsəvvür edin, onun üçün bir ölçü, miqdar da fərz edin və sözünü haqq bilin. Yəni onun haqqında öncədən hökm edir, sonra da deyirsiniz ki, buna görə sözü də haqdır. Başqa bir şəxsi də təsəvvür edin, onun üçün də zehninizdə bir ölçü fərz edin və nə desə, sözünü batil bilin. “Əqdar ər-rical” ifadəsinin mənası budur.
Yaxşı və pis insanlar

Sözlərinizdə girişdə bildirdiyiniz qədər yanğı yox idi. Cəmiyyətdə bundan böyük dərdlər var. Hər halda, siz bu qədərini deməyi lazım bildiniz. Bəziləri doğrudan da düz sözlərdir. Mənim sizə deyəcəyim budur ki, bir gənc kimi sizdə bir müsbət və bir mənfi cəhət var. Mənfi cəhət budur ki, bu hadisələri görməmisiniz. Adətən, bu növ hadisələrlə ilk dəfə rastlaşdıqda qəribə, inanılmaz və bəzən dəhşətli görünür, həyəcana, təşvişə səbəb olur. İnşallah, uzun ömür sürəcəksiniz və bir qədər yaşlaşandan, bir neçə il ötəndən sonra bu məsələlərlə qarşılaşdıqda görəcəksiniz ki, xeyr, hər bir cəmiyyətdə yaxşı və pis adamlar var. Vəzifəli şəxslər və adi insanlar arasında hər növ adam var. İnsanlar əxlaqi baxımdan eyni deyillər. Sizin ətrafınızda doğrudan da bəzi insanlar var ki, sizi yalandan çəkindirdikləri kimi özləri də çəkinirlər. Yəni yalan danışmırlar. Onları da görmək lazımdır. Onlar həyatın və cəmiyyətin gözəl cilvələridir. Başqa şeylər də həmçinin.

Bəli, ləyaqətsiz insanlar da var. Lakin belə insanları cəmiyyətdə gördükdə iki iş görmək lazımdır. Bu sizin müsbət cəhətinizə aiddir. İnsanın iradə etdiyi hər bir işin həvəs, qüvvə və bacarığının yeri buradır. Buna görə də siz iki iş görməlisiniz:
Özünəqayıdış

Bir iş budur ki, əvvəl özünü göstərmək üçün yox, səmimi surətdə özünüzə qayıdın. Özünüzü dəyərləndirin, görün ki, sizdə eyib var, yoxsa yox. Əgər varsa, aradan qaldırmaq üçün ciddi qərar verin. Birdəfəyə alınmasa da, tədricən buna çalışın. Başqalarında gördüyünüz və özünüzdə tapdığınız ən pis, ən bəyənilməz xüsusiyyətlərin siyahısını hazırlayın. Təkcə özünüz bilin. Bir müddətdən sonra özünüzdə onların birini yox etməyə çalışın. Siz gənc olduğunuzdan bu işi çox yaxşı və asanlıqla edə bilərsiniz. Mən özünü islah etmiş adamlar tanıyıram ki, onlar doğrudan da bu işi görürdülər. Həm əxlaq və rəftar baxımdan, həm də şəxsiyyətlərinə aid mənfi cəhətləri vardı, onları qeyd edirdilər. Psixologiyada deyirlər ki, insan utancaqlığını aradan qaldırmaq üçün nə etməlidir. Əxlaq da belədir.

İkinci iş budur ki, cəmiyyəti onun əksinə aparmağa çalışın. Sizin özünüz danışmaqdan nə qədər gileylənirsiniz. Bəzi yerlərdə danışmaq lazım gəlir. İnsan qarşı tərəfi maarifləndirmək və kiminsə haqqını bərpa etmək üçün danışmalıdır. Yoxsa diqqət etmədən hey demək, danışmaq bir işi həll etmir. Bu sizin işinizdir. Sizin gənclik məharətiniz burada özünü göstərməlidir. Yəni mənfi bir hal müşahidə edən kimi bu iki iş öz-özlüyündə yerinə yetməlidir: Əvvəl öz mühitini sağlamlaşdırmaq, sonra ətraf mühiti və cəmiyyəti sağlamlaşdırmağa çalışmaq. Hər halda, Allaha şükür olsun ki, sizin qələminiz və zövqünüz də gözəldir. İnşallah, bundan artığını da edəcəksiniz.
İslam təbliğatı

Sual: Bildiyiniz kimi, bu günlərdə bələdiyyə seçkilərinə namizədlərin təbliğatları gedirdi. Belə nəzərə çarpır ki, bu təbliğatın geniş miqyaslı olması bəzilərində iki nigaranlıq yaratmışdır: Birinci nigaranlıq budur ki, bəzi namizədlər tərəfindən yanlış üslublar seçilir və bu da xalqı onlara inam məsələsində tərəddüdə salır. Düşünürlər ki, olmaya xalqa xidmət adı altında başqa mənafe güdürlər! İkinci nigaranlıq budur ki, seçkilərdə pul həlledici ola bilər, qabiliyyət və bacarıq yox. Yəni təbliğat imkanı olmayanlar, xüsusən gənclər, yaxud universitet mənsubları fikirlərini təqdim edə bilməz və nəticədə seçilməzlər. Siz bu problemi həll etmək və bu nigaranlıqları aradan qaldırmaq üçün nə təklif edirsiniz?

Cavab: Sizin dediyiniz mənim ürəyimin sözüdür. Mən də əsla bu vəziyyəti bəyənmirəm. Əlbəttə, təbliğat lazımlı işdir, lakin onun İslama və insaniyyətə uyğun düzgün bir mənası var ki, o da çatdırmaqdır. Hər halda, insan ürəyində olan sözü istədiyi dinləyiciyə çatdırmalıdır. Bunun heç bir eybi yoxdur; yəni adi üsullardan istifadə edib çatdırsın.
Qərb təbliğatı

Bu gün dünyada yayılmış başqa bir təbliğat növü isə Qərb təbliğatıdır; Qərbin kapitalist sistemində qəbul olunan məna. Orada təbliğatın mənası bir həqiqəti çatdırmaq deyil, elmi və psixoloji üsullarla ürək və beyinləri təsir altına salmaqdır. Məsələn, 50 eyni şəkli bir-birinin yanına vururlar. İnsan baxdıqda təbii ki, beynində qalır. Bu, fikirləşməyə və düşünməyə mane olur.

Biri var ki, siz mənə bir söz deyir, məni bir məsələyə inandırmaq istəyirsiniz. Çox yaxşı, mən də fikirləşərəm, doğru olduğunu görsəm, qəbul edərəm, doğru olmasa, qəbul etmərəm. Bu mənim necə fikirləşməyimdən asılıdır. Biri də var ki, siz şəkil və sözləri təkrarlamaqla məni elə vəziyyətə salırsınız ki, beynim təhlil qüvvəsini əldən verir. Bəzən insan ümumiyyətlə, ixtiyarsız olaraq belə təbliğatın, Qərb sözü ilə desək, propaqandanın təsiri altına düşür, beyni işləmədən təbliğatçının istədiyini edir. Bu, heç şübhəsiz, İslamın baxışı ilə və düzgün insani məntiqlə ziddir və biz bunu bəyənmirik. Təəssüf ki, bizim ümumi təbliğatlarımızda da bu işlər adi hal alıb və bunları yavaş-yavaş qərblilərdən öyrəniblər. Söz yox ki, onlardakı kimi deyil, Qərb ölkələrində edilənlər əsl dəhşətdir. Misal üçün, bir ətri reklam edəndə deyirlər ki, rəngsiz və qoxusuz ətirdir. Ətrin ətirliyi onun qoxusuna görədir, amma bunu müxtəlif formalarda o qədər təbliğ edirlər ki, insan rəngsiz, qoxusuz ətir adlandırılan bu əşyaya pul verib alır. İndi bu işləri görürlər və mən bunları yanlış hesab edirəm.
Təbliğat mədəniyyəti

Bələdiyyə seçkilərində bizim mətbuatın gördüyü bəzi işlər təsirsiz deyil. Şübhəsiz, bu işin günahının bir hissəsi mətbuatın üzərinə düşür. Belə mətbu orqanları heç bir məsuliyyət hiss etmir, İslam və xalq qarşısında məsuliyyətlərini qəbul etmirlər. Özləri üçün bir siyasi məqsəd tərif ediblər və məhz onu güdürlər. Təbii ki, bu məqsəd onları həvəsləndirir. Bu qədər kağız və bu qədər imkanlar asan əldə olunmur. Mat qalmışam ki, bunları haradan gətirib bu qədər təbliğat aparırlar. Ölkənin aidiyyətli orqanları oturub bu məsələ üzərində düşünməlidirlər. Eyni zamanda bu, bizimlə əlaqədə olan şəxslərə həmişəki tövsiyələrimizdəndir. Biz ölkənin təbliğatla məşğul olan rəsmi və qeyri-rəsmi şəxslərinə adətən, tövsiyələr veririk, amma təbii ki, bunun bir mədəniyyəti olmalıdır. Xalqı başa salmaq lazımdır ki, bu iş yaxşı deyil. Həm də bu, açıq-aşkar deyilməlidir. Biz də dedik, inşallah, yenə deyəcəyik. Gərək başa düşsünlər ki, bu hərəkət yanlış bir təqliddir.



Hər halda, mən sizin iradınızı təsdiq edirəm. Bu məni də düşündürür. Şəhərin divarlarındakı şəkillərdən bir qədərini götürüb mənə gətirdilər. Mənim üçün həqiqətən, xoşagələn hal deyildi. Məncə, çox pis bir işdir. Əlbəttə, qeyd etdiyim kimi, düzgün təbliğatın eybi yoxdur. Məsələn, sözlərini və platformalarını bir qəzetdə yazsınlar, bir yerdə nəşr etdirsinlər. Hətta divarlara vursunlar ki, təbliğ olunsun. Lakin bu üsullar yanlışdır.
Müəllimlərin işsizliyi

Sual: Bilirik ki, unversitetin ən mühüm vəzifəsi elmi məsələlərlə məşğul olmaqdır. Təəssüf ki, universitetlərin idarəsindəki nöqsanlar, cəmiyyətlə universitetlər arasında düzgün əlaqənin olmaması, xüsusən də zəif təhsil sistemi universitetlərdə çox pis donuqluğun yaranmasına səbəb olub. Ölkədə olan parlaq istedadlara rəğmən, pis təhsil sistemi, təəssüf ki, bu istetdadların əldən çıxmasına zəmin yaradır. Həmçinin bilirik ki, elm İslamda bir dəyərdir, lakin bu, insanların dəyərləndirilməsində meyar seçilmir. Bu barədə sizin fikriniz nədir?

Cavab: Mənim fikrim budur ki, universitet elmi cəhətdən gücləndirilməlidir. Əlbəttə, siz universitetlərin elmi vəziyyətinin yaxşı olmadığını deyirsiniz. Lakin bu, rəsmi və qeyri-rəsmi şəxslərin mənə verdikləri məlumatla tam uyğun deyil. Amma əgər tələbələrin hamısı bu sözü təkrarlasalar, bu yeni bir fikir və yeni xəbər ola bilər. Lakin bizim universitet işləri ilə məşğul olanlarımız, nazirlər və digər məsul şəxslər gəlib məlumat verirlər. Ümumi götürsək, nəticə pis deyil, yaxşıdır. Hər halda, yaxşı elmi səylər göstərilməlidir. Mən bu elmi məsələ ilə bağlı indiyədək 2-3 dəfə rektor və müəllimlərə tövsiyələr vermişəm. Demişəm ki, müəllimlərin işini bir az azaldın, çünki həftədə 35-40 saat tədris edən müəllimdə tələbə ilə işləməyə nəfəs qalmır. Mən dedim maaşlarını artırmaqla müəllimlərin artıq dərs saatı götürmələrinin qarşısını alın. Müəllim sinifdə dərs dedikdən sonra gedib otağında otursun və tələbələrin onunla danışmasına, məsləhətləşməsinə imkan yaransın. Belə olsa, universitetlərdə elmi inkişaf artar.
Rəhbərin vəzifəsi

Sual: Sizdən soruşmaq üçün zehnimdə bir sual var idi. Lakin bir neçə gün qabaq deyəsən, magistratura işi olan bir araşdırmada çox qəribə statistika ilə rastlaşdım. Qərara gəldim ki, bu gün sizdən bunu soruşum. Tehran şəhərinin bahalı və brend avtomobilləri barədə aparılan tədqiqat işində göstərilmişdir ki, təəssüflü də olsa, onların çox böyük bir hissəsi İran İslam Respublikasının yüksək vəzifəli şəxslərinin övladlarına və ailələrinə məxsusdur. Keçmişdə bu ölkədə təbəqələr arasında məsafə vardı. İslam Respublikasından sonra isə xalqın ürəyində ümid qığılcımı yarandı ki, bu məsafə tam aradan qaldırılmasa da, çox azalacaq. Lakin təəssüf ki, bu gün bunun yerlə-göy qədər olduğunu görürük. Bir qrup insan doğrudan da ən kiçik problem hiss etmədən hər hansı bir qiymətə və hər hansı bir formada olursa-olsun, istədiklərini əldə edirlər. Lakin digər tərəfdən, bəziləri bir kilo ət, yaxud həyatın digər zəruri əşyalarını almaq üçün bir sutka, yaxud daha artıq çarpışmalı, 10 dəfə bir mağazaya girib-çıxmalıdırlar ki, xalqın gözündən uzaq bir şey əldə etsinlər. İndi ölkəmizin yoxsulları qarşılarına bir dilənçi kasası qoyub küçələrdə oturanlar deyillər. Doğrudan da münasib ictimai siması və şəxsiyyəti olanlardır. Biz ölkənin iqtisadi problemlərindən xəbərdarıq və bilirik ki, neftin qiyməti düşüb, illik gəlirlər azalıb. Lakin belə düşünürəm ki, ölkənin bəzi sahələrində çalışan bacarıqsız məmurlar bu problemlərin yaranmasına və bizim mövcud imkanlardan yaxşı istifadə etməməyimizə bais olub. Bilmək istərdim ki, ictimai ədaləti həyata keçirmək və təbəqələr arasında məsafəni azaltmaq üçün sizin siyasətiniz nədir?

Cavab: Düzgün və mühüm sualdır. Bizim cəmiyyətimizin mühüm problemi də budur. Baxmayaraq ki, bəziləri ictimai ədalətə aid məsələləri və rifah içində yaşayanlardan ibarət yeni təbəqənin yaranmasını gizlətməyə çalışırlar. Amma əsas problem və təhlükə budur. Bu da son 1-2 ilə aid deyil. Təəssüf ki, bunun kökü uzun illərə və bəzi üsullara qayıdır. Yaxud belə deyək ki, bunun kökü bu məsələyə aid diqqətsizliklərdədir. Bir neçə ildir mən bu məsələni təkrarlayıram. Halbuki rəhbər dövlət proqramları üçün siyasət təyin edir. Proqramı hökumət hazırlayır və icra edir. Mən şikayət olunan yerlərin çoxunda, yaxud bir xəbər aldıqda, kiminsə yoxlayıb mənə xəbər verməsini gözləmirəm, özüm yoxlama göndərirəm. Əgər haqsızlıq olduğunu görsəm, qanuni səlahiyyətlərim daxilində addım atıram. Yəni əvvəldəki siyasət təyinilə kifayətlənmirəm. Lakin əsas işim siyasəti təyin etməkdir. Bu il, yaxud gələn il son ili olacaq ikinci proqramın siyasətini biz əvvəllər demişik: ictimai ədalətin bərpası, sizin toxunduğunuz bu məsələ, yeni təbəqələrin yaranmaması və təbəqələrarası məsafənin azaldılması. Biz bu siyasəti həm hökumətə, həm də parlamentə çatdırmışıq. Əlbəttə, parlamentin vəzifəsi qanun qəbul etməkdir, hökumətin vəzifəsi isə icra etmək.
Uçurum

Mən həmişə dünyagirlik məsələsi üzərində təkid göstərirəm və təəssüf ki, insan hər dəfə bu sözü deyəndə bəzilərinə toxunur və narahat olurlar. Dünyagirlik bir uçurumdur, təqvadan, yaxud insanı bəzi məsələlərə riayət etməyə məcbur edən möhkəm nəzarətdən başqa heç bir sərhəd tanımır. Hələ onlar da qeyri-qanuni və qaçaq yollarla qanunsuz işlər görə bilərlər. Mən 5-6 il bundan əvvəl bir tələbə toplantısına müraciət göndərdim. Bunlar yavaş-yavaş hökumət təşkilatına gedən tələbələr olduqlarından, onlara dedim ki, ehtiyatlı olun, dünyanın şirin və yağlısı sizi özünə cəlb etməsin. Yəni bir tələbə gənc belə bir uçurum ağzında ola bilər. Zəhmətsiz sərvətlər məsələsini biz irəli sürdük. Ali Məhkəmə əvvəldə bəzi işlər gördü, sonra mətbuat əngəl törətməyə və işi nəticəsiz qoymağa çalışdı.


İctimai ədalət

Bəli, mənim fikrim budur ki, xalq ictimai ədalət haqda məmurlarla ciddi və məntiqli şəkildə söhbət etsinlər, bunu hökumətlərdən və millət vəkillərindən istəsinlər. İctimai ədalət şüarı verənlərdən tələb etsinlər. Əgər kimsə ictimai ədalət məsələsini beşinci dərəcəli bilir və onun yerinə başqa məsələləri önə çəkirsə, bilsinlər ki, o, cəmiyyətin ən böyük ehtiyacını görməzliyə vurur və nəzərdən qaçırır.


Orta təbəqə

Siz dediniz ki, məsafə əvvəlkindən artıqdır. Bu, düzgün deyil. Sizin “keçmiş” dedikdə məqsədiniz on il bundan əvvəl olsa, mümkündür, amma bizim gördüyümüz zamanlar olsa, xeyr, o zaman başqa cür idi. O zaman məsafə bundan çox dərin idi. Tağut rejimi dövründə xalqın əksəriyyəti həddən artıq aşağı səviyyədə yaşayırdılar, azlığın isə, sizin dediyiniz imkanları var idi. Bu gün isə hər cəhətdən vəziyyəti yaxşı olan orta təbəqə var. İndi həmin əfsanəvi sərvətlər olmasa da, çoxlu imkanları olan bir qrup da var.


Bahalı avtomobillər

Siz avtomobil məsələsinə toxundunuz. Mən bir dəfə dövlət məmurlarını bir toplantıya dəvət etdim. Onlarla bu barədə danışdım və bəzi sözlər dedim. Düzdür, bir qədər əməl etdilər, bəziləri qiymətli maşınlarını kənara qoydular. Sonra yenə tədricən bu işlər başlandı. Bu işləri görən məmurların idarələri diqqətli olmalıdır. Müdir və rəislər diqqətli olsunlar. Xalq da bunları istəməlidir. Mənim fikrimcə, tələbə mühitində və məsul şəxslərlə rastlaşarkan bunları deməyin özü xəbərdarlıqdır və inşallah, nəticəsi olar. Hər halda, bilin ki, İslam Respublikasında əsas məsələ ictimai ədalətdir.


Ümumi yoxsulluğun əlacı

Mən bir dəfə dedim ki, biz “İmam Mehdini (ə) gözləyirik” deyəndə onun üçün nəzərdə tutduğumuz ən böyük xüsusiyyət yer üzünü ədalətlə doldurmasıdır.40 Demirik ki, Allah-Taala onun vasitəsi ilə dini, namazı və orucu hər yerə yaysın. Bu da var və ədalət din çərçivəsində ən yaxşı və ən ideal şəkildə reallaşır. Lakin məlum olur ki, bu ədalət insan istəklərinin uca misrasıdır. Bu gün bəzi insanlar Qərb həyat tərzini nümunə götürür və yayırlar. Bu hal günbəgün pisləşir. Bunun çarəsi odur ki, biz iqtisadi məsələlərdə Qərb mədəniyyətini yamsılamaqdan tamamilə qurtulaq. Belə deyil ki, bir ölkənin adambaşına gəliri yüksəlsə, bu gəlir hamıya çatacaq.

Siz baxın, bu gün statistikada deyirlər ki, məsələn, dünyanın filan inkişaf etmiş ölkəsində, ABŞ-da, yaxud Kanadada istiliyin dərəcəsi 42-ə çatdı və filan qədər adam öldü. Tehranda 42 dərəcədə kimsə ölürmü? Yaxud məsələn, deyilir ki, filan ölkədə 5 dərəcə, 10 dərəcə şaxta oldu və filan qədər insan dondu. Yüksək istilikdən ölən, yaxud qışda don vuran bu adamlar kimlərdir? İstilik-soyuqluq baxımından təchiz olunmuş binalarda oturanları, sığınacaq yerləri olanları don vurmur, onlar istidən ölmürlər. Bu onu göstərir ki, orada həyatın ağır keçdiyi bəzi təbəqələr var. Braziliya bu gün dünyada iqtisadi cəhətdən 7-8-ci ölkədir. Lakin orada ata-anası və evi olmayan bir neçə milyon uşaq var. Onlar küçələrdə yatırlar, küçələrdə böyüyürlər. Küçələrdə ya öldürülürlər, ya ölürlər. Biz belə həyatı istəmirik, belə iqtisadiyyat arzulamırıq. İqtisadi tərəqqinin mənası bu deyil. İqtisadi tərəqqi odur ki, hökumət yoxsulluğu cəmiyyətdən götürə bilsin. Belə iqtisadiyyat yaxşıdır. Xüsusi bir qrupun yoxsulluğunu yox, biz ümumi yoxsulluğu aradan qaldırmalıyıq. İqtisadiyyat İslam iqtisadiyyatıdır və bu, həyata keçməlidir.

Bəli, biz haqdan keçməməliyik. Mənim bildiyim və tanıdığım bəzi vəzifəli şəxslər bunu istəyirlər. Bu hökumətin əvvəllərində mənə deyildi ki, bank sistemini İslama tam uyğunlaşdırmaq istəyirlər. Sözsüz ki, qanun İslam qanunudur, lakin təəssüf ki, icra üsulları onu İslamdan uzaqlaşdırır. Bu məqam iqtisadi islahatlar layihəsində də göstərilib. Mən də təsdiq etmişəm. Ümidvarıq inşallah, bir iş görə bilsinlər. Əlbəttə, əl boş olanda bu işlər bir qədər çətin icra olunur. Sizin də toxunduğunuz və bu ilə, ötən ilə aid olan gəlir azalmasının da təsiri var. Bilmək lazımdır ki, maddi baxımdan hökumətin imkanı geniş olsa, bu işləri çox asanlıqla görmək olar. İmkan geniş olmasa, bir qədər çətin olur. Ümidvarıq inşallah, bu ideyalar sizdə dirçəlsin. Ehtiyatlı olun, bu istək və arzuları əldən verməyin. İndidən yadınızda saxlayın, vəzifə sahibi olduqda, qarşınıza yaxşı yaşayış imkanı çıxdıqda bu sözlər yadınızda olsun.


Bələdiyyələr

Sual: İslam Respublikası quruluşunun yaranmasından 20 il ötür. Biz indi quruluşun möhkəmləndirilməsi mərhələsindəyik. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bunun ən böyük faydası xalqın qərar və icra sahəsində ümumi iştirakıdır. Mənim sualım budur ki, sizin fikrinizdə xalqın yeri haradır? Onların öz taleyüklü məsələlərində iştirak etmələri üçün hansı mexanizmi daha işlək və daha uyğun bilirsiniz?

Cavab: Çox gözəl və yaxşı sualdır. Bələdiyyələrin adını çəkdiniz. Mən öncə bu barədə bir cümlə deyim. Konstitusiyada müəyyən olunmuş bələdiyyələr düzgün və yaxşı şəkildə həyata keçsə, ölkəyə və xalqa çox faydalı olar. Şərti budur ki, yaxşı icra olunsun. Ümidvarıq ki, belə də olacaq. Xalq öz şəhər və kəndlərinin gündəlik işlərinin idarəsi üçün tanıdıqları bir şəxsi seçməyə adət etsələr, bu həm ölkənin inkişafına, həm də xalqın özünə aid vəzifələrilə tanış olmasına çox kömək edər.
Bələdiyyə üzvləri

“Düzgün icra olunsun” dedikdə, bu məsələdə iki mühüm mənaya diqqət yetirmək lazımdır: Biri budur ki, bu barədə qanunlar dəqiq öyrənilsin və qanun pozuntusuna yol verilməsin, zövq, meyl və istiqamətlər bu böyük və ümumi işin icra prosesinə təsir göstərməsin. İkinci məsələ isə vəzifəli şəxslərin öhdəsinə düşür. O da budur ki, xalqın seçimi məsləhəti düzgün təyinetmə əsasında baş tutur. Görün nə üçün bu şəxsi seçmək istəyirlər və bu iş üçün necə insan lazımdır. Elə adamlar seçsinlər ki, işi bacarmaqla yanaşı, həqiqətən, dindar, qayğıkeş və xalqın mənafeyini istəyən olsunlar. Bu işi özlərinə ad-san qazanmaq üçün vasitə edənləri seçməsinlər. Əgər kiminsə belə olduğunu hiss etsələr, yaxud onun haqqında belə şübhə yaransa, onun ardınca getməsinlər, tanıdıqları birisini seçsinlər. Biz özümüzü, övladlarımızı, yaxud qohumlarımızdan birini müalicə elətdirmək istədikdə tanıdığımız həkimin yanına gedirik. Bir-iki nəfərdən soruşub yaxşı həkim tapırıq. Bizim kiməsə tapşırmaq istədiyimiz məsələlərin hamısı həkimə müraciət etmək kimidir. İnsan bu işin öhdəsindən yaxşı gələcək, ən azı, nisbətən yaxşı gələcək bir şəxsin ardınca getməlidir. Gərək bunu meyar seçsinlər. Təqva, qağıkeşlik, riyakar olmamaq, bu işə özü üçün girişməmək və özünə bazar açmamaq meyarları mühümdür. Xalq qabiliyyətli insanları seçməlidir. Deməli, iki xüsusiyyət var; biri hökumətin üzərinə düşür, biri isə xalqın. Əgər bunlar baş tutsa, seçkilər yaxşı keçəcək.


Yüklə 314,7 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə