Vilayət bağçası üçüncü cİld



Yüklə 314,7 Kb.
səhifə12/13
tarix30.10.2018
ölçüsü314,7 Kb.
#76106
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   13
Partiyalar qanunu

Sual: Mən məzlum şəhid Doktor Behiştinin həyatını mütaliə edəndə gördüm ki, bir yerdə ondan partiyalar barədə soruşublar, o da çox maraqlı bir bölgü aparıb. O buyurmuşdu ki, mənim fikrimcə, partiyalar iki qisimdir: islami partiyalar və qeyri-islami partiyalar. İslami partiyalar məramlarında İslamın adı çəkilən partiyalardır, qeyri-islami partiyalar isə İslam adı çəkilməyənlər. Buyururdu ki, bizim fikrimizcə, islami partiyalar fəaliyyət göstərməkdə azaddırlar. Sonra qeyri-islami partiyaları iki qismə bölür: İslama zidd olan partiyalar və qeyri-islami partiyalar. Qeyri-islami partiyalar işlərində və məramnamələrində İslama qarşı çıxmayanlar, yalnız qeyri-islami istəkdə olan partiyalardır. O buyururdu ki, bunlar da bizim nəzərimizdə azaddırlar. İslama zidd partiyalar isə yenə də iki qismə bölünürlər. Bunların bir qismi elmi və nəzəri baxımdan İslama ziddirlər, bir qismi isə əməli baxımdan. Deyir ki, İslamla nəzəri cəhətdən ziddiyyətdə olanlar da bizə görə, azaddırlar, amma əməli cəhətdən İslama qarşı çıxan partiyalar bağlanmalıdır.

Mənim fikrimcə, partiya yaratmaq insanın siyasi sahədə yeni nailiyyətlərindən biridir. Biz inqilabdan sonra da partiyaların yaranmasını gözləyirdik və gözləyirik. Bunun əqli dəlili də budur ki, düzgün, yaxud yanlış olmasından asılı olmayaraq, cəmiyyətdə mövcud olan bütün təfəkkürlər ümumi dəstəyi əldə etmək üçün dinc yollardan istifadə etməldirlər və cəmiyyət münaqişədən uzaq olmalıdır. Lakin İranda mövcud olan partiya qanunları buna zəmanət vermir. Bu bəlkə də ondan ötrüdür ki, uzun illərdən sonra hələ də partiyalar öz əsas funksiyasını tapa bilməyiblər. Əvvəla, dediyim mövzu barədə sizin fikriniz nədir? İkincisi isə, İranda partiyalaşmanın indiki vəziyyətdən çıxması üçün nə təklif edirsiniz?



Cavab: Əvvəla, cənab Behiştinin bu sözü yəqin ki, partiyalar haqda qanunun yazılmasından əvvəl deyilib. O öz fikrini bildirib. Qanun yazıldıqdan sonra isə meyar odur. Onun fikri bir nəzəriyyə kimi bəzi yerlərdə deyilə bilər, amma mötəbər olan qanunda göstəriləndir. Əlbəttə, indi partiyalar haqda qanun mənim yadımda deyil. Əgər bilsəydim, baxıb hazırlaşardım. Lakin mənim özümün bir fikrim var. Bu sizin fikrinizlə tam uzlaşmır, bəzi fərqləri var. Biz müxalif, yaxud müvafiq partiyalarla necə rəftar edək? Azad olsunlar, olmasınlar? Bu başqa söhbətlərdir və dediyim kimi bunun meyarı qanundur.
Partiyalar

Partiyalar məsələsinə gəlincə, bilməlisiniz ki, mənim özüm inqilabın qələbəsindən əvvəl uzun illər partiyalaşma üçün çalışmışam. İnqilabın qələbəsinə 2-3 il qalmış biz oturub bir partiya təsis etdik. Əlbəttə, o zaman partiya yaratmaq çox təhlükəli idi, icazə vermirdilər. Bunu məxfi etməli idik. Məxfi iş də doğrudan da təhlükədir. 10, 20 nəfərlik bir qrupun bir yerə toplaşmasının bilinməsi kifayət idi. Heç bir iş görməsəydilər, yaxud çox sadə bir siyasi iş görsəydilər də, bu, onların hər birinin uzun illər həbsə salınmasına və bəzilərinin işgəncə altında öldürülməsinə səbəb ola bilərdi.

O zaman bu birlik üçün bir partiya əsasnaməsi hazırlamağı lazım bilirdik. Əlbəttə, birlik və əlaqələr vardı. Hətta mən 1978-ci ildə İranşəhrə sürgün olunandan sonra da bizim partiya əlaqələrimiz yerində idi. Bəzən mərhum Bahünər Tehrandan oraya gəlirdi və biz fikir mübadiləsi aparırdıq. O zaman bəzi vaxtlar müxtəlif məsələlər müzakirə olunurdu. Məsələn, deyirdilər ki, bu mövzuları siz araşdırın, amma kağız üzərində olmasın. Nəhayət, inqilab qələbə çaldı və biz ilk bir neçə gündə oturub əsasnaməni yazdıq və partiyanı rəsmən təsis etdik. Demək istəyirəm ki, mən düzgün mənada olan partiyanı qəbul edirəm. Lakin bu gün bizim cəmiyyətimizdə baş verənlər, indi yaranan partiyalar yanlış formadadır. Bunun rövnəqli olmaması üçün həsrət çəkməyə, təəssüflənməyə dəyməz. Heç olmasın. Belə partiyalaşmanın və bu növ partiyabazlığın heç bir xeyri yoxdur.
Partiyanın məntiqli forması

Mən partiyaları iki qrupa bölürəm. Bu, şəxsi fikrimdir. Siz qəbul edə də bilərsiniz, etməyə də. Nə qanun deyil, nə də mən xalqın mütləq qəbul etməsinə israr etmirəm. Sadəcə, fikrim budur. Bir qisim budur ki, siyasi, etiqadi, yaxud dini fikir sahiblərinin bir qrupu oturub birlik yaradır, özləri ilə xalq arasında bir əlaqə sistemi qurur, xalqın dəstəyini qazanmağa çalışır, öz fikirlərini onlara çatdırırlar. Yerli şöbələr, özəklər təşkil olunur. Onlar bir mərkəzdə oturub öz düşüncələrini, siyasi, qeyri-siyasi, dini, yaxud qeyri-dini fikirlərini öz kanalları vasitəsi ilə insanlara çatdırırlar, qəbul edən insanlar da onlarla birləşirlər. Mənim fikrimcə, partiyalaşmanın bu üsulu məntiqlidir. İslam Respublikası Partiyası belə yaradılmışdı və bu formada idi.


Qərb partiyaları

Bir qrup partiyalar da bu gün Avropa və ABŞ-da yayılmış partiyalar qismindəndir; misal üçün, Respublikaçılar Partiyası, Demokrat partiyası, İngiltərə Fəhlə Partiyası, İngiltərə Mühafizəkar Partiyası kimi. Bu partiyaların təməli bizim dediyimiz kimi deyil. Xüsusi bir qrup bir çox məsələlərdə bir-biri ilə həmfikir olmasalar və bəzən bir-birinə müxalif fikirdə olsalar da, öz aralarında tərif etdikləri ortaq bir maraqla oturur, razılaşır və bir partiya yaradırlar. Xalq arasında bu növ partiya məşhurdur. Bunun ideoloji üzvü yoxdur, məsləhətli üzvü var. Əsas fərq bundadır. Məsləhətli üzv nədir? Budur ki, filan oliqarx, filan biznesmen, filan müəllim, filosof, bəzən də ruhani partiyanı müdafiə edir. Məsələn, filan ruhani deyir ki, mən öz müridlərimə fərman verəcəyəm ki, sizin namizədinizə səs versinlər, müqabilində siz də, məsələn, mənim məscidimə, yaxud kilsəmə bu imtiyazı verməlisiniz. Onlar da qəbul edirlər. Səs verənlər nə namizədi tanıyırlar, nə ona hakim olan fikirlə tanışdırlar, nə partiyanın təsisçilərini əməlli-başlı tanıyırlar, nə də o namizədin nə etmək istədiyini bilirlər. Məscidin imamı, məsələn, “Hindistan Konqres Partiyasına səs verin” dediyindən, bunlar da səs verirlər. Təsadüfən, elə bu məsələ Hindistanda baş verib və bəzi müsəlmanlar Konqres Partiyasına səs veriblər. Bir neçə milyon müsəlman Konqres Partiyasının namizədinə səs verib. Halbuki onlarla nə əqidələri, nə fikirləri, nə imanları eynidir, nə də ümumiyyətlə, onların məmləkətdə nə etmək istədiklərini bilirlər. Təkcə o cənabın “müsəlmanların xeyri bundadır” dediyi üçün bu işi görüblər. Yaxud məsələn, bir milyonçu deyir ki, mən sizə bu qədər pul verirəm, partiyanıza kömək edirəm, amma gərək məni filan yerə səfir göndərəsiniz. Səfir təyin etmək, bir yerin müfəttişi qoymaq, filan siyasi postu vermək Qərb partiyabazlığının mütləq şərtlərindəndir. Çünki heç kim iman üzündən çalışmır, razılaşma əsasında işləyirlər.


Bütün işləri görən partiyalar

Mən bilmirəm siz Qərb demokratiyası və onların seçkiləri ilə nə qədər tanışsınız. Bu sahədə nə qədər artıq məlumat əldə etsəniz, Qərb demokratiyasının və ondan törəyən partiyaların uğursuzluğunu daha artıq dərk edəcəksiniz. Bir kitab var, məncə, onu oxumamısınız. Yəqin oxumaq üçün vaxtınız az olur. Bu kitab ABŞ-ın məşhur roman yazıçısı olan Hovard Fastındır. Səhv etməsəm, hələ də yaşayır və təxminən 10-12 kitabı var. Onun bəzi kitabları məndə var və çoxunu oxumuşam. O, çox yaxşı roman yazıçısıdır. Bir qədər də solçuluğa meyllidir. Əlbəttə, ABŞ-da işlənən solçuluğu deyirəm. Bildiyiniz kimi, ABŞ-da solçu ədalət, ictimai rifah və bu kimi sözləri bir qədər səsləndirən, yaxud kitabında yazan adamdır. Onun "Amerikalı" adlı bir kitabı var: ata-anası Şərqi Avropa ölkələrinin birindən olan, əziyyətlə Sakit okeandan keçib Avropa mühacirləri ilə birgə özünü ABŞ-a çatdıran, iş, sənət və bir parça çörək axtaran bir şəxsin əhvalatıdır. Səhv etməsəm, ABŞ-da doğulan insan amerikalı sayılır, oranın vətəndaşı olur. Dediyim bu şəxs üçün də ABŞ pasportu alırlar. Halbuki ata-anası amerikalı deyillər. Bu kitabda onun böyüməsi, inkişafı, hüquq təhsili alması, hakim olması və nəhayət, seçkilərə qoşulması təsvir olunub. Kitabın girişində mütərcim yazır ki, bu, romandır, amma həqiqətən, baş verib, ABŞ-ın hansısa ştatında məşhur bir adamın həyatı barədədir. İnsan bu kitabı oxuyanda anlayır ki, seçki nə deməkdir. Məntiqli bir cəmiyyətdə yaşamaq istəyən bir insan üçün bu meyarların heç bir mənası yoxdur. Bu xalqın bələdiyyə və mer seçkilərindən tutmuş ştat, konqres və prezident seçkilərinə qədər heç bir seçkidə rol oynamır. Onlar sadəcə seçkilərdə iştrak edib səs verirlər, əslində, isə ciddi rol oynamırlar. Namizədlərin seçildiyi klublar, ümumiyyətlə, xalqdan ayrı bir şeydir və ona aidiyyəti yoxdur. Məsələn, Demokrat Partiyasının filan ştat şöbəsinin klubu. Bu cənab necə seçilir ki, aşağı bir mərhələdən ştat mərhələsinə ucalır, sonra konqresə yol tapır və nəhayət, nə vaxtsa prezident olur. Bu, çox qəribə işlərdəndir. Düzgün insani meyarlarla əsla uyğun gəlmir. Orada işi görənlər partiyalardır. Əlbəttə, arsızlıq, pulluluq, sionist dayağın olması, göyçəklik, natiqlik, bəzən də fəal və cazibədar həyat yoldaşının olması mühüm rol oynayır. Onlarda partiya belədir. İndi ölkədə partiyalaşma üçün səy göstərən bu cənabların istədiyi daha çox belə partiyalardır. Mən bu növ partiyanı qəbul etmirəm.


Partiyalaşmanın məqsədi

Bir müddət əvvəl bir münasibətlə dedim ki, partiyada hakimiyyətə gəlmək məqsədi olmamalıdır. Baxmayaraq ki, uğurlu bir partiya üçün hakimiyyət qaçılmazdır. Yəni seçki zamanı çoxlu tərəfdarı olan və xalqın həmfikir olduğu partiyanız varsa, təbii ki, bu və ya digər şəxsin prezident olmasına biganə qala bilməzsiniz. Şübhəsiz ki, birini qəbul edirsiniz. Təbii olaraq sizin bu fikriniz təsirini buraxır və ona səs verənlər çoxalır. Amma partiyanın məqsədi hakimiyyətə gəlmək olmamalıdır. Məqsəd xalqın fikrini sizin inandığınız düzgün istiqamətə yönəltmək olmalıdır. Mənim partiya barədə fikrim budur. Siz qəbul edib-etməməkdə azadsınız.


Din və gənc

Sual: Hər şeydən öncə, bizə vaxt ayırdığınız üçün sizə təşəkkürümü bildirirəm. İndi inqilabın ömründən 20 il ötür. Bu 20 ildə bizim ölkəmizdə İslam quruluşu hakim olub, bütün dövlət orqanları İslama uyğunlaşıb. Lakin universitetlərdə və bu inqilabda böyümüş gənc nəsil arasında dindənqaçma problemi var. Siz əvvəlki görüşünüzdə buyurdunuz ki, öz nəşrlərinizə tamamilə dini rəng verin. Bu, çox yaxşı bir məsələdir. Amma bu sahədə problem odur ki, biz nəşrlərimizə dini materiallar daxil etdikdə oxucularımızı əldən veririk. Statistikalara və sorğuların nəticələrinə görə, dini mətləbləri əks etdirən nəşrlərin tirajı azdır. Sizdən soruşmaq istərdim ki, hansı yolu təklif edirsiniz? Biz gənc nəsillə din arasında əlaqə qurmaq üçün öz nəşrlərimizdən necə istifadə etməliyik?

Cavab: Siz deyirsiniz ki, cavanlar dindən qaçırlar. Mən bu nəticəyə gəlməmişəm. Bəli, gənclər arasında dindən qaçan var, amma bu gün dinə inanan, dini qəbul edən və istəyən gənclərimiz də çoxdur.
Gənclərin dindən qaçması

Sual: Əlbəttə, gənc nəsil fitri olaraq din təşnəsidir. Amma təəssüf ki, məsul şəxslərin bəzi əməllərinə və dinə dair göstərilən pis simaya görə bir qədər dindənqaçma var; təqdim olunan dindən.

Cavab: Çox yaxşı. Mən də bunu başa düşdüm. Düzdür, bir dəstə belədir. Bunun səbəblərindən biri sizin dediyinizdir. Yəni bəzi vaxtlar dini təbliğat düzgün üsullarla aparılmır. Yaxud dindən qaçan adam düzgün təbliğatla qarşılaşmır. Çünki təbliğat həmişə ümumi deyil. Bizdə cürbəcür təbliğatlar var. Bu onun səbəblərindən biridir. Başqa bir səbəb də bu ola bilər ki, bəzi adamlar dini vəzifələrin çətin olduğunu düşünürlər. Məsələn, din ictimai rəftar, məhrəm və naməhrəm münasibətləri, namaz qılmaq haqda vəzifələr müəyyən edib. Bu vəzifələrə əməl etmək bəzilərinə çətin gəlir. Belələrinin dinlə düşmənçiliyi yoxdur, dindən acıqları gəlmir. Bəzən bir nəfər iki kəlmə səmimi söz deyəndə ürəkləri yumşalır da. Çox mənəviyyatlı namaz qılmaları da mümkündür. Amma vəzifə onlara ağır gəlir. Bəşərin xisləti belədir: məsuliyyətdən qaçır. Bu, insanın təbiətindəndir. Onunla mübarizə aparmaq lazımdır. Məsələn, insanlar idmandan qaçmırlar?! İdman din deyil ki. Bəzilərinə nə qədər deyirsiniz ki, idman edin, etmirlər. İndi bizim xalqımız arasında idman ümumidir?! İranda idman edə bilən insanların hamısı idman edirlər?! Buna görə də, vəzifədən və ağır işdən qaçmaq insanın cisimliyindən qaynaqlanan bir haldır. Bizim torpaq cəhətimiz zəruri olaraq insanı məsuliyyət və vəzifə qəbul etməkdən çəkindirir.

Digər bir məsələ də budur ki, bəziləri dindardırlar, əməl də edirlər, lakin dinin təkrar olunan sözündən inciyirlər. Mən yəqin ki, dindar bir adam sayılıram, inşallah, əməl də edirəm. Lakin hərdən radioda, televiziyada, hüseyniyyədə, yaxud başqa bir yerdə bəzilərinin dini təbliğ etdiklərini görəndə dinləməyə taqətim qalmır. Çünki çox təkrar olunmuş və aşağı səviyyəli söz deyirlər. Halbuki mənim səbir-hövsələm də nisbətən, pis deyil. İndi bu gənc, məsələn, sizin jurnalınıza baxıb görür ki, bir dini məsələ barədə dünən radiodan eşitdiyi, srağagün filan yerdə hüseyniyyədə deyilən, ata-anasından eşitdiyi bir sözü deyirsiniz. Belə ola bilər. Amma düzgün və əsaslı din cəlbedicidir. İndi ölkə daxilində ən yuxarı tirajlı kitablar dini kitablardır. Əlbəttə, bunlar müxtəlif səviyyəlidirlər. Bəziləri ümumi insanlar səviyyəsindədir, bəziləri yuxarı səviyyədə, bəziləri isə çox yuxarı səviyyədə. Xalq və gənclər bu kitabları sevirlər.


Məqsədə çatmaq

Mən sizdən istəyirəm ki, mətbuatda "dindənqaçma" adlı ümumi fikir məsələsinə mütləq yenidən baxasınız. Yəni oxucularınızı itirməmək adı ilə qəzetinizin materiallarını diniləşdirməkdən çəkinməyin. Bəli, onu düzgün, gözəl və ürəkaçan formaya salın. Bu sizin zövqünüzdən asılıdır. Məndən nə etmək lazım olduğunu soruşsanız, mənim ümumiyyətlə, bilməməyim də mümkündür. Amma gözəl sözlərlə, yaxşı dini mövzular seçməklə oxucularınızı artıra bilərsiniz. Təkrar işlərdən, təkrar rollardan, oxucu üçün heç bir mənası, anlamı olmayan təkrar dini şüarlardan çəkinin.


Mətbuatda yaxşı işlər

Siz xalqa və gənclərə yaxşı töhfələr verə bilərsiniz. Mənim fikrimcə, siz qardaş və bacıların mətbuatda görməli olduğu yaxşı və yerli iş, bəlkə də vacib məsələ budur ki, gəncləri bacardığınız yolla namaza alışdırın. Kim necə bilirsə, buna səy göstərsin. Namaz çox yaxşı bir şeydir. Kimin namazla arası yaxşı olsa, düz yolda olması zəmanətli olar. Namazla aranın yaxşı olması budur ki, namaz onun üçün ürəkaçan olsun. Bu da namazın sözlərinə diqqət yetirməklə və onları anlamaqla baş verir. Sizin mühüm işlərinizdən biri budur ki, namazı oxucularınıza başa salın. Demək istəmirəm ki, namazın tərcüməsini əvvəldən sonuna qədər bir nömrədə yazın. Xeyr. Namazdan bir məqamı seçin. Məsələn, rükunu, qünutu, raz-niyazı, “İhdinəs-siratəl-müstəqim”41 ayəsini götürün və üzərində işləyin. Misal üçün, 50 ildir namaz qılan 60 yaşlı bir insan da yeni şeylər öyrənsin. Zahirən kiçik və qısa olan namaz çox geniş bir okeandır. Çalışın bu sahədə olan minlərlə məqamdan birini bacardığınız qədər işıqlandırın.


Sual: Mən öncə sizin bu toplantının əvvəlində xalq və onların rolu barədə dediyniz söhbətlər üçün təşəkkürümü bildirirəm. Cəmiyyətdə sizin nəzərlərinizə olan baxış təəssüf ki, başqa cürdür. Mən düşünürəm ki, sizin bu toplantıda dediyiniz sözlərlə bu şübhələrin çoxu aradan qalxacaq.

Cavab: Mən bu sözləri həmişə deyirəm.

Sual: Məqsədim sizin açıq söyləmənizdir.

Cavab: Həmişə belə açıq danışıram. Mən keçən dəfə Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə də bu sözləri təfsilatı ilə dedim. Başqa yerlərdə də deyirəm.

Sual: Onda mən səhv etmişəm. Vermək istədiyim sual Ali Məhkəmə barədədir. İndi mənim sözlərim haqqında sizdə niyyətimin düzgün olmamasına dair şübhə yarana bilər. Buna görə də, belə olduğunu düşünürsünüzsə, xahiş edirəm bu sual silinsin və mən başqa bir sual verim.

Cavab: Sualınızı verin, sözünüzü deyin.
Ali Məhkəmənin nöqsanları

Sual: Biz gənclərə görə, Ali Məhkəmə sistemində bir sıra nöqsanlar var. Mən bir məmuru, yaxud bütün sistemi günahlandırmaq istəmirəm. Siz dediniz ki, Ali Məhkəmə yaxşılaşıb və 10 il bundan qabaqkından yaxşıdır. Mən bunları qəbul edirəm və inanıram ki, sabah bugünkündən də yaxşı olacaq. Lakin bəzi kiçik nöqsanlar həm bəzilərinə bəhanə verir, həm də həqiqətən, bir qədər qüsur sayılır. Məsələn, ötən il ölkənin ən yüksək rütbəli şəxslərindən biri konstitusiyanın bir maddəsinəəsasən, bir sərəncam imzaladı. Mən düşünmürəm ki, İslam İnqilabından 20 il ötdükdən sonra unudulmuş bir maddəni sərəncam formasında elan etmək İslam Respublikasına yaraşsın. Bu sərəncamda göstərilirdi ki, bir müttəhimi 24 saatdan artıq saxlamaq olmaz. Lakin eyni zamanda, təəssüf ki, təcridxanaların çoxunda bu maddəyə əməl olunmur; xüsusən Təhlükəsizlik qüvvələrinin təcridxanalarında, bəzən İnqilab, yaxud Ruhani məhkəmələrində.

Digər tərəfdən, Ruhani məhkəməsi barədə də bir sıra sözlər deyilir. Əslində, Ruhani məhkəməsi imamın yadigarıdır və mən düşünürəm ki, gənclərin çoxu onun zərurətini dərk edirlər. Lakin söylənilən irad budur ki, bu məhkəmə konstitusiyada nəzərdə tutulmayıb. Bu məhkəmədə icra edilən bəzi üsullar da nöqsanlıdır. Məsələn, orada məhbuslar vəkil tutmaqda problemlə rastlaşırlar. Oradakı yenidən baxış sisteminin, yaxud məhkəmənin verdiyi bəzi qərarlarların doğrudan da məhkəmələrin səlahiyyəti çərçivəsində olub-olmamasını bilmirik. Yadımdadır ki, bir neçə il bundan əvvəl Ruhani məhkəməsinin hökmü ilə bir mətbu orqanı bağlandı. Bu, ruhanilərə məxsus məhkəmənin səlahiyyəti çərçivəsindədir, yoxsa yox?! Ruhani məhkəməsi qeyri-ruhanilər haqda hökm çıxara bilərmi?! Belə kiçik nöqsanların aradan qaldırılması üçün yaxşı deyilmi Ruhani məhkəməsinin səlahiyyətləri yazılı və tam şəkildə konstitusiyada və ya digər qanunlarda müəyyən edilsin və şəffaf şəkildə xalqın ixtiyarına verilsin?!



Cavab: Çox gözəl. Buyurduğunuz kimi, Ali Məhkəmənin nöqsanları var. Mən heç zaman bunu inkar etmirəm. Başqa orqanlar kimi orada da bəzi qüsurlar var. Onlar aradan qaldırılmalıdır. Lakin xoşbəxtlikdən, sizin dediyiniz bu bir neçə irad düzgün deyil. Məsələn, 24 saat saxlamaq məsələsi prokurorun sanksiyası olmadan belədir. Amma sanksiya olsa, çox zaman bundan da artıq saxlamaq olar, bunun eybi yoxdur. Əlbəttə, müvəqqəti təcridxanalar Ali Məhkəmənin ixtiyarında deyil, hökumətin ixtiyarındadır, Təhlükəsizlik nazirliyinə tabedir. Amma onların iddiası budur ki, prokurorun qərarı olmadan bunu etmirlər. Əgər kiminsə prokurorun hökmü olmadan bu işi görməsi məlum olsa, şübhəsiz, cəzalandırılmalıdır. Bunu bilin. Belə deyil ki, biz kiminsə 24 saatdan artıq saxlandığını bilək. Səs-küyə səbəb olan son mühakimələrdə deyirdilər ki, qanun pozuntusu baş verib. Mən araşdırmaq üçün adam göndərdim, gördüm ki, xeyr, belə deyil. Məhkəmə məmurları üçün əsas olan qanundur. Onların necə və nə etmələri üçün qanunlar müəyyənləşdirilib. Yaxşı bilirlər ki, Hakimlərin İntizam Məhkəməsi heç kimdən utanıb-çəkinmir; şikayət olunan və cinayəti sübuta yetən hər bir hakimi işdən azad edir. Bəzən həbs və mühakimə də edirlər. Hakimlər bu məhkəmədən qorxurlar.
Ruhani məhkəməsi

Dediyiniz Ruhani məhkəməsi də imamın gözəl işlərindən biridir və qanuna zidd deyil. Konstitusiya bunu inkar etmir. Mən burada Ruhani məhkəməsinin fəlsəfəsini sizə açıqlayım. Bax, ölkənin prezident kimi ən yüksək məmurlarının ruhani ola bildiyi, yaxud Ali Məhkəmənin sədri kimi mütləq ruhani olduğu - Ali Məhkəmənin sədri gərək müctəhid olsun - bir quruluşda yaşayırıq. Parlament üzvləri ruhani ola da bilərlər, olmaya da. Digər tərəfdən, ruhanilərin xalq arasında nüfuzu, məscid və mehrabları var. Belə bir quruluşda adi məhkəmələr ruhanini düzgün, yerində və lazımi səviyyədə mühakimə etməyə qadir deyillər. Məsələn, tanınmış bir ruhani bir səhv etsə, hansı məhkəmə bu işə baxmağa cürət edər; hansı müstəntiq onu dindirə bilər?! Əlbəttə, ola bilsin, kimsə cəsarətli olsun və desin ki, xeyr, biz bunu edərik. Amma bunun üçün çoxlu işlər görülməlidir. Halbuki xüsusi bir məhkəmədə gənc bir hövzə tələbəsi onu asanlıqla dindirə və istintaqa cəlb edə bilər. Məsələn, cənab Reyşəhri kimi nisbətən gənc bir tələbə cənab Şəriətmədar kimi bir təqlid müctəhidini asanlıqla mühakimə etdi. Bu yalnız Ruhani məhkəməsinin əlindən gələr. İmam bunu bilirdi.

Digər tərəfdən, ruhanilərdə bu imkan varsa, onların arasında kimlərsə peyda olub qanunu pozacaqlar. İmam bir çıxışında ruhanilər haqda danışır və onları tərifləyirdi. Sonra dedi ki, ruhani libası geyənlərin bəziləri odda yanacaqlar. Yəni belə deyil ki, kim əyninə ruhani paltarı geyinsə, müqəddəs insandır. Xeyr. Ruhanilərdən də kimsə qanunu poza bilər. Ruhani məhkəməsi olduqda, bu qanun pozuntularının qarşısı alınır. Çünki onun gücünü bilirlər. Buna görə Ruhani məhkəməsi zəruri idi, indi də zəruridir və imamın yaxşı işlərindən sayılır. Əlbəttə, bu məhkəmənin yaradılmasında mənim də rolum olub. Bu məsələ imamı düşündürürdü. Mən də bir gün onun yanına gedib bəzi sözlər dedim. Sonra anladım ki, ona çox təsir edib.

Ruhani məhkəməsinin nizam-intizamına, qayda-qanunlarına gəlincə isə, deməliyəm ki, hər bir şeyi tamamilə nizam-intizamlıdır. Yəni yazılmış şəkildə qaydaları və qərarları var. İndi yadımda deyil, bilmirəm ki, harada qəbul olunub. Amma bilirəm ki, çox dəqiq əsasnaməsi var. Bəzi işləri heç bir fərq olmadan eynilə digər məhkəmələr kimidir. Burada da həmin qanunlar hakimdir. Güman edirəm ki, bəzi məsələlərdə xüsusi qanunları var. Olmasa da, yenə həmin qanunlar icra olunur.

Ruhani olmayanı bu məhkəməyə gətirmirlər. Ruhani və qeyri-ruhaninin iştirak etdiyi cinayət işində, məncə, qeyri-ruhaninin işini də oraya gətirirlər. Bu məhkəmənin mətbuata ümumiyyətlə, aidiyyəti yoxdur. Bir qəzeti idarə edən ruhani bu məhkəmədə göstərilən hər hansı bir cinayəti törətmişsə, ruhani olduğuna görə oraya gətirir və mühakimə edirlər. Bu, mətbu orqanı olduğuna görə deyil. Mətbuat cinayəti başqa bir məhkəmədə araşdırılır.

Bunu da sizə deyim ki, Ali Məhkəmənin möhtərəm sədri cənab Yəzdi Ruhani məhkəməsinin bu vəziyyəti ilə çox da müvafiq deyil. O belə düşünür ki, Ruhani məhkəməsi, ümumi məhkəmə sisteminə birləşdirilməlidir. Lakin mən bunu məsləhət görmürəm. Bu həm də indiki qanunlara ziddir. Bu məhkəmə imamın yadigarıdır. Onda bu qədər böyük mənfəət də var. Siz bu sahədə Ali Məhkəməyə etiraz etməyin. Çünki onlar bununla çox da razı deyillər.


İnqilabçıların mövqeyinin dəyişilməsinin səbəbləri

Sual: İslam inqilabının nailiyyətlərinin və həzrət imamın məqsədlərinin dəyişilməsi son 20 ildə qlobal hegemonizmin əsas məqsədlərindən olmuşdur. Bizim fikrimizcə, onlar bu sahədə bəzi müvəffəqiyyətlər də əldə etmişlər. Misal üçün, özlərini öncüllərdən və fədakar inqilabçılardan bilənlərin bəziləri bu mövqelərindən 180 dərəcə dönüş etmişlər. Onlar ABŞ-la mübarizə, iqtisadi məsələlər və fəqihin rəhbərliyi məsələlərində mövqelərini əvəzləmişlər. Onlar bir zamanlar fəqihin mütləq vilayətini müdafiə edirdilər, lakin indi bu prinsiplərə şübhə ilə yanaşırlar. Ölkənin düşüncə və mədəni məsələlərindən, universitetin inqilabdan öncəki və sonrakı vəziyyətindən tam agah bir şəxs kimi, sizcə, bu hal özünü hansı yolla göstərib və bu sahədə biz hansı rolu ifa edə bilərik?

Cavab: Kimlərinsə öz qabaqkı mövqelərindən geri çəkilmələri çox qəribə və yeni bir şey deyil. Hər halda, insan həyatda müxtəlif dəyişikliklər edir. Bəzən bir sıra faktorlar bu dəyişikliyə zəmin yaradır, yaxud onu sürətləndirir. Burada dünyəvi maraqlar var, şəxsi maraqlar var, sevgi və nifrətlər var. Əgər bu şəxslər inqilabın düzgün yolundan, onun təlimlərindən doğrudan da uzaqlaşmışlarsa, səbəbi əksərən bunlardır. Burada yanlış düşünmələr, bəzi neqativ hallarla rastlaşmalar da var. Bunların hamısı təsirli amillərdir. Biz bunun oxşarını çox yerdə müşahidə etmişik. Təəccüb etmək lazım deyil. Allah-Taaladan istəməliyik ki, bizi və digərlərini Özünün doğru yolunda saxlasın.
Doğru yolun çətinliyi

Siz hər gün dəfələrlə, ən azı 10 dəfə "Bizi doğru yola hidayət et" cümləsini təkrar edirsiniz. Bu nə üçündür? Bir dəfə Allahdan istədiniz, yetər. Lakin siz hər namazın ilk iki rəkətində bunu təkrar edirsiniz: "Bizi doğru yola hidayət et". Bu ondan ötrüdür ki, doğru yol çətin, enişli-yoxuşludur. Bu yolda səhvə düşənlər çoxdur. Çoxları üçün bu hal qarşıya çıxır. İnsan Allaha sığınmalıdır. Mənim fikrimcə, siz gənclər çox asanlıqla Allahın doğru yolunda qala bilərsiniz. Çünki yuxarı yaşlarda bizlər üçün yaranan tamahlar və nəfsi istəklər gənc üçün az qarşıya çıxır.


Dünya və axirət səadəti

Allahın yolu yaxşı bir yoldur. Dünya və axirət səadəti Allahın yolundadır. Bu inqilab, bu İslam Respublikası quruluşu, bu şüarlar, imamın və inqilabın vasitəsilə ortaya qoyulan bu dəyərlər ölkənin və xalqın səadətinin qarantıdır. Bunlar ölkəni xilas edəcək amillərdir. Bu ölkənin çox acı və çətin yaxın keçmişi olub. Lakin o bu hərəkət səbəbindən özünü ayağa qaldıra bildi. Əgər inqilab olmasaydı, bu gün ölkəmizin vəziyyəti maddi və mənəvi baxımdan sizin gördüyünüz ölkələrdən qat-qat pis idi. Əgər inqilab olmasaydı, maddi və mənəvi baxımdan durumumuz, bizim yaxınlığımızda və əcnəbi güclərin ixtiyarında olan ölkələrdən qat-qat pis olardı.


Yüklə 314,7 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə