qədər olan əlcəkləri qiymətli
daş-qaşlarla bəzədilmişdi; onun təkbarmaq ov
əlcəyinə isə on iki yaqut və əlli iki iri mirvari düzülmüşdü. Burqundiya
hersoqluğunun sonuncu hersoqu Çarlzın şlyapasına armudabənzər sapfir və
mirvarilər düzülmüşdü.
Həyat bir zamanlar necə də gözəlmiş!!! Gözlər bəxtəvər-bəxtəvər güləndə necə də
gözəl görünürmüş!!! Hətta ötüb-keçən keçmişin cah-calalı və dəbdəbəsi barədə
oxuyanda belə adamın ləzzətdən başı gicəllənir!
Daha sonralar Dorian Şimali Avropa xalqlarının soyuq evlərindəki divar
nəqqaşlığını əvəzləyən naxışlı divar xalçaları ilə maraqlanmağa başladı. Bu
sahəni öyrənərkən Dorian, demək olar ki, məyus
olurdu və kədərli-kədərli
düşünürdü ki, zaman həyatda nə qədər gözəl və təkrarolunmaz şey varsa, hamısını
məhv edir. Hər halda, o özü bu prosesdə iştirak etmirdi. Yaylar bir-birini əvəz
edirdi; bu müddət ərzində sarı nərgiz gülləri neçə dəfə açıb-solmuşdu, yenidən
açmışdı, yenidən solmuşdu; lakin o qorxunc və dəhşətli gecələr hələ də təkrar
olunur, portretdəki eybəcərliklər davam edir, amma Dorianın özü isə dəyişmirdi
ki dəyişmirdi. Onun üzünü heç bir qış korlayıb xarab etməmişdi,
gözəlliyinə heç
bir xələl gətirməmişdi; o, əvvəlki kimi işıq saçırdı. Amma gör insanın yaratdığı
şeylərin taleyi necə qəribə olur? Hanı bəs onlar, hara qeyb olublar? Hanı o
allahların divlərə qarşı döyüş səhnəsinin təsviri olan zəfəran rəngli mantiya?
Afina üçün əsmər qızlar tərəfindən toxunan o mantiya haradadır? Hanı Neronun
Romadakı Kolizey amfiteatrı üçün sifariş etdirdiyi o nəhəng örtük? Üstündə
ulduzlu səma və qızıl qoşqulu ağ atları qovan Apollonun təsviri olan o nəhəng
qırmızı kətan parça haradadır? Dorian çox arzulayırdı ki, üstündə müxtəlif
şirniyyat və dadlı yeməklər təsvir olunan, Günəş kahini üçün hazırlanmış o süfrə
salfetlərini görsün. Onlardan ziyafət üçün istifadə etmək də olardı; və ya o, kral
Kilperikin üstündə üç yüz qızıl arı olan cənazə örtüyünü,
Pontus yepiskopunun
heyrətli qəzəbinə səbəb olmuş fantastik bürüncəyi görmədiyinə təəssüf edirdi;
sonuncu bürüncəyin üstündə “şirlərin, pişik cinsindən olan panterlərin, ayıların,
itlərin, meşələrin, təpələrin, ovçuların, bir sözlə, rəssamın təbiətdən köçürə
biləcəyi nə varsa, hamısının təsvirləri vardı”. Dorian Orlean şahzadəsi Çarlzın da
paltarını görmək istəyirdi; onun paltarının qol hissəsində bir nəğmənin misraları
tikilmişdi və o, belə başlayırdı: “Madame, je suis tout joyeux”1. Sözlərin yanında
həmin nəğmənin notları da vardı və özü də hər bir not xətti paltara qızıldan,
dördbucaqlı not işarələrinin özü isə dörd mirvari ilə pərçimlənmişdi. Dorian
Burqundiya kraliçası İohan üçün Reymdə tikilmiş sarayın otaqlarının təsvirini
oxudu; otağın divarlarında “min üç yüz iyirmi bir tutuquşu, beş yüz altmış bir
kəpənək
təsvir olunmuşdu; quşların qanadlarında kraliçanın gerbi parıldayırdı,
hamısı xalis qızıldan idi.” Katerina de Mediçinin tabutu – üstündə aypara və
günəş təsvirləri olan qara məxmər parçadan düzəldilmişdi; onun örtüyü güllü ipək
şaldan idi, üstünə yaşıl çələnglərdən hörülmüş qızılı və gümüşü bəzəklər
vurulmuşdu, qıraqlarından sallanmış saçaqlar isə mirvaridən idi. Tabut yataq
otağına qoyulmuşdu; otağın divarlarından kraliçanın gümüşü zərxara parçanın
üstündə pərçimlənən qara məxmərli gerbləri cərgə-cərgə asılmışdı. XIV Lüdovik
ölən zaman otağında on dörd metr hündürlükdə qızıl sütunlar tikilmişdi. Polşa
kralı Sobieskinin əzəmətli yatağı da qızıl qatran parçası ilə tikilmiş çadırın altında
durmuşdu və qıraqlarına Quranın kəlmələri firuzə qaşlardan pərçimlənmişdi.
Onun sütunları qızıl suyuna salınmış gümüşü ilmələrlə işlənmişdi; qiymətli daş-
qaş və medalyonlarla bəzədilmiş heyrətamiz əl işləri idi. Bu çadırı polyaklar
Vyana ətrafındakı türk düşərgəsindən götürmüşdülər, onun qızıl günbəzindən
əvvəllər Məhəmməd peyğəmbərin bayrağı dalğalanmışdı.
Beləliklə, Dorian bütün ilboyu cidd-cəhdlə ən yaxşı kolleksiyalar topladı;
müxtəlif naxışlı əl işləri, atlaz parçalar və s. Onun Dehlidən
gətirilmiş gözəl hind
kisəyiləri vardı; bu nümunələrin üstündə qızıl palma yarpaqlarından və əlvan
qanadlı böcəklərin təsvirlərindən ibarət naxışlar vardı; Dəkkə tənzifi o qədər
şəffaf idi ki, Şərqdə “havadan yaranmış parça” kimi ad çıxarmışdı; bundan başqa,
kolleksiyalar arasında “axar su” və “gecə şehi” kimi ad çıxarmış qəribə formalı və
yazılı parçalar Yavadan gətirilmişdi, bunlar çinlilərin nəfis əl işləri idi; üz qabığı
darçın rəngli və ya əntiqə mavi ipək atlazdan olan kitablar, onların üstündəki
zanbaqlar, fransız krallarının
çox sevdiyi güllər, quş və müxtəlif təsvirlər vardı;
macar krujevalı duvaqlar; Siciliya zərxaraları və möhkəm ispan məxmərləri,
gürcü qızıl sikkələri, üstündə qızılı saçaqlar və rəngli quş lələklərinin təsviri olan
yapon “fukusas”ı yan-yana düzülmüşdü.
Dorian ibadət libaslarına qarşı da biganə deyildi; dini mərasimlərlə bağlı hər şeyə
onun xüsusi marağı vardı. Sidr ağacından düzəldilmiş sandıqlar evinin qərb
hissəsindəki qalereyada yan-yana düzülmüşdü; o, bu sandıqlarda
çox nadir və
əsrarəngiz gözəlliyə malik paltarlar, lap İsa peyğəmbərin gəlinlərinə layiq
paltarlar saxlamışdı; axı İsa peyğəmbərin nişanlısı gərək al-qırmızı, qiymətli don
geyinsin, zərif kətan parçadan don geyinsin ki, könüllü olaraq özünü olmazın
məhrumiyyətlərə düçar etmiş və yaralanmış yalın bədənini örtə bilsin. Dorianın
kolleksiyasında moruq rəngli ipəkdən tikilmiş ruhani cübbəsi, bərbəzəkli
zərxarası vardı; cübbənin ətəklərinin qıraqlarında qızılı nar dənələrinin və
ananasşəkilli xırda mirvari dənələrindən tikilmiş, altıyarpaqlı güllərdən
düzəldilmiş çələngin təsvirləri vardı; Orfey1 kvadratlara
bölünmüşdü və hər bir
kvadratda bakirə qızların həyat səhnələri təsvir olunmuşdu, bakirə qızın nikah
mərasimi isə rəngli ipək parçalardakı təsvirlərdə nümayiş etdirilirdi. Bu, on
beşinci əsr italyan əl işi idi; digər cübbələrdən biri yaşıl məxmərdən tikilmişdi,
üstündə iri yarpaq şəklində naxış vardı, ürəyəoxşar molyusk formasında dəstə-
dəstə parçanın üstünə düzülmüş, onun uzun qolları üstünə isə ağ çiçəklər gümüşü
saplar və rəngli muncuqlarla ilmələnmişdi. Altıqanadlı mələyin başı qızılı
rənglərlə şüşənin üstünə həkk olunmuşdu; Orfey özü isə rombabənzər naxışlarla