hörülmüşdü, qırmızı və qızılı tikiş milləri ona xüsusi yaraşıq verir,
üstündə
müqəddəs və əzabkeş insanların təsvirləri olan medalyonlar yellənirdi; bu
müqəddəslər arasında müqəddəs Sebastyanın da təsvirini görmək olardı. Dorianın
başqa ibadət libasları da vardı; bu libaslar mavi ipək parçadan, zərxaradan və
qədimi güllü parçalardan ibarət idi; bu parçaların üstündə də müxtəlif təsvirlər
vardı – ehtiras Allahı və çarmıxa çəkilmiş İsa peyğəmbərin təsvirləri; bundan
başqa, şir və tovuzquşlarının təsvirləri, müxtəlif emblemlər də ilmələnmişdi.
Kolleksiyalar arasında ağ atlazdan uzunqol bürüncəklər də vardı; bu ağır çəhrayı
parçanın üzərinə də naxışlarla zanbaqlar, delfinlər, fransız gülləri ilmələnmişdi;
kilsə və dini mərasimlər üçün nəzərdə tutulmuş moruq rəngli digər məxmər
bürüncəklərdə isə üzərində İsanın və digər müqəddəslərin əksi olan bayraqlar,
ələmlər vardı. Bütün bu predmetlər mistik mərasimlər zamanı
istifadə olunurdu və
bunlar Dorianın xəyallarını qanadlandırırdı.
Bütün başqa kolleksiyaları kimi Dorianın səliqə-sahmanlı evində yerbəyer edilmiş
bu xəzinələr də, müvəqqəti olsa da, qayğılarını unutdurur, artıq onun üçün
dözülməz şəkil alan qorxu hissini götürürdü. Uzun zaman bağlı qalmış və bir
vaxt uşaqlıq illərini keçirdiyi dərs otağına o bədheybət portreti özü qoydu, özü
divardan asdı; o portretin dəyişən cizgilərində öz həyatının rüsvayçı həqiqətini
görür, oxuyurdu; elə buna görə də portretin üstünə qırmızıyaçalan qızılı örtük
çəkdi. Dorian bir
neçə həftə bu otağa girmədi, portretə baxmadı, kətan parça
üzərindəki o çirkin sifəti unutdu; bu müddət ərzində o, əməlli-başlı özünə gəldi,
əvvəlki həyatsevərliyi, qayğısız günləri, ehtiras və şövqlə dolu əhvali-ruhiyyəsi
bərpa olundu. Lakin sonra qəflətən gecələrin birində o, yuxudan durub xəlvəti
olaraq evdən çıxdı və hansısa Blu Qeyt Fildz yaxınlığındakı əxlaqsızlıq
yuvalarına, pritonlara getdi və günlərini oralarda keçirməyə başladı; o, pritonlarda
o qədər qaldı ki, axırda onu oradan qovdular. Evə qayıdanda isə o, portretin
qarşısında oturub ona baxmağa başladı;
bəzən özünə də, portretə də nifrət etdi,
bəzən isə günahlarını boynuna alan fərdiyyətçi qüruru ilə gülümsədi, öz yaramaz
oxşarı ilə, Dorian üçün ağır bir yük daşımağa məhkum edilmiş oxşarı ilə qarşı-
qarşıya oturub xəlvəti-xəlvəti kam almağa başladı.
Bir neçə ildən sonra Dorian portretə o qədər öyrəşdi ki, ondan ayrıla
bilmirdi; hətta İngiltərədən başqa bir ölkəyə gedəndə də orada çox qala bilmirdi,
darıxırdı, qayıdırdı evinə; o, lord Henriylə birlikdə tutduğu Truvilldəki villasından
da imtina etdi; qış aylarını lord Henriylə bir neçə dəfə birlikdə yaşadığı
Əlcəzairdəki ağ divarları olan evindən də imtina etdi;
Dorian portretdən
ayrılmağına dözə bilmirdi; portret onun həyatının ayrılmaz hissəsi idi; bundan
başqa, o qorxurdu ki, evdə olmayanda kimsə otağa girib, onun gizli saxladığı və
möhkəm qoruduğu portretə baxa bilər.
Bununla belə, onda belə bir arxayınçılıq da vardı ki, portretə baxan adamlar
heç nə başa düşməyəcək. Doğrudur, iyrənc eybəcərliyə baxmayaraq, portret açıq-
aşkar ona oxşayır; axı onlar bundan nə öyrənəcəklər? Dorian onu şantaj etməyə
çalışan hər kəsə yerini göstərib güləcək. Axı portreti o çəkməyib! Bəs bu rüsvayçı
yaramazlığa görə onu kim günahlandıra bilər? Hə,
lap elə tutaq ki, o, həqiqəti açıb
söylədi, kim inanar buna?
Hər halda, o qorxurdu. Bəzən elə olurdu ki, o, Nottinqamşirdəki öz böyük
malikanəsində ziyafət məclisi düzəldib qonaq qəbul edirdi; öz dairəsinin kübar
gəncləri arasında onun çoxlu yaxın dostu da vardı; Dorian onları həm əyləndirir,
həm də bütün qraflıqda öz israfçı dəbdəbəsi və füsunkar təntənəsi ilə heyrətə
gətirirdi; bir də görürdün şadyanalığın şirin yerində qəflətən qonaqları tərk etdi,
London küçələri
ilə evinə tələsdi ki, görsün şəkil yerindədir, ya yox; otağın
qapısını sındırmayıblar ki? Birdən onu oğurladılar, onda necə olacaq? Bu barədə
düşünəndə belə onun damarlarındakı qan donurdu. Cəmiyyət onun sirrini
biləcəkdi axı! Bəlkə də, adamlar artıq ondan şübhələnməyə başlamışdılar?!
Düzdür, Dorian çoxlarını məftun etmişdi, lakin elə adamlar vardı ki, ona
inanmırdı, ona şübhə ilə baxırdı. Hətta onu, az qala, Vest End klublarının birinin
üzvlüyündən xaric etmək istədilər; halbuki ana tərəfdən əsil-nəcabətinə,
habelə
cəmiyyətdəki statusuna görə onun bu klubun üzvü olmağa tam haqqı çatırdı;
danışırdılar ki, bir dəfə Dorianın dostlarından biri onu Çörçill klubunun siqaret
çəkmək üçün ayrılmış otağına aparanda hersoq Bervik və onun ardınca da başqa
bir kübar adam nümayişkaranə durub salonu tərk etmişdilər. Dorianın iyirmi beş
yaşı olanda artıq onun barəsində şübhəli söz-söhbətlər gəzirdi. Deyirdilər ki, onu
kimsə şəhərin Uaytçapel hissəsində yerləşən əxlaqsızlıq yuvalarının birində
görüb; hətta burada o, xarici matroslarla dava-dalaş da salıb; sonra danışırdılar ki,
o, şəhər oğruları və saxta pul kəsənlər ilə yaxın əlaqədədir və onların da bütün
biznes sirlərini bilir. Onun qəfil və müəmmalı “itməsi”ni çoxları bilirdi; və Dorian
bütün bu müəmmalı “qeyblər”dən sonra yenidən cəmiyyət arasına çıxanda kişilər
arasında pıçhapıç başlayır, künc-bucaqda dedi-qodular baş alıb gedirdi; onun
yanından ötənlər ona həqarətlə baxır, yaxud da kinayə ilə gülür, don vurmuş
sınayıcı baxışlarını ona zilləyirdilər, elə bil, bununla demək istəyirdilər ki, de
görüm, sən əsl həqiqətdə kimsən?!
Əlbəttə, Dorian bu eyhamlı baxışlara və xəbərdarlıq işarələrinə əhəmiyyət
vermirdi; adamların əksəriyyəti onun açıqqəlbli olmasına, xeyirxahlığına və
mehribançılığına, uşaq sadəlövhlüyünə, işıqsaçan gəncliyinə heyran qalmışdı və
elə bu da Doriana qarşı bütün böhtanları, bir növ, təkzib edirdi.
Lakin cəmiyyətin
yuxarı təbəqələri Dorianın əvvəlki dostlarının ondan yavaş-yavaş aralandığını da
sezirdi. Ona dəlicəsinə aşiq olan qadınlar, ona ehtiram və sayğı göstərməklə
ictimai nüfuzuna dayaq verənlər Dorian Qreyi görən kimi dəhşətə gəlir, utanır,
rəngləri ağappaq olurdu. Beləliklə, Dorian barədə pıçhapıçlar onun qəribə,
müəmmalı və təhlükəli gözəlliyinə baxmaq üçün çoxlarının gözünü daha geniş
açmışdı. Bundan başqa, Dorianın varı, dövləti də bir tərəfdən müəyyən dərəcədə