qaldırmışdı. Dorian bu adamı tanıdı, Bazil Holvard idi. Nədənsə, onu anlaşılmaz
bir qorxu hissi bürüdü. Özünü bilməməzliyə vurdu və guya, heç Bazili tanımadı,
addımlarını isə yeyinlətdi.
Lakin Holvard onu görmüşdü. Dorian onun arxadakı səkidə dayandığını eşitdi və
hiss etdi ki, Bazil onu təqib etməyə başladı. Heç bir dəqiqə keçmədi ki, Bazilin əli
onun çiyninə toxundu.
– Dorian! Nə xoşbəxt təsadüf! Mən düz saat doqquzdan sizin kitabxanada oturub
sizi gözləmişəm! Nəhayət, sizin yorğun qulluqçunuza yazığım gəldi və ona evdən
çıxanda dedim ki, gedib yatsın. Mən sizi ona görə gözləyirdim ki, bu gecə on iki
qatarı ilə Parisə gedirəm; dedim ki, getməmişdən qabaq sizi görüm. Siz ötüb-
keçəndə sizi tanıdım, daha doğrusu, kürkünüzü tanıdım, lakin bir qədər tərəddüd
etdim… Bəs siz məni tanımadınız?
– Əzizim, belə dumanda adam tanımaq olar? Mən heç Qrosvenor meydanını
tanıya bilmirəm. Bircə bilirəm ki, evim haradasa buralara yaxın yerdədir; amma
heç buna da o qədər əmin deyiləm. Heyif ki, gedirsiniz; mən sizi çoxdan idi
görmürdüm. Tez qayıdacaqsınızmı?
– Yox! Altı ay qalacağam! Fikrim var ki, Parisdə bir emalatxana tutum, girim ora,
başlayım işləməyə; beynimdə bir şəkil tutmuşam, onu çəkib qurtarmayınca
oradan çıxmayım! Nə isə… mən heç öz işlərim barədə sizinlə danışmaq
istəmirdim… Bu da sizin qapınız, çatdıq. İcazə verin, bir-iki dəqiqəliyə içəri
keçim, sizinlə söhbətim var…
– Buyurun, xahiş edirəm. Şad olaram. Qatara gecikməzsiniz ki? – Dorian
ehtiyatsız soruşdu; sonra içəri girib arxadan qapını bağladı və pilləkənlərlə yuxarı
qalxdı. Holvard dumanlı havada küçə lampasının tutqun işığı altında saatına
baxdı. Dedi:
– Hələ vaxtım var, saat on birdir. Qatar birə on beş dəqiqə işləmiş yola düşür.
Mən onsuz da, kluba gedirdim, dedim, bəlkə, sizi orada tapdım. Ağır şeylərimi
qabaqcadan göndərmişəm ki, baqaja versinlər. Onları özümlə daşıyan deyiləm ki!
Bircə bu sakvoyajı saxlamışam və buradan Viktoriya vağzalına da iyirmi
dəqiqəlik yoldur. Çataram!
Dorian Bazilə baxıb gülümsündü, dedi:
– Belə de! Sən demə, məşhur rəssam belə səyahət edirmiş! Əl sakvoyajı və payız
paltosunda! Keçin içəri, gəlin, gəlin, yoxsa duman evin içinə girəcək! Və xahiş
edirəm, ciddi söhbət-filan da eləməyin! Bizim dövrdə, onsuz da, ciddi şeylər baş
verməyir! Hər halda, baş verməməlidir.
Holvard başını yellədə-yellədə içəri girdi və Dorianın ardınca kitabxanaya keçdi.
İri divar sobası çırtaçırtla yanırdı, lampalar işıq saçırdı; şəbəkəli xırda stolun
üstündə gümüşü yol sandıqçası vardı, ağzı açıq qalmışdı, içində sodalı su sifonları
və uzun büllur bakallar vardı.
– Dorian, görürsünüz də, sizin xidmətçiniz mənə necə qulluq edib?! Özümü lap
evdəki kimi hiss edirdim! Nə istəyirdim gətirirdi! Həm də sizin ən yaxşı
siqaretlərinizdən də gətirib verdi. Çox sevimli, qonaqpərvər oğlandır; deyərdim
ki, hətta sizin əvvəlki xidmətçiniz vardı ha, fransız, ondan daha yaxşıdır… Yeri
gəlmişkən, heç onu görmürəm, haradadır o fransız?
Dorian çiyinlərini çəkdi.
– Eşitdiyimə görə, missis Radleyin qulluqçusu ilə evlənib və birlikdə Parisə
gediblər; qızı ingilis dərzisi kimi işə düzəldib. Deyirlər Parisdə indi anqlomaniya
dəbdədir. Axmaq dəbdir, düz demirəm? Yeri gəlmişkən, Viktor yaxşı xidmətçi
idi. Mənim ondan heç bir şikayətim də yox idi, düzdür, onu heç vaxt sevmirdim,
amma o, mənə həmişə sədaqətli olmuşdu. Mən onu işdən azad edəndə gördüm ki,
qüssələndi. Eh, nə isə… olur da, bir də görürsən ağlına min cür fikir gəlir, nə
bilim, cəfəng şeylər… Yenə sodalı brendi verimmi? Bəlkə, Reyn seltzer şərabı,
hə? Mən həmişə Reyn şərabı içirəm. Görüm o biri otaqda qalıbmı o şərabdan?
– Təşəkkür edirəm, Dorian! Lazım deyil, heç nə istəmirəm! – rəssam dedi, sonra
şlyapasını və paltosunu çıxartdı, onları sakvoyajına tulladı. – Əzizim, indi mən
sizinlə ciddi söhbət eləmək istəyirəm. Üz-gözünüzü turşutmayın, onsuz da, mənə
bu söhbəti başlamaq çətindir.
– Nə olub axı? Nə məsələdir? – Dorian heyrətlə baxdı, tələsik divana əyləşdi. –
Hər halda, mənim barəmdə deyil, eləmi? Bu gün özümdən də yorulmuşam, elə
bil, istərdim ayrı bir adam olum...
– Elə məhz sizin barənizdədir, – Holvard cavab verdi; onun səsində dərin bir ağrı
sezilirdi – və mən bunu sizə deməliyəm. Sadəcə, yarımca saat vaxtınızı
alacağam...
Dorian ah çəkdi və siqaret yandırdı. “Yarımca saat!” – donquldandı.
– Dorian, qorxma, bu, o qədər də çox vaxt deyil! Bu söhbət sizin özünüzə
xeyirdir; mənə elə gəlir ki, siz bilməlisiniz: Londonda sizin haqqınızda dəhşətli
şeylər danışırlar.
– Mən heç bu barədə eşitmək və bilmək belə istəmirəm. Mən yalnız başqaları
barədə dedi-qodulara qulaq asmağı xoşlayıram; özüm barədə dedi-qodular məni
maraqlandırmır. Bir də ki bunlarda heç bir yenilik dadı yoxdur.
– Yox, Dorian, bunlar sizi maraqlandırmalıdır. Hər bir namuslu və nəcib adam
gərək öz təmiz adının marağında olsun. Axı siz istəməzsiniz ki, camaat sizi
şərəfsiz və əxlaqsız adlandırsın? Əlbəttə, varınız, dövlətiniz, cəmiyyətdəki
mövqeyiniz və sair və ilaxır, var... Amma mövqe və var-dövlət hər şey demək
deyil. Vallah, mən özüm bunların heç birinə inanmıram. Hər halda, mən sizi
görəndə bu şayiələrə inana bilmirəm. Axı insanın eybi öz möhürünü həmişə onun
üzünə vurur. Onu gizlədə bilməzsən. Bizdə adətdir, “gizli eyiblər”dən danışarlar.
Lakin gizli eyiblər olmur. Onlar insanın ağız büküşlərində, ağırlaşmış göz
qapaqlarında, hətta əllərinin formasında peyda olur. Ötən il bir adam, adını
demirəm, siz onu tanıyırsınız, mənim yanıma gəlmişdi, öz portretini çəkdirmək
istəyirdi. Əvvəllər o adamı görməmişdim, onun barəsində də heç nə bilmirdim.
Lakin sonralar onun barəsində o qədər şeylər eşitdim ki! Portretə görə o, mənə
külli miqdarda pul təklif etdi; lakin mən onun portretini çəkməkdən imtina etdim;
onun barmaqlarının forması mənə nəsə xoş gəlmədi, onlarda nəsə bir xatakarlıq
vardı. İndi bilirəm ki, mənim zənnim məni aldatmayıb; həmin o cənabın
tərcümeyi-halı biabırçılıqla doludur. Lakin siz... Dorian, sizin məsum, açıq, parlaq
üzünüz var; sizin məsum, gözəl bir gəncliyiniz, qayğızıs, kədərdən uzaq
cavanlığınız... aman Allah, mən o şayiələrə, böhtanlara inana bilmirəm! Lakin
mən sizi indi çox az-az görürəm, siz mənim studiyama daha gəlmirsiniz; və elə
məndən uzaq olduğunuza görə də sizin barənizdə o səfeh şeyləri eşidəndə
bilmirəm onlara nə cavab verim. Dorian, mənə izah edin görüm nə üçün hersoq
Bervik klubda sizi görən kimi otaqdan çıxıb gedir, hə? Niyə Londonun əksər
mötəbər dairəsi sizi evinə dəvət etmir, ya da sizin evinizdə olmaq istəmir? Sz axı
lord Stavleylə dost idiniz? Ötən həftə mən onu naharda gördüm. Nahar süfrəsi
ətrafında kimsə sizdən danışdı, sizin Dudleydəki sərgi üçün müvəqqəti verdiyiniz
miniatürlərdən söhbət gedirdi; adınızı eşidən kimi lord Stavley əsəbiləşdi və dedi
ki, o, ola bilsin ki, incəsənəti yaxşı bilən adamdır, lakin heç bir təmiz qızı bu
adamla tanış etmək olmaz; özünə hörmət edən ləyaqətli qadın isə onunla – yəni
sizinlə – bir otaqda qalmaz! Mən ona dedim ki, Dorian mənim dostumdur və
ondan izahat tələb etdim. O da hamının yanında mənə izahat verdi! Özü də açıq-
aşkar! Necə böyük bir rəzalət?! Axı niyə sizinlə dostluq etmək gənclər üçün ölüm
deməkdir, hə? O cavan oğlan, qvardiya əsgəri, bu yaxınlarda özünü öldürən
oğlanı deyirəm! Axı o, sizin yaxın dostunuz idi?! Axı siz ser Henri Aştonla da
ayrılmaz dost idiniz? O da adını ləkələdi və İngiltərəni tərk etməyə məcbur oldu.
Bəs Adrian Sinqleton necə? Onun faciəli aqibətinə nə deyirsiniz? Lord Kentin
yeganə oğlu və onun karyerasının sonu? Mən onun atasına rast gəldim dünən,
müqəddəs Ceyms stritdə. Gördüm ki, o, rüsvayçı kədər içindədir. Biabır olub,
adam arasına çıxa bilmir. Bəs gənc hersoq Pert necə olsun? İndi nə günə düşüb?!
Hansı namuslu adam indi onunla salam-əleyk edəcək, hə?
– Bazil, susun! Siz bilmədiyiniz şeylər haqqında danışırsınız! – Dorian Qrey
dodaqlarını gəmirə-gəmirə onun sözünü kəsdi; onun səsindən dərin nifrət
duyulurdu. – Siz soruşdunuz ki, məni görəndə Bervik nə üçün klubu tərk edir, hə?
Qoy səbəbini deyim: ona görə ki, mən onun həyatı barədə hər şeyi bilirəm, o,
mənimki barədə heç nə bilmir. Onun damarlarında axan qan təmiz qan deyil, o,
necə pak ola bilər axı? Siz Henri Aşton və gənc Pert barədə soruşdunuz! Nədir,
mən Aştonu korlamışam, yoxsa o cavan hersoqun tərbiyəsini pozmuşam? Əgər o
axmaq Kentin oğlu küçə fahişəsi ilə evlənibsə, burada mənim nə günahım var?
Adrian Sinqletonu deyirsən?! Bu adam borc sənədində öz dostunun imzasını
saxtalaşdırıbsa, yenə mənəmmi günahkar? Bilirəm, İngiltərədə adamlar necə
Dostları ilə paylaş: |