cingiltili səs çıxaran truba da kolleksiyalar arasında idi;
deyilənə görə, bu alətin
səsini üç lyö2 uzaqdan da eşitmək olurmuş. Onun evində “teponatzli” deyilən bir
alət də vardı – bu alətin ağacdan vibrasiyalı iki dili vardı ki, onu ağ bitki şirəsi ilə
rənglənmiş kitrədən düzəldilmiş çubuqlarla çalırdılar. Asteklərin zınqırovları
üzüm salxımları kimi mismarlardan asılmışdı; silindrşəkilli ilan dərisi ilə
kiplənmiş iri təbil, bəlkə də, bir vaxtlar Meksikada Korteslə birlikdə məbədə girən
Bernal Diasın gördüyü təbilə bənzəyirdi; Bernal həmin alətin həzin
səsini çox
böyük ustalıqla, canlı təsvir edərək bizim üçün qoyub getmişdi.
Dorianı bu alətlərin fantastik cəhətləri və orijinallığı maraqlandırırdı; o, belə bir
qəribə fikirlə məmnunluq tapırdı ki, sənət də təbiət kimi bəzən bədheybətlər
yaradır; bu bədheybətlər öz forma və səsləri ilə insanın gözünü və səs duyumunu
korlayıb məhv edir. Bir müddətdən sonra bu alətlər onu bezdirdi; və Dorian
yenidən operadakı lojasında ya tək, ya da lord Henri
ilə birlikdə oturub
“Tanhauzer”ə məmnuniyyətlə qulaq asarkən ona elə gəldi ki, bu məşhur əsərin
uvertürasında öz qəlbinin faciəsini görür.
Bir müddət keçəndən sonra Dorianda yeni həvəs oyandı; o, qiymətli daş-
qaş azarına tutuldu. Şəhərdə təşkil olunmuş bal-maskaradların birində o, fransız
admiralı Anna de Joyes kimi kostyum geyindi; onun kamzoluna1 beş yüz altmış
ədəd mirvari dənəsi tikilmişdi. Onun bu azarı uzun illər davam etdi və demək olar
ki, heç vaxt onu tərk etmədi. Dorian tez-tez günün
çox hissəsini müxtəlif daş-
qaşlarını futlyarlarına seçib-yerləşdirməklə keçirirdi; bu kolleksiyalar arasında
zeytun rəngli xrizoberil daşı (lampa işığında onun rəngi qırmızıya çalırdı),
gümüşü damarcıqları olan kimofeyn daşı, püstə rəngli peridotlar, tünd-qırmızı və
qızılı topazlar, karbunkullar, ortasında dördbucaqlı qırmızı ulduzlar parıldayan
darçın rəngli sinamonlar, narıncı və bənövşəyi spinellər, göy, qırmızı yaqut və
sapfirlər vardı.
Dorian kəhrəbanın qırmızı qızılını, ağ mirvari dənələrini
və bütün bərq vuran
əlvan metalları çox sevirdi; o, Amsterdamdan qeyri-adi parlaq və iri qaşları olan
zümrüd və bütün zadəganların həsəd apara biləcəyi firuzə daşı gətizdirmişdi. O,
qiymətli daş-qaşlar haqqında gözəl əfsanələr də axtarıb tapmışdı; məsələn,
Alfonsonun «Clericalis Disciplina»2 əsərində bir ilanın gözləri giasint qaşlı
üzüyə bənzədilir; Makedoniyalı İsgəndərlə bağlı romantik tarixçədə isə deyilir ki,
Ematiyanın fatehi İordan dərəsində elə bir ilan görmüşdü ki, onun belində
“zümrüd xaltalar” çıxmışdı. Filostratın nəql etdiyinə görə, “əjdahanın beyninin
içində qiymətli bir daş var və əgər ona qızılı yazı işarələri və al-qırmızı parça
göstərsən” əjdaha dərin yuxuya gedə bilər və o zaman onu öldürmək olar. Böyük
əlkimyaçı Piyer de Bonifasa görə, almaz insanı gözəgörünməz edə bilmək
qüdrətinə malikdir, hind əqiq daşı isə insanın nitqinin bəlağətli olmasına təsir
edir; qırmızı-narıncı əqiqlər
isə qəzəbi söndürür, insanı sakitləşdirir, giasint daşı
yuxu gətirir, duru bənövşəyi ametist isə ağızdan şərab qoxusunu götürür.
Süleymandaşı cinləri, şeytanları qovur, göyümtül-yaşıl rəngli akvamarin daşı isə
ayın rəngini ağardır. Sarı rəngli selenit daşı ayla birgə çıxır, ayla da batır; melokus
daşı oğrunu ifşa edir, lakin yalnız çəpiş qanı onun gücünü azalda bilər.
Leonard Kamillus təzəcə öldürülmüş qurbağanın beynindən çıxarılan ağ daş
görmüşdü; bu daş zəhərə qarşı ən yaxşı dərman oldu. Ərəb maralının ürəyindən
tapılan bezoar daşı isə fəlakətli taun xəstəliyinə qarşı ən yaxşı dərman vasitəsidir.
Hansısa ərəb quşlarının yuvasında aspilat daşı olur və Demokritin dediyinə görə,
bu daş adamı yanğından mühafizə edir.
Seylon kralı öz tacqoyma mərasimində əlində tutduğu iri yaqut daşı
ilə şəhərin
küçələrini gəzmişdir; Pastor İohanın saray qapıları qiymətli əqiq daşlarından
düzəldilmişdi və “onların üstünə kirpiyəoxşar zəhərli ilan buynuzları qoyulmuşdu
ki, saraya heç kəs zəhər gətirə bilməsin”. Damın üstündə “iki qızıl alma asılmışdı,
onların içində iki karbunkul daşı vardı; bu, ondan ötrüydü ki, gündüzlər qızıl
parıldasın, gecələr isə karbunkul daşları”. Lodcun qəribə bir romanı var:
“Amerika mirvarisi”. Burada yazılıb ki, kraliçanın yataq otağında “dünyanın
bütün ismətli qadınlarının gümüşdən düzəldilmiş təsvirlərini görmək olar; onlar
xrizolit, karbunkul, sapfir və yaşıl zümrüddən
düzəldilmiş gözəl güzgülərə
baxırdılar”. Marko Polo Zipanqu camaatının öz ölülərinin ağızlarına qırmızı
rəngli mirvari dürtdüyünü görmüşdü. Dəniz əjdahasının mirvariyə vurulduğu
barədə əfsanə də var; dənizçilər Peroz kralı üçün mirvarini dənizdən çıxarıb
gətirəndən sonra əjdaha oğrunu tapıb öldürmüşdü və özü də yeddi ay öz mirvarisi
üçün ağlamışdı. Prokopiusun nəql etdiyinə görə, sonralar hunlar kralın başını
aldadıb ona tələ qururlar və kral o mirvarini tullayır. Mirvarini heç yerdə tapa
bilmirlər, imperator Anastasus isə onu tapana beş yüz kilo qızıl vəd etmişdi.
Malabar kralı bir venesiyalıya səcdə etdiyi allahların sayı qədər – üç yüz dörd
mirvari dənəsindən ibarət təsbeh göstərmişdi.
Brantomun yazdığına görə, VI Aleksandrın oğlu hersoq Valentin fransız kralı XII
Lüdovikə qonaq gələndə onun atı başdan-ayağa qızıl yarpaqlara bələnmişdi;
hersoqun şlyapası isə gözqamaşdıran ikiqat yaqut daşlarla bəzədilmişdi.
Deyilənə görə, İngiltərə kralı Çarlzın atının üzəngisindən dörd yüz iyirmi bir
brilyant qaş asılıbmış. II Riçardın bir plaşı varmış, zümrüd
qaşlarla dolu olan bu
plaşın qiyməti otuz min marka idi. Hollun təsvirinə görə, öz tacqoyma
mərasiminə, Tauer qalasına gedən VIII Henrinin kostyumu başdan-ayağa ləl-
cavahirat idi. O yazırdı: “Kralın əynində qızıldan zərxara vardı, sinəbəndi tamam
brilyant qaşlardan və müxtəlif qiymətli daşlardan hörülmüşdü. Onun çiyin qayışı
isə ləl-cavahiratdan düzəldilmişdi”. I Ceymsin sevgili məşuqələri nəfis qızıl
sağanaqda zümrüd sırğalar taxırdılar; II Edvard Piyer Qavestona xalis qızıldan
yaraq-əsləhə bağışlamışdı; bu geyim forması giasint daş-qaşlarla zəngin
bəzədilmiş, onun qısa üst paltarına isə qızıldan güllər tikilmişdi, firuzə qaşları
vardı; şlyapası isə xalis mirvari dənələrindən ibarət idi. II Henrinin dirsəklərinə