Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə142/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   138   139   140   141   142   143   144   145   ...   164

289 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
HƏVVA ADIGÖZƏLOVA 
 Naxçıvan Dövlət Universiteti 
 eva.alieva.2012@mail.ru 
UOT: 330 
İNNOVASİYA CƏMİYYƏTİNDƏ İNTELLEKTUAL KAPİTALIN ROLU 
 
Açar sözlər: innovativ cəmiyyət, intellektual mülkiyyət, intellektual kapital, istehsal vasitələri
insan kapitalı. 
Key  words:  innovative  society,  intellectual  property,  intellectual  capital,  the  means  of 
production, human capital. 
Ключевые  слова:  инновационное  общество,  интеллектуальная  собственность, 
интеллектуальный капитал, средства производства, человеческий капитал. 
 Dünya  iqtisadiyyatı  artıq  postsənaye  (informasiya)  fazasına  daxil  olmuşdur  və  bu  proses  
dərinləşdikcə inkişaf etmiş ölkələrdə sənaye inkişafı dövrü artıq biliklərin, yüksək texnologiyaların, 
yeni tədqiqatların, yeni kəşvlərin və onların sürətli tətbiqinin əsas rol oynadığı innovasiyanın inkişa-
fı dövrü  ilə əvəz olunmağa başlamışdır. 
  Milli iqtisadi sistemlərin üstünlük amilləri artıq təbii resurslar və ya ucuz işçi qüvvəsi kimi 
ənənəvi amillər deyil, biliklər və onların əsasında ideyalar yaratmaq və həyata keçirməkdir. İnkişaf 
etmiş  ölkələrdə  milli  innovasiya  sistemləri  yaradılır  ki,  onların  məqsədi  innovasiyalara  əsaslanan 
iqtisadiyyat  yaratmaqdır. Belə iqtisadi sistemlərə innovasiya cəmiyyəti deyilir.  İnnovasiya  cəmiy-
yətinin  fərqləndirici  xüsusiyyəti  insan  resursları  və  onların  prioritet  inkişaf    rolunun    müəyyən 
olunmasıdır. 
  Ağıl  insan  əməyinə  yeni  keyfiyyətli  məna  verir:  məhsul  istehsalın  digər  ənənəvi 
amillərinin iştirakı olmadan yaranır. İnformasiya cəmiyyətində insanın intellektual potensialı əsas 
istehsal vasitəsinə çevrilir və bu istehsal vasitəsi tamamilə işçiyə məxsusdur. Buna görə də yüksək 
keyfiyyətli əmək resurslarının dəyəri kəskin artır. Beləliklə, insan potensialı və intelektual kapital 
anlayışı  yaranır  ki,  bu  da  şəxsin  təhsil  səviyyəsinin  və  fərdi  əqli  qabiliyyətinin  məcmusu  kimi 
ifadə olunur.  
 İntelektual  kapital  anlayışına  dəqiq  tərif  vermək  üçün  onun  “intellektual  mülkiyyət”  və 
“insan kapitalı”  anlayışları ilə fərqlərini müəyyən etmək lazımdı. Bəzi tədqiqatçılar insan kapitalı 
anlayışını fərdin 3 qrup keyfiyyətlərinin: sağlamlığı, peşəkarlığı və sahibkarlıq ruhunun cəmi kimi 
qəbul  edirlər.  İnsan  kapitalının  digər  kapital  formalarından  fərqi  ondadır  ki,  o,  öz  sahibindən  ayrı 
ola bilməz. Buradan bir neçə nəticə çıxır. Əvvəla insan kapitalının sahibi onun istehsalda istifadəsi 
zamanı şəxsən iştirak etməlidir.  İkincisi, insan kapitalından gəlir  əldə olunması üçün işçi öz əmək 
və  qüvvəsini  sərf  etməlidir.  Üçüncüsü,  insan  kapitalı,  nə  satıla,  nə  də  vərəsəlik  qaydasında  verilə 
bilməz. Dördüncüsü, insan kapitalının xidmət müddəti insanın əmək həyatının davamlılıq ölçüsü ilə 
müəyyən  edilir.  Müasir  cəmiyyətdə  insan  alveri  mümkün  olmadığına  görə  insan  kapitalı  üçün  də 
pulla qiymət qoyulmur. Yalnız məhdud müddətə insan kapitalının işə cəlb olunması müşahidə olun-
duğu  “icarə”  sazişləri  üzərində  qurulmuş  bazarlar  fəaliyyət  göstərir.  Bununla  yanaşı  əmək  haqqı 
başqasının insan kapitalından istifadə üçün “icarə” ödənişi kimi çıxış edir. 
Q.Bekkerə  görə  insan  kapitalı təhsilə  qoyulan  investisiyaların  miqdarına  yəni  biliklərin  alın-
ması  və  mənimsənilməsinə  çəkilən  pul  məsrəflərinə  bərabərdir.  İnsan  kapitalının  formalaşmasına 
çəkilən məsrəflər özlərini investisiyalar kimi biruzə verirlər, çünki onlar resursların indiki zaman-
dan gələcəyə yerdəyişməsini nəzərdə tuturlar. İnvestor bu gün gəlirinin bir hissəsini gələcəkdə daha 
yüksək gəlir əldə etmək xatirinə qurban verir. Gözlənilən məhsuldarlığı müəyyən xərclər hesabına 
yüksəltmək olar, belə ki, əks halda hazırlığa tələbat sonsuz olardı. Onun xərcləri təlim alan işçinin 
özünün sərf etdiyi vaxt və qüvvədən onun itirilmiş qazancından, başqaları tərəfindən həyata keçiri-


290 
lən müəllimlik fəaliyyətindən, həmçinin istifadə olunan avadanlıqlardan və materiallardan ibarətdir. 
Bekker insan kapitalının üç əsas növünü ayırır. Ümumi biliklər, əsas biliklər və digər növ biliklər. 
Ümumi insan kapitalı firmaların çoxunda işçiyə əlavə gəliri təmin edir. İnsan ümumi bilikləri ailə 
tərbiyyəsi prosesində, ümumi təhsil və ali təhsil məktəblərində alır. Öz işçisinin ümumi biliklərinə 
firmanın investisiya qoyması risklidir, çünki onların geniş tətbiqi işçinin könüllü sürətdə işdən get-
məsi  və  firmanın  qoyduğu  vəsaitləri  itirmə  ehtimalını  son  dərəcədə  artırır.  Ona  görə  də  bu  halda 
işçinin  özü  (yaxud  onun  ailəsi)  investor  kimi  çıxış  edir,  eləcə  də  gələcək  gəlirlər  də  onun  özünə 
çatır. Xüsusi insan kapitalı işçi üçün əlavə gəliri yalnız həmin firmada təmin edir. Elə hazırlığı tam 
xüsusi  hesab  etmək  olar  ki,  həmin  hazırlıq  işçilərin  istehsal  xarakteristikalarında  heç  bir  formada 
əks olunmur, lakin digər firmalar üçün dəyərli ola bilər. Adətən işçi xüsusi bilikləri həmin firmada 
bilavasitə əmək fəaliyyəti prosesində alır. Bununla belə iş yerindəki hazırlığın əsas hissəsini nə ta-
mamilə ümumi, nə də tamamilə xüsusi hesab etmək olmaz; lakin əgər o öz firmalarında məhsuldar-
lığı daha çox artırırsa, belə hazırlıq xüsusi hazırlıq kimi müəyyən edilir. Qalan hissə digər firmalar-
da da məhsuldarlığın artması ilə əlaqədar olduğuna görə ümumi hazırlıq kimi müəyyən edilir. Xüsu-
si insan kapitalına qoyulan investisiyalar firma ilə işçi arasında bölüşdürülür. İşçinin məsrəfləri aşa-
ğı salınmış əmək haqqı formasında çıxış edir ki, o buna muzdla işə qəbul olunduqdan sonrakı hansı-
sa başlanqıc dövrdə alır. Əgər firma sonradan başqa iş  yerinə keçən işçinin xüsusi hazırlığını ödə-
mişdirsə ona çəkilən kapital məsrəflərinin bir hissəsi itiriləcəkdir, çünki artıq onlar gələcəkdə firma-
ya  heç  bir  xeyir  gətirə  bilməyəcəkdir.  Eyni  dərəcədə  işçinin  xüsusi  hazırlığa  ödədiyi  də,  o  işdən 
azad  edildikdən  sonra,  gələcəkdə  həmin  hazırlıqdan  xeyir  götürə  bilməyəcək  və  kapital  itkisindən 
əziyyət çəkəcəkdir. Firmanın işçinin xüsusi hazırlığına ayırdığı investisiyaların xüsusi çəkisi nə qə-
dər çox olarsa, o işçi işdən azad edildikdən sonra firmanın itkiləri də bir o qədər çox olacaqdır. Ək-
sinə, işçinin öz xərclərinin payı xüsusi çəkidə payı çox olduqda, işdən azad edilən zaman onun itki-
ləri də çox olacaqdır və o firmaya daha güclü şəkildə “bağlı” olacaqdır. 
 İnsan kapitalından fərqli olaraq intelektual mülkiyyət əmtəənin bütün xüsusiyyətlərini özündə 
əks etdirir. İntelektual mülkiyyət alqı-satqı obyekti ola bilər, yəni o öz sahibindən ayrı mövcud ola 
bilər.  Məlumdur  ki,  intelektual  mülkiyyət  əsasən  intelektual  kapitaldan  istifadə  edərək  yaranan 
məhsuldur.  İnsan  kapitalının  digər  komponentləri  intelektual  mülkiyyətin  yaranmasında  iştirak  et-
məyə də bilər. 
 İntelektual  kapitalın  ən  yaxşı  xüsusiyyəti odur  ki,  onun  yığımı  nəticəsində  hər  bir  cəmiyyət 
üzvü  intelektual  cəhətdən  zənginləşir,  onun  intelekti  artır.  İntelektual  kapitalın  maddi  kapitaldan 
fərqi ondadır ki, maddi  kapitalın  yığımı bazarın  inhisarlaşmasına  gətirib  çıxarır,  yəni rəqabəti  ara-
dan  qaldırır.  Rəqabət  isə,  bildiyimiz  kimi,  innovasiya  proseslərinin  əsas  stimuludur.  Beləliklə, 
maddi kapitalın yığımı müəyyən dərəcədə innovasiya cəmiyyətində iqtisadi sistemin inkişafını lən-
gidir. İntelektual kapitalın yığımı isə inhisara deyil, əksinə, iqtisadi bəhsləşmənin artmasına və iqti-
sadi inkişafa aparır. Akademik N.Moiseyevə görə intelekt yalnız informasiya mühitində inkişaf edə 
bilər və hər bir fəaliyyət növü öz inkişaf mühitini formalaşdırır.  Respublikanın iqtisadi sisteminin 
innovasiya  cəmiyyətinə  transformasiyası  perspektivini  nəzərdən  keçirsək  belə  qənaətə  gələrik  ki, 
intelektual kapitalın toplanması və artması insan resurslarının inkişafının əsas məqsədlərindəndir. 
 
ƏDƏBİYYAT 
 
1.  Азгальдов  Г.Г.,  Костин  А.В.  Интеллектуальная  собственность,  инновации  и 
квалиметрия // Экономические стратегии, 2008. – №2 (60).   
2.  Донцова 
Л.В. 
Инновационная 
деятельность: 
состояние, 
необходимость 
государственной  поддержки,  налоговое  стимулирование  //  Менеджмент  в  России  и  за 
рубежом, 2008. – №3.  
3.  Н.  Н.  Моисеев.  Методы  информатики  в  управлении  народным  хозяйством  :  Учеб. 
пособие; 1988. 
4.  A.Abdullayev. İqtisadiyyat və iqtisadi siyasət,  Bakı-2003 
5.  A.Tağıyev. Bazar iqtisadiyyatının əsasları, Bakı-2000 
6.  Q.S.Bekker. İnsan kapitalı. 1964. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə