Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   29   30   31   32   33   34   35   36   ...   111

 
82
Sakit, utancaq, üzüyola Yusif, heç bir buyruqdan boyun qaçırmırdı. 
Tapşırılan işin hamısının öhdəsindən gəlməyə, ağasını və bütün ailə üzvlərini razı 
salmağa səy edirdi. O, belə  də eləməli idi, çünki özündən başqa heç kəsin 
köməyinə ümidvar deyildi. Bəli, haqsız, muzdsuz, bir qarın çörəyə  işləyən yetim 
uşağın üzü danlaqlı, başı qapazlı idi… 
…Tövlənin böyründə, dar, toyuq hinini xatırladan daxmada yatmış Yusif 
yerindən qalxıb geyindi. Tövləni kürüyüb, peyini basmalığa atdı. Atı qaşovladı, 
tumarladı və qabağına yem tökdü. Malları, ulağı tövlədən həyətə çıxartdı, ağacını, 
dəhrəni, çatını götürdü. Gülyetər arvadın dünən axşamdan iki arpa cadı və bir az 
şor qoyduğu heybəni çiyninə atdı, malları ho-hoyla sürdü. 
Ulağı minib, malları qabağına qatmış Yusif kənddən aralananda, günəşin 
balaca bir hissəsi üfüqdən çıxdı. İlk şüalar onun gözünə, dağların başına, ağacların 
zirvəsinə düşdü. 
Yusif malı başqa gövşənə yox, düz Saqqızlı  dərəyə sarı sürdü, çünki 
yoldaşları Hüseyn və  Əzim də öz mallarını ora gətirəcəkdi; bu barədə dünən 
danışmışdılar. 
Yusif malı geniş və otu bol olan Saqqızlı dərəyə yaydı. Özü isə heybəsini, 
dəhrəsini, ağacını və çatını yanına qoyub, yastı bir daşın üstündə oturdu. 
Çox çəkmədi ki, Əzimlə Hüseyn də  gəldi. Mallar mallara qarışdı, üç 
yoldaşsa bir yerdə oturub söhbət eləməyə başladı. 
Yaşca bir-birindən az fərqli olan bu üç yoldaş növbə ilə tapmaca satdı. 
Onların ikisindən də boyca uca, sarıbəniz, yastı-yastı danışan Hüseyn dedi: 
- Bir tapmaca deyəcəyəm, kim tapsa, bax, bu zoğal ağacını ona verəcəyəm. 
Kim tapmasa, bununla onun baldırına ikicə dəfə çəkəcəyəm. Razısınız? 
Bədəndən kötük kimi möhkəm və sağlam Əzim dilləndi: 
- De görək! 
Hüseyn dedi: 
- O nədir ki, «Məməli xatın, dişləri yox?» Hə, əvvəlcə Əzim cavab versin.  
Əzim fikirləşə-fikirləşə bir neçə cavab verdi, amma düzünü tapa bilmədi. 
- Sən öləsən, baldırına çəkəcəyəm, - deyə Hüseyn ağacı yerdən götürdü. 
- Ə, zarafatı boşla! 
- Axasar
1
 haqqı, çəkəcəyəm, dur ayağa! 
Yusif aralığa söz atdı: 
- Hələ vurma. Mən tapsam, ona hesab elə. 
- Yox, tapsan ağacı verəcəyəm sənə, tapmasan da sözüm sözdür. Gərək 
sənin də, Əzimin də baldırlarına çəkəm: 
Yusif tez cavab verdi: 
- «Məməli xatın, dişləri yox» - toyuqdur. 
Hüseyn: 
- Düzdür, elədir, - dedi, - sən tapdın. Əzim, dur borcunu ver! 
Əzim, Hüseynin ağacı bərk vuracağından qorxdu. 
- Ay Hüseyn, gəl borcunu başqa cür verim, - dedi. 
- Nə cür? 
                                                 
1
 Ocaq adıdır. 


 
83
- Mən çalım, siz qulaq asın, ləzzət alın. 
- Yaxşı, buna sözüm yoxdur, çal. Bəs kim oxusun? Çalanın yanında gərək 
oxuyan da olsun axı!.. 
- Bəs böyründə oturan nədir? 
- Yox, mən oxuya bilmərəm, - deyə Yusif dilləndi. 
- Oxuyarsan. Sən öl, Hüseyn, Yusifdə bir səs var ki, cik-cik cikkildəyir. Sən 
eşitməmisən, çünki bizimlə mal otardığın beş gündür. Hə, Yusif, mən çalım, sən də 
asta-asta de gəlsin. 
Əzim qarğı tütəyi çıxartdı. 
- Hə, hansı havanı çalım? – deyə Yusifə baxdı və çalmağa başladı. 
- Ə, ağzını niyə açmırsan? – deyə Hüseyn Yusifə bir dümsük vurdu. – Ya 
Allah, başla görək!.. 
Yusif: 
- Məni niyə vurursan, ə! – dedi, - zorla oxudacaqsan. İstəmirəm, kefim 
yoxdur. 
- Eh, heç oxuma! – Hüseyn incimiş kimi bir az kənara çəkildi. – Heç oxuma. 
Elə oxuyansan ki, hələ minnətini də çəkək… 
Əzim çalğısını kəsib dedi: 
- Xoşluqla, Hüseyn, hər  şey xoşluqla olar… Yusif, mən səndən xahiş 
eləyirəm, ikicə kəlmə… Burda kim var, özümüzük də! Canın üçün xoşum var, mən 
çalam, sən oxuyasan. Mən ölüm, de, oxusan kefin açılar. 
Kef üçün deyil, ürəyinin dərdini azaltmaq üçün Yusif oxumağa razı oldu. 
Əzim gözəl bir hava çaldı. Yusif həmişəkindən də yanıqlı səslə oxudu: 
 
   Bu 
dünyada 
mən təcrübə elədim: 
 
 
 
Namərd körpü salsa, onda ad olmaz. 
 
 
 
Bir mərd ilə ağı yesən şirindir, 
 
 
 
Yüz namərdlə şəkər yesən dad olmaz. 
 
 
 
 
Ələsgərəm, sözüm yetir nisaba,  
 
 
 
Sərf edənlər zəbt eləsin kitaba, 
   Heç 
iyidin 
adı gəlməz hesaba. 
 
 
 
Mərd bir olar, onda iki ad olmaz. 
 
Hüseyn, Yusifin qayalarda, dərələrdə  əks-səda verən xoş, ahəngdar səsinə, 
yerli-yataqlı zəngulələrinə, sözləri aydın ifadə ilə oxumağına heyran qaldı. 
- Sağ ol, Yusif, sağ ol! – deyə ona yaxın oturdu. – Belə  səsi mən heç bir 
oxuyandan eşitməmişəm. Bağışla ki, sənə bir dümsük vurdu. Gəl barışaq. – 
Hüseyn onun boynunu qucaqlayıb, üzündən öpdü. – Ə, dədəmin canı haqqı, zarafat 
eləyirdim. Sənin kimi oğlanı da incitmək olar… İndi bir şey də oxu. 
Əzim Yusifin etiraz eləmədiyini görüb «Çalpapaq» havasını çaldı. Yusif 
oxudu. Ancaq son sözləri deyəndə ağladı. 
- Bıy, ə, sənə nə oldu? 
- Niyə ağlayırsan, Yusif? Nə dedik sənə? Xətrinə dəydik? 


 
84
- Yox. Atam yadıma düşdü. Mən həmişə çöldən dərz daşıyanda bu sözləri 
oxuyardım, çox xoşuna gələrdi… 
Pərt olmuş Hüseyn soruşdu: 
- Ə, atana nə olub? 
- On beş gündən artıqdır ki, ölüb. Yoxsa, niyə oxumaq istəmirdim… O iki 
şeyi də oxudum ki, fikrim dağılsın… 
Hüseyn: 
- Bay yazıq Yusif! – dedi. – Mən də heç bilməmişəm. Yoxsa üz vurmazdım. 
Ə, atan nədən öldü? 
Yusif atasının ölümünü danışdı. 
Yoldaşları Yusifin halına çox mütəəssir oldular və onu sakit eləməyə 
çalışdılar. 
Yusif od düşmüş pambıq kimi oyulmağa başladı. Onu dərd-qüssə 
danışdırırdı: 
- Sizin atanız-ananız var, eviniz var, nə vecinizə… Amma mənim burda heç 
kimim yoxdur. Təkcə bir bacım var, o da başqasının evində qulluqçudur. 
Kobudluğuna baxmayaraq, ürəyi yumşaq Hüseyn soruşdu: 
- Ağan səni incitmir ki, Yusif? 
- Nökər olasan, incitməyələr?.. Məni döyür də, söyür də, bir tikə çörək artıq 
yeyəndə danışır da. Yaman xəsis, qıymaz adamdır. Bircə məni o evdə incitməyən 
ağamın arvadı Gülyetər xaladır. O da atamın-anamın xatirinə, mənə yazığı  gəlir. 
Bir dəfə ağa məni elə döydü ki, burnumdan bir ləyən qan axdı… 
- Vay kafir oğlu, kafir! Nə eləmişdin ki? 
- Heç nə. Bir səhər tövləni kürüdüm. Səbəti asdım dirəkdən, yarıya kimi 
doldurdum. Ağam da yanımda oturub, mənim işimə göz qoyurdu. Dedi: «Ə, 
haramzada, səbəti niyə ağzına kimi doldurmursan?» Dedim, ağa, ağır olur, gücüm 
çatmır. Hirsləndi, ağzımı  əyib dedi: «Ağır olur!.. Gücüm çatmır!.. Başqa işin 
yoxdur? Niyə gününü yubadırsan? Yediyin çörək burnundan gəlsin!» Kürəyi 
əlimdən alıb, özü səbəti ağzına kimi doldurdu. Dedi: «İndi götür, al dalına, 
haramzada!» Bir səbətə baxdım, bir özümə baxdım, gördüm, gücüm çatmayacaq. 
Dedim, ağa, qoy yarı-yarı aparım! Dedi: «Gədə, söz güləşdirmə, tez ol!» 
Qolumdan yapışıb məni səbətin yanına itələdi. Çarəm kəsildi. Bir əlimi dizimə 
qoydum, girdim səbətin altına, güc verib yuxarı qaldırdım. Hıqqına-hıqqına iki 
addım atdım. Gördüm ki, daha nəfəsim kəsilir, səbət belimi qırır. Bir addım da 
atanda, dizlərim titrədi, gözüm qaraldı, üzü üstə  gəldim yerə. Səbət aşdı, peyin 
dağıldı. Ağamın ağzı açıldı, nə açıldı!.. «İtin belindən gələn, gücün yoxdur, niyə 
nökər olursan? Niyə  mənim müftə çörəyimi yeyirsən?» Üzümə elə bir şapalaq 
vurdu ki, burnumdan qan fışqırdı. 
Hüseyn: 
- Yusif, gəl bizdə qal! – dedi. – Vallah, mənim atam-anam heç bir söz 
deməz. 
- Ürəyim xarab oldu… - deyə Əzim Yusifin yaşla dolmuş gözlərinə baxdı. – 
Mən ölüm, ürəyini sıxma, Yusif. Bir də  səni incitsələr, gəl bizə, elə bilərəm 
qardaşımsan. Qorxma, ac da qalmazsan… 
Yusif yoldaşlarından xəcalət çəkdiyi üçün başını aşağı saldı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə